Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8216/2022 18.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 2-ci dərəcə əlilliyin bərpa edilməsi, əlilliyə görə pensiya ödənişlərinin verilməsi və buraxılmış aylar üzrə, yəni xx.xx.2021-ci il tarixdən etibarən pensiya ödənişlərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1984-cü il tarixindən 2013-cü il tarixədək Azərbaycan Respublikası Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır. Onun 1977-ci ildən başlayaraq (hərbi xidmət də daxil olmaqla) 36 il ümumi əmək stajı, o cümlədən 24 il dövlət qulluğu stajı vardır. 2013-cü ilin sentyabr ayında onunla bağlanmış əmək müqaviləsinə çalışdığı şöbənin ixtisara düşməsi səbəbilə xitam verilmişdir və o, həmin aydan işdən azad olunmuşdur. Bu müddət ərzində o, ürək xəstəliyindən əziyyət çəkmiş və mütəmadi olaraq müalicə almışdır. Dəqiq olaraq isə xx.xx.2014-cü il tarixində 33 saylı Poliklinikanın göndərişi ilə o, ağır ürək tutması səbəbilə X6 müalicə olunmuşdur. Həmin tarixdən xx.xx.2014-cü il tarixədək X6 stasionar olaraq müalicə aldıqdan sonra evə buraxılmış, barəsində isə ambulator müalicə təyin olunmuşdur. Daha sonra xx.xx.2014-cü il tarixində Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müayinə olunaraq barəsində ikinci dərəcəli əlillik müəyyən olunmuş və buna görə ona pensiya təyin olunmuşdur. xx.xx.2015-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək yenidən X6 stasionar müalicə almışdır. Son olaraq ona xx.xx.2016-cı il tarixində 10 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən təqdim olunan sənəddə qeyd olunmuşdur ki, onun əlillik qrupu ikinci dərəcəli əlillik qrupuna aiddir və növbəti müayinə tarixi 5 il sonra, yəni xx.xx.2021-ci il tarixinədir. Lakin buna baxmayaraq o, mütəmadi şəkildə ambulator şəraitdə müayinə olunmuş və buna aid bütün sənədləri Komissiyaya təqdim etmişdir. İddiaçıya təqdim olunmuş sənədə uyğun olaraq o, xx.xx.2021-ci il tarixdə müayinə olunmaq üçün Akademik C.Abdullayev adına X1 getmişdir. Orada ona epikrizlər təqdim edilmiş və bildirilmişdir ki, onun xəstəliyi davam edir. Daha sonra iddiaçı onların təqdim etdiyi sənədi 33 saylı Şəhər Poliklinikasına vermiş və Poliklinikadan ona bildirilmişdir ki, əlilliyin davam etməsi ilə bağlı Tibbi Sosial Ekspertiza Komissiyasına məlumat göndərəcəklər. Lakin 2 ay sonra 2021-ci ilin noyabr ayında ona məlum olmuşdur ki, onun barəsində əlilliyə görə təyin olunmuş pensiya kəsilmişdir. İddiaçı bunun səbəbini aydınlaşdırmaq üçün 33 saylı Şəhər Poliklinikasına getdikdə onlar ona göndərişi iddiaçının onlara təqdim etdiyi tarixdən 2 aydan çox müddət sonra, yəni xx.xx.2021-ci il tarixində TSEK-ə göndərdiklərini bildirmişlər. TSEK isə tamamilə əsassız olaraq, heç bir normativ sənədə istinad etmədən xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində əlilliyin təyin olunmasından imtina barədə qərar qəbul etmişdir. Daha sonra o, 2 dəfə, yəni xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasya Agentliyinin aparatında qəbulda olmuşdur. Hər 2 görüşdə də iddiaçı təkidlə onu qəbul edən şəxslərin özlərini təqdim etmələrini və imtina barədə ona rəsmi sənəd təqdim etmələrini xahiş etsə də hər 2 xahişi təmin olunmamışdır. Belə ki, ona şifahi olaraq imtina barədə rəsmi sənəd verə bilməyəcəklərini bildirmişlər. Şifahi olaraq onların istinad etdikləri normativ sənəd 2015-ci il tarixli “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması Meyarlarına dair” Əsasnamə olsa da bu barədə hər hansı sənədin təqdim olunmasını həyata keçirə bilməmişlər. Sözügedən Əsasnamənin 2.2.1-ci bəndi ilə müəyyən olunan ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı ikinci dərəcəli əlilliyin təyin olunması üçün əsasdır. Bu əsas iddiaçıya təqdim olunmuş Forma 88-də mövcuddur. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 10 saylı TSEK-in son olaraq ona xx.xx.2016-cı il tarixində təqdim etdiyi sənəddə də Əsasnamənin 2.2.1-ci bəndinə istinad etməklə həmin meyarlar qeyd olunmuşdur. Əlilliyə görə pensiya hüququnun yaranmasına imkan verən və uzun müddətdir ki, əziyyət çəkdiyi xəstəliyinə qoyulan diaqnoz həm “Əlilliyin müəyyən olunması meyarlarına dair” Azərbaycan Respublikasının 29 avqust 1997-ci il tarixli, 99 №-li Əsasnamənin 2.2.1-ci bəndinə, həm də “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” 30 dekabr 2015-ci il tarixli, 413 №li Əsasnamənin 2.2.1-ci bəndinə uyğun gəlir. Həmçinin 33 nömrəli Şəhər Poliklinikasının TSEK-ə ünvanlanmış göndərişində də əsas diaqnoz kimi İ120.1 - Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya İİİ f/s AF-49 % qeyd olunmuşdur. Göründüyü kimi, diaqnozu üzrə qiymətləndirmə baxmayaraq ki, “Əlilliyin müəyyən olunması meyarlarına dair” Azərbaycan Respublikasının 29 avqust 1997-ci il tarixli, 99 №-li Əsasnamə üzrə aparılmalıdır, bununla belə xəstəliyi barədə sözügedən diaqnoz “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” 30 dekabr 2015-ci il tarixli, 413 №-li Əsasnaməsinə də uyğun gəlir. Belə ki, həmin Əsasnamənin 2.2.1-ci bəndində qeyd olunmuşdur: ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33). Mötərizənin daxilində qeyd olunanlara nəzər yetirdikdə aydın olur ki, diaqnozun qiymətləndirməsi müvafiq nömrə ilə aparılır və bu nömrə eynilə iddiaçının xəstəliyi üzrə qoyulan diaqnozun nömrəsinə - (İ120.1) uyğun gəlir. Hər bir halda vəziyyətini ağırlaşdıran hər hansı yeni bir Əsasnamə qəbul edilsə belə, mübahisə üzrə tətbiq edilməli olan qanunvericilik buna hüquq verən vaxt qəbul edilmiş qanunvericilik olmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”. Odur ki, TSEK-in xx.xx.2021-ci il tarixli imtina cavabı əsassız və qanunsuz hesab olunmaqla barəsində 2-ci dərəcəli əlilliyin bərpa olunması və yığılmış aylar üzrə pensiya ödənişlərinin cavabdeh inzibati orqan tərəfindən ona ödənilməsi barədə qərar qəbul edilməlidir. Bütün bu halların Forma 88-də mövcud olmasına baxmaraq Tibbi Sosial Ekspert Komissiyası onun barəsində qanunsuz və əsassız olaraq əlilliyin təyin olunmasından imtina barədə qərar qəbul etmişdir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Kifayət qədər sənəd təqdim etməyinə baxmayaraq, Komissiya tərəfindən bu sənədlərə əhəmiyyət verilməmiş və yalnış qərarın çıxarılmasına səbəb olmuşdur. Hesab edir ki, cavabdeh orqana təqdim olunmuş müayinəyə dair sənədlərdə xəstəliyi barədə bütün məlumatlar öz əksini tapır. Cavabdeh inzibati orqandan rəsmi şəkildə imtina məktubu ala bilmədiyi üçün özü dəfələrlə orqana müraciət etmişdir. Son dəfə 18 mart 2022-ci il tarixli ərizə ilə müraicət etsə də hələ də cavabdeh inzibati orqandan rəsmi şəkildə məlumat almamışdır. Bu səbəbdən İnzibati Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqana hazırkı məsələ ilə bağlı müraciət edilən vaxtdan 35 gün keçdiyi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8216/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı “əlillik dərəcəsinin təyin edilməsi” vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və “əlilliyə görə pensiyanın ödənilməsi” vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə 33 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.9 - Dəqiqləşdirilməmiş stenokardiya; Diaqnozun mətni: Ü.İ.X. Gərginlik stenokardiyası fs2. Q.D.Ç; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 33 saylı şəhər poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası fs İİ Hipertoniya xəstəliyi İİ mərhələ tez-tez krizlərlə. Qan dövranı çatmamazlığı İİ dərəcə. Dissirkulyator ensefalopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası fs İİ Hipertoniya xəstəliyi İİ mərhələ tez-tez krizlərlə. Qan dövram çatmamazlığı İİ dərəcə. Dissirkulyator ensefalopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 33 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.1 - Sənədlər əsasında təsdiqlənmiş spazm ilə gedən stenokardiya; Diaqnozun mətni: Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, İİİ f/s AF-49 %; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron 'mza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibat Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə əlilliyə görə pensiya ödənişlərinin verilməsi və buraxılmış aylar üzrə, yəni xx.xx.2021-ci il tarixdən etibarən pensiya ödənişlərinin hesablanaraq ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmasına dair iddia tələbi mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə Bakı 33 nömrəli Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında xx.xx.2014-cü il tarixdə baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.9 - Dəqiqləşdirilməmiş stenokardiya; Diaqnozun mətni: Ü.İ.X. Gərginlik stenokardiyası fs2. Q.D.Ç; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 33 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında xx.xx.2015-ci il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası fs İİ Hipertoniya xəstəliyi İİ mərhələ tez-tez krizlərlə. Qan dövranı çatmamazlığı İİ dərəcə. Dissirkulyator ensefalopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında xx.xx.2016-cı il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası fs İİ Hipertoniya xəstəliyi İİ mərhələ teztez krizlərlə. Qan dövranı çatmamazlığı İİ dərəcə. Dissirkulyator ensefalopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 33 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2767003AADW9 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.1 - Sənədlər əsasında təsdiqlənmiş spazm ilə gedən stenokardiya; Diaqnozun mətni: İ20.1 Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, İİİ f/s AF-49 %, Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, İİ f/s, Yanaşı xəstəliklər İ10 Essensial [birincili] hipertenziya, İİİ dərəcə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8216/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 ekspertlərinə həvalə edilmişdir. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X4 xx.xx.2022-ci il tarixli, 3507 nömrəli məktubu ilə təqdim edilmiş T 382/2022 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, 1959-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-3. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli, 2767003AADW9 nömrəli Forma 88-də qeyd olunan diaqnoz stasionarlarda şəxsin müayinə və müalicələri əsasında düzgün müəyyən edilmişdir. O, qeyd edilən xəstəliklərdən hazırda əziyyət çəksə də həmin diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən ona 413 nömrəli Qərarla təsdiq edilmiş Əsasnamənin meyarlarını aid etmək mümkün olmadı. 4. Vətəndaş İddiaçı düçar olduğu xəstəliklərlə əlaqədar tam reabilitasiyası mümkün deyildir. Beləliklə, iş üzrə cavabdeh sonuncu dəfə iddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etməməsi” əsası gətirərək əlillik dərəcəsinin təyinatından imtina etmişdir. Hazırkı iddiasında iddiaçı əllillik dərəcəsinin təyin olunmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. İddiaçının əlillik dərəcəsinin təyinatından xx.xx.2021-ci il tarixli imtinanın xx.xx.2022-ci ildə verildiyini, imtinadan sonra iddiaçının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasya Agentliyinə şikayət ərizələri ilə müraciət etdiyini, sonuncu dəfə xx.xx.2022-ci il tarixli şikayət ərizəsini poçt vasitəsilə cavabdehə göndərdiyi və şikayətə baxılanadək iddiaçının inzibati orqandan inzibati icraatla bağlı gözləntidə olduğunu, iddiaçının sonuncu şikayətindən 35 gün keçdikdən sonra xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəmə müraciət etdiyini nəzərə alaraq hesab edir ki, məcburetmə haqqında iddia növü üçün tələb olunan iddia müddəti ötürülməmişdir. İddia mahiyyət üzrə əsassızdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İddiaçının sonuncu dəfə əlillik vəziyyətinin qiymətləndirilərkən və əlillik təyinatından imtina edilərkən əsas götürülmüş (qüvvədə olmuş) hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: -2.2-ci bəndinə əsasın ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın -2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. -4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. -4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İş materiallarından müəyyən olunur ki, iddiaçı barəsində birinci dəfə 2014-cü ildə 1 il, 2015-ci ildə 1 il müddətinə olmaqla əlillik təyin edilmiş, 2016-cı ildə 5 il müddətinə verilmiş əlillik dərəcəsi isə elektron təyinat üzərindən verilmişdir. İddiaçı barəsində əvvəlki əlillik dərəcəsi təyinatları yuxarıda adı çəkilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci bəndində göstərilmiş meyara əsasən qiymətləndirilmişdir. İddiaçının hər dəfəsində 1 il müddətinə verilmiş əlillik qiymətləndirilməsi zamanı tərtib edilmiş tibbi göndərişlərdə diaqnozu “Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası fs İİ Hipertoniya xəstəliyi İİ mərhələ tez-tez krizlərlə. Qan dövranı çatmamazlığı İİ dərəcə. Dissirkulyator ensefalopatiya” qeyd edilmiş və həmin diqnoza əsasən Əsasnamənin 2.2.1-ci bəndinə müvafiq olaraq ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33) əlillik dərəcəsinə uyğun gəldiyi müəyyən edilsə də, sonuncu xx.xx.2021-ci il tarixli 2767003AADW9 nömrəli göndərişdə qeyd edilmiş “Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, İİİ f/s AF-49 %, Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, İİ f/s” diaqnozu Əsasnamənin 2.2.1-ci bəndindəki meyara uyğun gəldiyi müəyyən edilmir. Beləliklə, iddiaçının tibbi göndərişdə qeyd edilmiş əsas diaqnoz və ağırlaşmaları Əsasnamə ilə müəyyən edilmiş meyara uyğun olmadığından diaqnozun əlillik əlaməti təyin edilmədiyi qərarı qəbul edilmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tibbi göndərişində qoyulmuş diaqnozu onun əlillik təyinatına imkan vermədiyindən cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddiaçının əlillik dərəcəsinin təyin edilməsi barədə tələbi təmin oluna bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-8216/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8216/2022
18.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver