Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8212/2024 15.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı "əmrin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində olan xx.xx.2022-ci il tarixli “Hərbi vəzifəyə hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən xidməti uyğunsuzluğa görə müvafiq olaraq DSX-dən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmrin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı 10 sentyabr 2020-ci il tarixdə gizir hazırlıq kursuna daxil olmuş, iki ay kursu bitirdikdən sonar hərbi hissənin 1-ci sərhəd komendatlığının 3-cü sərhəd zastavasının 3-cü qrup komandiri vəzifəsinə ezam olunmuşdur. İki həftədən sonra Dövlət Sərhəd Xidmətinin Xudat şəhərində yerləşən hərbi hissənin qrup komandiri vəzifəsinə kiçik gizir rütbəsi ilə təyin edilmişdir. Xidmət etdiyi dövrdə xx.xx.2022-ci il tarixdə əsgərlə xidmətə çıxdığı zaman əsgərin cibində patron olmuş və iddiaçı həmin patronu əsgərdən almaqla yaxında olan zastavanın rəisinə təhvil vermişdir. Sonradan həmin əsgərin şkafından əlavə patronlar çıxmış və hamısı zastava rəisinə təhvil verilmişdir. Sonradan həmin əsgər döyüş sursatı saxladığına və xidmətdən yayındığına görə hərbi prokurorluğa verilmişdir. X2 barəsində araşdırırma aparılmış, araşdırma zamanı əsgər əsassız olaraq iddiaçıdan şikayət etmiş və prokurorluqda araşdırma aparılmasının nəricəsi gözlənilmədən iddiaçı xx.xx.2022-ci il tarixdə ‘‘Hərbi vəzifə və hərbi xidmət haqqında'’ Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən xidməti uyğunsuzluğa görə müvafiq olaraq DSX-dən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Prokurorluqda aparılan aşadırma zamanı məlum olmuşdur ki, əsgər iddiaçıya qarşı şər və böhtan atmış və onun heç bir təqsiri olmamışdır. Sumqayıt Hərbi Prokurorluğunun 25 iyul 2022-ci il tarixli qərarı ilə iddiaçının əsgər Sahib Eyvazova xəsarət yetirmə əməlində hər hansı bir cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir. Göründüyü kimi araşdırma zamanı iddiaçının xidməti vəzifəsini yerinə yetirərkən hər hansı qanunsuzluq etdiyi müəyyən edilməsə də, iddiaçı əsassız olaraq xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Əslində isə iddiaçı xidmətə heç bir uyğunsuzluq etməmişdir. Həmin maddə iddiaçıya əsassız olaraq tətbiq edilmişdir. İddiaçını xidməti vəzifəyə uyğunsuzluq hesab etsələr də, bu barədə əmrin surəti və əmək kitabçası iddiaçıya təqdim edilməmişdir. İddiaçının əsassız olaraq maddə ilə çıxarılması hazırda onun başqa işlərdə işləməyinə imkan vermir. Eyni zamanda həmin maddə ilə çıxarılmasına dair də heç bir sübut yoxdur. Cavabdeh iddiaya yazılı münasibətini təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsinin iddiaya etiraz edərək mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə iddianın mümkünlüyü baxımdan işin hallarını yoxlayaraq hesab edir ki, iddiaçı prosessual müddəti buraxmışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Qubadlı” X4 Komandirinin 25 iyun 2022-ci il tarixli 0176 nömrəli əmrindən çıxarışdan görünür ki, Dövlət Sərhəd Xidməti rəisinin “Silahlı birləşmə rəhbərlərinin kadrlarla iş sahəsində vəzifələrinin müəyyən edilməsi haqqında” 01 noyabr 2021-ci İİ tarixli 0255 əmrinin 3 №-li əlavəsinin 2.5-ci bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (Xidməti uyğunsuzluğa görə) müvafiq olaraq kiçik gizir İddiaçı, minaatan divizionu (82mm) 2-ci minaatan batareyası 1-ci minaatan taqımının sürücüsü vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması və onunla bağlanmış xx.xx.2020-ci il tarixli bağlaşmanın ləğv edilməklə xx.xx.2022-ci il tarixdə şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmış hesab edilməsi qərara alınmışdır. 135 nömrəli təyinatların qeydiyyat kitabından görünür ki, həmin əmr iddiaçıya elan edilmiş və o, bu faktı imzası ilə təsdiq etmişdir. İddiaçı hazırda 25 iyun 2022-ci il tarixli əmrin ləğv edilməsini xahiş edir, hansı ki, bu iddia mübahisələndirmə haqqında iddia növünə uyğun iddiadır. Belə ki, İPM-in: -2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri iləbağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; - 35.1-ci maddəsinə əsasən, həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında vəmüəyyən hərəkətləri etməkdən çəkinməyədair iddia mümkün sayılır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarı). İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, İPM-nin 38-ci maddəsində inzibati aktın mübahisələndirilməsi üzrə müddətin axımının başlanması onun təqdim və ya elan olunduğu vaxtla müəyyən edilmişdir. Habelə, "İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Beləliklə, inzibati qanunvericliklə müddətin axımının başlanğıc tarixi bilavasitə inzibati aktın təqdim və ya elan edilməsi tarixi ilə əlaqələndirilmiş, aktın şəxsə məlum olduğu andan qüvvəyə minməsi təsbit edilmişdir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ saylı Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 165-ci maddəsinə görə isə ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. İşin yuxarıda sadalanan hallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli əmrlə şəxsi heyət siyahısından çıxarılmış, əmr ona elan olunmuş, həmin tarixdən sonra hərbi qulluqçu kimi xidməti vəzifələrini icra etməmiş, hər hansı bir xidməti fəaliyyət həyata keçirməmiş, əmək haqqı almamışdır. Deməli, iddiaçı həmin tarixdən sonra onun hərbi xidmətdən buraxılmasından xəbərdar olmuşdur. İPM-in 24-cü maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir (maddə 24.1). Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (maddə 24.2). Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir (maddə 23.3). Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (maddə 24.4). İstinad olunan normalardan görünür ki, qanunverici prosessual müddətin ötürülməsindən 1 il keçdikdən sonra ötürülmüş müddətin bərpası imkanını belə istisna edir, bir şərtlə ki, müddətin ötürülməsi təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasın, hansı ki, hazırkı işdə belə bir halın olması müəyyən edilmir. Belə olan halda aydın olur ki, iddiaçı xx.xx.2022-ci il tarixli əmrin ləğvi üçün xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə yuxarıda istinad olunan normaların tələblərinə əsasən mübahisələndirmə üçün prosessual müddəti, habelə buraxılmış müddətin bərpası üçün ərizə verilməsi imkanını nəzərdə tutan 1 illik müddəti ötürmüşdür. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı "əmrin ləğv edilməsi" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-8212/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8212/2024
15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver