Məhkəmə qərarları › İş №2-1(112)-8197/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8197/2022

14.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8197/2022 14.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3, tərcüməçi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2018-ci ilin fevral ayından etibarən ona ödənilməli olan pensiyanın yenidən hesablanaraq tam ödənilməsi və ya 14.101 manat pensiya kapitalının ödənilməsi öhdəliyinin Pensiya Fonduna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 2017-ci ildə 60 yaşı tamam olmuşdur. İddiaçı əmək pensiyası təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə müraciət etmişdir. Lakin ona altı aydan sonra müraciət etməsi bildirilmişdir. 2018-ci ilin fevral ayında pensiya təyinatı üçün ərizə ilə müraciət etmiş, müraciətinə cavab olaraq ona pensiya almaq üçün kifayət qədər iş stajı olmadığı bildirilmişdir. Lakin ona məlumat verilməmişdir ki, pensiya kapitalını tamamlamaqla minimum pensiya ala bilər. O bu barədə 24 sentyabr 2021-ci il tarixdə apellyasiya instansiyası məhkəməsində məlumat almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2022-ci il tarixdə “iddia ərizəsi” adlandırılan (mahiyyət etibarilə iddia ərizəsində yol verilən formal xətanın aradan qaldırılması barədə) ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını göstərmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfindən verilmiş ərizə icraata qəbul edilərək, cavabdeh qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının göstərilməsi qərara alınmışdır İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaya dair etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırlır. Maddənin mətnindən aydın olur ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 əsas eyni anda mövcud olmalıdır: 1) Vətəndaşın yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçı vəziyyətində isə, birinci əsasla bağlı qeyd olunmalıdır ki, o qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı təqdim etdiyi xx.xx.1977-ci il tarixində tərtib edilmiş ******* №-li əmək kitabçasına əsasən aşağıdakı dövrlərdə işləmişdir: xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixə qədər “Bazaobuvtorq” müəssisəsində satıcı köməkçisi vəzifəsində işlədiyi; xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixə qədər “AZON” Zavodunda qaynaqçı vəzifəsində işlədiyi; xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixə qədər Azərbaycan SSR-nin “Karcar cəmiyyəti”ndə katibə-maşinist vəzifəsində işlədiyi; xx.xx.1979-cu il tarixindən xx.xx.1979-cu il tarixə qədər 1 saylı stomatoloji Poliklinikada katibə-maşinist vəzifəsində işlədiyi; xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək təhsil aldığı- 751081 №-li diploma əsasən; xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixə qədər Bakı Beynəlxalq Telefon stansiyasında maliyyə-plan qrupunda telefonist vəzifəsində işlədiyi; xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixə qədər Azərbaycan SSR-nin Dövlət Televiziyası və Radioyayım İdarəsində kinoyayım üzrə maşinist vəzifəsində işlədiyi; xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixə qədər Azərbaycan Dövlət Filarmoniyasında dövlət xor konellasında xor salisti vəzifəsində işlədiyi; xx.xx.1990-cı il tarixdən xx.xx.1994cü il tarixə qədər Azərbaycan SSR-nin Dövlət Televiziyası və Radioyayım İdarəsində xorun artisti vəzifəsində işlədiyi illər; xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci ilədək işlədiyi illər. İddiaçının işlədiyini iddia etdiyi illərin cəmi 21 il 2 ay 29 gündür. Beləliklə, iddiaçının ona yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan staj müddəti (25 il) qarşılanmır. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 altsisteminə əsasən, iddiaçının xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı xx.xx.2018-ci il tarixində pensiya yaşına çatmışdır. İddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajına əsasən pensiya sığorta kapitalı xx.xx.2018-ci il tarixinə indeksləşdirilməklə 14906,45 manat, xx.xx.2022-ci il tarixinədək indeksləşdirilməklə 17279,01 manat təşkil edir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2018-ci il tarixə qaunvericiliklə tələb olunan minimum pensiya sığorta kapitalı 16704 manatdır (116x144)=16704. Yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2022-ci il tarixindən tələb olunan minimum pensiya kapitalı 34560 manatdır (240x144)=24560). “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.2-ci maddəsinə əsasən əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə şəxsin yaşa görə müavinət almaq hüququ vardır. İddiaçıya xx.xx.2019-cu il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, çatışmayan pensiya kapitalını tamamlamaqla ona əmək pensiyasının təyin edilməsi ödəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında protokol qaydasında qəbul etdiyi qərardadla iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1836,43 manat məbləğində çatışmayan kapital ödəməklə xx.xx.2018-ci il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında protokol qaydasında qəbul etdiyi qərardadla iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş, etirazın dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə Türkmənistan Respublikası, Çardjou şəhərində doğulmuş, Bakı şəhəri, H.ünvan 1 ünvanda qeydiyyatdadır; DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 03 mart 2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixinədək tələb olunan 25 il iş stajına və 2018-ci ilin 1 iyul tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından iddiaçıya hüququnun yarandığı 26 avqust 2019-cu il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğua cavab olaraq DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 23 avqust 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi xx.xx.1977-ci il tarixində tərtib edilmiş ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1990-cı il tarixinədək, xx.xx.1990-cı il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək əmək fəaliyyəti dövrləri, 751081 nömrəli diploma əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək təhsil dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 21 il 2 ay 29 gün təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 altsisteminə əsasən, iddiaçının xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı xx.xx.2018-ci il tarixində pensiya yaşına çatmışdır. İddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajına əsasən pensiya sığorta kapitalı xx.xx.2018-ci il tarixinə indeksləşdirilməklə 14906,45 manat, xx.xx.2022-ci il tarixinədək indeksləşdirilməklə 17279,01 manat təşkil edir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2018-ci il tarixə qanunvericiliklə tələb olunan minimum pensiya sığorta kapitalı 16704 manatdır (116x144=16704). Yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2022-ci il tarixindən tələb olunan minimum pensiya kapitalı 34560 manatdır (240x144=24560). İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür, 60,5 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun iş stajının yetərli olmaması və 2018-ci ilin 1 iyul tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı 1836,43 manat kapital ödəməklə xx.xx.2018-ci il tarixdən əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə qismən əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının xx.xx.1957-ci il tarixdə doğulduğu nəzərə alındıqda, onun 60,5 yaşının tamam olduğu 26 fevral 2018-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İddiaçının 25 il sığorta stajına malik olmaması işin mübahisəsiz halıdır. İddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajına əsasən pensiya sığorta kapitalı xx.xx.2018-ci il tarixinə indeksləşdirilməklə 14906,45 manat, xx.xx.2022-ci il tarixinədək indeksləşdirilməklə 17279,01 manat təşkil edir. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında (çatışmayan 1836,43 manat ödəməklə) onun 60,5 yaşının tamam olduğu 26 fevral 2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçı pensiya yaşına çatdığı vaxt qüvvədə olıan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 4.1.3-cü bəndinə əsasən, ... Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş ”Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”na əsasən istənilən şəxs üzrə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalını əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən məbləğə çatdırılmaqla və ya fərdi hesabın sığorta hissəsinə azı əmək pensiyasının minimum məbləğinə təminat verən məbləğdə əlavə vəsait ödənilməklə pensiya hüququ əldə edilə bilər. Əgər bu şəxs ”Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi” Qaydasına əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalını əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən məbləğə çatdırarsa, onun həmin gündən yaşa görə əmək pensiyası hüququ yaranır. İddiaçının tələbi ilə əlaqədar olan 2 məsələyə hüquqi qiymət verilməlidir. Birincisi, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən məbləğ hansı dövr üzrə əsas götürülməlidir (iddiaçının pensiya yaşına çatdığı xx.xx.2018ci il tarixdə yoxsa hazırda tələb olunan pensiya kapitalı); İkincisi, əlavə vəsait ödənildiyi halda hansı tarixdən (iddiaçının pensiya yaşına çatdığı xx.xx.2018-ci il tarixdən yoxsa əlavə vəsaitin ödənildiyi tarixdən) pensiya təyin edilməlidir. Birinci məsələ ilə bağlı məhkəmə hesab edir ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən məbləğ hesablanarkən iddiaçının pensiya yaşına çatdığı xx.xx.2018-ci il tarixdə tələb olunan pensiya kapitalı əsas götürülməlidir. Çünki, iş materiallarında olan iddiaçının müraciət ərizələrindən və cavabdeh inzibati orqanın imtina məktublarından müəyyən olunur ki, iddiaçı ilk dəfə xx.xx.2018-ci il tarixdə, daha sonra isə xx.xx.2018-ci il tarixdə DSMF-nin Bakı şəhəri Yasamal rayon şöbəsinə müraciət edərək, qanunvericiliyə uyğun olaraq ona pensiya təyin edilməsini xahiş etmiş, lakin DSMF-nin Bakı şəhəri Yasamal rayon şöbəsi xx.xx.2018-ci il tarixli məktubunda “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən imtinasını əsaslandırmalı və qanunvericiliyin tələblərini izah etməli olduğu halda etməmiş, yalnız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsini qeyd etməklə kifayətlənmişdir. O cümlədən Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş ”Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”na əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalını əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən məbləğə çatdırmaq hüququ göstərilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 23.1-ci maddəsinə əsasən, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur; 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İddiaçının Azərbaycan dilini bilməməsi də nəzərə alındıqda, onun qanunvericilikdən irəli gələn, xüsusilə də yuxarıda qeyd edilən məsələ ilə əlaqədar hüquqularını bilməsi gözlənilə bilməz. Qeyd edilənlərə əsasən, iddiaçının pensiya yaşına çatdığı xx.xx.2018-ci il tarixdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən pensiya kapitalının məbləği əsas götürülməli və aşağıdakı qaydada hesablanmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir. (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiya) Yəni 2018-ci ildə əmək pensiyasının minimum məbləğinin 116,27 manat (110 + 5,7% (indeksləşdirmə)) olması nəzərə alındıqda, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən məbləğ 16742,88 manat (116,27 x 144 (gözlənilən pensiya ödənişi müddəti aylarının sayı)) təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajına əsasən pensiya sığorta kapitalı xx.xx.2018-ci il tarixinə indeksləşdirilməklə 14906,45 manat olduğundan əlavə ödənilməli məbləğ 1836,43 manat (16742,88 – 14906,45) olacaqdır. İkinci məsələ ilə əlaqədar, məhkəmə hesab edir ki, yuxarıda istinad olunan “Qaydalar”ın 4.1.3-cü bəndinin tələbinə əsasən, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalını əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən məbləğə çatdırarsa, ona həmin gündən yaşa görə əmək pensiyası təyin edilməlidir. Əks yanaşma, yəni xx.xx.2018-ci il tarixdən pensiyanın təyin edilməsi həm sosial ədalət prinsipinə, həm də qanunvericiliyin tələbinə uyğun deyil. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia qismən əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan qismən təmin edilməli, İddiaçı tərəfindən sığortaolunanlar üzrə xüsusi hesaba 1836,43 manat (bir min səkkiz yüz otuz altı manat qırx üç qəpik) ödənilməklə, əlavə vəsaitin ödənildiyi gündən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməli, qeyd edilən əlavə vəsait sığortaolunanlar üzrə xüsusi hesaba ödənilmədiyi halda əmək pensiyasının təyinatı aparılmamalı, iddia qalan hissədə təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı tərəfindən sığortaolunanlar üzrə xüsusi hesaba 1836,43 manat (bir min səkkiz yüz otuz altı manat qırx üç qəpik) ödənilməklə, əlavə vəsaitin ödənildiyi gündən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qeyd edilən əlavə vəsait sığortaolunanlar üzrə xüsusi hesaba ödənilmədiyi halda əmək pensiyasının təyinatı aparılmasın. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar