Məhkəmə qərarları › İş №2-1(112)-820/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-820/2025

22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-820/2025 22.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin qaydalara və qanunvericiliyin şərtlərinə uyğunluğunun yoxlanılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ********** qeydiyyat nömrəli və **********41 reyestr nömrəli, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa” əsasən mülkiyyət hüququ üzrə ona məxsus olan, 1 №li Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0,1 ha torpaq sahəsində təqdim edilmiş layihə əsasında fərdi yaşayış evinin tikintisinə cavabdeh Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti tərəfindən edilən qanunsuz müdaxilənin dayandırması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “Fərdi yaşayış evinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 və 80.3-cü maddələrində nəzərdə tutulan tələblərdə yoxlanılması vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi dəqiqləşdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0,1 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə ona məxsusdur. Hüquqlarının daşınmaz əmlakın reyestr xidmətində qeydiyyata alınmış və müvafiq çıxarış verilmişdir. Torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Torpaq sahəsini aldıqdan sonra iddiaçı orada yaşayış evi tikmək qərarına gəldi. Bunun üçün qanunvercilikdə nəzərdə tutulduğu kimi məlumatlandırma icraatı qaydasında aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinə müraciət etdi. Müraciətinə xx.xx.2023-cü il tarixli məktubla cavab verildi. Cavab məktubunda bildirildi ki, “sözügedən ərazi və tikinti işlərinin aparılması nəzərdə tutulan 1000 kv.m torpaq sahəsi Suraxanı rayonunun inzibati ərazisinin hüdudları daxilinə aiddir və Abşeron rayon İcra Hakimiyyətinin istifadəsində təyinatı (kateqoriyası): “Kənd təsərrüfatı təyinatlı torpaqlar” olan Abşeron rayonu 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşir. Yuxarıda qeyd olununları nəzərə alaraq tikinti işlərinin aparılmasını məqsədə uyğun hesab etmirik və sözügedən uyğunsuzluqları aradan qaldırılması üçün aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etməyiniz məqsədəuyğun hesab edilir.” Bu cavab məktubunu aldıqdan sonra yenidən cavabdeh təşkilata müraciət edərək məktubda göstərilənlərin yanlış olduğunu bildirdi. Belə ki, çıxarışdan da göründüyü kimi torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Bu dəfə şifahi olaraq ona bildirildi ki, bu halda daşınmaz əmlakın ünvanı dəyişdirilməlidir və ünvan Abşeron rayonu əvəzinə Suraxanı rayonu göstərilməlidir. Bundan sonra müxtəlif təşkilatlara müraciət etmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə etdiyi müraciətin cavabı olaraq Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etməyi məqsədəuyğun hesab edilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinə müraciətinə cavab olaraq bildirilmişdir ki, torpaq sahəsinin Bakı şəhər inzibati ərazisinə aid olduğundan Bakı şəhərinin müvafiq aidiyyəti üzrə qurumlarından münasibət bildirilməsi məqsədəuyğundur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən bildirilən iradın aradan qaldırılmasını, yəni ünvanın Bakı şəhəri kimi göstərilməsini istədi. Cavab olaraq elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin Abşeron rayon ərazi hüdudları daxilində yerləşdiyi səbəbindən ərizənin icrasının mümkün olmaması bildirilmişdir. Belə olan halda iddia ərizəsi üzrə cavabdeh təşkilat tərəfindən fərdi yaşayış evinin tikilməsi ilə bağlı göstərilən iradın əsassızlığı, digər hər hansı iradın isə olmadığı məlum oldu. Bu səbəbdən məlumatlandırma icraatı qaydasında artıq müraciət etmiş olduğundan evin tikintisinə başladı. Lakin cavabdeh təşkilatin əməkdaşları inşaat işlərini dayandıraraq tikilmiş hissəni sökdülər. Belə olan halda məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Cavabdeh təşkilatın həqiqətən də bəhs edilən torpaq sahəsinin təyinatı ilə bağlı şübhələri olduğu halda, bu maddənin tələblərinə uyğun olaraq, digər inzibati orqan olan hüquqların dövlət qeydiyyatını həyata keçirmiş təşkilata sorğu ilə müraciət etməli, təyinatın həqiqiliyi ilə bağlı məlumat almalı idi. Cavabdeh bunu etməmiş, təyinatla bağlı faktiki olaraq ehtimallarına əsaslanan bir nəticəyə gələrək, fərdi yaşayış evinin tikintisinə əsassız maneələr yaratmışdır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Cavabdeh tərəfindən bu normanın tələblərinin pozulması aşkardır. Belə ki, tərəfindən təqdim edilmiş Çıxarışda torpaq sahəsinin “yaşayış məntəqəsi torpaqları” təyinatına aid olduğu göstərilmişdir. Cavabdeh təşkilat həmin məlumatın mötəbərliyini əsassız şəkildə şübhə altına alaraq, ondan həmin məlumatın dəyişdirilməsini tələb edir. Hesab edir ki, mülkiyyət hüququ üzrə ona məxsus olan torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi ilə bağlı qanunvericiliklə tələb olunan qaydalara tərəfindən əməl edilmişdir. Lakin, iddia tələbləri üzrə cavabdeh Suraxanı Rayonu İcra Hakimiyyəti qüvvədə olan qanunvericilik normalarını pozmaqla, bəzi hallarda isə səlahiyyətlərindən sui-istifadə etməklə fərdi yaşayış evinin tikilməsinə ona əsassız və qanunsuz maneələr yaradır. Belə olan halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.4-cü və 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddia tələbləri ilə məhkəməyə müraciət etməkdə və onun hüquqlarını pozan qanunsuz müdaxilələrdən müdafiə olunmağını, cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb etməkdə haqlı olduğu qənaətindədir. Hesab edir ki, istinad etdiyi hüquq normalarına əsasən, ona məxsus olan torpaq sahəsində tərəfindən fərdi yaşayış evinin inşa edilməsinə iddia tələbləri üzrə cavabdeh Suraxanı Rayonu İcra Hakimiyyətinin qanunsuz müdaxiləsi məhkəmə tərəfindən müvafiq məhkəmə qərarı ilə dayandırılmalıdır.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan məktubda qeyd edilmişdir ki, “müəyyən edilmişdir ki, təqdim olunan sözügedən torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş torpaq sahəsinin planı və ölçüsünə və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışa (reyestr nömrəsi **********41) əsasən 1000,0 kv.m torpaq sahəsi Sizin xüsusi mülkiyyətinizə verilmişdir. Nəzərinizə çatdırırıq ki, sözügedən ərazi və tikinti işlərinin aparılması nəzərdə tutulan 1000,0 kv.m torpaq sahəsi Suraxanı rayonunun inzibati ərazisinin hüdudları daxilinə aiddir və Abşeron Rayon icra Hakimiyyətinin istifadəsində təyinatı (kateqoriyası): “Kənd təsərrüfatı təyinatlı torpaqlar” olan Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşir. Bildiririk ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, tikinti işlərinin aparılmasını məqsədə uyğun hesab etmirik və sözügedən uyğunsuzluqları aradan qaldırılması üçün aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etməyiniz məqsədəuyğun hesab edilir.”

5. Cavabdehin iddia ərizəsinə yazılı etirazı onunla əsaslandırılmışdır ki, təqdim olunan sözügedən torpaq sahəsinə dar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş torpaq sahəsinin planı və ölçüsünə və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışa (reyestr nömrəsi **********41) əsasən 1000 kv.m torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Sözügedən ərazi və tikinti işlərinin aparılması nəzərdə tutulan 1000 kv.m torpaq sahəsi Suraxanı Rayonunun inzibati ərazisinin hüdudları daxilinə aiddir və Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində təyinatı (kateqoriyası) “kənd təsərrüfatı təyinatlı torpaqlar” olan Abşeron rayonu 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il “ 2” iyun tarixli 2947 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Plannı”nın və Azərbaycan Respublikası Prezidentinin “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” 28 dekabr 2018-ci il tarixli Fərmanının icrası məqsədilə www.e-tikinti.gov.az portalı yaradılaraq 2019cu ildən istifadəyə verilmişdir. Tikintisinə icazə tələb olunan tikinti obyektlərinin tikintisinə və istismarına icazələr, habelə şəhərsalma əsaslandırılmasının təsdiqi üzrə müraciətləri və məlumatlandırma icraatı tətbiq olunan tikinti obyektlərinin (fərdi yaşayış evlərinin) tikintisi üçün məlumatlandırmanı qeyd olunan portal vasitəsi ilə həyata keçirmək mümkündür. Bunun üçün sifarişçi tərəfindən “ASAN LOGİN” vahid giriş sistemindəki identifikasiya nömrəsi, elektron imza və ya ASAN İMZA vasitələrindən biri ilə şəxsi kabinetinə daxil olub müvafiq xanalar doldurulduqdan sonra tələb olunan sənədlər (torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri və digər sənədlər) yüklənərək müraciət göndərilir. Müraciət göndərildikdən 10 gün ərzində layihəyə dair irad bildirilmədikdə müddət tamam olan kimi 10 günün tamam olması barədə sifarişçinin şəxsi kabinetinə bildiriş göndərilir və məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilir. Bu da onu deməyə əsas verir ki, İddiaçı sözügedən torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş torpaq sahəsinin planı və ölçüsünə və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023cü il tarixli çıxarışı (reyestr nömrəsi ******* 16541) olduğu halda qeyd olunan portal vasitəsi ilə tələb olunan sənədləri elektron qaydada portala daxil olaraq məlumatlandırma icraatını həyata keçirə bilər.

6. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışına əsasən Abşeron rayonu, 1 №li Hövsan Zeytunluq sovxozu ərazisində yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi xx.xx.2023-cü il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır.

7. Məhkəmənin sorğusuna əsasən Abşeron Rayon İcra Hakimiyyəti xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, Abşeron rayonu keçmiş 1 nömrəli Zeytunçuluq sovxozuna məxsus olmuş torpaq sahələri Bakı şəhərinin inzibati ərazi vahidində yerləşir.

8. Məhkəmənin sorğusuna əsasən Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən vətəndaş İddiaçı məxsus 1000,0 kv.m torpaq sahəsi Suraxanı rayonunun inzibati ərazisinin hüdudları daxilinə aiddir və Abşeron Rayon icra Hakimiyyətinin istifadəsində təyinatı (kateqoriyası): “Kənd təsərrüfatı təyinatlı torpaqlar” olan ərazidə yerləşir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

11. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

12. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

13. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

14. Şəhərsalma və Tikinti Məcəlləsinin: 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.4-1. Bu Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir. 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 80.6. Bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsinə əsasən tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda, bu barədə məlumatın şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. 80.7. Məlumatlandırma icraatı üzrə bu Məcəllənin 80.4-cü, 80.4-1-ci və 80.6-cı maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

15. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid 0,1 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı məlumatlandırma icraatı qaydasında aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinə müraciət edərək təqdim edilmiş lahiyəyə uyğun olaraq fərdi yaşayış evinin tikintisinə münasibət bildirilməsini xahiş etmişdir. Cavabdeh orqan ərazi və tikinti işlərinin aparılması nəzərdə tutulan 1000 kv.m torpaq sahəsinin Suraxanı rayonunun inzibati ərazisinin hüdudları daxilinə aid olmasını və Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində təyinatı (kateqoriyası) “Kənd təsərrüfatı təyinatlı torpaqlar” olan Abşeron rayonu 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşməsini əsas gətirərək tikinti işlərinin aparılmasını məqsədə uyğun hesab etməmişdir.

16. Məhkəmə hesab edir ki, cavabdehin bu dəlili əsassızdır. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışına əsasən Abşeron rayonu, 1№-li Hövsan Zeytunluq sovxozu ərazisində yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi xx.xx.2023-cü il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır.

17. Bununla yanaşı cavabdeh imtina və etirazda bildirmişdir ki, sözügedən ərazi və tikinti işlərinin aparılması nəzərdə tutulan 1000 kv.m. torpaq sahəsi Suraxanı rayonunun inzibati ərazisinin hüdudları daxilinə aiddir və Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində təyinatı (kateqoriyası) “kənd təsərrüfatı təyinatlı torpaqlar” olan Abşeron rayonu 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşir.

18. Məhkəmə hesab edir ki, Abşeron rayonu keçmiş 1 nömrəli Zeytunçuluq sovxozuna məxsus olmuş sözügedən torpaq sahəsi Bakı şəhərinin inzibati ərazi vahidində yerləşdiyindən, cavabdeh məhz Suraxanı Rayon İcra Hakimiyyəti olmalıdır. Bu hal Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə təsdiq edilir.

19. Cavabdeh orqan etirazında daha sonra qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il “2” iyun tarixli 2947 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın və Azərbaycan Respublikası Prezidentinin “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” 28 dekabr 2018-ci il tarixli Fərmanının icrası məqsədilə www.e-tikinti.gov.az portalı yaradılaraq 2019-cu ildən istifadəyə verilmişdir. Tikintisinə icazə tələb olunan tikinti obyektlərinin tikintisinə və istismarına icazələr, habelə şəhərsalma əsaslandırılmasının təsdiqi üzrə müraciətləri və məlumatlandırma icraatı tətbiq olunan tikinti obyektlərinin (fərdi yaşayış evlərinin) tikintisi üçün məlumatlandırmanı qeyd olunan portal vasitəsi ilə həyata keçirmək mümkündür.

20. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, www.e-tikinti.gov.az portalı yaradılaraq 2019cu il tarixdən istifadəyə verilsə belə, cavabdehin nümayəndəsi məhkəmə iclasında bir daha təsdiq etdi ki, portal 2024-cü ilin yanvar ayından istifadəyə verilib. İddiaçı müvafiq tələblə isə 2023-cü il tarixdə müraciət etmişdir.

21. Məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən fərdi yaşayış evinin tikilməsi ilə bağlı göstərilən iradlar əsassız olmaqla fərdi yaşayış evinin tikintisinə maneələr yaratmışdır. Belə ki, təqdim edilmiş lahiyənin Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 və 80.3-cü maddələrinə nəzərdə tutulan tələblərdə yoxlanılması cavabdeh orqan tərəfindən həyata keçirilməmişdir.

22. “İnzibati icraat haqqında” qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

23. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipinin yaranması roman-german konstitusionalizminin ənənələri ilə əlaqələndirilir. Əvvəllər, 1950-1960-cı illərdə, mütənasiblik konsepsiyası X2 Məhkəməsi tərəfindən baxılan bir sıra işlərdə öz əksini tapmışdır. Bu konsepsiya Avropa hüququ və praktikası tərəfindən müharibədən sonrakı Almaniyanın konstitusiya hüququna əsaslanaraq qəbul olunmuşdur. Prinsip olaraq isə XVİİİ əsrin sonu – XİX əsrin birinci yarısında Prussiya inzibati hüququnda meydana çıxmışdır.

24. Ümumi şəkildə Almaniya ictimai hüququnda işlənib hazırlanmış və Avropa hüququnda öz təkamülünü davam etdirən mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olunmasını nəzərdə tutur: 1) dövlət orqanlarının fərdi hüquqların (azadlıqların) həyata keçirilməsinə müdaxiləsi yer almışdırmı; 2) bu cür müdaxilə dövlətdaxili qanunla nəzərdə tutulmuşdurmu; 3) müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi); 4) arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; 5) hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; 6) istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı). Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: - bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; - məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır.

25. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.

26. Məhkəmə hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil, yəni tətbiq olunan vasitə qarşıya qoyulan məqsədə mütənasib deyil.

27. Belə olan təqdirdə, cavabdehin imtinası qanunsuzdur, iddiaçı müvafiq öhdəliyin qoyulmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.

28. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

29. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, fərdi yaşayış evinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 və 80.3-cü maddələrində nəzərdə tutulan tələblərdə yoxlanılması vəzifəsi cavabdehə həvalə edilməlidir.

31. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. Fərdi yaşayış evinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 və 80.3-cü maddələrində nəzərdə tutulan tələblərdə yoxlanılması vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar