Məhkəmə qərarları › İş №2-1(112)-8224/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8224/2021

08.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8224/2021 08.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müharibə veteranına ödənilməmiş müavinətin ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2008-ci ildən 2014-cü il tarixə kimi müharibə veteranlarına verilən qaz, işıq və su ödənişləri əvəzinə pul kompensasiyasının verilməməsini nəzərə alaraq, həmin kompensasiyanın hesablanaraq ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1990-cı ildən 1994-cü ilə kimi, yəni atəşkəs elan olunanadək Azərbaycan Respublikasının daxili işlər orqanlarında öz xidməti vəzifəsini yerinə yetirərək ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və Qarabağ müharibəsi veteranı olmuşdur. 2008-ci ilə kimi müharibə veteranlarına verilən 25-50 manat kompensasiyanı almışdır. 2008-ci ilin sentyabr ayında təqaüdə çıxmış və həmin tarixdən 2014-cü ilədək verilən müavinətləri almamışdır. Bunun üçün o dəfələrlə cavabdehə müraciət etmiş və heç bir cavab almamışdır. Sonuncu müraciəti 19 may 2021ci ildə olmuşdur. Hesab edir ki, 2008-ci ildən 2014-cü ilədək olan, müharibə veteranları üçün verilən qaz, işıq və su ödənişlərinin əvəzinə pul məbləğinin kompensasiya edilərək ödənilməsi cavabdeh orqanın üzərinə qoyulmalıdır. İddiaçının ərizəsi əsasında məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Cavabdeh iddia ərizəsinə dair etirazı məhkəməyə təqdim etmiş, etirazda göstərmişdir ki, xx.xx.2008-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 6.6-cı bəndi əsas gətirilərək ona müharibə veteranı üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi dayandırılmışdır. Şəxsə bununla yanaşı hüququ yarandığı tarixdən yəni xx.xx.2019-cu il tarixindən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən təqaüd təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi S.İsayeva etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdən görünür ki, iddiaçıya xx.xx.1998-ci il tarixdə müharibə veteranı adı və buna müvafiq olaraq 018928 nömrəli vəsiqə verilmişdir. İşdə olan DSMF-nin Xətai rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2008-ci il tarixli HP-3650 saylı qərarından görünür ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən ömürlük pensiya təyin edilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda ona 2008-2014-cü illər üzrə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 257 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 min manat məbləğində müavinət təyin edilmiş və bu məqsədlə “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının 1-ci bəndinin doqquzuncu abzasının əvvəlinə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə,” sözləri əlavə edilmiş, həmin Fərman 2005-ci il avqustun 1-dən qüvvəyə minmişdir. xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Sosial müavinətlər haqqında” Qanunun xx.xx.2008-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən: - maddə 4.0. həmin Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət; - maddə 7.0. Müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.6. müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda. - maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər, müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. - maddə 11.1. Müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: 11.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən (Azərbaycan Respublikasının Prezidenti) müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda. Həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 373 saylı Fərmanının 3-cü hissəsinə əsasən ...bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə ... müavinətlərin məbləği Azərbaycan Respublikası Prezidentinin ... “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 2001-ci il 26 dekabr tarixli 613 nömrəli fərmanı ...ilə tənzimlənir. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 514 nömrəli Fərmanı ilə sosial müavinətlərin məbləği aşağıdakı kimi müəyyən edilmişdir: 1.9. əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə,... - 15 manat. “Sosial müavinətlərin artırılması haqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 820 nömrəli Fərmanı ilə sosial müavinətlərin məbləği artırılaraq aşağıdakı kimi müəyyən edilmişdir: 1.1.5. əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, ... müavinət - 25 manat; Həmin Fərman 2008-ci il sentyabrın 1-dən qüvvəyə minmiş, Fərmanın 4-cü hissəsi ilə “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 yanvar tarixli 514 nömrəli Fərmanının 1.1-ci, 1.2.1-ci, 1.3 - 1.9-cu bəndləri qüvvədən düşmüş hesab edilmişdir. Beləliklə, sadalanan qanunvericilik aktlarından görünür ki, xx.xx.2005-ci ildən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müavinət təyin edilmiş, xx.xx.2008-ci il tarixdə həmin müavinətin məbləği 25 manata çatdırılmışdır. Həm “Sosial müavinətlər haqqında” Qanunda, həm də istinad olunan Fərmanlarda həmin müavinətin əmək pensiyası almaq hüququ olmayan şəxslərə verilməsi və şəxs əmək pensiyası hüququ qazandıqda müavinətin dayandırılması təsbit olunmuşdur. İşdən görünür ki, iddiaçıya xx.xx.1998-ci ildə müharibə veteranı vəsiqəsi verilmiş, buna görə ona kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət ödənilmiş, xx.xx.2008-ci il tarixdə iddiaçıya yaşa görə əmək pensiyası təyin edildiyindən ona ödənilən müavinət dayandırılmışdır. Məhkəmə yuxarıda istinad olunan normaların tələblərini nəzərə alaraq hesab edir ki, bu dayandırma qanunvericiliyə uyğun olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia əsasızdır və təmin olunmamalıdır. Məhkəmə onu da qeyd edir ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 640 nömrəli Fərmanın 1.7-ci bəndi ilə “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Fərmanın 3-cü hissəsinə əsasən həmin Fərman 2019-cu il 1 aprel tarixdən tətbiq edilməyə başlanmışdır. Beləliklə, 2019-cu il 1 aprel tarixdən qüvvəyə minmiş yeni qanunvericiliyə əsasən qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Buna görə də iddiaçının əmək pensiyası almasına baxmayaraq həmin tarixdən etibarən (iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsi əsasında) ona müharibə veteranı kimi təqaüd verilməsinə başlanmışdır və iddiaçı hazırda həmin təqaüdü alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar