Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8198/2025 19.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X9, üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq haqqında arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Nardaran massivi, 59-cu kvartal, sahə 13 ünvanında yerləşən 600 m2 torpaq sahəsinin mərhum X3 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, keçmiş Lenin rayon XDS İK-nin (indiki Sabunçu RİH) xx.xx.1988-ci il tarixli, 39/25 nömrəli qərarı ilə iddiaçının xx.xx.2010-cu ildə vəfat etmiş həyat yoldaşı, mərhum X2 adına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa- Nardaran massivi, 59-cu kvartal, sahə 13 ünvanında fərdi yaşayış evinin tikintisi üçün 600 m2 həyətyanı torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin hər tərəfi daş hasarla tikilmiş və hazırda mübahisəsiz olaraq İddiaçı istifadəsindədir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 05 aprel 2024-cü il tarixli, 3- 48-2F/2-M-1674-8-1840/2024 № li arxiv arayışında keçmiş Lenin rayon XDS İK-nin (indiki Sabunçu RİH) xx.xx.1988-ci il tarixli, 39/25 nömrəli qərarı ilə X2 adına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Nardaran massivi, 59-cu kvartal, sahə 13 ünvanında fərdi yaşayış evinin tikintisi üçün 600 m2 həyətyanı torpaq sahəsinin ayrılması təsdiqini tapmışdır. Sabunçu RİH-in 24 may 2024-cü il tarixli, 5-18/2-M-228-091/2024 saylı məktubu ilə Sabunçu rayonu, Maştağa-Nardaran massivi, 59-cu kvartal, sahə 13 ünvanında fərdi yaşayış evinin tikintisi üçün X2 adına aynlmış 600 m2 ərazisi olan torpaq sahəsinin yerləşmə sxemi təsdiq olunmuşdur. İddiaçı "Vərəsəlik hüququ haqqında şəhadətnamə"nin verilməsi ilə bağlı Bakı şəhəri 17 saylı Notariat Ofisinə müraciət etmiş və xx.xx.2024-cü il tarixdə adına 88 saylı vərəsəlik işi açılmışdır. İddiaçı xx.xx.2024-cü ildə mərhum X2 adına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa - Nardaran massivi, 59-cu kvartal, sahə 13 ünvanında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 m2 torpaq sahəsinin mərhum X3 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın İddiaçı qızma təqdim edilməsi barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X13 Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, **********28 qeydiyyat nömrəli məktubu ilə arayışın verilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan imtinasını heç bir sübut təqdim etmədən mülahizələrlə bildirmişdir. Cavabdeh imtina haqqında bildirişində "Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında" Qanunun 15-ci maddəsinin hansı bəndini rəhbər tutduğunu qeyd etməmişdir. Cavabdehin qonşu olan torpaq sahələrinə Çıxarışın verilməsinə baxmayaraq, onun müraciətinin təmin edilməsindən imtina edilmiş, nəticədə etimad hüququnun qorunması və bərabərlik prinsipinin tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddia olunan torpaq sahəsinə dair İdarəyə digər şəxs X5 müraciəti daxil olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmənin müvafiq qərardadı ilə mərhum X5 vərəsəsi X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (ilkin müraciətin olması) də cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs verdiyi izahatında iddiaçının göstərdiyi torpaq sahəsi ilə atası X7 ayrılmış torpaq sahəsinin fərqli və hasarla bölünmüş yan-yana sahələr olduğunu bildirərək, iddia tələbinin təmin edilməsinə etirazı olmadığını qeyd etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazdakı dəlilə uyğun məzmunda cavab verilərək təmin edilməsindən imtina edilmişdir. -Lenin rayon XDS İK-nın (indiki Sabunçu RİH) xx.xx.1988-ci il tarixli, 39/25 saylı qərarının təsdiq edilmiş surətindən görünür ki, X3 fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Sabunçu rayonu, Yeni yaşayış massivi, Maştağa-Nardaran, 59-cu kvartal, sahə 13 ünvanında 600 kv.m torpaq sahəsi ayrılmışdır. -Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubla Lenin rayon XDS İK-nın (indiki Sabunçu RİH) xx.xx.1988-ci il tarixli, 39/25 saylı qərarı ilə yeni yaşayış massivi, Maştağa-Nardaran, 59-cu kvartal, sahə 13 ünvanında X3 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin yerləşmə sxeminin təsdiq olunmuş surəti iddiaçıya təqdim edilmişdir. -Sabunçu rayon Qeydiyyat şöbəsinin Maştağa qəsəbə bölməsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 422734 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. -ünvan ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki: “İddiaçı Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək xx.xx.2010-cu il tarixdə vəfat etmiş xx.xx.1961-ci il təvəllüdlü X1 qalmış miras əmlaka (Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Nardaran massivi, kvartal 59, sahə 13 ünvanda yerləşən torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan X2 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində Qeydiyyata Alınmadığından, «Daşınmaz əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında» Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş arayışın (çıxarışın) və bu barədə müvafiq məlumatın İddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsini təmin etməyinizi xahiş edirəm”. -Məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusu ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Nardaran massivi, 59-cu kvartal, sahə 13 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinə müraciəti qeydə alınmış şəxsin kimliyi barədə məlumatların və müraciəti üçün əsas olmuş hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsi cavabdehdən tələb edilmişdir. Cavabdeh tərəfindən sorğuya cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli məktubda xx.xx.2020-ci tarixli, **********20 qeydiyyat nömrəli cavab məktubu ilə birlikdə hüquqmüəyyənedici sənədlərin vətəndaşa geri qaytarıldığı bildirilmiş, eyni zamanda müraciətin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Beləliklə, işin faktiki hallarından görünən odur ki, hazırda iddiaçının məqsədi Lenin rayon XDS İK-nın (indiki Sabunçu RİH) xx.xx.1988-ci il tarixli, 39/25 nömrəli qərarı əsasında mərhum X3 ayrılmış torpaq sahəsi üzərində hüquqların X3 məxsus olması barədə arayışı əldə etməkdir. Bununla bağlı cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Cavabdehin imtina dəlili ondan ibarət olmuşdur ki, iddia olunan torpaq sahəsinə dair İdarəyə digər şəxsin müraciəti daxil olmuşdur. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.8-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”ndan:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetlərinin qərarları (həmin qərarlarda torpaq sahəsinin ölçüsü göstərilmədiyi halda, yaşayış evinin (mənzilin) altında olan torpaq sahəsi nəzərə alınmaqla); 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən verilmiş torpaq sahələrinə mülkiyyət, sahiblik, istifadə hüquqlarına dair dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar; 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; 2.5-1. sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar; 2.8. yaşayış evi tipli mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş qərarlar və fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi (layihədə torpaq sahəsinin ölçüsü göstərildikdə. Layihə olmadığı və ya həmin layihədə torpağın ölçüsü göstərilmədiyi hallarda yaşayış evi və onun altında olan torpaq sahəsi əsas götürülməklə).
7. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsası olduğu halda həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Eyni Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsinin planı və ölçüsü əlavə olunmalıdır (10.2.1, 10.2.2.). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi, mövcud qanunvericilik “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər yuxarıda istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.4-cü bəndindəki aktlara uyğun gəlir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı mərhum əri Əlihəsən Məmmədova fərdi yaşayış evinin tikintisi üçün Maştağa-Nardaran massivi ərazisində 600 kv.m torpaq sahəsi ayrılmasına dair Lenin rayon XDS İK-nın xx.xx.1988-ci il tarixli, 39/25 nömrəli qərarını, həmin qərarın əsasında Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən tərtib və təsdiq edilmiş yerləşmə cizgisini cavabdehə təqdim etmişdir. Sözügedən qərar və digər sənədlərin arxiv əsasları mövcuddur, qeyd edilən sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Həmin sənədlərin həqiqiliyini şübhə altına alan hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdehin imtina dəlili ilə bağlı qeyd olunur ki, bu dəlil məhkəmə araşdırması ilə təsdiqini tapmamışdır. Belə ki, əvvəla cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin mərhum X7 ayrılmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, X5 vərəsəsi, hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X8 iddia tələbinin təmin edilməsinə etirazı və həmin sahəyə iddiası olmadığını bildirmişdir. Göründüyü kimi, iddia olunan torpaq sahəsi ilə bağlı iddiaçı ilə üçüncü şəxs arasında hər hansı mübahisə yoxdur. Qeyd olunan torpaq sahəsi iddiaçının mübahisəsiz istifadəsindədir, həmin sahənin digər şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi barədə hər hansı dəlil mövcud deyil. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut etmək vəzifəsi isə inzibati orqanın üzərinə düşür. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, qeyd olunan dəlillər qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olması üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa - Nardaran massivi, 59-cu kvartal, sahə 13 ünvanında yerləşən 600 m2 torpaq sahəsinin X3 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov