Məhkəmə qərarları › İş №2-1(112)-8221/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8221/2023

15.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8221/2023 15.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X6 üçüncü şəxs qismində cəlb edilməklə “bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının qızı və nümayəndəsi Nümayəndə2 Üçüncü şəxsin vəkili və nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısının sərəncamı ilə “Hidrotexniki” bağçılıq yoldaşlıq birliyi üzvlərinə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 50 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı 1990-cu ildə “Hidrotexnik” bağçılıq yoldaşlıq birliyi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 50 saylı bağ sahəsi ayrılmış, ad üzvlərinin siyasında qeyd olunmuşdur. Bu DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində öz əksini tapmışdır. Həmçinin 50 saylı bağ sahəsinin iddiaçıya ayrılmasına dair üzvlük kitabçası olmuşdur. Hazırda həmin bağdan istifadə edir. Bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə cavabdehə müraciət etmiş, lakin ona verilmiş imtina məktubunda bildirilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən adına ayrılmış 50 saylı torpaq sahəsi daha sonra digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hesab edir ki, həmin cavabdehin imtinası əsassızdır. Belə ki, hazırda torpaq sahəsi iddiaçının istifadəsində və mülkiyyətindədir. İddiaçıda yalnız “Hidrotexnik” bağçılıq yoldaşlığın üzvlərinin yerləşmə planı vardır. Həmin üzvlük kitabçasının arxivə verilməməsində iddiaçı məsuliyyət daşımır. İddiaçı ilə birlikdə işləyən iş yoldaşlarının çoxunun üzvlük kitabçası olmuşdur. Üzvlük kitabçasının olmaması sənədləşdirmə işlərinin həyata keçirilməsində iddiaçıya çətinliklər yaradır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddiaya etiraz edərək izahatında bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi “Hidrotexnik” b/y-nın 50 saylı bağ sahəsi xx.xx.2016-cı il tarixdən X4 mülkiyyətindədir. X6 AN-İ ******* nömrəli xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 50 saylı bağ sahəsini X1 almışdır. “Hidrotexnik” b/y-nın 50 saylı bağ sahəsi üzərində X2 mülkiyyət hüququ xx.xx.2011-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Buna əsas isə X3 “Hidrotexnik” bağçılıq-yoldaşlığı tərəfindən verilmiş 50 №-li üzvlük kitabçası və “Hidrotexnik” bağçılıq-yoldaşlığının 1990-cı il tarixli 02 №-li iclas protokolu əsas olmuşdur. Bag sahəsindəki hasarlar və yeni inşa edilmiş birmərtəbəli yaşayış evi X6 tərəfindən inşa edilib. İddiaçı tərəfindən iddia olunan sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməyib. Odur ki, iddia əsassız oldugundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən “50” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməmişdir. Bundan başqa, İdarənin arxiv məlumatlarına əsasən iddiaçının adına ayrılmış “50” saylı torpaq sahəsi daha sonra digər fiziki şəxsin adına qeyd edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, hal-hazırda X4 mülkiyyətindədir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin bir hissəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Bu barədə vətəndaşa **********52 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2023-ci il tarixli **********2 saylı imtina məktubu ilə etirazda göstərilənlər bildirilmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********66 saylı imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Hidrotexnik” bağçılıq yoldaşlıq birliyi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında İddiaçı adına 50 nömrəli bağ sahəsi qeyd edilmişdir. Lakin, İddiaçı adına sözügedən bağçılıq yoldaşlıq birliyi nəzdində 50 saylı bağ sahəsinin ayrılmasına dair sənəd (üzvlük kitabçası və s.) idarənin arxivində aşkar edilməmişdir. - İddiaçıya məxsus İT-İ ******* nömrəli xx.xx.1983-cü il tarixdə doldurulmuş əmək kitabçasından görünür ki, “Hidrotexnik” Eİİ-da işləmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********35 nömrəli məktubu ilə məhkəmə sorgusuna cavab olaraq bildirilmişdir ki, İddiaçı adına “Hidrotexnik” bağçılıq yoldaşlığının Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 50 saylı bağ sahəsinin ayrılmasına dair sənəd arxiv qovluğunda aşkar olunmamışdır. Sorğunun icrası ilə əlaqədar olaraq təqdim edilmiş: - “Hidrotexnik” bağçılıq-yoldaşlığının üzvlərinin 1990-cı ildə təsdiqlənmiş siyahısında iddiaçının adı 87 sırada göstərilmişdir. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi “Hidrotexnik” b/y-nın 50 saylı bağ sahəsi xx.xx.2016-cı il tarixdən X4 mülkiyyətindədir. - AN-İ ******* nömrəli xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X6 Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi “Hidrotexnik” b/y-nın 50 saylı bağ sahəsini X1 almışdır. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2011-cı il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi “Hidrotexnik” b/y-nın 50 saylı bağ sahəsi üzərində X2 mülkiyyət hüququ xx.xx.2011-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - “Hidrotexnik” bağçılıq-yoldaşlığı tərəfindən verilmiş 50 №-li üzvlük kitabçasından görünür ki, 600 kv.m ölçüdə 50 №-li bağ sahəsi X3 ayrılmışdır. - “Hidrotexnik” bağçılıq-yoldaşlığının xx.xx.2005-ci il tarixli iclasının 3 №-li protokolundan çıxarışdan görünür ki, dəqiqləşdirilmiş plana əsasən bağ üzvlərinin onların istifadə etdikləri sahələrə müvafiq yeni nömrələnməyə uyğun üzvlük kitabçaları verilmiş və ya onların üzərində dəyişiklik edilmişdir. - “Hidrotexnik” bağçılıq-yoldaşlığının 1990-cı il tarixli 02 №-li iclas protokolundan çıxarışdan görünür ki, 600 kv.m ölçüdə 50 №-li bağ sahəsi X3 ayrılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********36 saylı məktubu ilə göndərilmiş mütəxəssis rəyində bildirilmişdir ki, sahəyə xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və üçüncü şəxs X5 iştirakı ilə yerli baxış keçirildi. Əzizov Elman bildirdi ki, sahədəki hasarlar və yeni inşa edilmiş birmərtəbəli yaşayış evi özü tərəfindən inşa edilib. Faktiki olaraq göstərilən 878,0 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. İddiaçı tərəfindən iddia olunan sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməyib. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazinin bir hissəsi ayrıc aktından kənar, bir hissəsi isə **********67 reyestr nömrəsi ilə qeydiyyata alınaraq X4 mülkiyyətindədir (qeydiyyata alınan sahə 594,0 kv.m təşkil edir).

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vermişdir. İddiaçının tələbinin əsaslandığı hallara görə, “Hidrotexniki” bağçılıq yoldaşlıq birliyi üzvlərinin siyahısına müvafiq olaraq ona ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 50 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarış verilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6.mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş (30 oktyabr 2015-ci il 664 nömrəli Fərmanla olunmuş dəyişikliklərlə birlikdə) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Məhkəmə qeyd edir ki, cavabdehin imtinası aşağıdakılara görə əsaslıdır. Belə ki, cavabdehin imtinasının əsaslarına görə elektron kadastr məlumatlarına əsasən iddiaçının iddia etdiyi bag sahəsinin bir hissəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bir hissəsi isə bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. Həmçinin “Hidrotexnik” bağçılıq yoldaşlıq birliyi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında İddiaçı adına 50 nömrəli bağ sahəsi qeyd edilmişdir. Lakin, İddiaçı adına sözügedən bağçılıq yoldaşlıq birliyi nəzdində 50 saylı bağ sahəsinin ayrılmasına dair sənəd (üzvlük kitabçası və s.) idarənin arxivində aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Hidrotexnik” bağçılıq yoldaşlıq birliyi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında İddiaçı adına 50 nömrəli bağ sahəsinin ayrılması qeyd edilsə də, iddiaçıya 50 saylı bağ sahəsinin verilməsinə dair həmin siyahıya uygun verilmiş sənəd (üzvlük kitabçası və s.) iddiaçı tərəfindən təqdim edilməmiş, nədə ki cavabdeh orqanın arxivində aşkar edilməmişdir. Yuxarıda qeyd olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-8.0.7.-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Beləliklə də iddiaçı bag sahəsi üzərində hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsasların hər hansı biri barədə məhkəməyə sübut təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq sadalanmışdır. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər. İddiaçı isə sözügedən maddədə nəzərdə tutulmuş sənədlər toplusuna istinad etmədən mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etmişdir. Məhkəmə tərəfindən də hazırkı iş üzrə Qanunun 8-ci maddəsində təsbit edilmiş əsaslar toplusundan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Bundan başqa, iş üzrə alınmış mütəxəssis rəyində bildirilmişdir ki, torpaq sahəsinə yerli baxış keçirilərək 3-cü şəxsin hasarların və birmərtəbəli yaşayış evinin özü tərəfindən inşa edildiyi, iddiaçı tərəfindən iddia olunan sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyi və eyni zamanda vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazinin bir hissəsinin ayrıc aktından kənar, bir hissəsinin isə **********67 reyestr nömrəsi ilə qeydiyyata alınaraq X4 mülkiyyətində (qeydiyyata alınan sahə 594,0 kv.m təşkil edir) oldugu müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar qəbul olunarkən həmin tələblər nəzərə alınmalıdır. Belə olan halda hazırki işdə eyni bağ sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququ qeydiyyata alındığı üçün iddiaçının iddia tələbinin təmin edilməsi və icra edilməsi mümkün deyil. Belə ki, həmin sənəd üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçüncü şəxsin hüquqlarının məhdudlaşdırılmasına və gələcəkdə onun hüquqlarının pozulmasına səbəb ola bilər. Daşınmaz əmlakın dövlət qeydiyyatın nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən isə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, onun dövlət qeydiyyatına alınmasından imtina edilir. Bu baxımdan da məhkəmə hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Cavabdeh tərəfindən hüququnun qeydə alınması barədə ərizənin icra edilməsinin qeyri-mümkünlüyünün digər əsasları ilə bağlı məhkəmə prosessual qənaət prinsipinə uygun olaraq araşdırma aparmağı zəruri saymır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 50 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi və plan - ölçünün tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar