Məhkəmə qərarları › İş №2-1(112)-8222/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8222/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8222/2022 15.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi- X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı X5 və "xxxx" mənzil tikinti kooperatvi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 112.7 kv. metr olan daşınmaz əmlakın xx.xx.2018-ci il tarixdə oğlu X2 adına qeydə alınmasına dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilərək, onun adına yeni çıxarışın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) və üçüncü şəxs qismində X3 göstərməklə, Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 112.7 kv. metr olan daşınmaz əmlaka dair xx.xx.2018 - ci il tarixdə oğlu X2 adına qeydə alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışının ləğv edilərək, onun adına yeni çıxarışın verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 112.7 kvadrat metr olan daşınmaz əmlaka dair hüquq müəyyən edən sənədlər, onun xahişinə əsasən, oğlu X2 adına rasmiləşdirilmişdir. Həmin kooperativ binada mənzil tikilməsi haqqında müqavilə 2013-cü il tarixində onunla "xxxx" MTK arasında bağlanılmışdır. Həmin mənzilin pulu onun tərəfindən ödənildikdən sonra, xx.xx.2017-ci il tarixdə, onun - İddiaçı adına borcun tam ödənilməsinə dair "xxxx" MTK tərəfindən 98 saylı maliyyə arayışı verilmişdir. Daha sonra isə, onun yazılı olaraq müraciətinə əsasən, həmin mənzilin hüquq müəyyən edici sənədləri oğlu X2 adına rasmiləşdirilmişdir. Faktiki olaraq həmin mənzilin pulunu o, əri və qardaşlarının köməkliyi sayəsində ödəmişdir. Hesab edir ki, hal hazırda oğlunun adına olan həmin mənzilə dair Çıxarış ləğv edilməli və onun adına mənzilə dair yeni Çıxarış verilməlidir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 06 may 2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Eyni zamanda məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-8222/2022 saylı qərardadı ilə "xxxx" mənzil tikinti kooperatvi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim olumuşdur. Üçüncü şəxslər tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. İş üzrə sonuncu məhkəmə iclası xx.xx.2022-ci il tarixə təxirə salınmış, iddiaçıya sonuncunun iddia ərizəsində qeyd olunmuş ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş və 30 gündən artıq müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, şifahi məhkəmə baxış iclasına gəlməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia geri götürülmüş sayılmalı və inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iddianın geri götürülmüş sayılmasına və inzibati iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirdi. İPM-nin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. İnzibati Prosessual Məcəllədə iddiadan imtina edilməsinin hüquqi nəticələri göstərilsə də (55.4-cü maddəyə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.), iddianın geri götürülmüş sayılmasının nəticələri göstərilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddianın geri götürülmüş sayılması eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Məhkəmənin həmin qərardadından apellyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İPM-nin 81.1-ci maddəsinə əsasən nzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 49, 55 və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı X5 və "xxxx" mənzil tikinti kooperati üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar