Məhkəmə qərarları › İş №2-1(112)-8216/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8216/2021

19.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8216/2021 19.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə kompensasiya ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 1999-cu il tarixində doğulmuşdur. 23 aprel 2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətə çağırıldığı zaman hərbi həkim komissiyasından keçərkən psixi durumunda kəskin çatışmamazlıq qeydə alınmışdır. İddiaçı bunu çağırışdan öncə bildirmişdir və bu barədə tibbi arayış təqdim edilmişdir. Lakin xəstəliyinin mövcudluğuna baxmayaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsi tərəfindən buna məhəl qoyulmamış, iddiaçıya təqdim olunmuş hərbi biletdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral, 2008-ci il tarixli 59 nömrəli qərarının 17Ç, 67Ç, 80Ç, m/d4 maddələri ilə həqiqi hərbi xidmətə yararlı hesab olunaraq ordu sıralarına göndərilmişdir. Məcburiyyət qarşısında qalaraq ordu sıralarında layiqincə xidmət edərək hərbi qulluğunu başa çatdırmışdır. Lakin hərbi xidmət keçmək iddiaçı üçün çətin olmuşdur və psixi pozuntuları nəticəsində kəskin baş ağrıları olmuş, bəzən ətrafda baş verənləri düzgün qiymətləndirmək imkanı olmamışdır. Hərbi xidmət keçmək səhhətində kəskin fəsadların yaranmasına səbəb olmuşdur. İddiaçı hesab edir ki, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsi tərəfindən qanunsuz olaraq hərbi qulluğa göndərildiyindən hərbi xidmətini bitirdikdən sonra səhhətində kəskin pisləşmə yaranmışdır. Bu səbəbdən iddiaçı hesab edir ki, ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə kompensasiya ödənilməlidir.

3. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq, iddiaçıya hüquqi yardım göstərərək iddia ərizəsində cavabdehin və iddia tələbinin dəqiqləşdirilməsini (tələb olunan kompensasiya məbləğinin göstərilməsini) təklif etmişdir. Qeyd edilən formal tələblərə uyğunlaşdırılması üçün iddiaçıya 26 iyul 2021-ci il tarixədək müddət müəyyən etmişdir.

4. Məhkəmə aşağıdakı məsələlərlə bağlı mütəxəsis rəyinin alınmasını zəruri hesab etmişdir: - İddiaçı sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırıldığı vaxt hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyası; - olduğu təqdirdə aldığı xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə, orqanlarda xidmət keçməklə səbəb əlaqəsi. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasından cavab olaraq bildirilmişdir ki, İddiaçı xəstəlik və ya xəsarətinin səbəb əlaqəsi barədə və ya xəstəlik haqqında şəhadətnamə müəyyən edilməmişdir. Dövlət Sərhəd Xidməti Hərbi hospitalından bildirilmişdir ki, pandemiya ilə əlaqədar karantin rejimi tətbiq olunduğundan müayinə aparılmır.

5. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış iddiaya etirazda bildirmişdir ki, iddiaçı həm iddia tələbində, həm 15.04.2021-ci il tarixli ərizəsində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin hərəkətlərini mübahisələndirsə də, cavabdeh qismində Azərbaycan Respublikasının Müdafiə Nazirliyini göstərmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Müdafiə Nazirliyi biri digərinin tabeçiliyində olmadıqlarından, Müdafiə Nazirliyi Xidmətin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı vəzifə daşıya bilməz və hazırkı işdə cavabdeh ola bilməz. İddiaçı qeydiyyatda olduğu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin çağırış komissiyası tərəfindən 29.04.2018-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 13.02.2012-ci il tarixli Fərmanının birinci bəndinə əsasən Azərbaycan Respublikasının Hərbi Komissarlığı ləğv edilmiş və əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsi ilə əvəz edilməlidir. Onu da bildirmişdir ki, iddiaçı 15.04.2021-ci il tarixli müraciətinin cavablandırılmamasını göstərsə də, həmin sözlər həqiqəti əks etdirmir. Çünki, İddiaçı ərizəsi 27.05.2021-ci il tarixdə (4/3232 nömrəli məktub) baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmiş, həmin məktubun surəti iddiaçıya da göndərilmişdir. İddiaçı “kompensasiyanın ödənilməsi”nə dair iddia tələbində əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyini əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsi ilə əvəz olunmasına dair qərardad çıxarılmasını xahiş etmişdir.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında cavabdeh iştirak etməmişdir.

7. İşin hazırlıq icraatı üzrə iclasında iddiaçı məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir.

II. İddianın geri götürülmüş sayılması

8. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

10. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 29.03.2016-cı il tarixli qərarı).

11. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

12. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

13. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

14. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

15. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

16. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

17. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

18. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyrimümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

19. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

20. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

21. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək hesab edir ki, iddianın mümkünlüyünü müzakirə etmək zərurəti mövcud deyildir.

22. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar