Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8208/2021 08.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə (üçüncü şəxs: X3) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. 23 dekabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 ünvan 1 ünvanında yerləşən 24 saylı mənzili İddiaçı (bundan sonra – İddiaçı) satmış, iddiaçının mülkiyyət hüququ xx.xx.2006-cı il tarixdə ********* nömrə ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, mənzil hazırda İddiaçının mülkiyyətindədir.
2. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, X1 (bundan sonra – üçüncü şəxs) mülkiyyətindəki mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.
3. Cavabdeh 082-20034M-5221 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla İddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu və 5-ci maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxslərin ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir.
4. Bundan sonra İddiaçı 05 iyul 2021-ci il tarixdə Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun müraciəti əsasında X1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 44, 24 saylı mənzildən qeydiyyatdan çıxarılmaması üzrə hərəkətlərinin qanunsuz hesab edilməsi və cavabdehin üzərinə X1 onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 44, 24 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması:
5. İddiaçı tələbini bununla əsaslandırılmışdır ki, Nəsimi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X1 onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 44, 24 saylı mənzildən çıxarılması qət olunmuşdur. Həmin qətnamə qüvvəyə minmiş və icraya yönəldilmişdir. Bundan sonra o, cavabdehə müraciət edib həmin qətnamə əsasında Vüqar Həsənovun qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin inzibati orqan qanunsuz olaraq bunu etməkdən imtina etmişdir.
6. Məhkəmənin 27 iyul 2021-ci il tarixli, 2-1(112)-8208/2021 saylı qərardadı ilə X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
7. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
8. Cavabdeh məhkəməyə göndərdiyi məktubunda nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Məhkəmənin mövqeyi
10. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
11. Belə ki, iddia mümkün iddiadır, çünki mülkiyyətçi olan iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir.
12. İddia həm də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 27-ci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməmiş vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər, əcnəbilər, habelə, qeydiyyata almaqdan əsassız imtina edən, qeydiyyata almaq üçün vətəndaşlardan, vətəndaşlığı olmayan şəxslərdən, əcnəbilərdən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmayan sənədlər tələb edən, qeydiyyata almaqda süründürməçiliyə yol verən və ya digər qeydiyyata alma və qeydiyyatdan çıxarılma qaydalarına əməl etməyən təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar.
13. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları (öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
14. İşdə olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e- 2(006)-1455/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X2 qarşı "mənzildən çıxarılma tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin istinad olunan qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdeh X1 İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 44, 24 saylı mənzildən çıxarılması qət edilmişdir.
15. İşdə olan xx.xx.2021-ci il tarixli e-2(006)-1455/2021 saylı icra vərəqəsindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(006)- 1455/2021 saylı qətnaməsi xx.xx.2021-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.2021-ci il tarixdə icraya yönəldilmişdir.
16. İşdə olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(006)-1455/2021 saylı icra sənədi üzrə borclu X3 İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 44, 24 saylı mənzildən çıxarılmış, icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Buna görə də Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1455/2021-017 nömrəli, xx.xx.2021- cı il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır.
17. Beləliklə, sadalanan hallardan aydın olur ki, hazırkı iş üzrə üçüncü şəxs olan X1 Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 44, 24 saylı mənzildən çıxarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur və həmin qətnamə icra olunaraq V.Həsənov həmin ünvandan çıxarılmışdır.
18. Göründüyü kimi, hazırkı iş üzrə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin beşinci abzasında nəzərə tutulmuş hal - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxsin yaşayış sahəsindən çıxarılması halı mövcuddur.
19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında da göstərilmişdir ki, “...Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. ... Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.”
20. Beləliklə, müəyyən olunur ki, mövcud qanunvericilik müvafiq inzibati orqanın şəxsin qeydiyyatdan çıxarılması hallarını konkret tənzimləməklə yanaşı, qeydiyyatdan çıxarılma qaydalarına əməl etməyən təqsirli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati və ya cinayət məsuliyyəti daşımalarını da təsbit etmişdir.
21. Məhkəmə qeyd edir ki, sadalanan qanunvericilik normasına, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında onun mülkiyyətində olan mənzildən çıxarılan üçüncü şəxsin formal xarakter daşıyan qeydiyyatına xitam verilməsini tələb etməkdə haqlı olmuş, cavabdeh qanunvericiliyə əsasən iddiaçının tələbini təmin etməli olduğu halda bunu etməmiş, iddiaçıya imtina cavabı verərək onun hüquqlarını və qanunla qorunan mənafeyini pozmuşdur.
22. Buna görə də məhkəmə hesab edir ki, həmin imtina qanunsuz hesab edilməli və iddia tələbi təmin edilərək X3 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 44, 24 saylı mənzil üzrə qeydiyyatdan çıxarılmalıdır.
23. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı: İddia təmin olunsun. Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 082-20034M-5221 nömrəli xx.xx.2021-ci il tarixli imtina məktubu qanunsuz hesab edilsin. X1 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 44 ünvanında yerləşən 24 saylı mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova