Məhkəmə qərarları › İş №2-1(112)-820/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-820/2021

09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-820/2021 09.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və "xxxx" MMC-nin nümayəndəsi, eyni zamanda vəkili Vəkil (Ünvanı: Bakı şəhəri, Nərimanov rayonu A.Gəraybəyli küçəsi ev 11/15, m.43; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: 14 saylı vəkil Bürosu, vəkil) iştirakı ilə, iddiaçılar - İddiaçı1, İddiaçı2 və "xxxx" MMC-nin cavabdeh - Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə 3-cü şəxs - "xxxx" MMC qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 17 dekabr 2019-cu il tarixli, A42-7 saylı qərarı tamamilə ləğv olunması və "Konfirella Торт бисквитный кокосовый” əmtəə nişanının qeydiyyata alınmasına dair 2016 1343 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məkəmənin 31.05.2021-ci il tarixli qərardadı ilə "xxxx" MMC-nin hazırkı iş üzrə 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı iclası 09.09.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiadır. İddia ərizəsində bildirilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına etiraz ərizəsi ilə müraciət edərək "Konfirella Торт бисквитный кокосовый" adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1343 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılması barədə qərar verilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası 17 dekabr 2019-cu il tarixli, A42-7 saylı qərarı ilə verilmiş etirazı əsassız hesab etmiş və iddianı təmin etməmişdir. İddiaçılar İnzibati Prosessual Məcəllənin 30.1-ci, 32.1-ci və 38.1-ci maddələrinə və "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Qanunun 29-cu maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 17 dekabr 2019-cu il tarixli, A42-7 saylı qərarının ləğv olunması və "Konfirella Торт бисквитный кокосовый" adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1343 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edirlər. 17 dekabr 2019-cu il tarixli, A42-7 saylı qərarı iddiaçı tərəfindən 15 yanvar 2020-ci il tarixində alınmışdır. Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun 29-cu maddəsinin son abzasında qeyd edilmişdir ki, apellyasiya şurasının qərarından 3 ay ərzində məhkəmə qaydasında şikayət verilə bilər. "xxxx" adlı əmtəə nişanının təsviri fəaliyyət göstərən və Ukrayna Respublikasının Donetsk rayonu, Kostiantynovka şəhəri, İnternatsionalna küçəsi 460 ünvanında yerləşən İstehsalat Birliyi "Konti" Xüsusi Səhmdar Cəmiyyətinin (bundan sonra "Konti İB") işçisi X3 tərəfindən yaradılmışdır və təsvirə dair bütün əqli mülkiyyət hüquqları işəgötürən kimi Konti İB-yə məxsusdur. Eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) tərəfindən 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə 05 avqust 2016-cı il tarixində 2016 00564 nömrəli qeydiyyata alınmasına dair iddia ərizəsi verilmişdir və 12 dekabr 2016-cı il tarixində " Konfirella Торт бисквитный кокосовый " adlı əmtəə nişanı 2016 1343 nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçılar hesab edirlər ki, Koroğlu MMC "Konfirella Торт бисквитный кокосовый” adlı əmtəə nişanını qeydiyyata alaraq, Konti İByə məxsus olan müəlliflik hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, Konti İB ilə X3 arasında imzalanmış "xxxx" adlı yaradılması haqqında 20 oktyabr 2014-cü il tarixli Aktlarda göstərilmişdir ki, " Topт KOHTИ" əmtəə nişanının təsviri adlı təsvirin müəllifi X1 və tərəflər arasında əmək müqaviləsinin tələblərinə və Ukrayna Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəlliflik hüquqları Ukrayna Respublikasının Konti İB-yə keçmişdir. "Ədəbi və Bədii əsərlərin Qorunması haqqında Bern Konvensiyası"nın 2-ci maddəsinin 1-ci bəndində "Ədəbi və Bədii Əsərlər" terminin açıqlanması verilmişdir. Həmin açıqlanmaya əsasən, əmtəə nişanlarının təsvir hissələri (qrafika, şəkillər) də qeyd edilmişdir. Sözügedən Konvensiyanın 2-ci maddəsinin 6-cı bəndində qeyd edilmişdir ki, bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir. Qeyd etmək istərdik ki, həm Azərbaycan Respublikası, həm Rusiya Federasiyası, həm də Ukrayna Respublikası bu İttifaqın üzv ölkələridir. Beləliklə, İttifaqın üzv ölkəsində yaradılmış təsvir hissəsi həmçinin Azərbaycan Respublikasında qorunur. Eyni zamanda, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin 1-ci bəndinə əsasən, müəllif hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Həmin qanunun 6- cı maddəsinə əsasən, qrafika, dizayn, qrafik hekayələr və s. müəllif hüququnun obyekti olan əsərlər sayılır. Göründüyü kimi, Azərbaycan Respublikasının "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanuna əsasən, "xxxx" adlı təsvir müəlliflik obyekti sayılır. Əmtəə nişanların təsviri hissələrindən görünür kimi, müqayisə edilən əmtəə nişanları təsviri hissədən, rənglərin quraşmasmdan və sözlərdən ibarət yaradılmış əmtəə nişanlarıdır. Bununla da qeyd etmək istərdik ki, "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.8.2-ci bəndində qeyd edilmişdir ki, Kombinasiyah nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1-29.6.5-ci və 29.7.1-29.7.3-cü bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur. Əmtəə Nişanların oxşarlığını müəyyən edərkən, “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.6.3-cü (“Qrafiki (görünüşlü) oxşarlıq”), 29.6.4-cü (“Məna etibarı ilə”), 29.6.5-ci (“Bu Qaydaların 29.6.1-29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər”), 29.7.1-ci (“Təsviri və üçölçülü formalı nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə olunur”), 29.7.2-ci (“Təsviri və həcmi nişanların (işarələrin) oxşarlığı müəyyən edilir”), 29.8.1-ci (“Kombinasiyah nişanın (işarənin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilirlər”), 29.8.2-ci (“Kombinasiyah nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1—29.6.5 və 29.7.1—29.7.3-cü bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur”), 29.9.1-ci (“Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə almır”) və 29.9.2-ci (“Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır”) bəndlərində göstərilən əlamətlər nəzərə alınmalıdır. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.3-cü maddəsinə əsasən, iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. Müqayisəsi aparılannişanlarındakı cüzi fərqlər də məhz həmin qəbildən olan fərqlərə aid olmaqla, nişanların qarışdırılacaq dərəcədə uyğunluğuna səbəb olur. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”na və yuxarıda göstərilmiş əmtəə nişanlarının müqayisə hissəsinə əsasən, iddiaçılar hesab edir ki, "xxxx" adlı əmtəə nişanı və "Konfirella Торт бисквитный кокосовый" adlı kombinasiya edilmiş əmtəə nişanı (2016 1343 nömrəsi ilə qeydiyyat) qarışdırılacaq dərəcədə bənzər olan nişanlardır. Koroğlu MMC-nin Konti İB ilə bilavasitə əlaqəsi var idi. Belə ki, Konti İB və Koroğlu MMC arasında qənnadı məmulatların təchizatı üzrə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən, Koroğlu MMC Konti şirkətinin qənnadı məmulatlarının Azərbaycanda satışını təşkil edirdi. Konti şirkəti Koroğlu MMC-ni qənnadı məmulatlarının Azərbaycanda satışı məqsədi ilə təchiz edirdi və bu məmulatların arasında həmçinin "xxxx" adlı məhsul da mövcud idi. Bundan əlavə Konti İB-yə məxsus olan "xxxx" adlı məhsullar Azərbaycan Respublikasına Koroğlu MMC-yə məxsus "Konfirella Торт бисквитный кокосовый" adlı əmtəə nişanın qeydiyyata alınmasından əvvəl idxal olunurdu. Nəzərə alsaq ki, Koroğlu MMC Kontinin distribütoru olub, onun mallarını Azərbaycan Respublikasında təchiz edib və onun məhsulları ilə yaxından tanış idi. Nəticəyə gəlmək olar ki, Koroğlu MMC "Konfirella Торт бисквитный кокосовый" adlı əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsini istehsalçılar və istehlakçılar arasında yanlış təəssüratın yaradılması məqsədi ilə vermişdir. Bununla bağlı, qeyd etmək istərdik ki, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin (f) bəndinə əsasən, istehlakçıları əmtəənin coğrafi mənşəyi ilə əlaqədar yanılda bilən nişanların qeydə alınmasına yol verilmir. Eyni zamanda "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin birinci hissəsinin (ç) bəndinə əsasən, əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanlarının qeydə alınmasına yol verilmir. O cümlədən, qeyd olunmalıdır ki, "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən, rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdınlmasının və xarici tərtibatının özbaşına təqlid edilməsinə yol verilmir və göstərilən hərəkətlər haqsız rəqabət hesab olunur. Eyni zamanda, "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 10 bis maddəsinə əsasən, sənaye və ticari əlaqələrdə qəbul edilmiş adətlərə zidd olan rəqabət aktı haqsız rəqabət aktı hesab olunur. Xüsusilə, rəqibin müəssisəsi, məhsulları, yaxud sənaye və ya ticari fəaliyyətiylə bağlı hər hansı bir üsulla qarışıqlıq yarada bilən fəaliyyətlər qadağan olunur. Göründüyü kimi, Koroğlu MMC Konti İB-yə məxsus olan və əvvəlcədən qeydiyyata alınmış "xxxx" adlı əmtəə nişanı ilə qarışdırılacaq dərəcədə bənzər olan "Konfirella Торт бисквитный кокосовый" adlı əmtəə nişanın qeydiyyata alınmasına dair iddia ərizə vermiş və sonradan Azərbaycan Respublikasında satışını təşkil etmişdir. Koroğlu MMC "Konfirella Торт бисквитный кокосовый" adı altında məhsulları Azərbaycan Respublikasında sataraq istehlakçılar və istehsalçılar arasında yanlış təəssürat yaratmışdır və bununla da Konti şirkətinin nüfuzuna zərər vurmuşdur. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası iddiaçılar tərəfindən təqdim olunmuş hesab-fakturaları və spesifikasiyaları araşdırmamışdır, halbuki həmin sənədlər əsasında " Topт KOHTИ” adlı məhsulun iddiaçı tərəfindən göndərildiyi, yəni "xxxx" MMC tərəfindən ölkəyə idxal edildiyi müəyyən etmək mümkündür. Apellyasiya şurası öz qərarında "xxxx" adlı kombinasiya edilmiş əmtəə nişanının təsvir hissəsini yaratmış müəllifi X2 və onun işəgötürəni Ukrayna Respublikasının Konti İB-nin müəlliflik hüquqları məsələsinə ümumiyyətlə toxunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, hazırkı işin faktiki halları iş materiallarına əlavə edilmiş edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur. "xxxx" adlı əmtəə nişanının təsviri fəaliyyət göstərən və Ukrayna Respublikasının Donetsk rayonu, Kostiantynovka şəhəri, İnternatsionalna küçəsi 460 ünvanında yerləşən İstehsalat Birliyi "Konti" Xüsusi Səhmdar Cəmiyyətinin (bundan sonra "Konti İB") işçisi X3 tərəfindən yaradılmışdır və təsvirə dair bütün əqli mülkiyyət hüquqları işəgötürən kimi Konti İB-yə məxsusdur. Konti İB ilə X3 arasında imzalanmış "xxxx" adlı əmtəə nişanının yaradılması haqqında 20 oktyabr 2014-cü il tarixli Aktlarda göstərilmişdir ki, "xxxx" adlı təsvirin müəllifi X1 və tərəflər arasında əmək müqaviləsinin tələblərinə və Ukrayna Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəlliflik hüquqları Ukrayna Respublikasının Konti İB-yə keçmişdir. İddiaçı1 QSC və "xxxx" MMC arasında 09.07.2013-cü il tarixində 1520/8/13 nömrəli Zaminlik müqaviləsi imzalanmışdır. Eyni zamanda "xxxx" MMC tərəfindən 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə 05 avqust 2016-cı il tarixində 2016 00564 nömrəli qeydiyyata alınmasına dair iddia ərizəsi verilmişdir və 12 dekabr 2016-cı il tarixində "Konfirella Торт бисквитный кокосовый" adlı əmtəə nişanı 2016 1343 nömrəsi ilə qeydiyyata alınmışdır. Apellyasiya şurasının sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 22.08.2019-cu il tarixli məktubla təqdim edilmiş 2010- 2016-cı illəri əhatə edən idxal sənədlərinə əsasən görünür ki, "xxxx" adlı kombinasiya edilmiş əmtəə nişanlı tortlar İddiaçı1, İddiaçı2 və "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin ünvanına 2016-cı il ərzində Azərbaycan Respublikasına idxal edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına etiraz ərizəsi ilə müraciət edərək "Konfirella Торт бисквитный кокосовый" adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1343 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılması barədə qərar verilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası 17 dekabr 2019-cu il tarixli, A42-7 saylı qərarı ilə verilmiş etirazı əsassız hesab etmiş və iddianı təmin etməmişdir. Məhkəmə hesab edir ki, mübahisələndirilən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası 17 dekabr 2019-cu il tarixli, A42-7 saylı qərarı iddiaçıların hüquqlarını pozduğundan ləğv edilməli və "Konfirella Торт бисквитный кокосовый” əmtəə nişanının qeydiyyata alınmasına dair 2016 1343 nömrəli şəhadətnamənin etibarsız hesab edilməlidir. Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun: Maddə 3. Əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Maddə 6. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; ... Maddə 10. Əmtəə nişanının ilkinliyi Əmtəə nişanının ilkinliyi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu tarixdən müəyyənləşdirilir. Əmtəə nişanının ilkinliyi Paris Konvensiyasının iştirakçısı olan ölkədə birinci iddia sənədinin verildiyi tarixdən də müəyyənləşdirilə bilər (Konvensiya ilkinliyi)... Əmtəə nişanının ilkinliyi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində beynəlxalq qeydiyyatın tarixi ilə də müəyyənləşdirilə bilər. Maddə 25. Əmtəə nişanı üzərində müstəsna hüquq Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. ... Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Maddə 29. Əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatının etibarsız sayılması Əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: (...) əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. (...) Maddə 31. Əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatının ləğvi Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum aşağıdakı hallarda əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatına xitam verir: (...) bu Qanunun 29-cu maddəsinə uyğun olaraq qeydiyyat etibarsız sayıldıqda; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli, 166 Ns-li Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”:

29. İddia olunan nişanın (işarənin) mühafizə qabiliyyətinin yoxlanılması (...) 29.3. Bütün elementləri eyni olan nişanlar eyni hesab edilir. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. 29.6. Sözlərdən ibarət iddia edilən nişanların yoxlanılması 29.6.1.Sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: a) sözlərdən ibarət nişanlarla (işarələrlə); b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) ilə. Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) ola bilər: 29.6.2.Səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən edilir: a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu; b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı; c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi; ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu; d) işarədə olan hecaların miqdarı; e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer; ə) kar və cingiltili tərkibin yaxınlığı; f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri; g) bir nişandan (işarədən) digərinə daxil olma; ğ) vurğu. 29.6.3.Qrafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) ümumi görünüşlü (müşahidə) təəssüratı; b) şriftin növü; c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); ç) hərflərin biri-birinə nəzərən yerləşməsi; d) hərflərlə yazılmış sözlərin əlifbası; e) rəng və ya rənglərin uzlaşması (kombinasiyası). 29.6.4.Məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; b) nişanda (işarədə) olan elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuların üst-üstə düşməsi; c) nişanda (işarədə) öz əksini tapan məna və ideyaların əkslikləri. 29.6.5.Bu Qaydaların 29.6.1—29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər. 29.7.1.Təsviri və üçölçülü formalı nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar aşağıdakılarla müqayisə olunur: a) təsviri nişanlarla (işarələrlə); b) həcmi nişanlarla (işarələrlə); c) kompozisiyaya daxil olan təsviri və həcmi nişanların (işarələrin) elementlərindən ibarət kombinasiyalı nişanlarla (işarələrlə). 29.7.2.Təsviri və həcmi nişanların (işarələrin) oxşarlığı aşağıdakı əlamətlərlə müəyyən edilir: a) xarici forma; b) simmetriyanın mövcud olması və ya olmaması; c) nişanın (işarənin) mənası; ç) nişanın (işarənin) növü və xüsusiyyətləri (naturallığı, karikaturalığı və s.); d) rənglərin və boyaların keyfiyyətinin uzlaşması. 29.7.3.Bu Qaydaların 29.7.1 və 29.7.2 bəndlərində göstərilənlər istər ayrılıqda və istərsə də müxtəlif birləşmələrdə nəzərə alına bilər. 29.8.1.Kombinasiyalı nişanın (işarənin) oxşarlığını müəyyən etmək üçün onlar aşağıdakılarla müqayisə edilirlər: a) kombinasiyalı birləşmələrlə; b) yoxlanılan kombinasiyalı nişanın (işarənin) tərkibinə element kimi daxil olan nişanların (işarələrin) görünüşü ilə. 29.8.2.Kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1—29.6.5 və 29.7.1—29.7.3 bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur. 29.9.1.Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. 29.9.2.Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır. Məhkəmə qeyd edir ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun yuxarıda istinad edilən normalarının məzmunundan göründüyü kimi, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun istər Azərbaycan Respublikasında bilavasitə qeydə alınan, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanlarını və coğrafi göstəriciləri eyni dərəcədə mühafizə edir. Bu səbəbdəndir ki, qeydə alınmış əmtəə nişanının sahibi əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər. “Haqsız rəqabət haqqında” Qanunun 1-ci maddəsinə əsasən haqsız rəqabət-bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətlərdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patentlisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi. Üçüncü şəxs tərəfindən adı çəkilən Qanunun tələbləri pozularaq iddiaçının əmtəəsini özbaşına təqlid edərək ədalətsiz üsullarla üstünlük əldə etməyə çalışmışdır. "xxxx" MMC ilə iddiaçılar arasında müqavilə münasibətlərinin mövcud olduğu 2010- 2016-cı illərdə "xxxx" əmtəə nişanlı tort məhsullarının İddiaçı1, İddiaçı2 və "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin ünvanına 2016-cı il ərzində Azərbaycan Respublikasına idxal olunması barədə məlumatlar işdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 22.08.2019-cu il tarixli 1000-170/170-24/018181 nömrəli məktubu və həmin məktuba əlavə edilmiş gömrük bəyannamələri əsasında rəsmiləşdirillən idxal əməliyyatları haqqında məlumatlarla təsdiq olunur. Məhkəmə "xxxx" adlı kombinasiya edilmiş əmtəə nişanının təsviri “Konti” Xüsusi Səhmdar Cəmiyyətinin tapşırığı ilə onun işçisi X3 tərəfindən 20.10.2014-cü il tarixdə yaradıldığından, həmin əmtəə nişanının "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasında eyni adla və təsvirlə qeydə alınması ilə iddiaçıların hüquqlarının pozulduğunu, “Konfirella Торт бисквитный кокосовый” adlı kombinasiya edilmiş əmtəə nişanının təsviri ilə "xxxx" MMC-nin adına qeydiyyata alınmış “Konfirella Торт бисквитный кокосовый” əmtəə nişanının qarışdırılacaq dərəcədə bənzər olan nişanlar olduqlarını, əmtəə nişanlarının təsvirlərinin eynilik təşkil etdiyini, əmtəə nişanlarının təsvirlərində istifadə edilən sözlərin ümumi görünüşü (müşahidə) təəssüratı, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər), hərflərlə yazılmış sözlərin əlifbasının üst–üstə düşdüyünü, hər iki əmtəə nişanında sözlərin kiril əlifbası ilə rus dilində və eyni şriftlə yazıldıqlarını, əmtəə nişanlarının xarici forması, eyni simmetriyanın mövcud olması və xüsusiyyətlərinin (naturallığı) oxşarlıq yaratdığını, həmçinin 2016-cı ildən əvvəl bağlanılmış müvafiq müqavilələrə uyğun olaraq "xxxx" adlı məhsulun iddiaçı tərəfindən "xxxx" MMC-yə göndərildiyini, Azərbaycan Respublikasına idxal edildiyini, beləliklə, cavabdeh orqanın imtinasının qanunsuz və əsassız olduğunu nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 17 dekabr 2019-cu il tarixli, A42-7 saylı qərarı ləğv olunmalı və “Konfirella Торт бисквитный кокосовый” əmtəə nişanının qeydiyyata alınmasına dair 2016 1343 nömrəli şəhadətnamə etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 17 dekabr 2019-cu il tarixli, A42-7 saylı qərarı ləğv olunsun və “Konfirella Торт бисквитный кокосовый” əmtəə nişanının qeydiyyata alınmasına dair 2016 1343 nömrəli şəhadətnamə etibarsız hesab edilsin. Qərardan, tam formada təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar