Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8219/2021 29.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakları ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla icra sənədinin icrasının dayandırılmasının həvalə edilməsi və s. tələbinə dair iddia ərizəsi üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla icra sənədinin icrasının dayandırılmasının həvalə edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin üzərinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29.10.2013-cü il tarixli, 2(011)-3886 saylı icra sənədinin birinci hissəsi üzrə əsas borclular "xxxx" MMC və onunla birgə məsuliyyət daşıyan Abbasov Temuraz Məmməd oğlu hissəsində məcburi icra hərəkətlərinin aparılması; icra sənədinin əsas borclular "xxxx" MMC və Abbasov Temuraz Məmməd oğlu hissəsində məcburi icra hərəkətləri aparılana qədər, icra sənədinin İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Nizami rayonu, Qara-Qarayev prospekti 82a saylı evin 5 nömrəli mənzilindən çıxarılması hissəsində icrasının dayandırılması öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Xətai Rayon Məhkəməsi "xxxx" ASC-nin "xxxx" MMC-dən, Abbasov Temuraz Məmməd oğlundan kredit borcunun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair iddiası üzrə 29.10.2013-cü il tarixdə 2(011)-3886 №li qətnamə qəbul etmişdir. Qətnamə qüvvəyə minərək, icraya yönəldilmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş icra sənədi Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsi tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla həyata keçirilmişdir. Belə ki, icra sənədinin birinci hissəsinə görə borc əsas borclular "xxxx" MMC-dən və onunla birgə məsuliyyət daşıyan Abbasov Temuraz Məmməd oğlundan tutulmalıdır. Bakı şəhər Nizami rayon İcra və probasiya şöbəsi tərəfindən icra sənədinin tələbi bu hissədə icra olunmadan digər hissələrdə subsidiar məsuliyyət daşıyan ipoteka qoyan barəsində icra icraatına başlamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası 29 iyul 2021-ci il tarixə təxirə salınmışdır. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 ayrı-ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iş materiallarını araşdıraraq və iddiaçıların izahatlarını dinləyərək, hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki; - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29.10.2013-cü il tarixli 2(011)-3886/2013 saylı qətnaməsi ilə "xxxx" MMC-dən və Abbasov Temuraz Məmməd oğlundan birgə qaydada 28.12.2011-ci il tarixli 01 saylı kredit müqaviləsi üzrə 127.500 ABŞ dolları əsas borc, 41187,79 ABŞ dolları faiz borcu, cəmi məbləği 168.687,79 ABŞ dollarının, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 62 manat və 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması; tələbin ipotela qoyulmuş İddiaçı1 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara-Qarayev prospekti 82 a saylı evin 5 nömrəli mənzilinə və X2 məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, M.Hadi küçəsi 64 saylı evin 76 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun "xxxx" ASC-yə ödənilməsi; mənzillər satıldıqdan sonra 1 ay ərzində X3 və X1 Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, M.Hadi küçəsi 64 saylı evin 76 nömrəli mənzilindən və İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Nizami rayonu, Qara-Qarayev prospekti 82 a saylı evin 5 nömrəli mənzilindən çıxarılmaları qət edilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qətnamə üzrə icra vərəqəsi verilərək, icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və sonuncu tərəfindən 29.11.2018-ci il tarixli qərarı ilə icraata başlanılmışdır. Hazırda iddiaçılar Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin üzərinə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən çıxarılmış məhkəmə qətnaməsinin icrası ilə bağlı verilmiş icra sənədinin borcluların növbəlilik qaydasında icra olunması və onlara aid hissədə icra hərəkətlərinin dayandırılması öhdəliyinin qoyulmasını xahiş edirlər. Məhkəmə iddiaçıların hazırkı tələbinə hüquqi qiymət verilməsi ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarına istinad edilməsini zəruri hesab edir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-cı maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibatı-iqtisadı məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1 -ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Bundan əlavə Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında'' Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası inzibati Prossesual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxılır. Konstitusiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” qərarında isə göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxlında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Həmin Qərarda qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Bundan əlavə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla icra sənədinin icrasının dayandırılmasının həvalə edilməsi və s. tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-8219/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8219/2021
29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver