Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8222/2023 22.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5) “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı xüsusi mülkiyyətində olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Fəxrəddin İsayev küçəsi, ev 10 A ünvanından Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 qeydiyyatdan çıxarılması öhdəliyini cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Fəxrəddin İsayev küçəsi, ev 10 A ünvanında daşınmaz əmlak İddiaçı xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər iddiaçıya məxsus olan evdə qeydiyyatda olmalarına baxmayaraq həmin evdə yaşamırlar. İddiaçı məhkəmənin diqqətinə çatdırmışdır ki, onlar iddiaçının evində qeydiyyatda olmalarıbformal xarakter daşımaqla bərabər iddiaçının mülkiyyətçi kimi hüquqların da pozur. İddiaçı onların əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi, də onların iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması iddiaçının həmin evlə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır.İddiaçı qeyd edir ki, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki, şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehlər isə faktiki olaraq, başqa yerdə yaşaması amma iddiaçıya məxsus evdə qeydiyyatda olması onların dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. İddiaçı cavabdehlərin qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8222/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə şifahi məhkəmə iclası xx.xx.2023cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbardar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbardar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə xx.xx.2023cü il tarixli məktub ünvanlayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbardar olunmuş üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir.
- xx.xx.2012-ci il qeydiyyat tarixli **********86-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X2 xüsusi mülkiyyətindədir. - xx.xx.2023-cü il qeydiyyat tarixli **********86-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (daşınmaz əmlakın ümumi sahəsi 65.20 kv.m) X4 qızının xüsusi mülkiyyətindədir. - Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, sorğuda qeyd olunan şəxslərin (üçüncü şəxslərin) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. qeyd edilən yaşayış evinə dair müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. - Bakı şəhəri xüsusi notariusu tərfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqı” Müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcılar X7i, İddiaçı və X2 ümumi birgə mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Fəxrəddin İsayev küçəsi 10 ünvanında yerləşən 0,02072 ha ölçüyə torpaq sahəsində inşa edilmiş A tikilidə ümumi sahəsi 94,3 kv.m yaşayış sahəsi 66.5 kv.metr olan 3(üç) yaşayış otağından və B tikilidə ümumi sahəsi 65,2 kv.m yaşayış sahəsi 38,5 kv.m olan 2(iki) yaşayış otağından ibarət fərdi yaşayış evinin ümumi sahəsi 94.3 kv.m yaşayış sahəsi 66.5 kv.m olan 3 (üç) yaşayış otağından ibarət A tikilisini alıcının X1 mülkiyyətinə verməyi, qalan B tikilisi (ümumi sahəsi 652 kv.m yaşayış sahəsi 38.5 kv.m olan 2 (iki) yaşayış otağı) öz mülkiyyətində saxlamışdır. - Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktub ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair müvfiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. - Təqdim edilmiş sənədlərdən görünür ki, xx.xx.2007-ci il qeydiyyat tarixli ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X9 məxsus olmuşdur. - Təqdim edilmiş sənədlərdən görünür ki, xx.xx.2021-ci il qeydiyyat tarixli **********11-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 3ında yerləşən fərdi yaşayış evi (daşınmaz əmlakın ümumi sahəsi 35,8 kv.m) xüsusi mülkiyyət hüququ ilə X9 məxsus olmuşdur. - Təqdim edilmiş sənədlərdən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti yanında 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanın təkrarlandığına görə yeni ünvan verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. - Təqdim edilmiş sənədlərdən görünür ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş Arayışda qeyd edilmişdir ki, ünvan 1 ünvanın, ünvan 3ı ilə dəyişdirilməsi məqsədə uyğundur.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmişdir və iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində məhkəmə iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız iddiadır və təmin edilməməlidir. Belə ki, iş materiallarından məlum olmuşdur ki, iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən müraciətə cavab olaraq xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən Maraqlı şəxs1, X11, X5, Maraqlı şəxs4, Maraqlı şəxs5 ünvan 5 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. İş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, hər iki fərdi yaşayış evi naturada fərqli yerlərdə olsalar da, əvvəllər ünvanları eyni olmuşdir. Sonradan ünvanın dəyişdirilməsi ilə bağlı X12 xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti yanında 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanın təkrarlandığına görə yeni ünvan verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Binəqədi Rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş Arayışda qeyd edilmişdir ki, ünvan 1 ünvanın, ünvan 3ı ilə dəyişdirilməsi məqsədə uyğundur. Hazırki halda hər iki ünvanın eyni olması, iddiaçı və 3-cü şəxsin eyni ünvan üzrə mülkiyyət hüquqlarının qeyd alınması nəzərə alındıqda sonuncunun qeydiyyatdan çıxarılması müvafiq qanunvericiliyə əsasən mümkün deyil. Belə ki, naturada fərqli yerlərdə yerləşməyinə baxmayaraq qeydiyyat məsələləri ünvan üzrə həyata keçirildiyindən, müvafiq ünvanda yerləşən yaşayış sahəsi üzərində 3-cü şəxslərin də iddiaçı kimi mülkiyyət hüquqları qeydə alındığından və həmin hüquqdan irəli gələn yaşayış, istifadə və digər hüquqları mövcud olduğundan sonuncuların qeyd edilən ünvan üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə iddiaçı qismində İddiaçı göstərilsə də, mübahisəli mənzil paylı mülkiyyət hüququ ilə X6 və X3 məxsusdur. Paylı mülkiyyətçilər X6 və X2 Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Fəxrəddin İsayev küçəsi, ev 10 A ünvanından Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 qeydiyyatdan çıxarılması ilə bağlı razılıqlarının olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. - 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. -2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. - 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qayadaları”nın: - 1.1. Bu qaydalar Azərbaycan Respublikasında ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsini tənzimləyir. - 1.2. Ünvan reyestri vahiddir və Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir. - 1.4. Ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. - 1.5. Ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən həyata keçirilir. - 2.4. Ünvan reyestrində saxlanılan məlumatlara aşağıdakı hallarda dəyişiklik və (və ya) əlavələr edilir: daşınmaz əmlak obyektinin yerləşdiyi ərazi vahidinin və nəqliyyat infrastrukturu obyektinin qanunvericiliklə müəyyən edilmiş qaydada adı dəyişdirildikdə, habelə müvafiq nəqliyyat infrastrukturu obyektinə yeni ad verildikdə və ya onun adı dəyişdirildikdə (bu halda ünvan nömrələri dəyişilmir); [7] texniki səhvlər aradan qaldırıldıqda; ünvanın statusu dəyişdikdə; məhkəmənin qərarı olduqda. - 3.7. Daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmazdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd edimişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.3-cü maddəsinin tələblərinə görə məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinə qarşı İddiaçı xüsusi mülkiyyətində olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Fəxrəddin İsayev küçəsi, ev 10 A ünvanından, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 qeydiyyatdan çıxarılması öhdəliyini cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsinin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev