Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8214/2024 30.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində 0,12 hektar 794 saylı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, idarənin arxiv məlumatlarına əsasən sözügedən bağ sahəsinin ilkin nömrəsi “868/794” qeyd edilmişdir və Ləhiş bağ massivində “868” nömrəli torpaq sahəsinə dair digər fiziki şəxsin adına hüquqmüəyyənedici sənədlər mövcuddur. Elektron kadastr məlumatlarına əsasən ümumi ərazidə hasarlama sxematik xəritəyə və arxiv cizgisinə uyğun aparılmamışdır. Həmçinin sahənin bir hissəsi digər bağların ərazisinə uyğun gəlir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 0,12 ha sahəsi olan 794 nömrəli bağ sahəsinə mülkiyyət hüququnun mərhum atası X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin bağlar təsərrüfatının müəssisələri üzrə komisiyasının xx.xx.1989-cu il tarixli Sərəncamının 14/519 №-li protokolu əsasında xx.xx.2000-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində 0,12 hektar 794 nömrəli bağ sahəsi mərhum atası, xx.xx.2012-ci ildə vəfat etmiş X1 istifadəsinə verilmişdir. 794 nömrəli bağ sahəsindən artıq 23 il istifadə olunsa da, bağ sahəsinin ilkin qeydiyyata alınmaqla çıxarışı mövcud deyil. X1 adına vərəsəlik işi açılmış və torpaq sahəsinə dair hüquqların ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi üçün cavabdehə müraciət edilmişdir. Cavabdeh müraciətindən imtina etmiş, imtina səbəbi kimi arxiv məlumatlarına əsasən sözügedən bağ sahəsinin ilkin nömrəsinin “868/794” qeyd edilməsi və Ləhiş bağ massivində “868” nömrəli torpaq sahəsinə dair digər fiziki şəxsin adına hüquqmüəyyənedici sənədlərin mövcud olması kimi göstərmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, mərhum atasının adına verilmiş bağ sahəsinin nömrəsi 794 nömrəlidir və belə olan halda cavabdehin iddiaçıya aid olmayan “868” və ya “868/794” bağ sahələrini müraciətdə qeyd etməsi müraciətə səthi formada yanaşması kimi qiymətləndirilməlidir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən sözügedən bağ sahəsinin əvvəlki nömrəsi “868/794” qeyd edilmişdir və Ləhiş bağ massivində “868” nömrəli torpaq sahəsinə dair digər fiziki şəxsin adına (X7) hüquqmüəyyənedici sənəd mövcuddur. Həmçinin arxiv məlumatlarına əsasən həmin bağa sonradan 868/794 nömrəsi verilmişdir. Elektron kadastr məlumatlarına əsasən ümumi ərazidə hasarlama sxematik xəritəyə və arxiv cizgisinə uyğun aparılmamışdır. Həmçinin sahə 700 və 790 ilə başlanan bağların ərazisinə uyğun gəlir. Dəqiq hansı bağ sahələrinin ərazilərinə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 14/519 nömrəli qərarından görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 02 iyun 1988-ci il tarixli 195 №-li qərarına əsasən və Bakı şəhər Sovetinin 14 iyun 1988-ci il tarixli 6/333 №-li qərarına əsasən Bakı şəhər X8 İcraiyyə Komitəsi qərara almışdır ki: 2.3. İcarə üçün müqavilənin dəyişdirilməsinə icazə verilsin: 2.3.1.Ləişdəki 766 №-li bağ -X2 -xx.xx.1992-ci il tarixli aktdan görünür ki, Bakı şəhər bağlar təsərrüfatı idarəsinin 4 nömrəli sahənin mühəndisləri tərəfindən müəyyən edilmişdir ki, Bağlar idarəsinə xx.xx.1992-ci il tarixdə daxil olmuş ərizəyə əsasən Ləhiş sahəsində 703 nömrəli bağ sahəsində olmuşlar. Yoxlama baxışında məlum oldu ki, Bakı şəhər sovetinin 22.12.89-cu il tarixli 14/519 nömrəli qərarı ilə X4 27084 nömrəli müqavilə ilə 703 nömrəli bağ sahəsi verilmişdir. Hazırda Qədimov R.Ə. yoldaş 794 nömrəli bağ sahəsindən istifadə edir. Qədimov yoldaş həmin bağ sahəsində meyvə, bəzək ağacları əkib becərmişdir. 794 nömrəli bağ idarəsinin balansında boş bağ kimi qeydiyyata alınmışdır. -Bağın icarəyə verilməsi haqqında xx.xx.1992-ci il tarixli, 27084 nömrəli müqavilədən görünür ki, Bağlar təsərrüfatı idarəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1989-cu il tarixli 14/519 saylı sərəncamına əsasən Ləhiş qəsəbəsində 0.12 ha sahəsi olan 868/794 saylı bağ sahəsini X1 icarəsinə vermişdir. - X1 Bağlar təsərrüfatı idarəsinə ünvanlanmış xx.xx.2000-ci il tarixli ərizəsindən görünür ki, icarəsindəki Ləhiş ərazisində yerləşən 868/794 nömrəli bağın 27084 nömrəli müqaviləsinin müddətinin növbəti tarixə artırılmasını xahiş etmişdir. - Bağın icarəyə verilməsi haqqında xx.xx.2000-ci il tarixli, 27084 nömrəli müqavilədən görünür ki, Bağlar təsərrüfatının inkşafı və istismarı birliyi Ləhiş qəsəbəsində 0.12 ha sahəsi olan 794 saylı bağ sahəsini X1 icarəsinə vermiş, müqavilənin müddəti xx.xx.2000ci ilə kimi müəyyən edilmişdir. -Sabunçu rayon Qeydiyyat Şöbəsinin xx.xx.2012-ci il tarixli, 583475 nömrəli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X6 xx.xx.2012-ci ildə ölmüşdür. -4 saylı “Bakı Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 464 nömrəli məktubundan görünür ki, İddiaçı müraciəti miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd (yaxud vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2012-ci ildə ölmüş X1 adma vərəsəlik işi açılmışdır. - xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, Ləhiş bağ massivi 794 saylı bağın hüquqmüəyyən edici sənəd üzrə sahəsi 0.12 ha, faktiki sahəsi isə 0.1239 ha-dır, 39 kv.m artıqdır. Bağ sahəsinin sərhədləri şimal və qərb tərəfdən taxta çəpərlə ayrılıb, cənub tərəfdən but daş ilə ayrılıb, şərq tərəfdən isə bir hissəsi şərtidir. Bağ sahəsində A-1 mərtəbəli bağ evi, 1-ci s/q var. Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. İddiaçı hazırda sadalanan sübutlara istinad edərək, atası R.Qədimova ayrılmış 0,12 ha sahəsi olan 794 saylı həmin bağ sahəsinə mülkiyyət hüququnun atasına məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən atasına bağ sahəsinin ayrılması barədə müqavilələri təqdim edir. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, 794 saylı bağ sahəsinin iddiaçının atasına ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur və bu sənədlər hazırda qüvvədədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı valideyninə ayrılmış bağ sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. Lakin işdən görünür ki, cavabdeh işin bu hallarını nəzərə almamış və iddiaçıya imtina cavabı vermişdir. Cavabdehin imtinasının dəlilləri aşağıdakılardan ibarətdir: 1.Ləhiş bağ massivində “868” nömrəli torpaq sahəsinə dair digər fiziki şəxsin adına (X7) hüquqmüəyyənedici sənəd mövcuddur;
2. sahə 700 və 790 ilə başlanan bağların ərazisinə uyğun gəlir. Məhkəmə aşağıda göstərilənlərə əsasən bu dəlilləri əsaslı hesab etmir. Belə ki, cavabdeh “868” nömrəli torpaq sahəsinə dair digər fiziki şəxsin adına hüquqmüəyyən edici sənəd olmasına istinad etsə də, işdən görünür ki, iddiaçı 868 deyil, 794 saylı bağ sahəsinə hüququn qeydə alınmasını xahiş edir. Bundan əlavə, cavabdeh bağ sahəsinin 700 və 790 ilə başlanan bağların ərazisinə uyğun gəlməsinə istinad etmiş, bu zaman iddiaçının 794 saylı bağa hüququnun qeydə alınmasını xahiş etdiyini nəzərə almamışdır. Həmçinin cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda göstərmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazidə hasarlama sxematik xəritəyə uyğun aparılmamışdır. Həmçinin qonşu qeydiyyata alınan bağlar sxematik xəritəyə uyğun olmadığından bağ sahəsinin dəqiq hansı nömrəli bağ sahələrinə uyğun gəlməsini təyin etmək mümkün olmamışdır. Göründüyü kimi, cavabdeh özü də iddiaçının naturada göstərdiyi bağ sahəsinin hansı nömrəli bağa uyğun gəlməsi ilə bağlı ziddiyyətli fikirlər bildirmiş, bağ sahəsinin nömrəsinin müəyyən edilməsinin mümkünsüz olduğunu qeyd etmişdir. Deməli, cavabdeh mübahisəli ərazinin 794 nömrəli bağa uyğun gəlmədiyini də sübut edə bilmir. Məhkəmə qeyd edir ki, iddiaçının atasına bağ sahəsi ayrılarkən qüvvədə olan (1971ci il tarixdən 1991-ci ilədək qüvvədə olmuş) Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da xalq deputatları soveti icraiyyə komitəsinin qərarı əsasında bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Məcəllənin 20-ci maddəsinin 2-ci abzasına görə rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Həmin Məcəllənin 22-ci maddəsinə görə torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə həmin sahədən istifadəyə başlamaq qadağandır. Göründüyü kimi, torpaqayırmanın əsas mərhələsi torpaq sahəsinin naturada mərzləşdirilməklə təhvil verilməsidir ki, bu hal olmadan torpaqayırmanın yekunlaşdırılmsı mümkünsüzdür. İşin istinad olunan hallarına əsasən müəyyən olunur ki, iddiaçının atasına 1989-cu ildə bağ sahəsi ayrılaraq naturada təhvil verilmiş, o, daha sonra isə onun ailə üzvləri bağ sahəsindən həmin tarixdən etibarən fasiləsiz istifadə etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı qüvvədə olan etibarlı hüquqmüəyyənedici sənədləri təqdim etməklə istifadəsində olan bağ sahəsinə atası Rafiq Qədimovun yaranmış mülkiyyət hüququna dair arayış verilməsini tələb etməkdə haqlı, cavabdeh isə bu hüququn qeydə alınmasından imtina etməkdə haqsız olmuşdur. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 0,12 ha sahəsi olan 794 nömrəli bağ sahəsinə mülkiyyət hüququnun vəfat etmiş X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova