Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8216/2023 24.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X4 Karimin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “ölkəyə girişə tətbiq olunmuş məhdudiyyətin aradan qaldırılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı X4 Karimin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “ölkəyə girişə tətbiq olunmuş məhdudiyyətin aradan qaldırılması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Elyar Siavaş cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Kənani X2 qarşı ölkəyə girişə tətbiq olunmuş məhdudiyyətin aradan qaldırılması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İran İslam Respublikası vətəndaşı olan atası Kənani X1 barəsində, Azərbaycan Respublikasına gəlişinə qoyulan qadağanın səbəblərinin müəyyən edilməsi ilə bağlı 6 saylı vəkil bürosuna müraciət etmişdir. İddiaçı qeyd etmişdir ki, İddiaçı Siavaşanın Azərbaycan Respublikasında ailəsi, 3 övladı və eləcədə də 4 nəvəsi vardır. İddiaçı Siavaşa 2011-ci ildə Bakı şəhərində Xəzər rayon polis əməkdaşları tərəfindən həbs olunmuş və məhkəmənin hökmü ilə AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilmişdir. O, Azərbaycan Respublikasında 5 il azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra, cəzasının qalan hissəsini çəkmək üçün İran İslam Respublikasına ekstradisiya olunmuşdur. Hazırda İddiaçı Siavaşa cəzasını çəkərərk azadlığa buraxılmışdır, lakin onun Azərbaycana gəlişinə qadağan qoyulduğundan Azərbaycana gələ bilmir. Ailəsi onun Azərbaycana gələ bilməməsinə görə çox narahat olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Dövlət Sərhəd Xidmətinə vəkil sorğusu göndərilmişir. DİN Baş Cinayət Axtarış İdarəsinin 004/62-3-134/2- 1522/2023 nömrəli cavab məktubuna əsasən, İran İslam Respublikası vətəndaşı. Kənani X1 Azərbaycan Respublikasına gəlişinə qoyulan məhdudidyətin səbəblərinin araşdırılması və tətbiq olunan məhdudidyətin qüvvədə saxlanılması qeyd olunmuşdur. İddiaçı qeyd etmişdir ki, sözügedən məhdudiyyət ilə bağlı heç bir məhkəmə qərarı yoxdur. İddiaçı Kənani X1 Azərbaycanda 3 övladı, 4 nəvəsi vardır. Şəxs, öz nəvələrinin üzünü hələ görməyib. O, törətdiyi cinayətə görə məhkum olmamışdan öncə 15 ildən çox Azərbaycan Respublikası ərazisində yaşamış və qanuni nikahda olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının adının düzgün olaraq "X4 Karim" kimi oxunması qərara alınmışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı məhkəməyə yazılı etiraz təqdim edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsi xx.xx.2023-cü il tarixli məktu; - Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsi xx.xx.2023-cü il tarixli məktubu; Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən xx.xx.2023-cü il tarixli məktubu;
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının vəkilinin (iddiaçının Azərbaycan Respublikasında yaşayış yeri olmadığı üçün) ünvan 1 ünvanda qeydiyyatda olmasını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göründüyü kimi, iddiaçının hüquqi Azərbaycan Respublikasına gəlişinə qoyulan qadağanın götürülməsi ilə bağlıdır. Bununla bağlı olaraq iddiaçının vəkili hazırki tələblə məhkəməyə müraciət etmişdir. İşin araşdırılan halları və iş materialları ilə müəyyən edilir ki, xx.xx.2011-ci il tarixdə Xəzər RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasının vətəndaşı xx.xx.1964-cü il təvəllüdlü İddiaçı həbs olunaraq barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci ıl tarixli hökmü ilə İddiaçı CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilmiş və cəzasının qalan hissəsini çəkmək üçün İran İslam Respublikasına təhvil verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, İran İslam Respublikasının vətəndaşı İddiaçı Siavaşanın Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmadığı və məsələ ilə əlaqədar olaraq Dövlət Miqrasiya Xidmətinə və Daxili İşlər Nazirliyinə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarından görünür ki, 06 saylı Bakı şəhər vəkil bürosunun sorğusuna cavab olaraq Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarişi İdarəsi xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, İran İslam Respublikasının vətəndaşı Kənani X3 Azərbaycan Respublikasına gəlişinə qoyulan məhdudiyyətin səbəbi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanladığınız müraciətə baxılmışdır. Bildirilir ki, müraciətlə bağlı araşdırma aparılmış, tətbiq edilmiş məhdudiyyət qüvvədə saxlanılmışdır. İş materiallarından görünür ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsi xx.xx.2023-cü il tarixli məktubda qeyd etmişdir ki, xx.xx.2011-ci il tarixdə Xəzər RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasının vətəndaşı xx.xx.1964-cü il təvəllüdlü İddiaçı həbs olunaraq barəsində Azərbaycan Respublikası CMnin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci ıl tarixli hökmü ilə İddiaçı CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2014-cü il tarixdə isə Ədliyyə Nazirliyinin 28.11 2014-cü il tarixli 17/10 nömrəli məktubuna əsasən cəzasının qalan hissəsini çəkmək üçün İran İslam Respublikasına təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İ və İİİ bəndinə uyğun olaraq, hər kəsin azadlıq hüququ vardır, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyana dair 4 saylı Protokolunun (Konvensiyaya və ona dair Birinci Protokola artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların təmin olunması haqqında) 2-ci maddəsinə əsasən qanuni əsaslarla dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Birinci bənddə təsdiq edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq edilən və demokratik cəmiyyətdə ictimai maraqlarla əsaslandırılan məhdudiyyətlərə məruz qala bilər. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 16-cı maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişi ilə bağlı qadağalar və məhdudiyyətlər göstərilmişdir. 16.1. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına gəlmək aşağıdakı hallarda qadağan edilir: 16.1.1. milli təhlükəsizlik və ya ictimai asayişin mühafizəsi, yaxud Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması bunu tələb etdikdə; 16.1.2. şəxsin sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətməsi və ya transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olması barədə məlumat olduqda; 16.1.3. şəxs Azərbaycan Respublikasının vətəndaşlarına və ya Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdiyinə görə məhkum olunduqda, əgər məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdirsə və ya götürülməmişdirsə; 16.1.4. şəxs əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıldıqda, əgər ölkəyə girişinə qoyulmuş məhdudiyyət müddəti bitməmişdirsə; 16.1.5. şəxsin Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; 16.1.6. şəxs əvvəllər Azərbaycan Respublikasında olarkən ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərini pozduqda; 16.1.7. şəxs Azərbaycan Respublikasına gəlməsi haqqında vəsatət qaldırarkən, özü və ya səfərinin məqsədi haqqında yalan məlumat verdikdə; 16.1.8. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmədən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödəmədikdə. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sistemi haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən bu Əsasnamə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsindən, "Pasportlar haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının qanunlarından və bu sahədə digər normativ hüquqi aktlardan irəli gələn vəzifələrin həyata keçirilməsini təmin edən "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin aidiyyəti dövlət orqanları və qurumları (bundan sonra – dövlət orqanları) tərəfindən əlaqələndirilmiş qaydada istifadəsinin, informasiya resurslarının formalaşdırılmasının, uzlaşdırılmasının, aparılmasının, inkişaf etdirilməsinin və informasiya təhlükəsizliyinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. Həmin “Əsasnamə”nin 2-ci bəndinə əsasən "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi - xüsusi təyinatlı dövlət informasiya resursudur. Sistemin əsas təyinatı hüquq mühafizə və digər aidiyyəti dövlət orqanlarının səlahiyyətləri çərçivəsində fəaliyyətinin informasiya təminatından, aşağıdakı məsələlər ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılmasının həyata keçirilməsi vasitəsilə elektron xidmətlərin göstərilməsindən ibarətdir: 2.1. şəxsiyyət vəsiqələri, pasport-viza və digər sərhədkeçmə sənədlərinin fərdi olaraq doldurulması və verilməsi; 2.2. yaşayış və olduğu yer üzrə qeydiyyat; 2.3. Sistem çərçivəsində istifadə olunan sənəd blanklarının və onların hərəkətinin uçotu; 2.4. ölkəyə gəlişinə və ölkədən gedişinə məhdudiyyət qoyulan və ya axtarışda olan şəxslər, nəqliyyat vasitələri üzrə siyahıların aparılması, etibarsız sərhədkeçmə sənədləri üzrə yoxlamanın aparılması; .............
Həmin “Əsasnamə”nin 8.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin: 8.1.12. axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi; 8.1.14. öz səlahiyyətləri daxilində “Sərhədkeçməyə məhdudiyyət siyahısı”nın aparılması, bu sahədə informasiya proseslərinin idarə və mühafizə edilməsi vəzifəsi var. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”na əsasən: 6.7. "Sərhədkeçməyə məhdudiyyət siyahısı" informasiya resursu üzrə: 6.7.1. Azərbaycan Respublikasına gəlməsinə və Azərbaycan Respublikasından getməsinə məhdudiyyət qoyulan şəxslər barədə aşağıda göstərilən məlumatlar İAMAS vasitəsilə elektron formada yaradılır və yalnız Əsasnamə ilə səlahiyyət verilmiş dövlət orqanları tərəfindən və onların sistemdaxili səlahiyyət bölgüsünə uyğun istifadə olunur, müvafiq əsaslar aradan qalxdıqda aktiv statusu dəyişdirilir: 6.7.1.1. axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan şəxslər haqqında məlumatlar; 6.7.1.2. xarici ölkəyə daimi yaşamağa getmək hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada məhdudlaşdırılmış, dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış vətəndaşlar haqqında məlumatlar; 6.7.1.3. terrorçuluqda və digər transmilli mütəşəkkil cinayətlərdə şübhəli bilinən, habelə ölkədə olması milli təhlükəsizlik baxımından arzuolunmaz sayılan şəxslər haqqında məlumatlar; 6.7.1.4. ölkədə olması arzuolunmaz sayılan şəxslər haqqında məlumatlar; 6.7.1.4-1. Azərbaycan Respublikasına gəlişi qadağan edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar; 6.7.1.5. sərhədkeçmə rejimini pozmuş, ölkədən çıxarılmış şəxslər, ölkə ərazisinə əvvəllər müxtəlif səbəblərdən buraxılmamış əcnəbilər haqqında məlumatlar; 6.7.1.6. müəyyən müddətə azadlıqdan məhrumetmə, ömürlük azadlıqdan məhrumetmə, islah işləri, ictimai işlər, cərimə növündə cəzalara məhkum olunmuş şəxslər haqqında məlumatlar; 6.7.1.7. üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edilən və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilən və qanunvericiliklə müəyyən edilmiş qaydada üzərinə daimi yaşayış yerini dəyişməmək, yaxud müəyyən yerlərə getməmək barədə öhdəliklər qoyulmuş şəxslər haqqında məlumatlar; 6.7.1.8. məhkum edilmiş, lakin cəzasının çəkilməsi təxirə salınan şəxslər haqqında məlumatlar; 6.7.1.9. tibbi xarakterli məcburi tədbirlər tətbiq edilən şəxslər haqqında məlumatlar; 6.7.1.10. borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında məlumatlar; 6.7.1.11. miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozmuş əcnəbilər haqqında məlumatlar; 6.7.1.12. intizam xarakterli hərbi hissədə saxlanılan şəxslər haqqında məlumatlar; 6.7.1.12-1. müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar haqqında məlumatlar; 6.7.1.12-2. hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxslər haqqında məlumatlar; 6.7.1.12-3. inzibati xəta törətmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar; 6.7.1.13. etibarsız hesab edilmiş, itmiş, oğurlanmış və saxta pasportlar, vizalar, vəsiqələr haqqında məlumatlar; 6.7.1.14. axtarışda olan nəqliyyat vasitələri haqqında məlumatlar. İş materialları ilə də müəyyən edilir ki, İddiaçı həbs olunaraq barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) və 234.4.3-cü maddələri ( külli miqdarda törədildikdə) ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilmişdir. Cinayət Məcəlləsinə əsasən 83.3.4-cü maddəsin əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur Məhkəmə qeyd edir ki, yuxarıda istinad edilən normativ hüquqi aktların məzmunundan göründüyü kimi, həm milli qanunvericilikdə də, həm də beynəlxalq sənədlərdə şəxsin müəyyən hüquqlarının, o, cümlədən azad şəkildə hərəkət etmək hüququnun məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçı ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlərə aid edilən Cinayət Məcəlləsinin 234.4.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) və 234.4.3-cü maddələri ( külli miqdarda törədildikdə) ilə təqsirli bilinmiş və ağır cinayət törədiyi üçün məhkum olunmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkumluğunun qanunvericilikdə müəyyən olunmuş qaydada ödənildiyinə dair nə cavabdeh inzibati orqana, nə də məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərardad məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır (maddə 68.2). Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X4 Karimin ölkəyə girişinə tətbiq olunmuş məhdudiyyətin aradan qaldırılmasına dair iddia tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev