Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-820/2022 30.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı “Kaspiyets-1” kooperativində yerləşən ona məxsus 31,08 kv.m 28 nömrəli qarajın sökülməsi nəticəsində dəymiş ziyana görə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətindən 9324 manat məbləğində pulun tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, X20 İcraiyyə Komitəsinin 12/829 saylı 01 avqust 1986cı il tarixli, 11/197 saylı 04 aprel 1987-ci il tarixli və 13/607 saylı 25 sentyabr 1991-ci il tarixli qərarları ilə X16 zabitlərinə məxsus avtomobillər üçün kooperativ qarajların tikilməsi məqsədi ilə Bakı şəhərinin 26 Bakı Komissarları rayonunda 29-cu kvartalda, X11 (KBM) ilə X21 arasında olan dənizkənarı qumlar sahəsində, indiki Səbail rayonunun F.Mehdiyev küçəsində müvafiq torpaq sahələri ayrılmışdır. Ayrılmış torpaq sahəsində kollektiv qarajların tikintisinin aparılması üçün 15 may 1987ci il tarixdə 26 Bakı Komissarı adına Rayon X20 İcraiyyə Komitəsinin 98/9075 saylı qərarı ilə “Kaspiyets-1”, daha sonra “Kaspiyets-2” və “Kaspiyets-3” kooperativləri təsis edilmişdir. Ümumilikdə 119 qarajın tikilməsi müəyyən edilmişdir. 26 Bakı Komissarı adına rayon X20 İcraiyyə Komitəsinin 23 sentyabr 1987-ci il tarixli 11/938 saylı və sonrakı müvafiq qərarı ilə kooperativin üzvlərinin siyahısı təsdiq edilmişdir. Həmin siyahıda İddiaçı adı, yaşadığı ünvan, ona məxsus nəqliyyat vasitəsinin adı və markası qeyd olunmuşdur. Sözügedən ərazidə İddiaçı aid qarajdan başqa 118 ədəd qaraj da olmuşdur. “Kaspiyets-1” Qaraj Kooperativinin 26 may 2019-cu il tarixli arayış-orderindən görünüır ki, Bakı Sovetinin 01 avqust 1986-cı il 12/829 saylı və 26 Sovetin İcra Hakimiyyətinin 98/9075 saylı 15 may 1987-ci il və 23/2374 saylı 21 iyul 1989-cu il qərarlarına əsasən ona 28 saylı qaraj boksu verilmişdir. “Kaspiyets-1” Qaraj Kooperativinin təstiq etdiyi 28№-li qarajın planına əsasən, ona məxsus 28 saylı qarajın ümumi sahəsi 31,08 kv.metr təşkil etmişdir. “Kaspiyets-1” Qaraj Kooperativi Azərbaycan Respublikası Vergilər Departamentinin X12 Dövlət Qeydiyyatı İdarəsində yenidən qeydiyyata alınaraq yeni Nizamnaməsi təsdiq edilmiş və X12 Dövlət Reyestrindən xx.xx.2014-cü il tarixli **********365800 saylı Çıxarış verilmişdir. “Kaspiyefs-2" Qaraj Kooperativi Azərbaycan Respublikası Vergilər Departamentinin X12 Dövlət Qeydiyyatı İdarəsində yenidən qeydiyyata alınaraq yeni nizamnaməsi təsdiq edilmiş və X12 Dövlət Reyestrindən xx.xx.2014-cü il tarixli **********038400 saylı Çıxarış verilmişdir. “Kaspiyets-3” Qaraj Kooperativi Azərbaycan Respublikası Vergilər Departamentinin X12 Dövlət Qeydiyyatı İdarəsində yenidən qeydiyyata alınaraq yeni nizamnaməsi təsdiq edilmiş və X12 Dövlət Reystrindən xx.xx.2014-cü il tarixli **********040500 saylı Çıxarış verilmişdir. Bakı şəhər X20 İcraiyyə Komitəsi və Bakı şəhərinin 26 Bakı Komissarı rayon XDS İcraiyyə Komitəsinin yuxarıda qeyd edilən qərarlarından sonra “Kaspiyets-2” Kooperativi üzrə 70 ədəd, “Kaspiyets-3” kooperativi üzrə isə 20 ədəd, cəmi - 119 ədəd avtomobil qarajı inşa olunmuşdur. Kooperativ üzvləri uzun müddət, yəni 22 ildən cox müddətdə həmin qarajlardan istifadə edərək qarajlarda vaxtaşırı zəruri tikinti-təmir işləri aparmış, qarajların tikilməsi və təmiri üçün çoxlu əmək və külli miqdarda maddi vəsait sərf etmişlər. Həmin dövr ərzində Qaraj Kooperativləri tərəfindən dövlət büdcəsinə müvafiq vergilər, istifadə olunmuş elektrik və su sərfiyyatı xərcləri tam ödənilmişdir. Onu da qeyd etmək lazımdır ki, iddiaçı “Kaspiyets-1” Qaraj Kooperativinin üzvüdür və həmin kooperativin nəzdində olan 28 saylı qaraj ona məxsusdur. “Kaspiyets-2” Kooperativi tərəfindən inşa edilən 70 ədəd qarajlardan 28 saylı 31,08 kv.m-lik, qaraj ona məxsus olmuşdur. İddiaçı həmin qarajın qanuni sahibi və istifadəçisi olmuş, qaraj üzərində onun sahiblik və istifadə hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2007-ci il tarixli 2504 saylı sərəncamının icrası ilə əlaqədar Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı tərəfindən 31 oktyabr 2008-ci il tarixli 580 saylı sərəncam qəbul edilmişdir. Həmin sərəncamla, F.Mehdiyev küçəsində yerləşən qarajların və digər tikililərin sökülməsi Səbail rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Səbail rayon İcra Hakimiyyəti qeyd edilən ərazidə yerləşən qarajları sökmüş, lakin həmin qarajlar sökülən zaman qaraj sahiblərinə, o cümlədən də Vaqif Rzayevə hər hansı məbləğdə kompensasiya ödənilməmişdir. Hesab edir ki, inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində mən mülkiyyətimdən məhrum olunmuş və bununla bağlı mənə 9.324 manat məbləğində maddi zərər dəymişdir. Bunlardan başqa Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(103)-688/2012 saylı qətnaməsi ilə “söküntü ilə əlaqədar dəymiş maddi ziyana görə Bakı şəhəri İcra Hakimiyyətindən X9 xeyrinə 10.290 manat, X5 xeyrinə 12.930 manat, X15 xeyrinə 8.970 manat, X6 xeyrinə 8.970 manat, X1 xeyrinə 8.970 manat. X3 xeyrinə 8.970 manat tutulması qət edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-4911 saylı qərarı ilə də X2 26 Bakı Komissarı rayon X20 İcraiyyə Komitəsinin 29 sentyabr 1989-cu il tarxli 31/3248 saylı qərarı ilə ayrılmış sahədə tikdiyi və uzun müddət mülkiyyətində olduğu qarajın sökülməsinə görə 9330 manat məbləğində kompensasiya cavabdeh Bakı şəhəri İcra Hakimiyyətindən X2 xeyrinə tutulması qərara alınmışdır. Göründüyü kimi, Azərbaycan Respublikasında fəaliyyət göstərən məhkəmələrin müzakirə olunan məsələ ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktlarında ifadə olunmuş hüquqi mövqeləri vahid olmaqla ondan ibarətdir ki, hüquqi və fiziki şəxslərə mülkiyyət hüququ əsasında məxsus olmuş yaşayış və qeyri-yaşayış sahələrinin söküntüsü aparan dövlət orqanları və kommersiya təşkilatlan tərəfindən mülkiyyətçilərə dəymiş zərərin əvəzi olaraq kompensasiya ödəməlidirlər. Beləliklə də inzibati orqan kimi Bakı İcra Hakimiyyətinin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətindən məhrum edilmiş və bunun nəticəsində ona 9.324 manat məbləğində maddi ziyan dəymişdir. 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2019-cu il tarixli 2-(81)-213/2019 saylı məhkəmə qərarının əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “İddiaçının qanuni əsaslarla istifadə hüququna malik olduğu qaraj söküldüyündən ona 300 manat satınalma qiyməti hesabı ilə kompensasiyanın ödənilməsi ədalətlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarına əsasən iddiaçılar X9 və qeyrilərinin Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “Kaspiyets” qaraj kollektivi tərəfindən onlara verilmiş qarajların sökülməsi nəticəsində dəymiş zərərin ödənilməsi barədə iddia tələbinə apellyasiya qaydasında baxılarkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri, Səbail rayonu, F.Mehdiyev küçəsində mövcud olmuş qarajların qiymətləndirmə rəyinə əsasən həmin qarajların hər kv metrinin bazar dəyəri 300 manat təşkil etmişdir. Odur ki, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən səbəbdən ekspertiza keçirilmədən iddiaçıya məxsus qarajın hər kv.metrinə 300 manat pul kompensasiya ödənilməlidir. Yuxarıda qeyd edilən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019- cu il tarixli 2-1(81)-213/19 saylı qərarından da görünür ki, iddiaçı X7 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “Kaspiyets-2” koopertivində yerləşən X10 məxsus qarajın (31.1 kv.m) sökülməsi nəticəsində vurulmuş ziyana görə Bakı şəhər İcra Hakimiyyətindən vurulmuş ziyana görə 9333 manat tutulmuşdur. “Kaspiyets-1” Qaraj Kooperativinin xx.xx.2019-cu il tarixli arayış-orderindən görünür ki, Bakı Sovetinin 12/829 saylı 01 avqust 1986-cı il tarixli, 26 Sovetin İcra Hakimiyyətinin 98/9075 saylı 15 may 1987-ci il tarixli və 23/2374 saylı 21 iyul 1989-cu il tarixli qərarlarına əsasən iddiaçıya 28 saylı qaraj boksu verilmişdir. “Kaspiyets-1" Qaraj Kooperativinin təstiq etdiyi 28№-li qarajın planına əsasən, iddiaçıya məxsus 28 saylı qarajın ümumi sahəsi 31,08 kv.metr təşkil etmişdir. Göründüyü kimi tərəflər ayrı olsa da, mübahisə oxşar, eyni münasibətlərdir və məhkəmələri tərəfindən həmin mübahisələr mülkiyyətçinin, yəni qanuni sahibinin xeyrinə həll olunmuşdur. İddiaçı ona məxsus qarajın sökülməsi nəticəsində vurulmuş ziyanana görə kompensasıyanın ödənilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli ərizə ilə Bakı Şəhər İcra hakimiyyətinə müraciət etmiş, lakin bu günə qədər müraciəti Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən cavablandırılmamışdır. Odur ki, o, vurulmuş zərərin ödəniliməsi iddiası ilə məhkəməyə müraciət etmişdir.
3. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin iddia tələbinə dair yazılı etirazında bildirilmişdir ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli, 12/829NSİİ, xx.xx.1987-ci il tarixli, 11/197 №-li və xx.xx.1991-ci il tarixli, 13/607 JVs-li qərarları ilə X16 zabitlərinə məxsus avtomobillər üçün kooperativ qarajların tikilməsindən ötrü Bakı şəhərinin 26 Bakı Komissarları rayonunda 29-cu kvartalda, X11 (KBM) ilə X21 arasında yerləşən ərazidə torpaq sahəsi ayrılmış və həmin ərazidə kaspiyets-1 kooperativi üzrə 29 ədəd, kaspiyets- 2 kooperativi üzrə 70 ədəd və kaspiyets-3 kooperativi üzrə 20 ədəd avtomobil qarajı inşa olunmuşdur. Hər üç kooperativ üzrə üzvlərin bir hissəsinin kooperativdən çıxmaları və özlərinə məxsus qarajları başqalarına satmaları ilə əlaqədar olaraq siyahılar bir neçə dəfə dəyişdirilmiş və bu hal (müvafiq qaydada) kooperativ üzvlərinin protokolları ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin X30 tərəfindən Bakı şəhərində X17 yaradılması ilə əlaqədar xx.xx.2007-ci il tarixli, 2504 saylı sərəncam imzalanmışdır. Həmin sərəncamın icrası ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2008-ci il tarixli, 580 nömrəli sərəncam verilmişdir. Həmin sərəncamla Səbail rayon F.Mehdiyev küçəsində yerləşən ərazidə olan qarajlar və digər obyektlərlə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyəti tərəfindən verilmiş əvvəlki sərəncamlar ləğv edilmişdir. Mənzil sahəsi ilə təmin olunmuş vətəndaşların yaşadığı mənzillərdən köçürülməsi, ərazidə olan qarajların və digər qanunsuz tikililərin sökülməsi Səbail Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bundan başqa Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı məxsus qarajın sökülməsi ilə bağlı hər hansı bir qərar qəbul etməmişdir. Cavabdeh hesab edir ki, iddia predmeti olan qaraj kooperativlərinə məxsus torpaq sahələri dövlətin ehtiyat fondu torpaqlarına aid olduğundan verilmiş iddianın heç bir huquqi əsası yoxdur. Ona görədə iddia tələbi təmin edilməməlidir.
4. Məhkəmənin 02 dekabr 2021-ci il tarixli qərardadı ilə “Kaspiyets-1” Qaraj Kooperativi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
5. Məhkəmənin 25 yanvar 2022-ci il tarixli qərardadı ilə Səbail Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
6. Daha sonra inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər “Kaspiyets-1” Qaraj Kooperativinin, Azərvbaycan Respublikası Maliyyə Nazirliyinin və Səbail Rayon İcra Hakimiyyətinin inzibati məhkəmə icraatında adi cəlbetmə qaydasında iştirakı nəzərə alınmışdır.
7. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş “Kaspiyets-1” Qaraj Kooperativinin xx.xx.2019-cu il tarixli arayış-orderinə əsasən Bakı Sovetinin 12/829 saylı 01 avqust 1986-cı il tarixli, 26 Sovetin İcra Hakimiyyətinin 98/9075 saylı 15 may 1987-ci il tarixli və 23/2374 saylı 21 iyul 1989-cu il tarixli qərarlarına əsasən iddiaçıya 28 saylı qaraj boksu verilmişdir.
8. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş “Kaspiyets-1” Qaraj Kooperativinin 28 nömrəli qarajın planına əsasən sahəsi 31,08 kv.m. olan qaraj sahibi İddiaçı olmuşdur.
9. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş analoji məhkəmə qərarlarının surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, F.Mehtiyev küçəsində mövcud olmuş qarajların sökülməsinə görə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətindən kompensasiya tutulması tələbi təmin edilmişdir və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin kassasiya şikayəti təmin edilməmiş və qərar qanuni qüvvəsini almışdır.
10. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş Bakı şəhər X20 İcraiyyə Komitəsi və Bakı şəhərinin 26 Bakı Komissarı rayon XDS İcraiyyə Komitəsinin 11/197 saylı 24 aprel 1987-ci il tarixli, 12/829 saylı 01 avqust 1986-cı il tarixli və 98/9075 saylı 15 may 1987-ci il tarixli qərarlarından görünür ki, qeyd edilən ərazidə qaraj tikintisinə icazə verilmiş, “Kaspiyets-1” Qaraj Kooperativi təsis edilmişdir.
11. Məhkəmənin sorğusuna cavab olaraq “Kaspiyets-1” Qaraj Kooperativinin 28 nömrəli qarajın planına əsasən qaraj sahibi İddiaçı göstərilmişdir.
12. Kaspiyets-1” Qaraj Kooperativinin xx.xx.2019-cu il tarixli arayış-orderinə əsasən Bakı Sovetinin 12/829 saylı 01 avqust 1986-cı il tarixli, 26 Sovetin İcra Hakimiyyətinin 98/9075 saylı 15 may 1987-ci il tarixli və 23/2374 saylı 21 iyul 1989-cu il tarixli qərarlarına əsasən İddiaçı 28 saylı qaraj boksu verilmişdir.
13. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş “Kaspiyets-1” Qaraj Kooperativinin (VÖEN **********) elan edilmiş nizamnamə kapitalı 28 manat təşkil edir, 26 nəfərdən ibarət üzvlərinin siyahısında İddiaçı adı 1 pay olmaqla nəzərdə tutulmuşdur.
14. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2008-ci il tarixli, 580 saylı sərəncamına əsasən Azərbaycan Bayraq Meydanı üçün ayrılmış əraziyə düşən Səbail rayonu, F.Mehtiyev küçəsində yerləşən və qəzalı vəziyyətdə olan 1 saylı yaşayış evində şəxsi evlər və qarajlar mövcud olmuşdur. Həmin Sərəncamın 2-ci bəndinə əsasən ərazidə olan qarajlar və digər obyektlərlə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyəti tərəfindən verilmiş sərəncamlar ləğv edilmişdir. Həmin Sərəncamın 3-cü bəndinə əsasən mənzil sahəsi ilə təmin olunmuş vətəndaşların yaşadığı mənzillərdən köçürülməsi, ərazidə olan qarajların və digər qanunsuz tikililərin sökülməsi Səbail Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir.
15. Məhkəmənin şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
16. Məhkəmənin şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı cavabdeh və üçüncü şəxslər iştirak etmir. II. İddianın növü və mümkünlüyü
17. İddianın növü İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. İddia inzibati orqanın hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
19. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının torpaq sahəsinə və üzərində mövcud olmuş tikiliyə dair “qanuni gözləntisi” varmı? Belə ki, X23 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
20. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
21. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
22. X28 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
23. Məhkəmə hazırki iş üzrə araşdırmanı X28 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır: 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşdil edir 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?
24. Məhkəmə qeyd edir ki, İddiaçı “Kaspiyets-1” Qaraj Kooperativinin üzvü olmuşdur və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş siyahıda onun adı qeyd olunmuşdur.
25. Məhkəmə qeyd edir ki, “Kaspiyets-1” Qaraj Kooperativinin arayış-orderinə əsasən İddiaçı sahəsi 31,08 kv.m. olmaqla 28 nömrəli qaraj boksu verilmişdir.
26. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir.
27. Məhkəmə qeyd edir ki, qeyd edilən müdaxilə mülkiyyətdən məhrumetməyə bərabərdir, belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2008-ci il tarixli, 580 saylı sərəncamına əsasən ərazidə olan qarajların sökülməsi qərara alınmışdır, odur ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı təmin etmək üçün iddiaçıya kompensasiya ödənilməlidir.
28. Odur ki, məhkəmə cavabdeh qurumun hərəkətləri nəticəsində iddiaçıya kompensasiya ödəməli olduğu qənaətindədir.
29. Kompensasiyanın məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 04 aprel 2011-ci il tarixli qərardadına əsasən iddiaçıların istifadəsində olmuş qarajların bazar qiymətlərinin müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ekspertlərinə həvalə edilmişdir. Bakı şəhəri, Səbail rayonu, F.Mehtiyev küçəsində mövcud olmuş 11 qarajın qiymətləndirilməsinin aparılmasına dair rəydən görünür ki, qarajın hər kv.metrinin bazar dəyəri 300 (üç yüz) manat təşkil etmişdir.
30. AİHM qərarlarında qeyd edir ki: -Böyük Palata, Palatanın etdiyi kimi, aşkar edilmiş pozuntular nəticəsində şübhəsiz ki, ərizəçinin zərər çəkdiyini və bu pozuntularla iddia edilən maddi zərər arasında aydın səbəb-nəticə əlaqəsinin olduğunu, o cümlədən maliyyə mənbələrin itirilməsinə görə kompensasiyanın olmasını qeyd edir. (bax: Salman işi § 137, və Z və X4rşı, yuxarıda adı çəkilən, § 119). Bununla belə, ərizəçinin bu başlıq altındakı iddialarının heç biri lazımi qaydada sənədləşdirilməmişdir. İddia edilən zərərə dəqiq hesablanması mümkün olmayan və ya elə məhdud sübutlara əsaslanan komponentlər daxildir ki, hər hansı qiymətləndirmə qaçılmaz olaraq müəyyən dərəcədə fərziyyəni ehtiva edəcək (bax, digər işlər arasında, bax: Sporrong və Lönnroth İsveçə qarşı (Maddə 50), 18 dekabr 1984-cü il tarixli qərar). , A seriyası № 88, səh. 14-15, § 32 və Akdivar və başqaları Türkiyəyə qarşı (Maddə 50), 1 aprel 1998-ci il tarixli qərar, Hesabatlar 1998-İİ, səh. 718, § 19). Buna görə də, Məhkəmə 41-ci maddənin tələb etdiyi kimi, onda olan bütün məlumatları nəzərə alaraq ərizəçinin maddi ziyanla bağlı iddialarını ədalətli əsaslarla qiymətləndirəcəkdir (bax: Öneryıldız Türkiyəyə qarşı § 166). - Konvensiyanın və ya onun protokollarının pozuntusunu tanıyan qərar, cavabdeh dövlətə bu pozuntuları dayandırmaq və pozulmadan əvvəlki vəziyyəti maksimal şəkildə bərpa etməklə onun nəticələrinə görə əvəz ödəmək kimi hüquqi öhdəliklər qoyur. Milli qanunvericilik pozuntunun nəticələrini aradan qaldırmağa icazə vermədiyi və ya yalnız natamam şəkildə icazə verdiyi təqdirdə, 41-ci Maddə Məhkəməyə zəruri hallarda zərərçəkən tərəfə müvafiq əvəzin ədalətli ödənilməsi qərarı qəbul etmək səlahiyyəti verir (bax: digər məsələlər arasında, Məhərrəmov Azərbaycana qarşı (əvəzin ədalətli ödənilməsi) no 5046/07, § 12, 09 may 2019, X13rşı (əvəzin ədalətli ödənilməsi), no 66209/10, § 15, 16 yanvar 2018 və Bitto və digərləri Slovakiyaya qarşı (əvəzin ədalətli ödənilməsi), no 30255/09, § 20, 7 iyul 2015).
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
32. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 7.6-cı bəndinə əsasən, yerli icra hakimiyyətlərinin maliyyə mənbələri dövlət büdcəsindən ayırmalardan, büdcədənkənar vəsaitlərdən və qanunla qadağan edilməmiş digər mənbələrdən əldə olunan vəsaitlərdən ibarətdir.
33. İşin hallarına əsasən iddiaçıya vurulmuş maddi zərərin konkret məbləğini müəyyən etmək mümkün deyil. İddia edilən zərərə dəqiq hesablanması mümkün olmayan komponentlər daxildir ki, hər hansı qiymətləndirmə qaçılmaz olaraq müəyyən dərəcədə fərziyyəni ehtiva edəcək. İddiaçı tərəfindən buna dair hər hansı sübutlar təqdim edilmədiyindən analoji məhkəmə qərarlarına tutulmuş kompensasiya məbləğinə uyğun, məhkəmə iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 9324 (doqquz min üç yüz iyirmi dörd) manat (31,08 kv.m. x 300 manat) kompensasiya təyin olunmasını ədalətli hesab edir.
34. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
35. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən İddiaçı xeyrinə vurulmuş maddi zərərin əvəzi olaraq 9324 (doqquz min üç yüz iyirmi dörd) manat tutulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva