Məhkəmə qərarları › İş №2-1(112)-8221/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8221/2021

30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8221/2021 30.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Bakı Cavabdeheydiyyat şöbəsinə qarşı X7 barəsində Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 939 saylı 31.05.2005-ci il tarixli akt qeydinin ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək 21.05.2005-ci il təvəllüdlü oğlu X7 barəsində Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 939 saylı 31.05.2005-ci il tarixli akt qeydinin ləğv edilməsini tələb etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 ilə birgə nikahdan 21.05.2005-ci il tarixdə doğulan oğlu X6 doğumu Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 939 saylı 31.05.2005-ci il tarixli akt qeydi ilə qeydə alınmışdır. Qeydiyyat zamanı uşağın soyadi Heybətli, doğum yeri isə Bakı yazılmışdır. Onlar Rusiya Federasiyasında olarkən 06.08.2005-ci il tarixdə 584 saylı akt qeydi ilə Rusiya Federasiyası Dağıstan Respublikasi Dərbənt şəhərində oğlu İslamın doğumunu yenidən qeydə aldırıblar. Bu qeydiyyat zamanı uşağın soyadı Heybətov, doğum yeri isə Dərbənt yazılmışdır. Oglu X7ə məxsus hüquqmüəyyənedici sənədlər, o cümlədən də Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi Rusiya Federasiyası Dağıstan Respublikasi Dərbənt şəhərində alınan doğum haqqında şəhadətnaməyə əsasən verilmişdir. Həmin şəhadətnaməyə əsasən X7 hələ uşaq yaşlarından Bakı şəhərində poliklinikada qeydiyyatdadır və uşaq bağçasında təhsil almış və hazırda da Bakı şəhəri Mikayıl Müşviq adına 18 nömrəli tam orta məktəbin 10-cu sinfində təhsil alır. Bakı şəhəri Nəsimi rayon MKTB-nin 59 saylı MKİS-nin mart 2021-ci il tarixli arayışından da görünür ki, X6 Bakı şəhəri Nəsimi rayonu Mərdanov qardaşları döngə ev 3-də mənzilində qeydiyyatsız yaşayır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinin ilkin hərbi qeydiyyata alınma haqqında İQ 349614 nömrəli vəsiqəyə əsasən oglu X7 04.02.2021-ci ildə tibbi komissiyadan keçmiş və hərbi xidmətə yararlı sayılmaqla həmin idarədə hərbi qeydiyyata alınmışdır. Oğlu İslama məxsus Azərbaycan Respublikasının AА1714302 seriyalı şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti 20.05.2020-ci il tarixdə başa çatmışdır. Oğlum İslamın doğumu haqqında Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsində və Dağıstan Respublikasi Dərbənt şəhəri qeydiyyat şöbəsində qeydə alınmış akt qeydlərində uşağın soyadı və dogum yeri fərqli formada oldugundan bu ona aid sənədləşmə işlərinin aparılmasını çətinləşdirir, ona şəxsiyyət vəsiqəsi verilmir. Oğlu X7 artıq yetkinlik yaşına çatır, orta təhsili bitirmək üzrədir, Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş AZ4 610487 seriyalı doğum haqqında səhadətnamədəki məlumatlarla Dərbənt şəhərində alınan doğum haqqında şəhadətnamədəki məlumatlar arasında uygunsuzluq olduğundan bu ona aid sənədləşmə işlərinin aparılmasını çətinləşdirir və şəxsiyyətini təsdiq edən sənədi ala bilməməsi onun müvafiq peşə və ali təhsil almasına, işləməsinə maneçilik törədir. Oğlu X6 Azərbaycan Respulikasının əhalisinin Dövlət Reyestrində valideynlər haqqında məlumatın əlavə edilməsi ilə bağlı 18.02.2021-ci il tarixində 1 saylı Bakı “ASAN xidmet” mərkəzi qeydiyyat şöbəsinə müraciət edib. Müraciətinə 1 saylı Bakı "ASAN xidmət" Mərkezində qeydiyyat şöbəsinin 22.02.2021- ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respulikasının Əhalisinin Dövlət Reyestrində valideynlər haqqında məlumatın əlavə edilməsi üçün xaricdə qeydə alınan doğum haqqında şəhadətnamədəki məlumatlar əlavə olunmalıdır, lakin uşağın artıq Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən AZ4 610487 seriyalı doğum haqqında şəhadətnaməsi olduğundan və Rusiya Federasiyası Dağıstan Respublikası Dərbənt şəhərində alınan doğum haqqında şəhadətnamədəki məlumatlara uyğunsuzluq olduğundan bunu etmək imkanları xaricindədir. Həmçinin həmin məktubla bildirilmişdir ki, Azerbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləgv qaydalarını müəyyən edən Əsas Müddəaların 23-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin geydlərinin ləgv olunması məhkəmənin gətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləgv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və Konsulluq idarələri tərəfindən icra edilir. Lakin uşağın AA1714302 seriyalı şəxsiyyət vəsiqəsi Rusiya Federasiyası Dağıstan Respublikası Dərbənt şəhərində alınan dogum haqqında şəhadetnaməyə əsasən verildiyindən xarici dogum haqqında akt qeydinin ləgv etməkləri mümkün deyil. Məktubda yuxarıda göstərilənlərlə bağlı Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 939 saylı 31.05.2005-ci il tarixli akt qeydinin ləğvi ilə bağlı məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. Odur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı Cavabdeheydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləgv olunması” tələbinə dair ərizə ilə Bakı şəhəri Nəsimi Məhkəməsinə müraciət edib. Nəsimi rayon məhkəməsinin 21.04.2021-ci il tarixli qərardadı ilə hesab edilmişdir ki, iddiaçı və cavabdeh arasında yaranan münasibətlər inzibati mübahisə kateqoriyasına aid olduğundan və bu tələbə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılması mümkün olmadığından həmin ərizəsinin icraata qəbul edilməsindən imtina olunması və Bakı İnzibati məhkəməsinə müraciət etmək hüququna malik olduğunun ona izah edilməsi, tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun ona geri qaytarılması qərara alınmışdır. Həmin qərardadı 2021-ci ilin iyun ayında Nəsimi rayon məhkəməsində qəbzə imza etməklə əldə edib. Qərardaddakı izaha əsasən də hazırda Bakı İnzibati Məhkəməsinə iddia ilə müraciət edir.

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi. İzatına əlavə olaraq bildirdi ki, uşaq Bakı şəhərində anadan olmuş, lakin sonradan Dağıstana köçdüklərindən orada yenidən doğum haqqında şəhadətnamə alınmışdır, hazırki iddianı qaldırmaqda məqsəd məhz uşağa şəxsiyyət vəsiqəsi əldə etməkdir. Hazırda şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmişdir və ona bildirilmişdir ki, qeyd edilən akt qeydi ləğv edilməsə, oğluna yeni şəxsiyyət vəsiqəsi verilə bilməz.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı Cavabdeheydiyyat şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 22.02.2021-ci il tarixli məktubla bildirilmişdir ki, oğlu X3 Azərbaycan Respulikasının Əhalisinin Dövlət Reyestrində valideynlər haqqında məlumatın əlavə edilməsi ilə bağlı müraciətinə baxılmışdır. Bildirilmişdir ki, 21.05.2005ci il tarixdə doğulan X4 doğumu Azərbaycan Respublikası Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 939 saylı 31.05.2005-ci il tarixli akt qeydi ilə qeydə alınmışdır. Daha sonra valideynlər 06.08.2005-ci il tarixdə 584 saylı akt qeydi ilə X2 Respublikası Dərbənt şəhərində doğumu yenidən qeydə aldırmışdırlar. Bu qeydiyyat zamanı uşağın soyadı “Heybətov” doğum yeri isə “Dərbənt" yazılmışdır. Araşdırma zamanı uşağa AA1714302 seriyalı şəxsiyyət vəsiqəsinin alındığı və bu sənədi Rusiya Federasiyası Dağıstan Respublikası Dərbənt şəhərində alınan doğum haqqında şəhadətnaməyə əsasən verildiyi müəyyən olunmuşdur. Bildirilmişdir ki, Azərbaycan Respulikasının Əhalisinin Dövlət Reyestrində valideynlər haqqında məlumatın əlavə edilməsi üçün xaricdə qeydə alınan doğum haqqında şəhadətnamədəki məlumatlar əlavə olunmalıdır, lakin uşağın artıq Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən AZ-İ 610487 seriyalı doğum haqqında şəhadətnaməsi olduğundan və Rusiya Federasiyası Dağıstan Respublikası Dərbənt şəhərində alınan doğum haqqında şəhadətnamədəli məlumatlarla uyğunsuzluq olduğundan bunu etmək imlanları xaricindədir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarın vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğvi qaydasında vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması isə məhkəmə qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Lakin uşağın AA1714302 seriyalı şəxsiyyət vəsiqəsi Rusiya Federasiyası Dağıstan Respublikası Dərbənt şəhərində alınan doğum haqqında şəhadətnaməyə əsasən verildiyindən xarici doğum haqqında akt qeydini ləğv etməkləri mümkün deyil.

5. Doğum haqqında şəhadətnamədən görünür ki, 21.05.2005-ci ildə anadan olmuş X4 doğumu doğulduğu yer Bakı şəhəri göstərilməklə 31.05.2005-ci il tarixdə 939 nömrə ilə Nəsimi rayon VVADQ şöbəsində qeydiyyata alınmış, atası İddiaçı, anası X1.

6. Doğum haqqında şəhadətnamədən görünür ki, 21.05.2005-ci ildə anadan olmuş X6 doğumu doğulduğu yer Dərbənd şəhəri göstərilməklə 06.08.2005-ci ildə 584 nömrə ilə Dərbənd şəhərində qeydiyyata alınmış, atası İddiaçı, anası X1.

7. İddiaçı İslamoviçə doğulduğu yer Rusiya Federasiyası olmaqla 16.11.2019-cu il tarixdə (etibarlılıq müddəti 20.06.2020-ci il) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etmir.

II. İddianın mümkünlüyü

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

10. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

11. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, bu Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır.

12. Həmin Qanunun 3-cü maddəsinə görə 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsində vəsiqənin seriyası və nömrəsi, vətəndaşın soyadı və adı, valideynlərinin soyadı və adı, onun doğulduğu yer və tarix, cinsi, qan qrupu, yaşadığı yer, şəxsiyyət vəsiqəsini verən orqanın adı, verilmə tarixi və şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti göstərilir, 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsində isə bu məlumatlardan başqa vətəndaşın ailə vəziyyəti və hərbi vəzifəsi, boyu, gözlərinin rəngi haqqında məlumatlar, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və fotoşəkli əlavə edilir, habelə yuxanda göstərilənlərdən fərqli olaraq, valideynlərinin soyadı və adı əvəzinə atasının adı göstərilir.

13. Həmin Qanunun 4-cü maddəsinə əsasən, şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir.

14. Məhkəmə qeyd edir ki, hazırki iddia iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsi hesab oluna bilməz (bax 3-cü bənd). Belə ki, 31.05.2005-ci il tarixli 939 nömrəli doğum haqqında şəhadətnamədə valideynlər haqqında məlumatlar olduğundan Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində əlavə məlumatların daxil edilməsi zərurəti yoxdur. İddiaçının oğlu Azərbaycan Respublikası vətəndaşıdır (bax 7-ci bənd), odur ki, ona yeni şəxsiyyət vəsiqəsinin verilməsi tələbi ilə aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına (Daxili İşlər Nazirliyinin yerli polis idarələrinə) müraciət olunmalı, şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edildiyi təqdirdə, inzibati orqanın qeyd edilən hərəkətlərindən inzibati qaydada məhkəməyə şikayət verilə bilər.

15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

16. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar