Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8200/2022 30.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə (üçüncü şəxs X7) qarşı “qərarın və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il, 786 saylı qərarının və Binəqədi rayon Bələdiyyəsi ilə vətəndaş X7 arasında bağlanılmış xx.xx.2004-cü il tarixli, 86 saylı müqavilənin etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin koordinatları Xidmət tərəfindən dəqiq olaraq müəyyən edilmiş, torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Cavabdeh Binəqədi rayon Binəqədi Bələdiyyəsi isə xx.xx.2004-cü il tarixdə, 786 saylı qərar ilə koordinatları qeyri-müəyyən olan ünvan 2 ünvanı ilə torpaq sahəsinin hər kv.m. üçün 25.000 (iyirmi beş min) manat ödəmək şərtilə digər cavabdeh X4 guya 100 kv.m. torpaq sahəsini ayırmışdır. Həmin qərarın 5-ci bəndində "Qərarın təsdiq edilmiş nüsxələri vətəndaşa, torpaq şöbəsinə və Bələdiyyə mülkiyyətinin idarə edilməsi şöbəsinə verilsin" müddəasi qanunvericiliyə uyğun qeyd edilməsinə baxmayaraq nə rayon torpaq şöbəsi, nə də Bələdiyyə mülkiyyətinin idarə edilməsi şöbəsinə təsdiq edilmiş qərarlar təqdim edilmişdir. Həmin qərarda Bələdiyyənin fiziki olaraq, koordinatlarla ayrılmış torpaq sahəsi barədə təsdiq qeydi yoxdur, bu isə o deməkdir ki, qeyd olunan 100 kv.m. torpaq sahəsi qeyri-müəyyən ünvanda vətəndaş X2 ayrılmamışdır, ayrıla da bilməzdi. Binəqədi Bələdiyyəsinin vətəndaş X7 ilə müqavilə bağlanmasına baxmayaraq, müqavilə üzrə 100 kv.m-ə görə vətəndaşın 2.500.000,00 (iki milyon beş yüz min) manat məbləğində bələdiyyəyə ödənişini təsdiq edən sənəd də mövcud deyildir. Binəqədi Bələdiyyəsinin tərtib etdiyi Situasiya Planı isə qərarda cizgi yazılmasına baxmayaraq, nə cizgi, nə də ki situasiya planı olaraq təsdiq edilməmiş, guya ayrılmış torpağın koordinatları müəyyən edilməmişdir. Yuxarıda qeyd olunan əsaslarda Binəqədi rayon Binəqədi Bələdiyyəsi xx.xx.2004-cü il tarixdə 786 saylı qərarı imzalamaqla, digər cavabdeh X5 aldatmışdır və qanunvericiliyə əsasən bu kimi hallarda bağlanılmış əqdlər etibarsız hesab edilməlidir. Hazırda aldadılmış durumda olan vətəndaş X7 qanuni əsaslarla iddiaçının mülkiyyətində olan Mir Cəlal küçəsi 325 ünvanı müəyyən olan, koordinatları bəlli olan 0,04 ha torpaq sahəsində guya 100 kv.m torpaq sahəsinin olduğunu bildirir, iddiaçının mülkiyyət hüquqlarına məhdudiyyətlər yaratmağa çalışır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə “Elekron məhkəmə” İnformasiya Sistemi vasitəsilə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X3 icraatda olan müvafiq işdə üçüncü şəxs olaraq tanınmasını və məhkəmə baxışı proseslərinə cəlb edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X3 cavabdeh qismində prosessual iştirakına xitam verilmiş və o, üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi (bundan sonra – cavabdeh) iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 78b saylı qərarından görünür ki, Binəqədi rayonu, 9-cu mkr, M.Cəlal küçəsi 103 saylı yaşayış binasının yaxınlığında sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması məqsədilə 100 kv.m torpaq sahəsinin əlavə edilmiş cizgiyə uyğun olaraq (hər kv-m üçün 25.000 manat ödəmək şərtilə) vətəndaş X1 mülkiyyətinə ayrılması qərara alınmışdır. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqısatqı yolu ilə mülkiyyətə verilməsi haqqında xx.xx.2004-cü il tarixli 86 saylı müqavilədən görünür ki, 9-cu mkr, M.Cəlal küçəsi 103 saylı yaşayış binasının yaxınlığında 100 kv.m torpaq sahəsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ümumi iclasının 17 may 2004-cü il tarixli protokoluna, 78b saylı qərarına əsasən sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün alıcıya (X6) təklif edilmiş, torpağın satış qiyməti hər kv.metr üçün 25000 manat müəyyən edilmişdir. İddiaçı hazırda bu qərarın və müqavilənin etibarsız sayılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın qəbul ediyi xx.xx.2004-cü il tarixli qərar inzibati aktdır və onun etibarsız sayılması barədə iddia müəyyən etmə və tanınma haqqında iddia növünə aiddir. İPM-in həmin iddia növünü tənzimləyən 36.1-ci maddəsinə əsasən, müəyyən etmə və tanınma haqqında iddia vasitəsilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci bəndinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin maddənin 4-cü bəndinə əsasən, hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Qeyd edilməlidir ki, subsidiarlıq tələbinə əsasən, müəyyən etmə haqqında iddia iddiaçının öz məqsədinə mübahisələndirmə, məcburetmə və ya öhdəliyin icrası haqqında iddia ilə nail olmaq imkanı olduğu halda mümkünsüzdür. Yəni, müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük (yolverilənlik) şərtlərindən (məs: İPM-in 38-ci maddəsi) yayınmağa xidmət edə bilməz. Bu hüquqi müdafiəyə olan maraq barəsində ümumi tələbdir. Yəni, məsələn mübahisələndirmə haqqında iddia üzrə iddia müddətini ötürmüş şəxs eyni məsələ ilə bağlı müəyyən etmə haqqında iddia qaldıra bilməz. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında deyilir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İPM-in 2.2.1, 32 və 70-72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. Qərarda qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. Məhz bu baxımdan işin hallarını araşdıran məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. Həmin maddəyə əsasən isə aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Göründüyü kimi, həmin maddəyə əsasən yalnız aydın şəkildə anlaşıla bilən müstəsna hallar inzibati aktın etibarsız sayılması nəticəsinə gəlməyə əsas verir. Qeyd olunan bu müstəsna hallar mövcud olduqda, inzibati aktın qanuna zidd deyil, birbaşa etibarsız olması onsuz da heç bir sual doğurmur. Yəni həmin aktlar heç bir şərt və hərəkətdən asılı olmadan özlüyündə hər hansı bir hüquqi nəticə doğurmur və əhəmiyyətsizdir. İİQ-nin 64.4-cü maddəsində də göstərilmişdir ki, etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Lakin əgər onun etibarsızlığı şəxslər arasında mübahisəyə səbəb olarsa, yaxud şəxs həmin inzibati aktın icra olunması təhlükəsi ilə qarşılaşarsa, onda hüquqi müəyyənliyin təmin edilməsi məqsədilə inzibati aktın etibarsızlığının tanınması barədə iddia qaldırır. Belə ki, İİQ-nin 65.3-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. İnzibati orqan bunu etmədikdə isə şəxs həmin inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia isə onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı cavabehin qərarının etibarsız sayılmasını xahiş etsə də, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin hər hansı bir normasına istinad etməmiş, iddia ərizəsində isə qərarının mübahisələndirilməsi ilə bağlı dəlillərə istinad etmiş, onun hüquqi marağı həmin inzibatı aktın ləğvinə yönəlmişdir və hazırkı iddia da mahiyyət etibarilə mübahisələndirmə haqqında iddiadır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məsələ ilə bağlı məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə hüquqi yardım göstərilsə də, iddiaçının nümayəndəsi hazırkı iddianın düzgün iddia növü ilə əvəz edilməsindən imtina etmiş, iddianın dəyişdirilməsi barədə ərizəni məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin xx.xx.2004-cü il tarili qərarının etibarsız sayılmasından ibarət hazırkı iddia mümkün sayıla bilməz. Cavabdehlə üçüncü şəxs arasında bağlanmış müqavilənin etibarsızlığına gəldikdə məhkəmə qeyd edir ki, həmin müqavilə xx.xx.2004-cü il tarixli qərar əsasında bağlanmışdır və həmin qərarın ləğvi müqavilənin də qüvvədən düşməsinə səbəb olacaqdır. Buna görə həmin müqavilənin ayıca mübahisləndirilməsi, müqavilə inzibati akt olmadığından həm də bu mübahisələndirmənin inzibati mühakimə icraatı qaydasında həyata keçirilməsi də mümkünsüzdür. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayyət edilməklə iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı hazırda düzgün iddia növü ilə məhkəməyə müraciət etmədiyindən, iddia tələbi mükünlük şərtlərinə cavab vermir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-8200/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8200/2022
30.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver