Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8218/2022 16.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «iddiaçının ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Binəqədi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai RİH-ə qarşı «iddiaçının ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı cavabdeh Bakı şəhəri Xətai RİH-ə ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınması ilə bağlı müraciət etmişdir. Lakin cavabdeh Bakı şəhəri Xətai RİH 14 aprel 2022-ci il tarixli Ə-80-068 saylı imtina məktubu ilə iddiaçının qaldırdığı məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən verilmiş 1 mart 2022-ci il tarixli ix/229021 nömrəli arayışa əsasən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 92 ünvanında yerləşən 120 saylı mənzilin alınması üçün Fondu vəsaitindən iddiaçıya güzəştli kredit verilmişdir. Bundan başqa, Cəlilabad rayonu, Kürdlər kəndində yerləşən 0,44 ha həyətyanı torpaq sahəsi mövcuddur (örüş sahəsi). Həmin torpaq sahəsi heyvanları otarmaq üçün nəzərdə tutulmuş ümumi birgə istifadədə olan otlaq sahəsidir. Nəzərə alınmalıdır ki, iddiaçı 22 il, 7 ay təqvim müddətində hərbi qulluqçu kimi xidmət etmişdir. Ümumilikdə isə, 28 illik stajla öz arzusu ilə pensiyaya çıxmışdır və hal-hazırda təqaüd alır. Buna baxmayaraq, hər hansı bir əmlak ala bilməmiş, ailəsini və özünü mənzillə təmin edə bilməmişdir. Onun adına güzəştli kreditin verilməsi və ümumi mülkiyyətdə olan həyətyanı sahəyə malik olmağı hələ güzəştli mənzilə ehtiyacının olmaması demək deyil. Belə ki, onun güzəştli mənzilə ehtiyacı vardır. Bu günədək ailəsinin rifahının yaxşılaşdırılması üçün heç bir hərəkət edə bilməmişdir. Daima xidmətdə olmuşdur. Həmçinin, kredit müqaviləsi üzrə borc ödəyir, maddi imkanı yoxdur. Beləliklə, cavabdehin məhz bu əsasla müraciət üzrə müsbət qərar qəbul etməməsi onun qanunla qorunan hüquqlarına toxunur. Halbuki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 1.3-cü maddəsinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın, buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. Azərbaycan Respublikasının Prezidentinin Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə 28 dekabr 2011-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı qüvvələrinin 20 təqvil ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət hesabına mənzillə təmin edilməsi qeydi öz əksini tapmışdır. O (iddiaçı), uzun illər xalqına, dövlətinə xidmət etmiş, İkinci Qarabağ müharibəsi zamanı arxa cəbhədə döyüşlərdə birbaşa iştirak etmiş, ordumuzun yanında olaraq əlindən gələn xidməti göstərmiş, tibb xidmətinin rəisi olmuşdur. Həmçinin, vətənpərvər ruhda böyüdülmüş qardaşı X1 xüsusi təyinatlı qüvvələrin tibb xidmət rəisi olmuş, həm qazi, həm də müharibə veteranıdır. Odur ki, cavabdeh Bakı şəhəri Xətai RİH tərəfindən pozulmuş hüquqları məhkəmə qaydasında qorunmaqla bərpa edilməlidir. Məhz bu səbəbdən də, onun ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış yerim üzrə güzəştli mənzil növbəsinə alınması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai RİH-in üzərinə qoyulmasına dair müvafiq qərar qəbul edilməlidir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən, hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 60, 71-ci maddələrinə, «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə, İPM-in 14.3, 33.1, 68.2, 73.1, 75-ci maddələrinə əsaslanaraq, iddiaçının ehtiyatda olan hərbçi kimi yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai RİH-in üzərinə qoyulmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Xətai RİH-in iddia ilə bağlı məhkəməyə ünvanlanmış 7 iyul 2022-ci il tarixli məktubunda bildirilir ki, Xətai RİH iddia tələbi ilə razı deyil. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş (xidməti mənzillərdə yaşayan və yaşayış sahəsi olmayan) ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin (seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından) mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Araşdırma zamanı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilmiş 1 mart 2022-ci il tarixli ix/2290201 nömrəli arayışa əsasən ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin alınması üçün iddiaçıya fondun vəsaiti hesabına 45.000 manat məbləğində güzəştli ipoteka krediti verilmiş və eyni zamanda mülkiyyətində Cəlilabad rayonu, Kürdlər kəndində yerləşən 0.44 ha həyətyanı torpaq sahəsi aşkarlanmışdır. Yuxarıda qeyd edilənlərə və qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə görə mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: (53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə, (53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə, (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ikinci bəndinin birinci hissəsinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin bəndin üçüncü hissəsinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmin bəndin üçüncü hissəsinə əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 4.6.9-cu bəndinə görə əlillərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlillərin reabilitasiya proqramlarının icrasına və əlillərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. Həmin Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. İş materiallarına surəti əlavə olunan Azərbaycan Respublikasının İpoteka və Kredit Fondunun İddiaçı ünvanlanmış 1 mart 2022-ci il tarixli məktubunda bildirilir ki, Sizinlə (İddiaçı ilə) "xxxx" ASC arasında bağlanmış 31 oktyabr 2014-cü il tarixli 013İKX/14 saylı kredit müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinin alınması üçün Sizə Fondun vəsaiti hesabına 45.000 manat məbləğində güzəştli ipoteka krediti verilmişdir. Həmin kredit üzrə borc qalığınız xx.xx.2022-ci il tarixə 35.592,22 manat təşkil edir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 26 fevral 2022-ci il tarixli “Daşınmaz əmlakın dövlət reyestrindən arayış”ın surətindən görünür ki, İddiaçı adına Respublika ərazisi üzrə 17 fevral 2022-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətə əsasən aşağıdakı daşınmaz əmlaklar aşkar edilmişdir: 1) ünvan 4 (Daşınmaz Əmlakın Dövlət Reyestrindən məlumat); Cəlilabad rayonu, Kürdlər kəndində yerləşən 0,44 ha həyətyanı torpaq sahəsi (ləğv edilmiş DTXKnın təqdim etdiyi tam olmayan elektron məlumatlar bazası). Göründüyü kimi, inzibati icraatda araşdırça zamanı iddiaçının mülkiyyətində iki daşınmaz əmlakın mövcudluğu aşkar edilmişdir. Həmin əmlaklardan biri torpaq sahəsi olsa da, digəri Bakı şəhərinn Xətai rayonu ərazisində mənzildir, yəni yaşayış sahəsidir. Məhkəmə qeyd edir ki, Cəlilabad rayonunda yerləşən torpaq sahəsi yaşayış sahəsi sayıla bilməz, lakin Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 92 saylı evin 120 saylı mənzili iddiaçının hazırkı yaşayış yeridir. Diqqət çəkən məqam ondan ibarətdir ki, iddiaçı həmin mənzili hərbi qulluqçu kimi ona verilmiş güzəştli kredit vasitəsilə əldə etmişdir. Məhkəmənin qənaətinə görə İddiaçı ona yaşayış sahəsi ilə təmin olunma məqsədi ilə "xxxx" ASC tərəfindən verilmiş güzəştli kreditlə yaşayış sahəsi əldə etdiyindən, o, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində uçota götürülə bilməz. cavabdeh Xətai RİH-in imtinası qanuna zidd sayıla bilməz. İPM-in 68-ci məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Xətai RİH-ə qarşı «iddiaçının ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi» tələbinə dair iddiası əsaslı olmadığından, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai RİH-ə qarşı «iddiaçının ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-8218/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8218/2022
16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver