Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8226/2021 24.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X16 qızının katibliyi, iddiaçının nümayəndəsi X10, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi nəzdində Həssas Əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi nəzdində Həssas Əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi (bundan sonra mətndə - iddiaçı) maraqlı şəxslər Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə və Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 mənsubiyyəti tanınmaqla şəxsiyyətini təsdiq edən sənəd verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi nəzdində Həssas Əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində 12.08.2019-cu il tarixindən müvəqqəti məskunlaşmış 12.07.2012-ci il təvəllüdlü X11 hal-hazırda müəssisənin himayəsindədir. Hazırda mənsubiyyətin tanınaraq şəxsiyyyəti təsdiq edən sənədin verilməsi ilə bağlı hüquqi işlər aparılır. Sabunçu Rayon Məhkəməsinin 2(008)-6487/2020 saylı, 27.11.2020-ci il tarixli qətnaməsi ilə X7 adı, soyadı və doğum faktı tanınaraq doğum haqqında şəhadətnamə verilmişdir. X2 doğum faktını təstiq edən hər hansı sənədi əldə etmək mümkün olmadığından və atanın isə naməlum olmasını əsas alaraq Sabunçu Rayon Məhkəməsinin 2(008)-6487/2020 saylı, 27.11.2020-ci il tarixli qətnaməsi əsasında Sabunçu Rayon Qeydiyyat şöbəsi doğum haqqında şəhadətnamə verərkən ata və ana adını şərti olaraq qeyd etmişdir. X1 mənsubiyyətinin tanınmasına dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilən cavabda bildirilmişdir ki, valideynlərinin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə edilməlidir. X3 şəxsiyyətini təsdiq edən sənəd verilməsinə dair Azərbaycan Respublikası Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə verilmiş sorğulara cavab olaraq bildirilmişdir ki, X4 doğum haqqında şəhadətnamə ilə təmin edildikdən və mənsubiyyəti tanındıqdan sonra müraciətə baxıla bilər. Lakin Ana adı şərti verildiyindən mənsubiyyətin tanınması mümkün olmamışdır. Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə verilən sorğuya cavab olaraq X4 doğum faktına dair hər hansı qeydiyyat olmadığını təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 13 və 48-ci maddələrinə əsasən məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuş, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd olunan maraqlı şəxslər əvəzinə cavabdeh qismində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin göstərilməsini və iddia tələbinin “X7 mənsubiyyətinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən tanınması ilə bağlı qərar qəbul edilsin” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin 29.07.2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı X7 vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı 09.03.2019-cu il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18.03.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.6-cı yarəmbəndinə əsasən şəxsin valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surətinin əlavə olunması nəzərdə tutulmasına baxmayaraq həmin sənədlər əlavə olunmadığından icraatın aparılması mümkün olmamışdır. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasına mənsubiyyətinin tanınmasının heç bir hüquqi əsası yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu qanunla müəyyən olunmuş müddətdə qərar qəbul etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 29.03.2021-ci il tarixli məktubunda müraciətə cavab olaraq göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18.03.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.6-cı yarəmbəndinə əsasən şəxsin valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surətinin əlavə olunması nəzərdə tutulur. Odur ki, qeyd olunan sənədlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə təqdim olunduqdan sonra 12.07.2012-ci il təvəllüdlü Məmmədova Yağmur Anar qızının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat davam etdirə bilər; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27.11.2020-ci il tarixli, 2(008)-6487/2020 saylı qətnaməsinə əsasən, ərizə təmin edilərək, 12 iyul 2012-ci il tarixdə Bakı şəhərində X5 bir qız uşaq doğması faktı müəyyən edilmişdir; AZ-İV seriyalı 527080 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 12.07.2012-ci il tarixdə Bakı şəhərində doğulmuşdur; Azərbaycan Respublikası Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 24.05.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Y.Məmmədovanın 09.02.2021-ci ildə Sabunçu rayon qeydiyyat şöbəsində tərtib edilmiş doğumu haqqında akt qeydinə baxış keçirilərkən məlum olmuşdur ki, doğum Sabunçu Rayon Məhkəməsinin 27.11.2020-ci il tarixli qətnaməsi əsasında, nikah olmayan anadan olmuş uşağın doğumu kimi qeydə alınmışır. Həmin akt qeydində ata haqqında məlumat qrafasında atanın soyadı ananın soyadı ilə “Məmmədova”, adı və ata adı isə “Anar Əhməd oğlu” yazılmışdır. Araşdırma zamanı əldə olunmuş sənədlər (Sabunçu Rayon Məhkəməsinin qətnaməsi, V.Əmirlinin ərizəsi) nəzərdən keçirilmiş 12.07.2012-ci il təvəllüdlü Y.Məmmədovanın 7№-li Bakı Şəhər Xəstəxanasında doğulduğu, anası Lamiyə Məmmədovanın şəxsiyyət vəsiqəsi olmadığından ona doğum haqqında tibbi şəhadətnamənin verilmədiyi, habelə sonuncunun yaşayış yerinin müəyyən edilmədiyi aşkar olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinin tələbinə görə uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında aktın qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Y.Məmmədovanın doğumu haqqında akt qeydində, habelə həmin aktın tərtib olunmasına əsas olan sənədlərdə uşağın valideynlərinə dair ətraflı məlumat olmadığından və sorğuda onların doğum tarixi barədə məlumat verilmədiyindən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində valideynlər haqqında axtarış aparılması mümkün olmamışdır. İPM-in 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin tanınması və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və huquqi bağlılığı, qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Şəxsin Azərbaycan Respublikası vətəndaşı sayılmasının əsasları 30 sentyabr 1998ci il tarixli "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunur, həmin qanunun 5-ci maddəsi Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət adlanır. Həmin maddənin tələbinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaq Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2.8-ci yarımbəndinə görə, şəxsin Azərbaycan Respublikası ərazisində olan, hər iki valideyni naməlum uşaq olması mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsasdır. Həmin “Qaydalar”ın 4.1.3-cü yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. “İnzibаti icrааt hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər; 5.1-ci maddəsinə əsasən, inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur; 5.1-1-ci maddəsinə əsasən, inzibati orqan, bu Qanunun 7.1-ci və 7.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müraciət daxil olduğu gündən 15 gün müddətində hüquqi yardım göstərilməsini təmin etməlidir. Hüquqi yardım göstərilməsi üçün daha artıq müddət tələb olunduğu hallarda, inzibati orqan tərəfindən hüquqi yardımın göstərilməsi müddəti, ona bu məqsədlə müraciət etmiş digər inzibati orqana əsaslandırılmış yazılı məlumat verilməklə, 15 günədək uzadıla bilər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Sadalanan normalardan görünür ki, Qanun inzibati icraatda işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halların hərtərəfli araşdırılmasını inzibati orqana vəzifə kimi müəyyən edir, öz səlahiyyətləri və imkanları daxilində inzibati orqanların bir-birinə hüquqi yardım göstərməsini nəzərdə tutur, eləcə də yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə ərizəçilərin üzərinə öhdəliklərin qoyulmasını və bu tələblərə əməl olunmaması (və ya lazımi qaydada əməl olunmaması) şərtilə ərizəçinin arzuladığı qərarın qəbulundan və ya hərəkətin edilməsindən imtinanı qadağan edir. İşin hallarından görünür ki, cavabdeh orqan iddiaçına müraciətinə dair qərar qəbul etməmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18.03.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.6-cı yarəmbəndinə istinad edərək şəxsin (X11) valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surətinin əlavə olunmaması əsası ilə inzibati icraat aparmamışdır. Məhkəmə hesab edir ki, hazırkı cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti üzrə inzibati icraatda qanunvericiliklə nəzərdə tutulmuş “araşdırma” tam aparılmamış, iddiaçıya lazımi hüquqi yardım göstərilməsi istiqamətində təşəbbüskarlıq göstərilməmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən, o cümlədən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27.11.2020-ci il tarixli, 2(008)-6487/2020 saylı qətnaməsindən görünür ki, X7 doğum haqqında şəhadətnaməsində anası qismində qeyd edilən X5 doğumu haqqında hər hansı məlumat aşkar edilməmiş və onun şəxsiyyətini təsdiq edən sənəd olmamışdır. Bu səbəbdən də, X7 doğumu haqqında tibbi şəhadetnamə verilməmişdir, onun doğum faktı məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. X7 doğum haqqında şəhadətnaməsində onun atası haqqında məlumatlar da şərti olaraq qeyd edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraat zamanı “İnzibati icraat haqqında” Qanunun 5, 15, 19 və 24-cü maddələrinin tələblərinə formal yanaşılmaqla lazımınca əməl olunmamışdır, bu səbəbdən də zəruri araşdırmanın inzibati icraat çərçivəsində tamamlanması məqsədəuyğundur. Məhkəmə hesab edir ki, iddiaçının “X7 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” barədə müraciəti üzrə inzibati icraatda iddiaçının təqdim etdiyi sübutlar, aidiyyəti qurumlardan uşağın valideynləri ilə bağlı məlumatlar əldə olunmalı, işin tam araşdırılması, o cümlədən onun hər iki valideyni naməlum olan uşaq olub-olmamasının müəyyən edilməsi istiqamətində bütün tədbirlər görülməli, bundan sonra araşdırmanın nəticəsi üzrə qaldırılan məsələnin müsbət həlli və ya məsələnin həllindən imtina barədə əsaslandırılmış qərar verilməlidir. İPM-in: 73.2-ci mаddəsinə əsаsən, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur; 73.3-cü maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi nəzdində Həssas Əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin “X7 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” barədə müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin еdilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33.1, 52, 68, 69, 73.2, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi nəzdində Həssas Əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin “X7 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” barədə müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-8226/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8226/2021
24.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver