Məhkəmə qərarları › İş №2-1(112)-8213/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8213/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8213/2022 17.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əlillik vəziyyətilə bağlı iddiaçı tərəfindən edilmiş müraciətilə bağlı Bakı 19 nömrəli Şəhər poliklinikasının 0180003AACVC saylı göndərişi əsasında xx.xx.20217-ci il tarixdə qiymətləndirilmiş və ümumi səbəbdən 5 il müddətinə ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Lakin aparılmış əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən aparılmış birgə araşdırmaların nəticəsi üzrə ona dair rəsmiləşdirilmiş göndəriş etibarsız hesab edilmiş və bu səbədən də, həmin göndəriş əsasında aparılmış əlillik təyinatı “Əlillik” altsistemində etibarsız hesab edilmişdir. Qeyd edir ki, iddiaçı ürəyin xroniki işemik xəstəliyindən əziyyət çəkir. Xəstəliyi hal-hazırda davam edir. Belə ki, yenidən əlillik vəziyyətilə bağlı müraciət etdiyi zaman, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən göndərilmiş 18 fevral 2022-ci il tarixli, ********** saylı cavab məktubuna əsasən aparılmış əlillik təyinatı “Əlillik” altsistemində etibarsız hesab edilməsi bildirilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı tərəfin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri qanunsuz sayılaraq, İddiaçı 0108003AACVC saylı göndəriş əsasında verilmiş əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı vəkili iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyəti Bakı 19 nömrəli Şəhər Poliklinikasının xx.xx.2017-ci il tarixli 0108003AACVC saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistem, xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstək => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: Ürəyin xroniki ışerr r xəstəliyi, Ü.İ.X Hipertenziv ensefalopatiya, Dissirku lyator ensofalopatıya For retinopatiyatarı və retinal damar dəyişiklikləri, OU hipertomk angıopatıya İkincili hipertenziya. Hipertoniya xəstəliyi İİİ mərhələ. Ürəyin aterosklerotik xəstəliyi Aterosklerotik kardioskleroz Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonra:- kardioskleroz. Stenokardiyanın digər formaları, Gərginlik stenokardıyası F.S-İİİ Ürək ritminin digər pozğunluqları. Ekstrosistolik aritmiya. Ürək çatmamazlığı, U.Ç-İİİ F S (NYHA); Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda boş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101-109,11 1.0.113- 113.2.120-125,...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbisosial ekspert komissiyasına göndərişlər- reyestrimə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsrə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Səhiyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli, 02/02-45 nömrəli məktubu əsasında iddiaçının da içində olduğu 105 nəfərin əsasında əlillik təyinatının aparıldığı göndərişi etibarsız hesab olunmuşdur. Bu səbəbdən İddiaçı əlilliyi etibarsız hesab edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Xəstənin ambulator kartasından çıxarışın surəti. - Tibbi-Sosial Ekspertiza Müayinəsindən çıxarışın surəti. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq imtina məktubu. - məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktub və ona əlavə edilmiş suallar. - məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktub.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmişdir və iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçıya Bakı 19 nömrəli Şəhər Poliklinikası tərəfindən rəsmiləşdirilmiş 0108003AACVC saylı forma 088 saylı göndəriş əsasında xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik, Bakı 19 nömrəli Şəhər Poliklinikası tərəfindən rəsmiləşdirilmiş 0108003AACVC saylı göndəriş etibarsız hesab edildiyindən, Əlillik altsistemində ləğv edilmişdir. İddiaçı əlilliyin bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan imtina məktubunda qeyd edilmişdir ki, əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 0108003AACVC göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi səbəbdən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Aparılmış əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən aparılmış birgə araşdırmaların nəticəsi üzrə Sizə dair rəsmiləşdirilmiş göndəriş etibarsız hesab edilmiş və bu səbəbdən də, həmin göndəriş əsasında aparılmış əlillik təyinatı "Əlillik" altsistemində etibarsız hesab edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan xx.xx.2019-cu il tarixli, xx/xx-4330 saylı məktubda yazılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş, 105 nəfər şəxsin adına 88 saylı göndərişlər rəsmiləşdirilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 140 nömrəli “Tibbi Sosial Ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.3.1 bəndinə əməl edilməməsi ilə bağlı məktuba baxılmışdır. Siyahıda adları qeyd edilmiş 105 nəfər şəxsin adına rəsmiləşdirilmiş göndərişlər işçi qrupun 13 may 2019-cu il tarixli aktına əsasən “Tibbi arayışların elektron registri”ndə etibarsız hesab edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının İİ dərəcəli əlilliyinin əlillik altsistemində etibarsız hesab edilməsi yuxarıda göstərilmiş yazışmalarla (məktublarla, yazılı cavablarla) həll olunmuş, yəni bu məsələyə dair hər hansı bir rəsmi qərar iş materiallarında mövcud olmamış, məhkəmə araşdırmaları zamanı da təqdim edilməmişdır. “İnzibati icraat haqqında” Qanunun 21, 24, 25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Cavabdeh orqan isə həmin normaların tələbinə əməl etməyərək inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin məlumatına istinad etməklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir. Beləliklə, formal (məcburi) tələblər təmin olunmamışdır. Bundan başqa, qanunvericilikdə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının etibarsız hesab edilməsi yox, ləğvi nəzərdə tutulmuşdur. Belə olan halda, cavabdeh orqan iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi halda belə, həmin qərarın etibarsız hesab edilməsi barədə deyil, ləğvi barədə qərar qəbul edə bilərdi. Həmin normaların məzmununa əsasən, əlilliyin ləğvi barədə nəticə müayinənin nəticələrinə istinad edilməklə qəbul edilə bilər. Həmçinin, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən əlil olmadığı müəyyən edildiyi halda, onun əlil olmaması ilə bağlı inzibati akt qəbul edə bilərdi. İddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh iddiaçının əlilliyini Əlilliyin Qiymətləndirilməsi altsistemində etibarsız hesab etmişdir. Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik altsistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir. İddiaçının əlilliyinin 04 may 2017-ci il tarixdə 5 illik müəyyən edilməsi barədə cavabdehin qəbul etdiyi inzibati akt əlilliyin altsistemdə etibarsız hesab edildiyi vaxt qüvvədə olmuşdur. Cavabdeh 04 may 2017-ci il tarixli inzibati aktın hüquqi qüvvəsinin olmaması və ya etibarsız sayılması ilə bağlı məhkəmələrə dəlil təqdim etməmişdir. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh 04 may 2017-ci il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən həmin inzibati akt (04 may 2017-ci il tarixli) ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:

1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 2.4.7-ci bəndinə əsasən bir əlin olmaması (Q71.2, Z89.1) halında ikinci dərəcə əlillik müddətsiz təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının İİ dərəcəli əlilliyinin əlillik altsistemində etibarsız hesab edilməsi yuxarıda göstərilmiş yazışmalarla (məktublarla, yazılı cavablarla) həll olunmuş, yəni bu məsələyə dair hər hansı bir rəsmi qərar qərar qəbul edildiyi iş materiallarına əsasən müəyyən edilməmiş və işin məhkəmə araşdırmaları zamanı da məhkəməyə təqdim edilməmişdır. Bundan başqa, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona əlilliyin təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) . İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərardad məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır (maddə 68.2). Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri qanunsuz sayılaraq, İddiaçı 0108003AACVC saylı göndəriş əsasında verilmiş əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri qanunsuz sayılaraq, İddiaçı 0108003AACVC saylı göndəriş əsasında verilmiş əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar