Məhkəmə qərarları › İş №2-1(112)-8202/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8202/2024

02.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8202/2024 02.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “üçüncü dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü ilin may ayında etibarən kəsilən təqaüdününü bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəmənin dəftərxanası vasitəsilə iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini və tələbinin “ona üçüncü dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi müəyyən edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmiş, İddianın dəyişdirilməsi qəbul edillərək iddia tələbi “İddiaçı üçüncü dərəcə müddətsiz əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” şəklində müəyyən edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 1972-ci ildən Heydər Əliyev adına Bakı Ali Neft Emalı zavodunda laborant vəzifəsində çalışmışdır. 1999-cu ildə istehsalat travması alaraq uzun müddət bu səbəbdən yataq xəstəsi olmuş, çoxsaylı müayinələr və müalicələr almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2008-ci il tarixli qərarı ilə ona “Sağ iç baldır topuqlarının qamış sümüyünün distol hissəsinin ön kənarının açıq sınıqları” diaqnozu ilə əmək qabiliyyətinin itirilməsinə görə üçüncü dərəcə müddətsiz əlillik təyin edilmişdir və həmin vaxtdan buna müvafiq olaraq təqaüd almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-na uyğun olaraq xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərində dövlət tibbi sosial ekspertiza və reabilitasiya agentliyinə müraciət etmişdir. Lakin bərpa mərkəzində ona kömək etmək əvəzinə heç bir müayinə, yoxlama və araşdırma aparmadan ona sağlam olduğu və həmin gündən təqaüdünün kəsildiyini elan etmişlər və 2023-cü ilin may ayından etibarən ona təyin edilmiş təqaüdü kəsmişlər. Halbuki, xəstənin tam reabilitasiyası qərarına tibbi sənədlər, anamnestik məlumatlar, obyektiv müayinələr əsasında gəlmək mümkündür. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin belə etinasız və səhlənkar münasibəti onun Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan hüquq və mənafelərinə mühüm zərər vurur. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək onun təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan cavabdehin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. xx.xx.2008-ci il tarixindən İstehsalat zədəsi səbəbindən üçüncü dərəcə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuş, təqdim olunan tibbi sənədlər, anamnestik məlumatlar, obyektiv müayinə əsasında ona xx.xx.2023-cü il tarixindən “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhər, Xətai rayon sakini xx.xx.1972-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) ona 2008-ci ildə təyin edilmiş əlillik təyinatı ilə bağlı məlumatların Əlillik AS-nə daxil edilməsi ilə əlaqədar etdiyi müraciət əsasında əyani komissiyaya dəvət edilmiş və həkim ekspertlər tərəfindən müayinə edilmişdir. Müayinəyə gələrkən xx.xx.2008-ci il tarixli əmək zədəsi səbəbindən müddətsiz üçüncü dərəcə əlillik (əmək qabliyyətinin 50 % itirilməsi) təyinatı barədə məlumatların yer aldığı 573323 nömrəli TSEK arayışının surətini, “Bakı Azərneftyağ İB” tərəfindən verilmiş X3 haqqında çıxarışda xx.xx.1999-cu ildə travma aldığı və “Sağ iç baldır topuqlarının qamış sümüyün distal hissəsinin ön kənarının aşıq sınıqları, sağ aşıq-baldır oynağının bayıra çıxığı.” diaqnozu qoyulduğu məlum olmuş, eyni zamanda üçüncü dərəcə əlilliyə görə müavinət alması bartədə 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2022-ci il tarixli **********4 nömrəli arayışını təqdim etmişdir. Obyektiv müayinə zamanı sağ iç topuq nahiyyəsində postop çapıq izlənilmiş, sağ aşıq-baldır oynağında hərəkəhlər məhdud həcmdə olmuşdur. Pəncənin tağı norma vəziyyətində izlənilmiş, ayaq düzgün formada dayanmışdır. Aşağı ətraf əzələlərində atrofiya, trofiki pozğunluq izlənilməmişdir. Dayaq hərəkət funksiyası əhəmiyyətli dərəcədə pozulmamışdır. Obyektiv müayinə nəticələrinə əsasən hazırda əlillik təyinatına əsas verəcək hər hansi patofunksional pozuntu aşkar edilmədiyi üçün Tibbi-sosial ekspert komissiyası tərəfindən “Tam reabilitasiya olunması”, əmək qabliyyətinin 20% (iyirmi faiz) pozulması barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının avqust 2023-cü il tarixli qərarından isə görünür ki, Bakı şəhər, Xətai rayon sakini xx.xx.1972-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) ona 2008-ci ildə təyin edilmiş əlillik təyinatı ilə bağlı məlumatların Əlillik AS-nə daxil edilməsi ilə əlaqədar etdiyi müraciət əsasında xx.xx.2023-cü il tarixində əyani komissiyaya dəvət edilmiş, həkim ekspertlər tərəfindən müayinə edilmiş, hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilmədiyindən barəsində qərar qəbul edilərək müvafiq protololla rəsmiləşdirilmişdir. Lakin vətəndaş verilən qərardan narazı olduğundan yenidən müraciət etmiş, müayinəyə gələrkən xx.xx.2008-ci il tarixli əmək zədəsi səbəbindən müddətsiz üçüncü dərəcə əlillik (əmək qabliyyətinin 50 % itirilməsi) təyinatı barədə məlumatların yer aldığı 573323 nömrəli TSEK arayışının surətini, “Bakı Azərneftyağ İB” tərəfindən verilmiş X3 haqqında çıxarışda xx.xx.1999-cu ildə travma aldığı və “Sağ iç baldır topuqlarının qamış sümüyün distal hissəsinin ön kənarının aşıq sınıqları, sağ aşıq-baldır oynağının bayıra çıxığı." diaqnozu qoyulduğu məlum olmuş, eyni zamanda üçüncü dərəcə əlilliyə görə müavinət alması bartədə 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2022-ci il tarixli **********4 nömrəli arayışını təqdim etmişdir. Obyektiv müayinə zamanı sağ iç topuq nahiyyəsində postop çapıq izlənilmiş, sağ aşıq- baldır oynağında hərəkəhlər məhdud həcmdə olmuşdur. Pəncənin tağı norma vəziyyətində izlənilmiş, ayaq düzgün formada dayanmışdır. Aşağı ətraf əzələlərində atrofiya, trofiki pozğunluq izlənilməmişdir. Dayaq hərəkət funksiyası əhəmiyyətli dərəcədə pozulmamışdır. Obyektiv müayinə nəticələrinə əsasən hazırda əlillik təyinatına əsas verəcək hər hansi patofunksional pozuntu aşkar edilmədiyi üçün Tibbi-sosial ekspert komissiyası tərəfindən “Tam reabilitasiya olunması”, əmək qabliyyətinin 20% (iyirmi faiz) itirilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, işin sadalanan halları ilə müəyyən olunur ki, xx.xx.2008-ci ildən iddiaçıya müddətsiz əlillik təyin edilmiş, daha sonra isə cavabdeh tərəfindən əyani müayinə edirərək tam reabilitasiya olunması barədə qərar qəbul edilərək, ona təyin edilmiş əlillik ləğv edilmişdir. İddiaçı hazırda ona üçüncü dərəcə əlilliyin təyin edilməsini xahiş etsə də, onun hüquqi marağı tam reabilitasiya olunması barədə cavabdehin qərarlarının ləğvinə yönəlmişdir. Həmin qərarların ləğvi isə mübahisələndirmə haqqında iddia növünə uyğun gəlir, hansı ki, iddiaçı bu iddialar üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. -71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. -72.1-ci maddəsinə görə inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Sadalanan normalardan müəyyən olunur ki, mübahisələndirmə haqqında iddia “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır. Lakin işdən görünür ki, iddiaçıya təyin edilmiş əlillik 2023-cü ilin may ayında tam reabilitasiya olunma səbəbi ilə ləğv edilsə də, iddiaçı bununla bağlı qəbul edilmiş qərardan məlumatlı olsa da (iddia ərizəsində 2023-cü ilin may ayında keçirilmiş müayinə zamanı ona sağlam olduğunun bildirildiyini və həmin vaxtdan əlilliyə görə əmək pensiyası almadığını qəbul etmişdir), o hazırkı iddianı 10 aydan artıq müddət keçdikdən sonra qaldırmış, bununla da qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Məhkəmə onu da qeyd edir ki, iddiaçının hazırkı tələbi ona yenidən üçüncü dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilməsi, yəni məcburetmə haqqında iddia kimi qiymətləndirilsə belə, bu iddia tələbi də mümkünlük şərtlərini ödəmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: - Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - Bənd 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. - Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. - Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İstinad olunan normalardan görünür ki, şəxsin əlilliyinin qiymətləndirilməsi, yəni ona əlillik təyin edilməsi üçün ilk növbədə həkim-məsləhət komissiyası tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməli, göndərişdə şəxsin sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməli, şəxsin əlilliyi məhz həmin göndərişə əsasən qiymətləndirilməlidir. İşdən görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində tam reabilitasiya olunmasına dair qərar qəbul edildikdən sonra, İddiaçı yenidən üçüncü dərəcə əlillik təyin edilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsi müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddiaçıya yenidən üçüncü dərəcə əlillik təyin edilməsi barədə iddia tələbinə də mahiyyəti üzrə baxılması mümkünsüzdür. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələbə cavab vermir, buna görə də iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar