Məhkəmə qərarları › İş №2-1(112)-8211/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8211/2025

17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8211/2025 17.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə qarşı “əmək müqviləsi alt sistemində əmək müqaviləsi bildirişinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə qarşı “əmək müqviləsi alt sistemində əmək müqaviləsi bildirişinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 17 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İran İslam Respublikasının vətəndaşı X1 tərəfindən "xxxx" MMC təsis edilmiş və MMC xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı ilə (bundan sonra – iddiaçı) həmin MMC arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və hazırda həmin müqavilədə qüvvədədir. "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçının adına qeydə alınmış kart hesabından çıxarışlardan müəyyən edilir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2024cü il tarixədək əmək haqqı ödənilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin ləğv edilməsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh 19 mart 2025-ci il tarixli, 3-17-5/2-Ə-26587/2025 №-li cavab məktubunda bildirilmişdir ki, “”Vətandaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun tələbələrinə uyğun olaraq müraciətinizin araşdırılması ilə bağlı Sizə aid olan sənədlərin təqdim olunmasının təmin edilməsi üçün tərəflərindən "xxxx" MMC-nin Aazərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemindəki məlumatlara əsasən həm hüquqi, həm də faktiki ünvanı olaraq qeyd edilmiş AZ1122, Bakı şəhəri, Yassamal rayonu, Həsənbəy ünvan 1 ünvanına xx.xx.2025-ci il tarixli 3-17-5/2-14161/2025 saylı məktub göndərilmişdir. Lakin küçən dövr ərzində "xxxx" MMC-nin rəhbərliyi tərəfindən heç bir cavab verilməmiş və sənədlər təqdim edilməmişdir. Bu səbəbdən müraciətinizin sənədlər əsasında araşdırılması mümkün olmamışdır. Nəzərənizə çatdırırıq ki, Azərbaycan Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyionin Mərkəzləşıdirilmiş Elektroin İnformasiya Sisteminin “Əmək və Məşğulluq” alt sisteminə baxış zamanı Sizinlə "xxxx" MMC-nin işəgötürəni arasında bağlanmış xx.xx.2024-cü il tarixli müddətli əmək müqaviləsinin qüvvədə olduğu müəyyən edilmişdir. 3-17-5/1-Ə-8505/2025 saylı və 3-17- 5/1-Ə-10039/2025 saylı müraciətlərinizdə işəgötürənin İran İslam Respublikasının vətəndaşı X5 "xxxx" MMC-nin 2024-cü ilin avqust ayından fəaliyyətini dayandığını», işəgötürən X6 Dövlət Miqrasiya Xidməti tərəfindən oturum izni verilməsi üçün tələb olunan şərtləri yerinə yetirə bilməməsi səbəbindən Azərbaycan Respublikasını tərk etdiyini, eyni zamanda, asan imzanın bağlanmasına görə hesabatların və məlumatların internet üzərindən verilməsi, o cümlədən, artıq beş ay işləmədiyinizə baxmayaraq Sizin əmək müqavilənizə xitam verilməsinin mümkünsüzlüyünü bildirərək, əsas tələbinizin digər işəgötürənlə əmək müqaviləsi bağlayaraq, işləyə bilməyinizin təmin olunmasından ibarət olduğunu bildirmisiniz. Təqdim etdiyiniz bank çıxarışınıza əsasən Sizə sonuncu dəfə xx.xx.2024-cü il tarixində 1900 (bir min doqquz yüz) manat ödənildiyi müəyyən olunmuşdur. Nəzərinizə çatdırırıq ki, müəssisə tərəfindən Sizə aid sənədlər təqdim ounmadığı üçün məsələyə münasibət bildirilməsi mümkün deyildir. Eyni zamanda, məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. Bildiririk ki, əmək müqaviləsinə xitam verilməsi X11 Xidmətinin səlahiyyətləri xaricindədir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması hüququ X11 Xidmətinə həvalə edilməlidir. Əlavə olaraq bildiririk ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların ayandırılması” haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə yoxlamalar xx.xx.2026-cı il tarixədək dayandırıldığından müraciətinizin yerində araşdırılması mümkün olmamışdır. Müraciətdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnuz vardır”. İddia tələbi, İddiaçının əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsinə məhkəməyə müraciət edərək, iddia ərizəni təmin edilməsini, X13 Sistemində (ƏMAS) onunla bağlanmış əmək müqaviləsinə dair bildirişin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ali Təhsillidir. 2008-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin tarix fakültəsini bitirmişdir. 2019-cu ildən 2022-ci ilədək Bakı şəhərində fəaliyət göstərən "xxxx" MMC-də menecer vəzifəsində işləmişdir. Şirkət İnformasiya Texnologiyaları sahəsində fəaliyyət göstərib, sonra başqa işdə çalışmışdır. 2024-cü ilin fevral ayında onu yenidən həmin şirkətə menecer vəzifəsinə dəvət etdmişlər. Fevral ayının 16-dan orada yenidən işləməyə başlamış. Aprel ayınadək əmək haqqı ödənilsə də, sonradan əmək haqqının ödənilməsi dayandırıldı. Şirkətin təsisçisi və 100 faiz payla sahibi İran İslam Respublikasının vətəndaşı X2 (passport №-si T34527483 xx.xx.2015-ci il tarixdə İran İslam Respublikasının Pasport və Miqrasiya Polisi təfəfndən verilib) idi. Belə ki, şirkət rəhbəri filankəsin Dövlət Miqrasiya Xidməti ilə problemləri yaranmış, ona oturum verilməsi üçün irəli sürülən şərtləri yerinə yetirə bilmədiyi üçün Azərbaycanı tərk etmişdir. Lakin onunla olan əmək müqaviləsinə xitam verilməmiş və əmək haqqı artıq 1 ilə yaxındır ki, ödənilmir. Şirkətin fəaliyyətinə xitam verilməsi barədə qərar yoxdur. X2 onu işə qəbul etdikdən sonra Azərbaycanda olmayıb. Onun telefon zənglərinə cavab vermir. Hazırda ASAN imza bağlandığı üçün hesabatların və məlumatların internet üzərindən verilməsi, eləcə də onun əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin X11nə göndərilməsi də qeyri-mümkündür. Bu səbəbdən neçə aydır ki, işləmədiyinə baxmayaraq yeni iş yerinə də keçməyi mümkün olmur. O problemin həlli, "X13 Sistemində (ƏMAS) əmək müqaviləsinin ləğvi" üçün 2 dəfə X11 Xidmətinə, bir dəfə internet üzərindən, başqa bir dəfə isə şəxsən və daha sonra 5 saylı DOST xidməti vasitəsilə müraciət etsə də ona cavab verilmir. Bildirilib ki, hələ araşdırma aparılır. Hesab edir ki, X13 Sistemində (ƏMAS) onunla bağlanmış əmək müqaviləsinə dair bildirişin ləğv edilməsi vəzifəsi cavabdeh qurum - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdadfiəsi Nazirliyinin X11 Xidməti üzərinə qoyulmalıdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı münasibət bildirməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilmkəyən hallarıdır ki, İran İslam Respublikasının vətəndaşı X1 tərəfindən "xxxx" MMC təsis edilmiş və MMC xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı ilə həmin MMC arasında xx.xx.2024-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. "xxxx" MMC hüquqi şəxs kimi ləğv edilməmiş və X12 Qeydiyyatı İdarəsində fəaliyyəti aktivdir. İddiaçının hazırkı iddianı irəli sürməkdə hüquqi marağı əmək müqviləsi alt sistemində əmək müqaviləsi bildirişinin ləğv edilməsinə yönəlmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh isə bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. Əmək müqaviləsinə xitam verilməsi X11 Xidmətinin səlahiyyətləri xaricindədir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması hüququ X11 Xidmətinə həvalə edilməlidir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyərək, iş matereallarını nəzərə alaraq hesab edir ki, cavabdehin imtinası əsaslı olmaqla iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti (bundan sonra – Xidmət) mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər (bundan sonra – işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) amal olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. 3.1. Bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.1. öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək; İddia ərizəsi və iddiaçı tərəfin izahatlarından müəyyən edilir ki, "xxxx" MMC təsisçisi İran İslam Respublikasının vətəndaşı X1 inzibati qaydada Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmışdır. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyar Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxlərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X14 Karım (İran İslan Respublikası) və X10 Aboldazl (İran İslam Respublikası), rəhbəri X10-dir. "xxxx" MMC fəaliyyətinin hazırda aktiv olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın Bənd 6.3. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeydlər aparılır. Qaydların tələbindən göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə qərar qəbul edilməsi yalnız Əmək Məcəlləsini 74-cü maddəsijnin 1-1 hissəsində nəzərdə tutulan hallarda mümkündür. Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsinə görə, aşağıdakı hallar fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır: Normanın dispozisiyasından göründüyü kimi, cavabdeh inzibati orqan yalnız fiziki şəxs olan işəgötürənlə bağlanmış işçinin müraciəti əsasında əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə qərar qəbul edir. Həmin hallar isə aşağıdakılardır: 1-1.1. fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; 1-1.2. fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə; 1-1.3. fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə; 1-1.4. Azərbaycan Respublikasının Mülki Prosessual və Azərbaycan Respublikasının Cinayət Prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işəgötürənin axtarışı elan olunduqda; 1-1.5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan işəgötürən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edildikdə. Qeyd edilən hallar, o cümlədən əcnəbi və vətəndaşlığı olmayan işəgötürənin İXM-nə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilməsi halı, yalnız fiziki şəxs olan işəgötürənlərə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 24.2. Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir. 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Baxılan işdə isə, iddiaçı ilə əmək müqaviləsi fiziki şəxs ilə deyil, hüquqi şəxs olan "xxxx" MMC ilə bağlanmışdır ki, həmin MMC də hüquqi şəxs kimi ləğv edilməmiş və X12 Qeydiyyatı İdarəsində fəaliyyəti aktivdir. Ona görə də, iddia tələbinin qanuni və faktiki əsası kimi isitinad edilən hal, yəni cavabdeh inzibati orqan tərəfindən əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar yaranmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, cavabdehin imtinası əsaslı olmaqla iddia tələbi əsassızdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar