Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-821/2021 03.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 işirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri,N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, reyestrdən çıxarışın verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbinin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən ona aid Binəqədi rayonu, 8-ci mikrorayon, C.Xəndan küçəsi 11 a binanın qarşısı ünvanlı obyektin ilkin sənədlərinin tam hazır olmasının nəzərə alınaraq, çıxarış verlməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən İPM-nin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbinin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu 8-ci mikrorayon, Cəfər Xəndan küçəsi 11 a saylı binanın qarşısında yerləşən 63 kv. metr qeyri-yaşayış sahəsinin mövcud vəziyyətə uyğun olaraq Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmaqla, onun adına texniki pasport və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, təqdim etdiyi sənədlər cavabdeh tərəfindən müxtəlif bəhanələrlə, bir neçə dəfə qəbul olunmamışdır. Müraciətlərinə imtina səbəbinin biri FHN-yi tərəfindən “X3” olmaması göstərilmişdir. FHN-yi bu tələbin əsassız olduğunu bildirərək, obyektin 100 kv. metrdən artıq, on iki metrdən hündür olduğu halda akt verilirdiyini bildirsələr də, müraciətini nəzərə alıb, bütün texniki-ekspertiza işləri apararaq, “X5”nı vermişlər. Yenidən cavabdehə müraciət etdikdə, bələdiyyə sənədinin Dövlət Xəritəçəkmə və Torpaq Komitəsi tərəfindən qeydə alınmadığı bildirilmişdir. Obyekt 1990-cı illərdə, aidiyyatı qurumların icazəsi ilə tikilmişdir. 2003-cü ildə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən çıxarış verilmişdir. Bir neçə il öncə çıxarışın yenilənməsi üçün müraciət etdikdə, ona bildirilmişdir ki, qeyd olunan Dövlət Tikinti və Arxitektura Komitəsi nəzdində Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Kadastrı İdarəsi qanunsuz fəaliyyət göstərib və onun verdiyi “çıxarış”lar etibarsızdır. xx.xx.2018-ci ildə aidiyatı üzrə Binəqədi rayon İcra hakimiyyətinə müraciət edərək, obyektdə müəyyən təmir-quraşdırma işləri aparmaq məqsədi ilə yeni layihə və digər sənədləri təqdim etmiş və rəsmi icazə aldıqdan sonra yenidənquma işləri aparmışdır. Binəqədi rayon İcra hakimiyyəti, mövcud tikilidə layihəyə uyğun, yeni üslubda işlərin aparılması üçün müvafiq sənədləşməni aparmış, çıxarış alınması üçün lazım olan sənədləri tam hazırlayaraq təqdim etmişdir. Cavabdeh DƏRX-nin 1 saylı Ərazi İdarəsi, tələb etdikləri sənədlərin təqdim olunmasına baxmayaraq, yeni bəhanələrlə çıxarış verməkdən imtina edərək əlavə səbəblər göstərmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx xxxxx 2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək, izahatında iddia tələbinin əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1961-ci ildə Ermənistan, Qafan rayonunda doğulmuş, ünvan 1 mənzil 19 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 347 B №li “Qeydiyyat Vəsiqəsi”nin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsi, 11 A saylı binanın qarşısında yerləşən, ümumi sahəsi 27 kv. metr olan mağaza İddiaçı adına mülkiyyət hüququ əsasında xx.xx.2003-cü il tarixdə 01 №li reystr kitabında 87-ci səhifədə 347B reyestr nömrəsi ilə qeydə alınmışdır. “xxxx” MMC tərəfindən tərtib olunmuş memarlıq layihəsindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri binəqədi rayonu 8-ci mikrorayon, H.Hüseynov/C.Xəndan küçəsi 11a, binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsi bir mərtəbəli ofis binasından ibarətdir. Bakı şəhəri Binəqədi rayonu İcra hakimiyyəti başçısının 02/12-10-7/Q-13/2-149/2t/1 nömrəli xx.xx.2018-ci il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, qeyd olunan sərəncamla İddiaçı Binəqədi rayonu 8-ci mikrorayon C.Xəndan küçəsi 11g saylı binanın qarşısı ünvanında mülkiyyətində olan 90 kv. metr torpaq sahəsində, təqdim edilmiş “xxxx” MMC tərəfindən tərtib olunmuş layihə əsasında inşa edilmiş bir mərtəbəli, ümumi sahəsi 63,8 kv. metr qeyri-yaşayış sahəsinin layihəsi təsdiq olunaraq göstərilən ölçülərdə mövcud vəziyyətdə sənədləşdirilməsi qərara alınmışdır. 52 nömrəli xx xxxxxx 2018-ci il tarixli istifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına icazədən görünür ki, tikinti obyektinin istismarına icazə verən orqan Bakı şəhər Binəqədi rayon İcra hakimiyyəti olmaqla, Binəqədi rayonu 8-ci mkrorayon, H.Hüseynov küçəsi, 11a saylı binanın qarşısında yerləşən (yeni qaydalarla: Binəqədi rayonu C.Xəndan küçəsi 11a) qeyri-yaşayış sahəsinin ümumi sahəsi 63,8 kv. metr, faktiki 63,8 kv. metr olan 1 mərtəbə, 1 girişi olan 2 otaqdan ibarətdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azkommunlayihə” KLİ ünvan 2 ünvanında fiziki şəxs İddiaçı məxsus qeyri-yaşayış binasına təqdim olunan eskiz layihəsi əsasında keçirilmiş texniki baxışın nəticəsi haqqında müayinə aktının nəticə hissəsində göstərilmişdir ki, ünvan 2 ünvanında fiziki şəxs İddiaçı məxsus qeyri-yaşayış binasına təqdim olunan eskiz layihəsi əsasən aparılan texniki müayinə zamanı konstruktiv elementlərdə çat və zədələrə rast gəlinmədi. İddiaçının hazırkı tələblə bağlı cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq, DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********67 №li xx.xx.2020-ci il tarixli cavab məktubu ilə müraciətçiyə bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələrinin qeyd edilmədiyi və faktiki sahə ilə konfiqurasiya fərqinin olduğu müəyyən edilmişdir. Bundan başqa qeyd olunan torpaq sahəsi bələdiyyə mülkiyyətində olan ərazilərə aid deyil və yaxınlığı yaşıllıq ərazisidir. Həmçinin torpaqların alqı-satqısına dair aktın keçmiş DTXK-i tərəfindən təsdiq edilmədiyi, tikintiyə icazənin əlavə olunmadığı, layihənin və istismara icazənin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmadığı müəyyən edilmişdir. Bu səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsi, 11G ünvanda yerləşən 26,7 kv. metr qeyri-yaşayış sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 6953 nömrəli vərəqində qeydiyyat aparılmış və sonuncunun adına xx.xx.2017-ci il tarixdə texniki pasport tərtib olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2). Həmin Qanunun 4.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Beləliklə iş materiallarından da göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur, tikilinin yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanının müvafiq qərarı (sərəncamı) ilə tikilinin yeni layihəsi təsdiq olunaraq göstərilən ölçülərdə mövcud vəziyyətdə sənədləşdirilməsi qərara alınmış, hazırda iddiaçı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq özünə məxsus daşınmaz əmlakın mövcud layihə əsasında yenidən qurulmuş vəziyyətinə uyğun olaraq Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsini tələb edir. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. Bundan əlavə iş materiallarından da göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən eyni ərazidə yerləşən və eyni əsaslarla iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarış və texniki pasport verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, C.Xəndan küçəsi 11a (11g) (binanın qarşısı) ünvanında yerləşən 63 kv. metrdən ibarət qeyri-yaşayış sahəsinin İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-821/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-821/2021
03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver