Məhkəmə qərarları › İş №2-1(112)-8223/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8223/2022

24.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8223/2022 24.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı (3-cü şəxs: X2) “sənədlərin təqdim edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı “sənədlərin təqdim edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı "xxxx" kollektivi müəssisəsinə aid və cavabdeh inzibati orqanın arxivdə saxlanılan sənədlərin surətlərinin təqdim edilməsini xahiş edir. İddiaçı sənədlərin təqdim olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən də "xxxx" kollektivi müəssisəsinə aid sənədlərin təqdim olunması məhkəmə yolu ilə həyata keçirilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının "xxxx" Kollektiv Müəssisəsinin təsis sənədlərinin təqdim edilməsinə dair daxil olan müraciəti cavabdeh tərəfindən cavablandırılmış, sözügedən hüquqi şəxsə məxsus təsis sənədlərinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.7,15.8-ci maddələrinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi barədə qəbzi təqdim edildikdən sonra təqdim olunacağı qeyd edilmişdir. Lakin, iddiaçı tərəfindən sənədlərin təhvil alınması ilə bağlı İdarəyə müraciət edilməmişdir. Odur ki, iddiaçı tərəfindən hazırki vaxtda İdarəyə müraciət edib müvafiq dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz təqdim edildiyi halda sənədlərin təhvil alınması mümkündür. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Vətəndaşların müraciətləri haqqında” Qanunun: 1.1. Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. 3.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 3.0.2. müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayət 3.0.4. ərizə – hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət; 3.0.5. şikayət – pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət; 3.0.11. yazılı müraciət – kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciət; 3.0.14. təkrar müraciət – müraciətin bu Qanunla müəyyən edilmiş baxılması müddəti ötdükdə və ya həmin müraciət cavablandırıldıqda eyni şəxsin eyni məsələ ilə bağlı eyni müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə göndərdiyi növbəti müraciət; 5.6. İnformasiya əldə edilməsi üçün sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 6.1. Vətəndaşlar müraciətlərini həmin məsələyə baxılmasını bilavasitə təmin etməli olan müraciətə baxan subyektlərə və ya onların vəzifəli şəxslərinə yazılı formada təqdim edir və ya şifahi formada bildirirlər. 7.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. 7.4. Vətəndaşın müraciətinə onun daxilolma tarixi və qeydiyyat nömrəsi qoyulur. Müraciət edən şəxsin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir. 7.7. Vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir. 7.8. Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir. 7.10. Müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir. 8.1. Müraciət aşağıdakı hallarda baxılmamış saxlanılır: 8.1.4. vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda; 10.1. Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. 12.2. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər. 14.0. Müraciətinə baxılan vətəndaşın aşağıdakı hüquqları vardır: 14.0.7. müraciətə baxılması barədə yazılı cavab və ya müraciətin aidiyyəti üzrə göndərilməsinə dair məlumat almaq; Qanunvericiliyin tələbindən də göründüyü kimi vətəndaşın şikayət və ərizə xarakterli müraciətlərinə yuxarıda adıçəkilən Qanunun tələblərinə uyğun müddət ərzində baxılması və cavalandırılması cavabdehin vəzifəsidir. Müraciət edən şəxs isə müraciətə baxılması barədə yazılı cavab və ya müraciətin aidiyyəti üzrə göndərilməsinə dair məlumat almaq hüququna malikdir. Cavabdeh iddiaya etirazdan da göründüyü kimi həmin hüququn pozulmadığı qənaətindədir. Məhkəmə də cavabdehin irəli sürdüyü dəlillər ilə razılışar və cavabdehin imtinasının əsaslı olduğu qənaətinə gəlir. İşin faktiki hallarından görünür ki, iddiaçı "xxxx" kollektiv müəssisəsinə aid və arxivdə saxlanılan təsis sənədlərinin (nizamnaməsinin), təsisçi müqaviləsinin, dövlət qeydiyyatına alınma barədə şəhadətnamənin, təsərrüfat və maliyyə fəaliyyətinə dair hesabatların, digər müəssisəyə aid sənədlərin təqdim olunması ilə məqsədi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsasında duran hal onunla bağlıdır ki, iddiaçı tərəfindən müraciəti üzrə sənədlərin təqdim edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumu ödənilməmişdir. Məhkəmə diqqətə çatdırmaq, cavabdehin imitnasının əsaslı olub-olmamasının, yuxarıda adıçəkilən sənədlərin təqdim olunması üçün iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsinin zəruri olub-olmamasının müəyyən edilməsi aşağıda göstərilən qanunveriliyin müddəaları əsasında həyata keçirilir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 34.8.3. Müvafiq icra hakimiyyəti orqanı vergi ödəyicilərinin vahid dövlət reyestrinin məlumat bankının aparılmasını, onun bütövlüyünü və qorunmasını təmin edir, rəsmi sorğulara cavab olaraq bu Məcəllədə müəyyən edilmiş qaydada vahid dövlət reyestrindən çıxarışı (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) təqdim edir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: 15.1. Dövlət qeydiyyatına alınmış hər bir hüquqi şəxs, habelə xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialı və Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxsin yaratdığı qurumlar barədə məlumatlar dövlət reyestrinə daxil edildikdən sonra dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi üçün təqdim edilmiş sənədlər arxivə verilir. 15.2. Dövlət qeydiyyatına və (və ya) dövlət reyestrinə daxil edilmiş hər bir quruma Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alındığı və ya dövlət reyestrinə daxil edildiyi vaxt dövlət reyestrindən çıxarış verilməlidir. 15.7. Dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sorğu əsasında üçüncü şəxslərə də verilir. 15.8. Dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sənədlərin surəti şəklində də verilə bilər. Sənədlərin surəti, dövlət orqanları və təsisçilər istisna olmaqla, digər şəxslərə rüsum ödənilməklə verilir. 15.9. Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar sorğu əsasında aşağıdakılara verilir: 15.9.1. qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə, istintaq və təhqiqat orqanlarına; 15.9.2. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə; 15.9.3. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada maliyyə monitorinqi orqanına, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə; 15.9.4. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada məcburi icra orqanına; 15.9.5. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada vəkilə; 15.9.5-1. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada notariusa; 15.9.6. həmin kommersiya hüquqi şəxsin digər təsisçilərinə (iştirakçılarına); 15.9.6-1. təsisçilərin (iştirakçıların) vərəsələrinə; 15.9.7. barəsində dövlət reyestrindən məlumatların verilməsi tələb olunan şəxsin razılığı ilə üçüncü şəxslərə. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 20.6-cı maddəsinə əsasən sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışların verilməsi üçün (hər səhifəyə görə) – 2 manat. Bəhs edilən qanunvericiliyin və normativ hüquqi aktların tələblərindən görünür ki, doğrudur ki, qanunvericilik dövlət reyestrindən çıxarışların (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sorğu əsasında üçüncü şəxslərə verilməsi hüququnu təsbit etmişdir. Nəzərə alınmalıdır ki, sənədlərin surətinin üçüncü şəxslərə təqdim edilməsi bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumu ödənildikdən sonra mümkündür. Təkzib olunmaz haldır ki, yalnız dövlət orqanları və təsisçilər dövlət reyestrdən çıxarışın tələb edilməsində dövlət rüsumundan azaddırlar. Digər üçüncü şəxslərə münasibətdə isə rüsum məbləği “Dövlət rüsumu haqqında” Qanunun 20.6-cı maddəsi ilə müəyyən edilir. Hazırki mübahisə üzrə məhkəmə qeyd edir ki, "xxxx" Kollektiv Müəssisəsinin qanuni təmsilçisi qismində X2 çıxış edir. İddiaçı isə yalnız müəssisənin heyyət üzvlərindən (iclas protokollarda adına rast gəlinmişdir) biri olaraq, müəssisəsinin qanuni təsisçisi olmamışdır. Məhkəmə qeyd edir ki, qüvvədə olan qanunvericilik dövlət reyestrdən çıxarışın təqdim edilməsi üçün dövlət rüsumundan azad olan şəxslərin (dövlət orqanı və müəssisənin təsisçiləri) əhatə dairəsini dəqiq müəyyən etdiyindən və iddiaçı bu kateqoriya aid olan şəxs hesab olunmadığından, ona münasibətdə müəssisəyə aid sənədlərin təqdim olunması bilavasitə dövlət rüsumu ödənilməsi ilə həyata keçirilməlidir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Bundan başqa məhkəmə hesab edir ki, tələb olunan sənədlərin iddiaçıya təqdim olunmasında hər hansı məhdudlaşdırıcı meyarın (kommersiya sirri və s.) olması ilə bağlı əlavə araşdırmanın aparılmasına zərurət olmamışdır. Belə ki, cavabdeh inzibati orqanın özüdə mübahisənin yalnız dövlət rüsumunun ödənilməsi ilə bağlı olmasına istinad etmiş, bununla bağlı həm imtina məktubunda, həmçinin də yazılı etirazda qeyd etmişdir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar