Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-82/2023 11.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin nümayəndəsi X10, üçüncü şəxs - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla xx.xx.2020-ci il tarixli **********198093 nömrəli qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri N.Vəzirov küç., 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi və bundan sonra mətndə VCİABİ) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, VCİABİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********198093 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra MMC) hüququ şəxs kimi xx.xx.2010-cu ildə dövlət qeydiyyatından keçmişdir. MMC-nin fəaliyyəti əczaçılıq mallarının topdan və pərakəndə satışından ibarət olmuşdur. MMC-də VCİABİ tərəfindən sentyabr 2016 - avqust 2019-cu il üzrə səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi xx.xx.2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Yoxlama aktı əsasında VCİABİ tərəfindən çıxarılmış "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2020-ci il tarixli **********198093 nömrəli qərarla MMC-yə 534 639,26 manat vergi hesablanmış və vergilərin azaldılmasına görə 216 697,23 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bunun 103096,62 manatı mənfəət vergisi, 431.542,64 manatı ƏDV-dən ibarət olmuşdur. Vergi yoxlaması aktında əlavə verginin hesablanma əsası kimi, müəssisədə keçirilən operativ vergi nəzarəti zamanı götürülmüş (qara mühasibatlıq - optika mallarına münasibətdə) və səyyar vergi yoxlamasına təqdim edilmiş ilkin mühasibat sənədlərində təsbit edilən qiymətlər əsasında orta satış qiyməti götürülməklə əlavə satış həcminin müəyyən edilməsi göstərilmişdir. Bu zaman səyyar vergi yoxlaması aktında ümumiyyətlə verginin hesablanma qaydası ilə bağlı Vergi Məcəlləsinin hər hansı maddəsinə istinad olunmamışdır. Buna görə də vergi orqanı tərəfindən hesablamanın Vergi Məcəlləsinin 67-ci maddəsi ilə aparılmasını təxmin etməklə, aşağıdakı səbəblərdən səyyar vergi yoxlaması aktında göstərilən qaydada verginin hesablanmasını əsassız hesab edir. Belə ki, yoxlama zamanı sənədlərin təqdim edilməsi barərədə tələbnamə təqdim edilmiş və yoxlama ilə bağlı bütün zəruri mühasibat sənədləri yoxlayıcıya təqdim edilmişdir. Eyni zamanda sənədlərin götürülməsi haqqında xx.xx.2019-cu il tarixli qərar çıxarılmış və yoxlamaya təqdim edilmiş sənədlər xx.xx.2019cu il tarixli protokolla rəsmiləşdirilərək götürülmüşdür. Göstərilən hallar yoxlama aktının 16cı səhifəsində öz əksini tapmışdır. Bütün mühasibat sənədləri yoxlamaya təqdim edildiyi halda, vergi orqanı Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq, operativ vergi nəzarəti aktlarındakı məlumatlara istinad etməklə vergilər hesablamışdır. Halbuki, həmin maddəyə əsasən, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Hazırkı halda isə iddiaçı tərəfindən bütün mühasibat sənədləri təqdim edilmiş, yoxlama zamanı binalara (ərazilərə) baxış keçirilməsinə şərait yaradılmışdır. Malların alışı ilə bağlı yüg gömrük bəyannamələri, invoyslar, malların satışı ilə bağlı elektron vergi hesab fakturalar, nəzarət kassa aparatının çıxarışları yoxlamaya təqdim edilmişdir. Yoxlama zamanı sənədlərin verilməsindən imtina barədə, əraziyə (binaya) buraxılmama ilə bağlı hər hansı protokol tərtib olunmamışdır və bu səbəbdən də müəssisənin mühasibat sənədlərindən deyil, hər hansı vergi nəzarəti aktından istifadə edilməklə vergilərin hesablanması tam qanunsuz və əsassız olmuşdur. İddiaçı bildirir ki, səyyar vergi yoxlaması aktında operativ vergi nəzarəti zamanı götürülmüş sənədlərə (qara mühasibatlığa) istinad olunduğu halda, operativ vergi nəzarəti aktlarının tarixləri, nömrələri göstərilmədiyindən söhbətin hansı aktlardan getdiyi qeyrimüəyyəndir. Buna görə də söhbətin 2019-cu ilin sentyabr ayında tərtib edilmiş operativ vergi nəzarəti aktlarından getdiyini təxmin etməklə aşağıdakıları qeyd edir: 2019-cu ilin sentyabr ayında vergi orqanı tərəfindən MMC-yə məxsus obyektlərdə bir neçə məsələ, o cümlədən malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə- faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti keçirilmiş və nəticəsi müvafiq aktlarla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti zamanı MMC-nin ölkə daxilindən aldığı bir sıra malların (o cümlədən optik eynəklərin) alış sənədləri olmadığından, onların alış sənədlərini yoxlamaya təqdim edə bilməmiş. Bu zaman malların alış qiyməti MMC-nin hansısa işçisinin şifahi məlumatı əsasında operativ vergi nəzarəti aktının əlavəsindəki siyahıda qeyd olunmuş və həmin məbləğin 10% miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd edilməlidir ki, həmin zaman digər tarixlərdə alınmış eyni malların alış sənədləri olduğu halda, onlardan istifadə olunmamış və MMC-nin hansısa işçisinin şifahi məlumatlarına istinad olunmuşdur. Halbuki, operativ vergi nəzarətinin keçirilməsi ilə bağlı Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq Qaydalarda da malların qiymətinin müəyyən edilməsi zamanı ilk növbədə uçot sənədlərindən istifadə edilməli olduğu göstərilmişdir. Təbii ki, həmin qiymətlər real olmamış və malların rəsmi satış qiyməti şifahi alış qiymətlərindən ciddi şəkildə aşağı olmuşdur. Eyni zamanda, digər tarixlərdə alınmış eyni malların alış sənədlərindəki qiymətlər də şifahi alış qiymətlərindən dəfələrlə aşağı olmuşdur. Qeyd edilməlidir ki, həmin alış sənədləri rəsmi X6, invoyslardan ibarət olmuş və həmin sənədlərdəki qiymətlər Gömrük Məcəlləsinə müvafiq olaraq rəsmi bazar qiyməti kimi qəbul edilmişdir. Səyyar vergi yoxlaması sentyabr 2016 - avqust 2019-cu il üzrə olan dövrü əhatə etdiyi halda, operativ vergi nəzarəti aktları 2019-cu ilin sentyabr ayında tərtib edilmişdir. Nəticədə 2019cu ilin sentyabr ayında şifahi məlumatlar əsasında müəyyən edilmiş qiymətlər, özündən əvvəlki illərə tətbiq edilmişdir ki, bu da Vergi Məcəlləsinin tələblərinə zidd olmuşdur. Belə ki, Məcəllənin 67-ci maddəsində əlaqəli məlumatın özündən əvvəlki dövrlərə şamil olunması nəzərdə tutulmamışdır. Bundan başqa, səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə gəlirin formalaşmasında iştirak etmiş malların alış və satış sənədləri mövcud olduğu halda, hələ satılmamış (anbarda olan) və gəlirin formalaşmasında iştirak etməyən malların alışı barədə şifahi məlumatlar əsas götürülməklə əlavə satış dövriyyələri müəyyən olunmuşdur. Bu qaydada hesablama nəinki qanunsuz olmuş, həmçinin heç bir iqtisadi əsaslandırması da mövcud olmamışdır. Bəzi operativ vergi nəzarəti aktında və onlara əlavə edilmiş malların siyahılarındakı imzalar da İddiaçı MMC-nin direktoruna məxsus olmamışdır. Həmin sənədlərə vizual baxış zamanı da direktorun adının qarşısındakı imzaların ciddi fəqrləndiyi aydın seçilir. Eyni zamanda Gəncə şəhərində keçirilmiş operativ vergi nəzarətinin nəticələrinə dair tərtib edilmiş aktlar da direktor tərəfindən imzalanmamışdır. Qeyd edilməlidir ki, Gəncə şəhəri, Tağı-Aranı və Kimyaçılar küçəsinin kəsişməsində yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair akt Elşən Rüstəmov tərəfindən imzalanmış və aktda E.Rüstəmovun MMC-nin nümayəndəsi olduğu göstərilmişdir. Halbuki, E.Rüstəmova MMC-ni vergi orqanlarında təmsil etmək səlahiyyəti verilməmişdir. ünvan 1 ünvanında yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair akt Mətləb Hüseynov tərəfindən imzalanmış və əsas kimi MMCnin keçmiş rəhbəri Cavid Hacızadənin M.Hüseynova verdiyi etibarnaməyə istinad olunmuşdur. Qeyd edilməlidir ki, operativ vergi nəzarəti keçirilən zaman Cavid Hacızadə artıq MMC-nin rəhbəri deyildi və M.Hüseynova direktoru vergi yoxlamalarında təmsil etməsi barədə etibarnamə verilməmişdir. Halbuki, Vergi Məcəlləsinin 39.1-ci və 50.6-cı maddələrinə əsasən operativ vergi nəzarəti aktı yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) tərəfindən imzalanır. Nəticədə isə həmin aktların, MMC üçün heç bir hüquqi qüvvəsi olmamışdır. Yuxarıda qeyd edildiyi kimi, səyyar vergi yoxlaması aktında ümumiyyətlə verginin hesablanma qaydası ilə bağlı Vergi Məcəlləsinin hər hansı maddəsinə istinad olunmamış, vergi ödəyicisinin vergi qanunvericiliyinin hansı pozuntusuna yol verməsi barədə heç bir məlumat verilməmişdir. Eyni zamanda akt əsasında çıxarılmış "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2020-ci il tarixli **********198093 nömrəli qərarda da MMC-nin vergi qanunvericiliyinin konkret hansı tələblərini pozması barədə hər hansı məlumat verilməmişdir. Halbuki, Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(1120-4159/2020 saylı qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra mətndə Bakı şəhəri LGBİ) inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(112)-4159/2020 saylı qərardadı ilə İddiaçı MMC-nin cavabdeh VCİABİ-yə qarşı xx.xx.2020-ci il tarixli **********198093 nömrəli qərarının ləğv edilməsi tələbi barədə 2-1(112)-4159/2020 saylı iş üzrə icraat VCİABİ-nin icraatında olan 20200256 nömrəli cinayət işi üzrə yekun qərar qəbul edilənədək dayandırılması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı MMC apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4159/2020 nömrəli iş üzrə 06 oktyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsi, cavabdeh VCİABİ-nin hazırki məhkəmə baxışının ********* nömrəli cinayət işi üzrə icraat başa çatana qədər dayandırılması barədə vəsatətinin təmin edilməməsi, İddiaçı MMC-nin apellyasiya şikayətinin təmin edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh VCİABİ kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2-1(102)-332/2021 saylı qərarı ilə kassasiya şikayətinin təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il tarixli 02 noyabr tarixli, 2-1(103)-1891/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarında göstərilmişdir ki, bu qənaət, həmçinin İPM-in 58.8-ci maddəsinin məzmunundan irəli gəlir. Həmin normaya görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün preyudisial əhəmiyyət kəsb etdiyindən, hazırkı halda isə, nəticəsi inzibati mübahisənin həllinə təsir edə bilən cinayət təqibi üzrə məhkəmə icraatına dair işdə məlumat olmadığından cavabdehin vəsatətinin dəlilləri inzibati iş üzrə icraatın dayandırılmasına əsas vermir. 2-1(112)-849/2021 saylı inzibati iş Bakı Apellyasiya Məhkəməsi tərəfindən yenidən baxılması üçün xx.xx.2021-ci il tarixdə məhkəməyə geri qaytarılmışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-849/2021 saylı qərardadı ilə İddiaçı MMC-nin cavabdeh VCİABİ-yə qarşı Bakı şəhəri LGBİ üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla xx.xx.2020-ci il tarixli **********198093 nömrəli qərarının ləğv edilməsi tələbi barədə 2-1(112)-849/2021 saylı inzibati iş üzrə icraat Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin icraatında olan 1(005)-246/2021 nömrəli cinayət işi üzrə yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılması qərara alınmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-82/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin cavabdeh VCİABİ-yə qarşı Bakı şəhəri LGBİ üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla xx.xx.2020-ci il tarixli **********198093 nömrəli qərarının ləğv edilməsi tələbinə dair 2(112)-82/2023 saylı inzibati iş üzrə icraat təzələnmiş və inzibati iş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə, saat 12:30-a təyin edilmiş və bu barədə tərəflərə və üçüncü şəxsə qanunla müəyyən edilmiş qaydada məlumat verilmişdir. Cavabdeh inzibati orqan VCİABİ-nin nümayəndəsi Şakirli Nigar tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında vəsatətlə məhkəməyə müraciət olunaraq, İddiaçı MMC-nin iddia tələbi üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılması xahiş edilmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, mübahisə predmetini təşkil edən xx.xx.2020-ci il tarixli **********198093 nömrəli məsuliyyət qərarı əsasında hesablanmış vergi məbləği vergi orqanı tərəfindən azaldılaraq vergi ödəyicisinin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmişdir. Qeyd edilənlərə əsasən İddiaçı MMC-nin mübahisə predmetini təşkil edən hesablanmış vergi məbləğinin azaldıldığını və bununla da mübahisə predmetinin aradan qalxdığını nəzərə alaraq, icraatda olan 2-1(112)-82/2023 saylı iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri LGBİ-nin nümayəndəsi X13 məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Üçüncü şəxs - Bakı şəhəri LGBİ-nin nümayəndəsi X14 iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi şəxslərin Dövlət Reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, AETERNA PHARMA” MMC xx.xx.2010-cu il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. AETERNA PHARMA” MMC-nin təsisçisi X5, qanuni təmsilçisi X15 qeyd olunmuşdur. AETERNA PHARMA” MMC-nin təsisçilərinin 02 sentyabr 2019-cu il tarixli qərarından müəyyən olunur ki, X4 02 sentyabr 2019-cu il tarixdən AETERNA PHARMA” MMC-nin baş direktoru vəzifəsinə təyin olunmuşdur. VCİABİ xx.xx.2019-cu il tarixli, **********191097 saylı qərarına əsasən İddiaçı MMCdə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə dair xx.xx.2020-cu il tarixli №**********191142 nömrəli “Səyyar vergi yoxlaması” aktı tərtib edilmişdir. VCİABİ-nin İddiaçı MMC üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2020-cu il tarixli **********191142 nömrəli aktı əsasında vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********198093 saylı xx.xx.2020-ci il tarixli qərar qəbul olunmuşdur. VCİABİ İstintaq və təhqiqat idarəsinin təhqiqat şöbəsinin baş təhqiqatçısı, ədliyyə müşaviri Ceyhun Nəsrullayevin icraatında olan 20200256 nömrəli material üzrə qəbul edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə Q2000654 saylı 09 iyun 2020-ci il tarixli qərarı ilə İddiaçı MMC-də 534639,26 manat məbləğində, yəni külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işinin başlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının vətəndaşı X1 Azərbaycan Respublikası CM-nin 213.3cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə 24 aprel 2021-ci il tarixli ittiham aktından müəyyən olunur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiiqat idarəsinin 3-cü şöbəsinin böyük müstəntiqi, 1-ci dərəcəli hüquqşünas X7 ********* nömrəli cinayət işi üzrə X1 Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham aktının tərtib edilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün kifayət qədər sübutlar toplanıldığını nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 284-288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra CPM-nin 289-cu maddəsini rəhbər tutaraq ittiham aktı tərtib olunmuşdur. Cinayət işinin başlanmasına səbəb və əsas Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı MMC vergi orqanına təqdim edilmiş bəyannamələrdə təhrif olunmuş məlumatlar daxil edilərək, 2017-2018-ci illər üzrə 182277,22 manat mənfəət vergisi, 2016-cı ilin sentyabr -2017-ci ilin may, iyul 2018-ci ilin dekabr, 2019-cu ilin fevral-2019-cu ilin avqust ayları üzrə 354632,18 manat əlavə dəyər vergisi az, 2017-ci ilin iyun, 2019-cu ilin yanvar ayları üzrə 2270,14 manat əlavə dəyər vergisi artıq hesablanmaqla, ümumilikdə, külli miqdar təşkil edən, 534639.26 manat məbləğidə vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılmasına dair toplanmış materiallar daxil olmuşdur. Məhkəmənin müvafiq sorğularına əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-21/2022 saylı məktubu ilə təqdim edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 1(005)-22/2022 saylı qərarın surətindən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-2.1-ci maddəsi tətbiq edilməklə X2 həmin Məcəllənin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi, mülki iddiaçı Bakı şəhəri LGBİ-nin mülki cavabdeh X3 qarşı mülki iddiasının təmin olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3-6/2-5554/2023 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-925/2022 saylı qərarının surətindən müəyyən olunur ki, apellyasiya protesti və apellyasiya şikayəti ilə əlavəsinin təmin edilməməsi və X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-2.1-ci maddəsi tətbiq edilməklə, onun həmin Məcəllənin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə, icraata xitam verilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 1(005)-21/2022 saylı qərarının mülki iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti (əlavəsi) və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-470/2023 nömrəli, 02 mart 2023-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və mülki iddiaçı Bakı şəhəri LGBİ-nin kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-925/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü tarixli, **********198093 №-li Qərarın surətindən müəyyən olunur ki, İddiaçı MMC üzrə keçirilmiş Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2020-ci tarixli, **********191142 nömrəli aktına baxıb Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq İddiaçı MMC-in şəxsi hesab vərəqəsində mənfəət və əlavə dəyər vergisi üzrə 536 909, 4 manat azaldılmışdır. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb haqqında qərara düzəliş edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********172167 №-li Qərarın surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq xx.xx.2023-cü il tarixli, **********198093 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi məqsədilə İddiaçı MMC-in şəxsi hesab vərəqəsində əlavə dəyər vergisi üzrə 94 222,94 manat azaldılmışdır. İddiaçı MMC-ə aid xx.xx.2023-cü il tarixdə çap olunmuş şəxsi hesab vərəqinin surətindən müyyən olunur ki, sonuncunun xx.xx.2020-xx.xx.2023-cü il tarixə hesablanmış borc məbləği 0.00 manat, hesablanmış borc məbləğ 1.217.570,97 manat, ödənilmiş məbləğ 28.865,37 manat, azaldılmış məbləğ 1.184.918,77 manat, çap tarixinə faiz borcu 0,00 manat, əhatə etdiyi dövrün son tarixinə saldo – 160.601,39 manat, çap tarixinə saldo -160.601,39 manat, cəmi ödənilməli borc məbləği 0,00 manat qeyd olunmuşdur. İPM-nin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İPM-nin 67, 80-ci və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “xx.xx.2020-ci il tarixli **********198093 nömrəli qərarının ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-82/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-82/2023
11.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver