Məhkəmə qərarları › İş №2-1(112)-821/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-821/2025

02.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-821/2025 02.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X5 Cavabdehin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xaşa-xuna qəsəbəsində yerləşən 429 saylı bağ sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xaşa-xuna qəsəbəsində yerləşən 429 saylı bağ sahəsi Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının məsələlər üzrə komissiyasının 28 mart 1953-cü il tarixli 96/2418 saylı protokolu ilə iddiaçının yoldaşı X1 mülkiyyətinə verilmişdir. Ərinin ölümündən sonra iddiaçı ilə X7 və İstismarı Birliyinin 12 yanvar 2005-ci il tarixli 01 saylı protokolu ilə bağ onun icarəsinə verilmiş, tərəflər arasında 2668 saylı 12 yanvar 2005-ci il tarixli müqavilə bağlanmışdır.Sözügedən bağ sahəsindən hal-hazırda da istifadə edir. Buna görə də sözügedən bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması zərurəti yaranmışdır. Bununla bağlı ərizə ilə cavabdeh orqana müraciət olunmuş və sözügedən bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması xahiş olunmuşdur. Lakin inzibati orqan sözügedən ərizəyə xx.xx.2022-ci il tarixli məktubu ilə bir sıra əsaslar göstərilərək qeydiyyatdan imtina olunmuşdur. Belə ki, əsaslardan ilki həmin bağ sahəsinin bir hissəsinin yüksəkgərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi olmuşdur. Bununla bağlı tərəfimizdən Azərişıq ASC-ə müraciət olunmuşdur. Azərişıq ASC-nin xx.xx.2023-cü il tarixli arayışı ilə həmin bağ sahəsinin qeydiyyata alınmasına etirazın olmaması bildirilmişdir. Digər imtina əsası isə mübahisəli bağ sahəsi ilə bağlı xx.xx.2021-ci il tarixli məhkəmə qərarının olması idi. Sözügedən məhkəmə qərarı ilə bağ sahəsini qanunsuz zəbt etmiş şəxsin qanunsuz tikilisinin sökülməsi qət edilmişdir. Həmin qərarla bağlı müvafiq məktub 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) rəsmi qaydada təqdim edilmişdir. Yəni bu hal da aradan qaldırılmışdır. Sonuncu imtina əsası isə torpaq sahəsi ilə bağlı bağların bölgüsündə dair sxematik xəritə və arxiv cizgisinə əsasən "428" saylı torpaq sahəsi ilə bir hasar daxilində yerləşməsi göstərilmişdir və digər təraq sahəsi (428 saylı) ilə notarial təsdiq olunmuş bölgü sxemi təqdim olunmasının məqsədəmüvafiqliyi göstərilmişdir. Amma həmin bağ sahəsinin kimə aid olması göstərilməmişdir. Həmin bağ sahəsinin kimə aid olmasını müəyyən etmək isə imkanlar xaricindədir. Belə ki, sözügedən 428 saylı bağ sahəsinin ərazisi boşdur, hər hansı bir tikili və yaşayış yoxdur. Bu səbəbdən həmin ərazinin kimə aid olmasını müəyyən etmək qeyri-mümkündür. İdarə isə ona həmin bağ sahəsinin kimə aid olması ilə bağlı hər hansı bir məlumat təqdim etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2022-ci il tarixli **********06 xaricolma nömrəli, xx.xx.2023-cü il tarixli **********45 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə əsasən “428” saylı torpaq sahəsi ilə bir hasar daxilində yerləşir. Odur ki, digər torpaq sahəsi ilə notarial qaydada təsdiq olunmuş bölgü sxemi təqdim olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176.3-cü maddəsinə əsasən əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazinin 54 kv.m hissəsi **********32 reyestr nömrəsi ilə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşür. xx.xx.2022-ci il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin ölçüsü sənəd üzrə 2500 kv.m qeyd edilsə də, faktiki olaraq 3670 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş edirik. İddiaçının nümayəndəsi X9 xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Xaşa-Xuna qəsəbəsi ərazisində yerləşən sahəsi 2435 kv.m olan 429 saylı bağ sahəsinə mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli qərardadla iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********34 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsində yerləşən 429 saylı bağ sahəsinə dair sənələrin surətindən görünür ki: --Bağın icarəyə verilməsi haqqında xx.xx.1954-cü il tarixli 2668 nömrəli müqaviləyə əsasən Xaşa-xuna qəsəbəsində 0.47 ha 123 nömrəli bağ sahəsi X2 istifadəsinə vermişdir. -Bağın icarəyə verilməsi haqqında xx.xx.1958-ci il tarixli 2668 nömrəli müqaviləyə əsasən Xaşa-xuna qəsəbəsində 0.47 ha 123 nömrəli bağ sahəsi X2 istifadəsinə vermişdir. -Bağın icarəyə verilməsi haqqında xx.xx.1963-cü il tarixli 2668 nömrəli müqaviləyə əsasən Xaşa-xuna qəsəbəsində 0.25 ha 196 nömrəli bağ sahəsi X2 istifadəsinə vermişdir. -Bağın icarəyə verilməsi haqqında xx.xx.1970-ci il tarixli 2668 nömrəli müqaviləyə əsasən Xaşa-xuna qəsəbəsində 0.25 ha 196 nömrəli bağ sahəsi X2 istifadəsinə vermişdir. 196/429 nömrəli bağ sahəsinin yerləşmə planına əsasən bağın qonşuğunda 428 nömrəli bağ sahəsi yerləşməklə 2 tərəfi yoldur. - Bağın icarəyə verilməsi haqqında xx.xx.1980-ci il tarixli 2668 nömrəli müqaviləyə əsasən Xaşa-xuna qəsəbəsində 0.25 ha 429 nömrəli bağ sahəsi X2 istifadəsinə vermişdir. Bağın icarəyə verilməsi haqqında xx.xx.1990-cı il tarixli 2668 nömrəli müqaviləyə əsasən Bakı şəhər X20 İcraiyyə Komitəsi Xaşa-xuna qəsəbəsində 0.25 ha bağ sahəsi X2 istifadəsinə vermişdir. -Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti “X7 və istismarı Birliyinin” Xaşa Xuna ərazisindəki 429 nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli 2668 saylı müqaviləyə əsasən, X7 və X12 rayonunun Xaşa-Xuna ərazisindəki 0.25 ha torpaq sahəsi olan 429 nömrəli bağı İddiaçı istifadəsinə vermişdir. Bağın istifadəyə verilməsi barədə müqavilə 10 il müddətinə bağlanmışdır. İş materiallarına əlavə edilmiş Azərişıq ASC-nin xx.xx.2023-cü il tarixli 1062- 5/2023 nömrəli arayışına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalan”nın 5a saylı bəndinə əsasən ona məxsus, ünvan ünvanında yerləşən fərdi yaşayış evi və bağ sahəsi 6 kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir. Yuxarıda qeyd olunan fərdi yaşayış evi və bağ sahəsi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmədiyini bildiririk və qeydiyyata alınmasına etiraz etmirik. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********38 nömrəli məktubu ilə təqdim edilən ortofoto görüntüdən görünür ki, iddia olunan 429 nömrəli bağ sahəsinin ətrafında 427a, 427, 430a, 431, 446, 453 nömrəli bağ sahələri yerləşmklə, iki tərəfi yoldur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2021-ci il tarixli, 2(103)-32/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X10 və Bakı şəhəri Xəzər rayonu Qala Bələdiyyəsinə qarşı “zəbt olunmuş bağ sahəsinin qaytarılması tələbinə dair iddiası üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qəbul etdiyi 2(003)-311/2017 saylı 14 iyul 2017-ci il tarixli qətnamədən cavabdeh X15 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-311/2017 saylı 14 iyul 2017-ci il tarixli qətnaməsinin mübahisələndirilən - iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2021-ci il tarixli, 2(103)-32/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. xx.xx.2022-ci il tarixli Xəzər rayon İcra Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş akta əsasən icra sənədi üzrə tələb icra olunaraq bağ sahəsi iddiaçının nümayəndəsi X6 təhvil verildi. İş materiallarına əlavə edilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşaxuna bağ sahəsi, 427a bağ sahəsi **********32 reyestr nömrəsi ilə xx.xx.2016-cı il tarixdə X4 adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 611 qeydiyyat nömrəli reyestr kitabının 57810 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş ortofoto görüntüdə iddia olunan 429 nömrəli bağ sahəsinin **********31 reyestr nömrəli 427 bağ sahəsi ilə üst-üstə düşən hissəsi 65 kv.m təşkil edir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********30 nömrəli məktubu ilə təqdim edilən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna qəsəbəsində yerləşən 429 saylı torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 2500.0 kv.m, faktiki sahəsi 3670.0 kv.m-dir. Bağ sahəsinin sərhədləri hər tərəfdən mişar daşı ilə hasarlanmışdır. Bağ sahəsində 3 ədəd yarımçıq tikili var. Bağ sahəsinin hasarının üstündən(yol tərəfdən) 6000 vt elektrik xətti keçir. Cavabdeh Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə əsasən “428” saylı torpaq sahəsi ilə bir hasar daxilində yerləşir. Odur ki, digər torpaq sahəsi ilə notarial qaydada təsdiq olunmuş bölgü sxeminin təqdim olunması məqsədəmüvafiqdir. Eyni zamanda ümumi ərazinin bir hissəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşür. Texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən hasara alındığı aşkar olunmuşdur. Bundan başqa qeyd edilən torpaq sahəsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-32/2021 saylı qətnaməsi mövcuddur, lakin yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli **********45 nömrəli məktubunda qeyd edilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətinizə **********06 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdı. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ünvanında ilkin nömrəsi 196, sonradan 429 nömrəli bağ sahəsi 2668 nömrəli xx.xx.1954-cü il tarixli, xx.xx.1958-ci il tarixli, xx.xx.1963-cü il tarixli, xx.xx.1970-ci il tarixli, xx.xx.1980-ci il tarixli, xx.xx.1990-cı il tarixli müqavilələr əsasında X2 istifadəsinə verilmiş, sonuncunun vəfatından sonra həmin bağ sahəsi X7 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.2005-ci il tarixli 2668 saylı müqaviləyə əsasən, 0.25 ha torpaq ölçüdə İddiaçı istifadəsinə vermişdir. “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Beləliklə, sonuncu dəfə İddiaçı ilə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X8 Departamentinin X7 və İstismarı Birliyi arasında bağlanmış xx.xx.2005-ci il tarixli 2668 saylı müqavilə iddia edilən Xaşa Xuna ərazisindəki 429 nömrəli bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı imtina və etirazının dəlilləri aşağıdakılardan ibarət olmuşdur: -elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. - torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə əsasən “428” saylı torpaq sahəsi ilə bir hasar daxilində yerləşir. Odur ki, digər torpaq sahəsi ilə notarial qaydada təsdiq olunmuş bölgü sxeminin təqdim olunması məqsədəmüvafiqdir. -ümumi ərazinin bir hissəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşür. -texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən hasara alındığı aşkar olunmuşdur. Məhkəmə aşağıdakılara əsasən cavabdehin qeyd diln dəlillrini müraciətin təminindən imtinaya dair formal mülahizə olaraq qiymətləndirir. İlkin olaraq qeyd edilməlidir ki, Xaşa-Xuna ərazisində 429 nömrəli bağ sahəsinin arxiv qovluğundakı sənədlərdə bağ sahəsinin yerləşmə cizgisində ətrafında 427, 428 nömrəli bağ sahələrinin olduğu öz əksini tapmışdır. Eyni zamanda təqdim olunan ərazinin ortofotogörüntüsündə naturada 429 nömrəli bağ sahəsi kimi iddia olunan sahənin ətrafında 427a, 427, 430a, 431, 446, 453 nömrəli bağ sahələrinin yerləşdiyi müəyyən olunur. Beləliklə, 429 nömrəli bağ sahəsi bağ sahəsinin inventarizasiya aktları, bağın yerləşmə planı və hazırkı yerləşmə vəziyyətinin ortofotgörüntüsünun müqayisəli təhlili faktiki sahənin sxematik plan üzrə bağların yerləşməsi ardıcıllığına uyğun olduğu qənaətinə gəməyə əsas verir. Cavabdeh özünün imtinasında da iddia olunan sahənin yerləşməsinin sxematik xəritə üzrə uyğunsuz olması ilə bağlı hər hansı dəlil irəli sürməmişdir. Cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş yerli müayinə zamanı sahənin ölçüsü, yerləşmə koordinatları müəyyən edilmiş, torpaq sahəsinin yerləşmə vəziyyəti (baş planı) tərtib edilmiş, sahənin ümumi olarq 3670 kvm olduğu, həmin hissədən hüquqmüəyyənedici sənəd, arxiv cizgisindəki vəziyyət və ölçüyə əsasən iddiaçıya aid olan 2500 kv.m hissənin yerləşməsi və koordinatları, eləcə də 2500 kv.m-dən artıq qalan hissə ölçülərək müəyyən edilmişdir. Başqa sözlə, hazırkı halda iddiaçının faktiki hasar daxilində 3700 kv.m torpaq sahəsi olsa da iddiaçı ona sənəd üzrə olan ölçüdə 429 nömrəli bağ torpaq sahəsinə mülkiyyət hüququnu mübahisələndirir, cavabdeh isə sənəd üzrə iddiaçıya aid hissəni, həm də artıq qalan 1170 kv.m hissəni ölçərək koordinatlarını müəyyən etməklə, iddiaçıya aid olan 429 nömrəli bağ sahəsinin və 428 nömrəli bağ sahəsinin harada yerləşməsini təsdiq etmişdir. Beləliklə, hasar daxilində 2500 kv.m hissədən artıq qalan hissənin 428 nömrəli bağ sahəsi olduğu, həmin bağa dair isə hər hansı şəxsin mülkiyyət hüququ qeydiyyata alınmadığı və ya sahibi müəyyən edilmədiyi halda cavabdehin iddiaçıdan 428 nömrəli bağ sahəsi ilə bölgü sxemin təqdim edilməsini tələb etməsi əsassız olmuşdur. Ümumi ərazinin bir hissəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşməsinə gəlincə məhkəmə araşdırması zamanı cavabdeh təqdim etdiyi sorğuya cavabda iddia olunan faktiki sahənin 65 kv.m hissəsinin **********32 reyestr nömrəli 427a saylı bağ sahəsi ilə üst-üstə düşdüyü müəyyən edimiş, iddiaçı tərəf həmin hissədə iddia tələbinə azalma verərək tələbini reyestrdə qeydə alınmış əmlakla üst-üst düşməyən qalan hissədə dəqiqləşdirmişdir. Bundan əlavə cavabdehin qeyd etdiyi texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən hasara alındığı aşkar olunması halı isə öz həllini tapan mülki mübahisənin nəticəsi olduğundan hazırkı tələbin təminini də istisna etmir. Belə ki, qeyd edilməlidir ki, iddia olunan 2500 kv.m ölçüdə torpaq sahəsinin üçüncü şəxs tərəfindən zəbt edilməsi ilə bağlı məhkəmə mübahisəsi nəticəsində Bakı şəhər Xəzər rayon Məhkəməsinin 2(003)-311/2017 saylı 14 iyul 2017-ci il tarixli qətnaməsi ilə 0.25 ha sahəsi olan 429 nömrəli bağ sahəsinin X15 tərəfindən zəbt olunan hissəsinin iddiaçıya qaytarılması, həmin hissədə tikilmiş hasarın onun hesabına sökülməsi qət edilmiş, qətnamə üzrə verilmiş icra sənədinə icra vərəqi icra olunaraq Bakı şəhər Xəzər rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli aktı ilə rəsmiləşmişdir. Beləliklə, sənəd üzrə iddia olunan 429 nömrəli bağ sahəsi sənəd üzrə 0.25 ha ölçüdə olmaqla hazırkı halda faktiki olaraq 0.25 ha ölçüdə iddiaçının sahibliyində və istifadəsindədir. İddia olunan torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın: -1-ci bəndinə əsasən elektrik şəbəkəsi - elektrik enerjisinin ötürülməsi və təchizatı üçün nəzərdə tutulmuş elektrik qurğularının məcmusudur. hava elektrik ötürücü xətti — elektrik enerjisini ötürən, açıq havada yerləşən, dayağa və mühəndis qurğularına izolyator və armaturlar vasitəsilə bərkidilmiş naqillərdən ibarət olan elektrik qurğularıdır; kabel elektrik ötürücü xətti — bir-birindən və yerdən xüsusi dielektrik materialla izolə olunan alüminium və qurğuşunla kip örtülmüş bir və ya bir neçə cərəyan keçirici naqillərdən ibarət olan elektrik qurğusudur; mühafizə zonası — elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələrdir. -4-cü bəndinə əsasən elektrik şəbəkələrinin layihələşdirilməsi, tikintisi və istismarına torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılır. -5-ci bəndinə görə elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir: a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində: xətlərin gərginliyi 1-20 kvt arası olduqda məsafə 10 m-dir. -6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. -12-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması. Göstərilən işlərin elektrik şəbəkələrinin mühafizə zonalarında aparılmasına rəsmi razılıq almış müəssisələr, təşkilatlar və idarələr (bundan sonra — müəssisə) həmin işlərin yerinə yetirilməsi zamanı şəbəkələrin qorunmasını təmin edən şərtlərə əməl etməlidirlər. Elektrik şəbəkələrinin mülkiyyətçiləri və yaxud istismarçıları tərəfindən bu Qaydalarda nəzərdə tutulmuş elektrik şəbəkələrinin mühafizə zonalarında işlərin görülməsi üçün ərizəçiyə razılıq verilmədikdə, ərizəçi qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət verə bilər. -18-ci bəndinə görə elektrik şəbəkələrinin yaxınlığında bina və tikililərin inşası, əsaslı təmiri, yenidən tikilməsi üçün layihə-smeta sənədlərində, elektrik şəbəkələrinin saxlanmasını təmin edən tədbirlər nəzərdə tutulmalıdır. Bu tədbirlər elektrik şəbəkələrinin istismarçısı və yaxud mülkiyyətçisi ilə razılaşdırılmalıdır. Göründüyü kimi qanunvericilik elektrik şəbəkəsinin mühafizə zonasında yerləşən torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı qadağanedici norma nəzərdə tutmamışdır. Qanun yalnız elektrik şəbəkələrinin mühafizə zonalarında yerləşən torpaq sahəsində binaların və qurğuların tikintisi, quraşdırılması zamanı həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığının alınmasını məcburi norma kimi nəzərdə tutur. Hazırkı iş üzrə müəyyən olunur ki, sözügedən 429 nömrəli bağ torpaq sahəsi üzərində yaşayış təyinatlı fərdi yaşayış evi yoxdur. Ərazidə 3 ədəd yarımçıq tikili vardır. Hazırkı halda həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasına mane olan hal mövcud deyildir. Belə ki, cavabdehin istinad etdiyi elektrik xəttinin mühafizə zolağında yerləşməsi ilə bağlı dəlil fərdi yaşayış evinin qeydiyyatı ilə bağlı irəli sürə biləcəyi dəlil olub torpaq sahəsinə qeydiyyatı istisna edəcək dəlil kimi çıxış etmir. İddiaçı fərdi evə deyil, fərdi evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını mübahisələndirir. Beləliklə, iddiaçının faktiki istifadəsində olan bağ torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hüquqi əsas mövcud deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna ərazisində yerləşən sahəsi 2435 kv.m olan 429 saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna ərazisində yerləşən sahəsi 2435 kv.m ölçüdə 429 saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar