Məhkəmə qərarları › İş №2-1(112)-822/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-822/2020

08.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-822/2020 08.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X2 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı cavabdehin qanunsuz hərəkətlərinin qarşısını almaqla onların üzərinə onun xx.xx.2010-cu il tarixdən bu günə kimi 23.2, 23.3-cü maddələrinə görə ildə bir dəfə olmaqla 4 aylıq maaş həcmində və müharibə veteranı kimi xx.xx.2011-ci ildən xx.xx.2019-cu ilə kimi verilməli olan aylıq veteran pulunun birdəfəlik onun kart hesabına köçürülməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun 23.2 və 23.3-cü maddələrinin ona münasibətdə 040.3.2010-cu il tarixdən tətbiq edilməklə pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik şəkildə ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1979-cu ildən Daxili İşlər Nazirliyinin Penitensiar Xidmətinə işə qəbul olmuşdur. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən xx.xx.2010-cu ildə pensiyaya çıxana kimi müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 499 saylı Fərmanı ilə hərbi qulluqçular və Xüsusi Rütbəli Şəxslərə pensiya təminatı ilə bağlı bütün funksiyalar Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə həvalə edilmişdir. Hal-hazırda bütün bu əməliyyatlar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən yerinə yetirilir. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçiləri də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunublar. Ədliyyə orqanlarının işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində bir dəfəlik müavinət verilir. Bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən pensiyaçılara maddi yardım verilməz cavabı verilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikasının “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun iddiaçının istinad etdiyi maddələrində deyilir: 23.2.Ədliyyə orqanlarında işçilərin (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibbi xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. 23.3. Ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı həcmində müavinət verilir. Göründüyü kimi, sadalananlardan yalnız birincisi – tibbi xidmət, həm də pensiyaya çıxmış işçilərə aiddir, digərləri isə yalnız işləyən ədliyyə orqanları işçilərinə aiddir. Deməli, iddiaçı hər bir halda, ədliyyə orqanı işçisi olmuş olsa idi belə, hazırda pensiyada olduğu üçün yalnız tibb xidməti tələb edə bilərdi. Lakin aydın məsələdir ki, bu tibbi xidməti də təmin etmək cavabdehin öhdəliyi deyil, buna görə də, həmin tələblərlə bağlı cavabdeh qismində işə cəlb oluna bilməzdi. İddiaçı digər tələblərlə bağlı olaraq da, işə cavbdeh qismində cəlb oluna bilməzdi. Çünki ədliyyə orqanları işçilərinə müavinətlərin ödənilməsi cavabdehin səlahiyyətinə aid deyil. Beləliklə, aydın olduğu kimi, həmin tələblərin cavabdehə qarşı irəli sürülməsi tamamilə əsassızdır və həmin tələblər cavabdehə münasibətdə mümkünsüzdür. Bundan əlavə, iddiaçının həmin tələblərin irəli sürülməsi ilə bağlı subyektiv hüququ da yoxdur. Çünki, iddiaçı adi ədliyyə orqanı işçisi kimi deyil, xüsusi rütbəsi olduğu üçün, hərbi qulluqçu kimi pensiyaya çıxmışdır. İddiaçı hərbi qulluqçu hesab edilir və ona “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqq verilməsi” Qaydalarında ədliyyə orqanları işçiləri üçün nəzərdə tutulmuş qaydada əlavə haqq hesablana bilməz. Qeyd olunanlara görə də, iddiaçıya 04 mart 2010-cu il tarixindən etibarən pensiya “Əmək pensiyaları haqqında” Qanunun 20.1.14-cü maddəsinə əsasən (ədliyyə qulluqçusu kimi) deyil, ədliyyə baş giziri rütbəsinə görə 20.14.1-ci maddəsinə əsasən, Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən təqdim olunmuş 16 mart 2010-cu il tarixli, 2120 nömrəli məlumat vərəqəsi ilə, təminat xərcliyi əsasında təyin olunmuşdur. İddiaçı da, bunu heç bir zaman mübahisələndirməmişdir. İddiaçı ona hərbi qulluqçu kimi deyil, ədliyyə qulluqçusu kimi pensiya təyin edilməli olmasını mübahisələndirirdisə, o zaman öncə pensiyanın ilkin təyinatını mübahisələndirməli idi. Hazırki halda, hərbi qulluqçu kimi pensiya aldığı bir zamanda, iddiaçının eyni zamanda, ədliyyə qulluqçusu kimi hər hansı əlavələri tələb etməklə bağlı, ümumiyyətlə, subyektiv hüququ yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçınınmülahizəsini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 17637101 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. İşdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçı və bir qrup şəxs tərəfindən kollektiv surətdə cavabdehə ərizə ilə müraciət edilərək “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun 23.2 və 23.3-cü maddələrinin onlara münasibətdə şamil edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən onların müraciətlərindən imtina edilmişdir. İşdə olan pensiya işinin surətindən müəyyən edilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən 16 mart 2010-cu il tarixdə göndərilmiş “məlumat vərəqəsi”nə əsasən iddiaçı ədliyyə baş giziri rütbəsi, 46 il 09 ay 07 gün xidmət ili ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı MTCM-nin böyük nəzarətçisi vəzifəsindən xx.xx.2010-cu il tarixdə tərxis olunmuş, ona 614 manat məbləğində təminat xərcliyi hesablanmışdır. Təminat xərcliyində iddiaçının hazırda tələb etdiyi müavinətlər qeyd olunmamışdır. Həmin məlumat vərəqəsinə əsasən ona xx.xx.2010-cu il tarixdən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən ömürlük pensiya təyin edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı hazırki iddiasında “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun 23.2 və 23.3-cü maddələrində nəzərdə tutulmuş əlavələr nəzərə alınmaqla, pensiyasının xx.xx.2010-cu il tarixdən yenidən hesablanmasını xahiş edir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin normalarına əsasən iddianı əsassız hesab edir: Belə ki, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli, 19-İİİQD saylı Qanununun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 saylı qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara – Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin “Qaydalar”ın 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədilə bu il bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azəbraycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İstinad olunan normaların tələblərindən göründüyü kimi, xüsusi rütbəli şəxslərin əmək pensiyası, xidmət etdikləri orqanlar tərəfindən cavabdehə təqdim olunmuş məlumat vərəqi əsasında yenidən hesablanır. Hazırki halda, iş materiallarına əlavə edilmiş, iddiaçının adına açılmış pensiya işinin materiallarından aydın olur ki, Azərbaycan Respublikası Penitensiar Xidməti tərəfindən iddiaçının adına yenilənmiş məlumat vərəqi 16 mart 2010-cu ildə cavabdeh inzibati orqana təqdim edilmişdir. Həmin məlumat vərəqəsində hazırda iddia olunan müavinətlər nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə sübutların məcmusuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2 və 23.3-cü maddələrində nəzərdə tutulmuş müavinətlər nəzərə alınmaqla, iddiaçının pensiyasının xx.xx.2010-cu il tarixdən yenidən hesablanması üçün maddi hüquqi olmadığından, bununla da, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X1 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki,iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar