Məhkəmə qərarları › İş №2-1(112)-822/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-822/2023

11.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-822/2023 11.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxs X5 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 10 yanvar 1995-ci il tarixli 9/13 saylı sərəncamı ilə ayrılmış Xəzər rayonunun Qala qəsəbəsində 57 №-li sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahə üzərində üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 10 yanvar 1995-ci il tarixli 9/13 saylı sərəncamı ilə iddiaçıya Xəzər rayonunun Qala qəsəbəsində 57 №-li sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin 1995-cı illərdə maddi imkanlarının olmaması səbəbindən qərarda göstərilən evi tikə və tamamlaya bilməmişdirlər. Bu ilin yanvar ayında torpaq sahəsinə çıxarış almaq üçün AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 09 fevral 2022-ci il tarixdə **********69 nömrəli cavab məktubu ilə çıxarışın verilməsindən imtina edilmişdir. Çıxarışın verilməsinin imtinasını onunla cavabdeh əsaslandırmışdır ki, iddiaçıya ayrılmış torpaq sahəsi Qala sovxozunun ərazisində yerləşir, imtinanın səbəbləri barədə 28 fevral 2014-cü il tarixli məktubla verilib. Həmin vaxtı verilən məktub barədə iddiaçı hər hansı məlumata malik deyil və cavabdeh AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin bu cür qüsurlu cavab verməsi bir vətəndaş kimi hüququnu pozur. Cavabdeh AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 10 yanvar 1995-ci il tarixli 9/13 saylı Sərəncamı ilə iddiaçıya Xəzər rayonunun Qala qəsəbəsində 57 №-li sahədə fərdi yaşayış evi tikmək üçün ayrılmış 1200 kv.m torpaq sahəsinə torpağı dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışın verməməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, göstərilən torpaq sahəsi Qala sovxozunun ərazisində yerləşir. Həmçinin torpaq sahəsinin sənəd üzrə sahəsi 1200 kv.m olmasına baxmayaraq, faktiki sahə 1180 kv.m-dir. Bundan başqa iddia tələbində qeyd olunan Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 9/13 saylı sərəncamı əsasında İddiaçı adına 59 saylı torpaq sahəsi xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatdan keçmişdir. **********55 reyestr nömrəli 59 saylı torpaq sahəsi hazırda X8 xüsusi mülkiyyətindədir. Həmçinin, iddiaçı tərəfindən göstərilən faktiki sahə hazırda digər fiziki şəxs olan X3 adına Bakı Şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Q- 124 saylı baq sahəsi kimi dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa xx.xx.2014-cü il tarixli, **********84 nömrəli və xx.xx.2022-ci il tarixli, **********69 nömrəli cavab məktubları ünvanlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri təqdim edildiyi təqdirdə torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6642/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə X13, X18, X19 və X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X13, X18, X19 və X3 üçüncü şəxs qismində prosessual iştiraklarına xitam verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1995ci il tarixli 9/13 saylı sərəncamı ilə ayrılmış Xəzər rayonu Qala qəsəbəsində 57 nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün 1175 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakı dövlət reyestrində qeydiyyatdan keçirilərək iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X5 vəkili və nümayəndəsi Vəkil və üçüncü şəxs X18 iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı hər hansı iddialarının olmadığını qeyd edərək iddianın təmin edilib-edilməmə məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli BA-01498-2022 nömrəli məktubu ilə təqdim edilmiş Bakı Şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli, 9/13 nömrəli sərəncamından görünür ki, İddiaçı Xəzər rayonunun Qala qəsəbəsində 57 №-li sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Evin tikintisi təsdiq edilmiş 145-000-129c tipli layihə əsasında aparılması qərara alınmışdır (İcra başçısı İ.Fərəcov). İş materiallarına əlavə edilmiş torpaq sahəsinin yerləşmə cizgisinin surətindən görünür ki, Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 9/13 saylı xx.xx.1995-ci il qərarı ilə Qala qəsəbəsində İddiaçı ayrılmış 57 saylı sahənin cizgisi və xəritədən çıxarışı Xəzər rayon İcra Hakimiyyətinin Rayon Təsərrüfatı şöbəsinin memarı T.Zeynalov və Xəzər rayon İcra Hakimiyyəti Başçısının Qala İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi M.Hüseynovun imzası və möhürü ilə təsdiq edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli BA-02652-2022 saylı məktubunda bildirilmişdir ki, keçmiş Əzizbəyov RİH (indiki Xəzər İH) arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli 9/13 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda hər hansı dəyişikliklərin aparılması və ya ləğv edilməsi barədə məlumat Dövlət Arxivinin Bakı filialında yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********15 nömrəli məktubunda bildirilmişdir ki: 59 saylı sahə ilə bağlı: - ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi keçmiş Əzizbəyov Rayon icra Hakimiyyəti başçısının 9/13 nömrəli xx.xx.1995-ci il tarixli sərəncamına əsasən xx.xx.2015ci il tarixdə İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir. -Bakı şəhər 49 saylı DNK-nın 4Ə-2 reyestr nömrəli xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdə X20 adına qeydiyyatdan keçmişdir. -Bakı şəhər 50 saylı notariat ofisinin 4Ə-1275 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 16.10 2020-ci il tarixdə X8 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 57 saylı sahə ilə bağlı: -ünvan 2 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair keçmiş Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 1525 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamına və N- 45 nömrəli xx.xx.2005-ci il tarixli məktubuna əsasən X13 və onun ailə üzvlərinin adlarına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-28190D KOD 00304016 nömrəli xx.xx.2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. -Bakı şəhər 7 saylı DNK-nın 4Ə/1-94 reyestr nömrəli xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən torpaq sahəsinin 0.05 ha hissəsi xx.xx.2018-ci il tarixdə X10, yerdə qalan 0.07 ha hissəsi xx.xx.2018-ci il tarixdə X5 adına qeydiyyatdan keçmişdir. -Hazırda ünvan 2 ünvanında yerləşən 0.07 ha torpaq sahəsi X5, 57H saylı sahə ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi (Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, E.Hüseynov küçəsi, ev 24C) X10 mülkiyyətlərindədir. Q-124 saylı sahə ilə bağlı: -ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi xx.xx.2007-ci il tarixdə X11 adına ilkin qeydiyyatdan keçmişdir. -Bakı şəhər 19 saylı notariat kontorunun 4Ə-135 reyestr nömrəli xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdə X7 adına qeydiyyatdan keçmişdir. -Bakı şəhər 19 saylı notariat kontorunun 4Ə-465 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmin məktubla göndərilmiş ilkin hüquqmüəyyənedici sənədlərdən görünür ki: - Bakı Şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli, 9/13 nömrəli sərəncamından görünür ki, İddiaçı Xəzər rayonunun Qala qəsəbəsində 59 №-li sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Evin tikintisi təsdiq edilmiş 185-000-İİİc tipli layihə əsasında aparılması qərara alınmışdır. (İcra başçısı K.İslamov) --Bakı Şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli, 1892 nömrəli sərəncamından görünür ki, X14 Qala qəsəbəsində Q-124 №-li sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. -DTXK Bakı şəhər Şöbəsinin JN-28190D KOD 00304016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X13, X21 və X1 rayon İH-nin xx.xx.2020-ci il tarixli 1525 saylı sərəncamı və xx.xx.2005-ci il tarixli N-45 saylı məktubu ilə 0.12 ha ölçüdə 57 saylı sahədə torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün mülkiyyətinə verilib. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli BA-01498-2022 nömrəli məktubu ilə təqdim edilmiş Bakı Şəhəri Əzizbəyov Rayon İcra Hakimyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, 1525 nömrəli sərəncamından görünür ki, X16 Xəzər rayonunun Qala qəsəbəsində 57 №-li sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Evin tikintisi təsdiq edilmiş 145-000-129c tipli layihə əsasında aparılması qərara alınmışdır (İcra başçısı K.İslamov). Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********97 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyində bildirilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 1200,0 kv.m olsa da, faktiki olaraq hasar daxili 1175,0 kv.m təşkil edir. Göstərilən 1175,0 kv.m olan torpaq sahəsi keçmiş Qala 3-nömrəli Zeytunçuluq sovxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Sözügedən sahə ilə bağlı digər fiziki şəxsin ********** nömrəli ərizəsi daxil olmuşdur. Sahələr eynilik təşkil etməklə üst-üstə düşür. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubu ilə göndərilmiş ********** nömrəli müraciətlə bağlı təqdim edilmiş xx.xx.2022-ci il tarilxi hüquqların qeydiyyata alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, X26 Xəzər rayonu Qala qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciətinə baxılmış və bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi 3 saylı Qala Zeytunçuluq sovxozunun ərazisində yerləşir. Həmçinin, qeyd edilən torpaq sahəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin icraatında 2- 1(112)-6642/2022 saylı inzibati iş mövcuddur. Bundan başqa, təqdim edilən Xəzər (Əzizbəyov) rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 08 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyinə qeydiyyat orqanının ciddi şübhəsinin olması səbəbindən Xəzər rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli 172 saylı məktubda bildirilmişdir ki, Xəzər (Əzizbəyov) RİHB-nın 8 saylı xx.xx.1995-ci il tarixli sərəncamına əsasən R.Q.Hacıyevə ayrılmış torpaq sahəsi ilə bağlı RİH tərəfindən verilmiş cizgi və xəritədən çıxarış həqiqətə uyğun sayılmır. Qeyd olunan səbəblərdən məsələnin araşdırılması məqsədi ilə hüquq mühafizə orqanlarına müraciət olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-12/2-686/2023 nömrəli məktubunda bildirilmişdir ki, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 59 saylı sahədə İddiaçı fərdi yaşayış evi tikmək üçün 1200 kv.m ayrılması ilə bağlı Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 9/13 saylı sərəncamının İ.Fərəcov və ya G.İslamov tərəfindən imzalanması zərurəti ilə bağlı Xəzər RİH başçısı haqqında məlumat verilməsi barədə 2-1(112)-822/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunuza Xəzər Rayon İcra Hakimiyyətində baxılmışdır. Bildiririk ki, G.İslamov Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə xx.xx.1995-ci il tarixində təyin olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********67 nömrəli məktubunda bildirilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 1200,0 kv.m olsa da, faktiki olaraq hasar daxili 1175,0 kv.m təşkil edir. Faktiki olaraq göstərilən 1175,0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. XY

1. 430459.861 4478429.231

2. 430480.253 4478408.922

3. 430452.463 4478380.152

4. 430431.059 4478400.855 Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyətidir. Sahənin hər hansı mühafizə zolağına düşməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Həmçinin sahənin qeydiyyatı ilə bağlı məlumat aşkar edilmədi. Bundan əlavə olaraq bildiririk ki, göstərilən torpaq sahəsinə dair digər fiziki şəxsin (X23) müraciəti olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının İ Müavinin xx.xx.2023-cü il tarixli, 5-12/2-1213/2023 nömrəli məktubunda bildirilmişdir ki, Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 9/13 saylı Sərəncamı ilə İddiaçı ayrılmış 57 saylı torpaq sahəsinin yerləşmə cizgisi İddiaçı Xəzər Rayon İcra Hakimiyyətinə daxil olmuş ərizəsi əsasında Qala qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinə uyğun olaraq hazırlanmış və təsdiq edilərək vətəndaşa təqdim olunmuşdur. Sözügedən torpaq sahəsinə aid cizginin hüquqi qüvvədən düşməsi barədə RİH-nə hər hansı məlumat daxil olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********08 nömrəli məktubunda bildirilmişdir ki, təqdim edilmiş cizgidə mərkəz koordinat qeyd olunmamışdır. Həmçinin istinad məsafələrində fərqlər mövcuddur. Bu səbəblərdən sənədin göstərilən sahəyə aid olub-olmamasının müəyyənləşdirmək mümkün olmamışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********69 nömrəli imtina məktubda qeyd edilmişdir ki, ayrılmış torpaq sahəsi Qala sovxozunun ərazisində yerləşir. Həmçinin, qeyd olunan məsələ ilə bağlı müraciətinizə **********84 nömrəli xx.xx.2014-cü il tarixli məktubla cavab verilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Hazırkı iş üzrə iddiaçı Bakı şəhəri, Xəzər rayonu Qala qəsəbəsində 57 nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün ayrılmış 1175 kv.m torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini mübahisələndirir. Cavabdehin müraciətin təminindən imtinasının, eləcə iddia tələbinə etirazın əsasları aşağıdakılardır: -Göstərilən torpaq sahəsi Qala sovxozunun ərazisində yerləşir. -Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 9/13 saylı Sərəncamı əsasında İddiaçı adına 59 saylı torpaq sahəsi xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatdan keçmişdir. -İddiaçı tərəfindən göstərilən faktiki sahə hazırda digər fiziki şəxs olan X3 adına Q- 124 saylı baq sahəsi kimi dövlət reyestrindən qeydiyyatdan keçmişdir. -Sözügedən sahə ilə bağlı digər fiziki şəxsin ********** nömrəli ərizəsi daxil olmuşdur. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina dəlillərini əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: -2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar hüququn qeydiyyatı üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə sərəncamları torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə məhkəmə icraatında tədqiq olunmuş materiallardan görünür ki, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli, 9/13 nömrəli sərəncamı ilə İddiaçı Xəzər rayonunun Qala qəsəbəsində 57 №-li sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Sözügedən qərarla iddiaçıya ayrılmış 57 saylı sahənin naturada yerləşmə cizgisi tərtib edilmiş və cizgi Xəzər rayon İcra Hakimiyyətinin Rayon Təsərrüfatı şöbəsinin memarı T.Zeynalov və Xəzər rayon İcra Hakimiyyəti Başçısının Qala İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi M.Hüseynovun imzası və möhürü ilə təsdiq edilmişdir. Məhkəmənin sorğusuna cavabında torpaqayıran qurum olaraq Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Qala qəsəbəsi ərazisində yerləşən 57 saylı torpaq sahəsinin yerləşmə cizgisinin iddiaçının ərizəsi əsasında hazırlandığını və hazırda da həmin cizginin qüvvədə olduğunu bilavasitə təsdiq etmişdir. Cavabdeh hazırkı iş üzrə iddia olunan torpaq sahəsinin Qala sovxozunun ərazisinə aid olduğunu qeyd etsə də həmin torpaq sahəsinin yerli icra hakimiyyətinin idarəçiliyinə qaytarılmış torpaq sahəsi olmaması ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Hazırkı halda Xəzər rayon İcra Hakimiyyəti iddiaçıya məhz Qala qəsəbəsi ərazisində Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli, 9/13 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin cizgisini tərtib etməklə həm adıçəkilən sərəncamın hüquqi qüvvəsini, həm də ayrılmış torpaq sahəsinin naturada sovxoz torpağı deyil, məhz yerli icra hakimiyyətinin idarəçiliyində olmuş torpaq sahəsi olduğunu qəbul etmişdir. Əksini iddia edən hal isə cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Cavabdehin digər imtina dəlili-Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 9/13 saylı sərəncamı əsasında İddiaçı adına 59 saylı torpaq sahəsinin qeydiyyat alınması dəlili, eləcə də məhkəmə icraatı gedişində aşkar olunmuş 57 saylı sahənin Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli, 9/13 nömrəli sərəncamı ilə X16 ayrılmış olması ilə müəyyən olunmuş hal hazırkı halda iddiaçının istinad etdiyi sərəncamın mötəbərliliiyinə şübhə etməyə əsas vermir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının iddia etdiyi xx.xx.1995-ci il tarixli, 9/13 saylı sərəncam Qala qəsəbəsində cavabdehin qeyd etdiyi kimi 59 saylı ilə bağlı deyil, 57 saylı torpaq sahəsi ilə bağlıdır və həmin sərəncamın əsli Dövlət Arxivinin Bakı Filialında mövcuddur. İddiaçının təqdim etdiyi xx.xx.1995-ci il tarixli, 9/13 saylı sərəncam Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısı İ.Fərəcov tərəfindən imzalanmışdır. Məhkəmə sorğusu ilə Dövlət Arxivinin Bakı Filialına təhvil verilmiş Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının həmin tarixdə (xx.xx.1995-ci il) qeydiyyata alınmış sərəncamların qeydiyyat kitabının 2-ci səhifəsində İddiaçı ayrılmış 9/13 nömrəli sərəncamı ilə yanaşı əlavə olaraq sərəncamlar verilmiş 26 nəfərin adına adlı siyahısı təqdim edilmişdir. Sözügedən səhifədəki adlı siyahıda öz əksini tapan bir neçə nəfərə aid sərəncamların arxivdə olan nüsxələrinin surəti əldə edilmiş və təqdim edilən sərəncamların (X17 adına 9/11 saylı, X2 adına 9/12 saylı, X6 adına olan 9/14 saylı) xx.xx.1995-ci ildə icra başçısı İ.Fərəcov tərəfindən imzalandığı öz əksini tapmışdır. Eyni zamanda indiki Xəzər rayonu İcra Hakimiyyətinin sorğuya cavabında G.İslamovun Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə xx.xx.1995-ci il tarixində təyin olunduğu bildirilmişdir. Beləliklə, iddiaçıya 57 saylı sahədə torpaq sahəsinin ayrılması barədə xx.xx.1995ci il tarixli, 9/13 saylı sərəncamı həmin vaxt səlahiyyətli icra başçısı tərəfindən qəbul edildiyi öz təsdiqini tapmışdır. Odur ki, cavabdehin istinad etdiyi iddiaçının adına eyni tarixdə verilmiş sərəncam hazırkı iş üzrə iddiaçının iddia etdiyi 57 saylı torpaq sahəsinə qeydiyyata əsas verən hüquqmüəyyənedici sənədin mötəbərliliyini istisna etmir. Bundan əlavə, Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, 1525 nömrəli sərəncamı ilə 57 saylı sahənin X16 ayrılmasına gəlincə qeyd edilməlidir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə X16 ayrılmış və 57 saylı torpaq sahəsi kimi qeydiyyata alınaraq hazırda X13 və X10 mülkiyyətində olan torpaq sahələri eyni nömrəli torpaq sahələri olsalar da lakin faktiki olaraq eyni torpaq sahələri deyil, naturada bir-birindən fərqli ərazidə yerləşməklə bir-biri ilə üst-üstə düşmür. Eyni zamanda cavabdeh etirazında iddiaçının iddia etdiyi torpaq sahəsinin faktiki X3 adına Q-124 saylı torpaq sahəsi kimi dövlət reyestrindən qeydiyyatdan keçdiyini bildirsə də məhkəmə icraatı gedişində idarənin mütəxəsissləri tərəfindən yerində baxış edilərək torpaq sahəsinin faktiki ölçüləri, yerləşmə koordinatları müəyyən edilmiş, göstərilən sahənin “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətində olduğu, torpaq sahəsinin xüsusi mülkiyyət kimi qeydiyyata alınmadığı bildirilmişdir. Beləliklə, iddia olunan torpaq sahəsi boş torpaq sahəsi olmaqla hər hansı fiziki və ya hüquqi şəxsin adına adına qeydiyyatdan keçməmişdir. İddiaçının torpaq sahəsinə olan hüquqmüəyənedici sənədlər üçüncü şəxslərin adlarına verilmiş sənədlər, eləcə də naturada yerləşməsinə görə eynilik təşkil etmir. Bundan əlavə sözügedən torpaq sahəsinə qeydiyyatla bağlı başqa bir şəxsin (X31) müraciəti olsa da cavabdeh müraciət edən şəxsin təqdim etdiyi torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyinə ciddi şübhə əsası ilə hüquqların qeydiyyatından imtina etmiş, eyni imtina əsasını isə iddiaçıya münasibətdə bildirməmişdir. Beləliklə, iddiaçının təqdim etdiyi torpaqayırma sənədləri (sərəncam və yerləşmə cizgisi) qüvvədə olmaqla həmin sənədlərin məhkəmə icraatında mötbərliliyini istisna edəcək hər hansı hala rast gəlinməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 9/13 saylı sərəncamı ilə ayrılmış Xəzər rayonu Qala qəsəbəsində 57 nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün 1175 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə ediıməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 9/13 saylı sərəncamı ilə ayrılmış Xəzər rayonu Qala qəsəbəsində 57 nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün 1175 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar