Məhkəmə qərarları › İş №2-1(112)-8227/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8227/2022

23.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8227/2022 23.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiаçının nümayəndəsi və vəkili Vəkil2 (Cəbrayıl rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili), cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, aparıcı məsləhətçi vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı İddiaçı MMC-nin cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə qarşı “tenderin nəticələrinin ləğvi, tenderin qalibini elan etmək vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbinə dair işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə qarşı iddia qaldıraraq cavabdeh Аzərbаycаn Rеspublikаsının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparatında və tabeliyində olan “Asan Xidmət” Mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsi ilə əlaqədar elan olunmuş elektron açıq tenderlərin ləğv olunmasına dair Tender Komissiyasının xx.xx.2020-ci il tarixli qərarının 1 və 2 saylı Bakı “Asan xidmət” mərkəzləri üzrə gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlərin ləğvinə aid olan hissədə ləğv edilməsi, cavabdehin üzərinə İddiaçı MMC-nin həmin satınalma predmetləri ilə bağlı 09 dekabr 2020-ci ildə keçirilmiş tenderlərin qalibi elan etmək və müvafiq satınalma müqaviləsini hazırlayıb imzalamaqla iddiaçıya göndərmək vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Agentliyin aparatında, Agentliyin nəzdində olan 1, 2, 3, 4 və 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzlərində və səyyar xidmət nəqliyyat vasitələrində gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elektron qaydada açıq tenderlər elan etmişdir. İddiaçı da həmin tenderlərdə iştirak etmişdir, 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində, həmçinin 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elektron qaydada keçirilən açıq tenderlərin qalibi olmuşdur. Belə ki, Tenderlərin “Əsas şərtlər toplusuna” görə tender təklifləri zərflərinin açılması və elektron olaraq qiymətləndirilməsi xx.xx.2020ci il saat 11.00-a təyin edilmişdir. Qeyd olunan vaxtda hər iki tender üzrə təklif zərfləri açılmış və 2 saylı iclas protokolları tərtib olunmuşdur. Həmin protokollara əsasən iddiaçının LOT039324, 019015 nömrəli müsabiqə üzrə 236 188,80 manat, LOT039327, 019012 nömrəli müsabiqə üzrə isə 161316,95 manat olmaqla ən aşağı qiymətlə təklif təqdim etdiyi müəyyən edilmişdir. Protokollardan görünür ki, müzakirələrdən sonra Tender Komissiyası zərflərin açılışı ilə bağlı məlumatların iddiaçılara dərhal təqdim ediməsini və 1 bank günü ərzində təklifi qiymətləndirərək müvafiq qərar qəbul edilməsini qərara alınmışdır. Lakin Tender Komissiyası zərflərin açılışı ilə bağlı məlumatları təqdim etsə də İddiaçı MMC-nin həmin müsabiqələrin qalibi olmasını elan etməmişdir. Buna görə iddiaçı xx.xx.2021-ci ildə cavabdehə elektron qaydada məktub göndərərək bunun səbəbləri barədə məlumat verilməsini xahiş etmiş, lakin müraciətinə cavab verməmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə xx.xx.2021-ci ildə rəsmi qaydada müraciət etmişdir. Həmin məktuba cavab olaraq ona qeyd edilən dövlət xidməti tərəfindən bildirilmişdir ki, sözügedən tender prosedurları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun 11.2-ci maddəsinə uyğun olaraq tender predmetinin maliyyələşdirilməsinin dayandırılması səbəbindən ləğv edilmişdir. Lakin əldə olunmuş digər məlumatlardan görünür ki, qeyd olunan tender xx.xx.2020-ci ildə keçirildiyi halda xx.xx.2020-ci ildə ləğv edilmiş və dərhal yeni tender elan edilmişdir. Növbəti tender xx.xx.2021-ci ildə keçirilmiş və "xxxx" MMC onun qalibi elan edilmişdir. Halbuki həmin MMC xx.xx.2020-ci ildə də keçirilmiş tenderdə iştirak etmiş, lakin ikinci yeri tutmaqla həmin tenderlərin qalibi ola bilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş sərəncama əsasən cavabdeh Аzərbаycаn Rеspublikаsının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi iddiaya dair etirazını məhkəməyə təqdim edərək göstərmişdir ki, iddiaçının iddia tələbinin əsasını mülki hüquq münasibətləri təşkil edir, odur ki, iddiaçının iddiası mümkün sayılmamalıdır, bundan başqa hətta məhkəmə tərəfindən iddiaya mahiyyəti üzrə baxılsa belə qeyd ediməlidir ki, cavabdeh Аzərbаycаn Rеspublikаsının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparatında və tabeliyində olan “Asan Xidmət” Mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsi ilə əlaqədar elan olunmuş elektron açıq tenderlərin ləğv edilməsi barədə xx.xx.2020-ci ildə Tender Komissiyası tərəfindən qərar qəbul edilmişdir, həmin qərarın qəbul edilməsinin hüquqi əsası 2021-ci il üzrə “ASAN Xidmət” Mərkəzlərinin saxlanılması xərcləri üzrə aparılmış proqnozlaşdırma işləri olmuşdur. İkincisi isə elan edilmiş elektron açıq tender üzrə iddiaçı tərəfindən təklifin və əsas şərtlər toplusunda nəzərdə tutulmuş sənədlərin təqdim edilməsi sözügedən tender üzrə onun qalib hesab olunmasını ehtiva etmir. Üçüncüsü isə “Dövlət satınalmaları haqqında” Qanunun 36.7-ci maddəsinə uyğun qalib müəyyən olunmuş tender təklifi aksept edilir. Satınalan təşkilat həmin tender təklifini vermiş malgöndərənə (podratçıya) tenderin əsas şərtlər toplusunda göstərilmiş təklifin qüvvədə olma müddəti qurtaranadək 3 bank günü ərzində bildiriş və hazırlanmış satınalma müqaviləsini göndərir. Həmin Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə avtomatik qaydada dərhal göndərilir. xx.xx.2020-ci ildə Tender Komissiyası tərəfindən ləğv edilmiş elektron açıq tender üzrə cavabdeh tərəfindən iddiaçıya bildiriş göndərilməmiş, iddiaçı ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada müqavilə bağlanmamışdır, odur ki, həmin tender üzrə iddiaçı qalib hesab oluna bilməz. Cavabdeh göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad və ya iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 33.1-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər, həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası- “Asan Xidmət” Mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsi ilə əlaqədar elan olunmuş elektron açıq tenderlərin ləğv olunmasına dair Tender Komissiyasının xx.xx.2020-ci il tarixli qərarının 1 və 2 saylı Bakı “Asan xidmət” mərkəzləri üzrə gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlərin ləğvinə aid olan hissədə ləğv edilməsi, cavabdehin üzərinə İddiaçı MMC-nin həmin satınalma predmetləri ilə bağlı 09 dekabr 2020-ci ildə keçirilmiş tenderlərin qalibi elan etmək- hissədə mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında cavabdehin iddiaya dair etirazında göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilinin və nümayəndəsinin, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslı, qismən əsassızdır. Belə ki, iş üzrə tərəflər məhkəməyə Аzərbаycаn Rеspublikаsının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Agentliyin aparatı və 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində gündəlik təmizlik işlərinin görülməsinin satın alınması məqsədilə açıq tender prosedurunda təklif zərflərinin açılması üzrə” xx.xx.2020-ci il tarixli, 2 №-li iclas protokolu (2 ədəd), iddiaçının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarında Nəzarət Dövlət Xidmətinin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubu, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Təmizlik xidmətinin satınalması üzrə” elektron açıq tenderin keçirilməsi ilə bağlı əsas şərtlər toplusu, (“2 saylı Bakı “ASAN Xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində gündəlik təmizlik işlərinin görülməsi”), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Təmizlik xidmətinin satınalması üzrə” elektron açıq tenderin keçirilməsi ilə bağlı əsas şərtlər toplusu (“1 saylı Bakı “ASAN Xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində gündəlik təmizlik işlərinin görülməsi”), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparatı və tabeliyində olan “ASAN Xidmət” mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlərin ləğv olunması ilə bağlı tender komissiyasının xx.xx.2020-ci il tarixli iclas protokolu, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparatı və 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı Tender Komissiyasının xx.xx.2021-ci il tarixli, 16-ASAN/2021 nömrəli protokolu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubu, etender.gov.az saytından məlumatlar, internet vergi idarəsinin məlumatları təqdim edilmişdir. Məhkəmə təqdim edilmiş iş materiallarından müəyyən etmişdir ki, iddiaçı hüquqi şəxsdir, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Təmizlik xidmətinin satınalması üzrə” keçirdiyi elektron açıq tenderdə iştirak etmiş, LOT039324, 019015 nömrəli müsabiqə üzrə 236 188,80 manat, LOT039327, 019012 nömrəli müsabiqə üzrə isə 161316,95 manat olmaqla ən aşağı qiymətlə təkliflər təqdim etmişdir, lakin sonradan cavabdeh Аzərbаycаn Rеspublikаsının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tender komissiyası tərəfindən həmin təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlər ləğv olunmuş, müsabiqə davam etdirilməmişdir. İddiaçı cavabdehin onun iştirakçısı olduğu təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderi ləğv etməsini qanunsuz hesab edərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarını müəyyən edir. Həmin Qanunun 4-1.1-ci maddəsinə əsasən satınalan təşkilat cari ilin oktyabr ayının 15dən gec olmayaraq növbəti il üçün ilkin satınalma planını hazırlayaraq təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir. İlkin satınalma planı növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edilənədək qüvvədə qalır. Həmin Qanunun 4-1.2-ci maddəsinə əsasən növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edildikdən və büdcə göstəricilərini aldıqdan sonrakı 10 bank günü ərzində satınalan təşkilat ilkin satınalma planında dəqiqləşdirmə apararaq, həmin planı təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir. Həmin Qanunun 4-1.3-cü maddəsinə əsasən illik satınalma planında aşağıdakı məlumatlar əks olunur: 4-1.3.1. satınalan təşkilatın adı; 4-1.3.2. satın alınacaq malların (işlərin və xidmətlərin) adı, həcmi, miqdarı və ölçüsü; 4-1.3.3. satınalmanın ardıcıllığı, təqvim ili üzrə bölgüsü və satınalma üsulu; 4-1.3.4. malların göndərilməsinin, işlərin görülməsinin, xidmətlərin göstərilməsinin planlaşdırılan yeri və müddətləri. Həmin Qanunun 4-1.4-cü maddəsinə əsasən satınalan təşkilat ayda bir dəfədən çox olmamaq şərtilə satınalma planında dəyişiklik edə bilər. Satınalan təşkilat tərəfindən satınalma planında dəyişiklik edilməsi haqqında qərar qəbul olunduqdan sonrakı 5 bank günü ərzində bu barədə məlumat, dəyişikliyə səbəb olmuş hüquqi əsas göstərilməklə, dövlət satınalmalarının vahid internet portalında yerləşdirilir. Həmin Qanunun 4-1.6-cı maddəsinə əsasən satınalan təşkilat təsdiq edilmiş satınalma planına uyğun olaraq satınalma prosedurlarını təşkil edir. Satınalma planına daxil edilməyən hər hansı malların (işlərin və xidmətlərin) satın alınmasına təcili tələbat yarandıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etməsi şərtilə satınalan təşkilat həmin malların (işlərin və xidmətlərin) satın alınmasını həyata keçirə bilər. 50-1.1. Satınalma predmetinin ehtimal olunan qiyməti 3,0 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirir. Həmin Qanunun 50-1.2-ci maddəsinə əsasən bu Qanunun 11.1-ci maddəsində nəzərdə tutulan hallar səbəbindən tender baş tutmamış hesab edildikdə, bu Qanunun 50-1.1-ci maddəsində nəzərdə tutulan satınalma predmeti üzrə satınalan təşkilat digər sahibkarlıq subyektlərinin də iştirakını nəzərdə tutan tender keçirə bilər. Satınalan təşkilatın bu barədə qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmalıdır. Həmin Qanunun 50-1.3-cü maddəsinə əsasən bu Qanunun 50-1.1-ci maddəsində nəzərdə tutulan halda satınalan təşkilat tərəfindən tenderin açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə və (və ya) elektron satınalma vasitəsilə keçirilməsi mümkün olmadıqda onu əsaslandıran səbəblər və şərtlər göstərilməklə bu barədə qərar qəbul etməlidir. Satınalan təşkilatın bu barədə qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmalıdır. Həmin Qanunun 50-2.1-ci maddəsinə əsasən dövlət satınalmalarının vahid internet portalı aşağıdakıları təmin etməlidir:50-2.1.1. elanın dərc edilməsini; 50-2.1.2. malgöndərən (podratçı) tərəfindən tenderdə iştirak etmək üçün bu Qanunun 28-ci maddəsində nəzərdə tutulan sənədlərin satınalan təşkilata təqdim edilməsini (satınalan təşkilat özü həmin sənədlər barədə məlumatları bu Qanunun 50-2.2-ci maddəsində göstərilən qaydada əldə edə bilmədikdə);50-2.1.3. iştirak haqqının ödənilməsini; 50- 2.1.4. malgöndərənin (podratçının) iddiaçı kimi qeydiyyatdan keçməsini;50-2.1.5. iddiaçı kimi qeydiyyatdan keçmiş hər bir malgöndərən (podratçı) üçün elektron kabinetin yaradılmasını; 50-2.1.6. satınalan təşkilat ilə malgöndərən (podratçı) arasında qarşılıqlı məlumat mübadiləsinin və sənədlərin təqdim olunmasını; 50-2.1.7. tender təkliflərinin və qiymət kotirovkalarının təqdim olunmasını; 50-2.1.8. tender təklifinin təminatının verilməsini; 50-2.1.9. tender komissiyasının virtual iclaslarının keçirilməsini; 50-2.1.10. tender təkliflərinə və qiymət kotirovkalarına baxılmasını, onların qiymətləndirilməsini və müqayisəsini; 50-2.1.11. satınalma müqaviləsinin elektron qaydada bağlanmasını, həmin müqavilənin və satınalmanın nəticələrinə dair digər sənədlərin yerləşdirilməsini; 50- 2.1.12. bu Qanunla nəzərdə tutulmuş hallarda bildirişlərin elektron qaydada göndərilməsini; 50-2.1.13. tenderin əsas şərtlər toplusunun, kotirovka sorğusu şərtlərinin, dövlət satınalmalarını tənzimləyən normativ hüquqi aktların, satınalma müqaviləsinin, habelə onun standart şərtlərinin və digər sənədlərin yerləşdirilməsini; 50- 2.1.14. bu Qanunla müəyyən olunmuş hallarda şikayətin verilməsini və həmin şikayətlərə baxılmasının nəticələri barədə qərarın əldə olunmasını; 50-2.1.15. bu Qanunla müəyyən olunmuş qaydada satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının təqdim olunmasını;50-2.1.16. hesab-fakturaların satınalan təşkilata təqdim olunmasını; 50- 2.1.17. satınalan təşkilat tərəfindən ödənişlə bağlı təsdiq bildirişinin təqdim olunmasını; 50-2.1.18. satınalma planının yerləşdirilməsini. Həmin Qanunun 50-2.2-ci maddəsinə əsasən satınalan təşkilat tərəfindən tenderdə iştirakla bağlı bu Qanunla nəzərdə tutulan sənədlər barədə məlumatın əldə edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya ehtiyatları (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunan hədlərdə dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunur. Həmin Qanunun 50-3.1-ci maddəsinə əsasən bu Qanunun 50-1.1-ci maddəsinə uyğun olaraq keçiriləcək satınalma barədə dövlət satınalmalarının vahid internet portalında elan (dəvət) dərc olunur. Həmin Qanunun 50-4.1-ci maddəsinə əsasən elektron satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən hər bir malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə bu barədə real vaxt rejimində təsdiq bildirişi göndərilir. Həmin Qanunun 50-4.2-ci maddəsinə əsasən elektron satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən malgöndərənlərin (podratçıların) sayı səmərəli rəqabəti təmin etmək üçün 3 (üç) iştirakçıdan az olduqda, satınalan təşkilat bu proseduru ləğv edir. Elektron satınalmanın ləğv edilməsi barədə məlumat dərhal qeydiyyatdan keçmiş malgöndərənlərə (podratçılara) göndərilir. Həmin Qanunun 50-4.3-cü maddəsinə əsasən satınalan təşkilatın tələbatını nəzərə almaqla, elektron satınalmaya dəvətin dərc edilməsi ilə elektron satınalmanın keçirilməsi arasında müddət malgöndərənlər (podratçılar) tərəfindən elektron satınalmaya hazırlığın görülməsi və təkliflərin təqdim edilməsi üçün kifayət etməlidir. Həmin Qanunun 50-5.1-ci maddəsinə əsasən elektron satınalma aşağıdakılar əsas götürülməklə həyata keçirilir: 50-5.1.1. satınalma müqaviləsinin bağlanılması barədə qərar ən aşağı qiymət əsas götürülməklə qəbul edildikdə qiymət əsasında; 50-5.1.2. qiymətləndirilmə nəticəsində ən sərfəli sayılan təklif əsas götürülməklə malgöndərənlərə (podratçılara) təqdim olunan qiymət və digər meyarlar əsasında. Həmin Qanunun 50-5.2-ci maddəsinə əsasən elektron satınalma zamanı:50-5.2.1. bütün iştirakçılara təkliflərin təqdim olunması üçün bərabər şərait yaradılır; 50-5.2.2. tətbiqindən asılı olaraq bu Qanunun 50-3-cü maddəsinə uyğun olaraq bütün təkliflərin avtomatik qiymətləndirilməsi təmin olunur; 50-5.2.3. elektron satınalmanın hər bir iştirakçısına onun təklifinin açılmasını və qiymətləndirilməsini müşahidə etmək üçün bərabər şərait yaradılır; 50-5.2.4. satınalan təşkilat ilə elektron satınalmanın iştirakçıları və ya onların özü arasında yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əlaqə saxlanılır. Həmin Qanunun 50-5.4-cü maddəsinə əsasən elektron satınalma bu Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır. Həmin Qanunun 50-5.5-ci maddəsinə əsasən informasiya resurslarında elektron satınalmanın keçirilməsini pozan nöqsanlar yarandıqda, satınalan təşkilat elektron satınalmanın keçirilməsini dayandırır. Elektron satınalma dayandırıldıqda və ya ləğv olunduqda satınalan təşkilat prosedur iştirakçılarının eyniləşdirmə məlumatlarını məxfi saxlayır. Həmin Qanunun 50-6.1-ci maddəsinə əsasən elektron satınalma nəticəsində bu Qanunun 37.7-ci maddəsinə əsasən müəyyən olunan ən aşağı qiymət təklifi və ya keyfiyyət və texniki cəhətdən ən sərfəli təklif qalib hesab olunur. İşin faktiki hallarına əsasən iddiaçının cavabdehə təqdim etdiyi təkliflər iki lot üzrə ən aşağı qiymətli təklif olmuşlar, lakin cavabdeh təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderləri ləğv etmiş, beləliklə, iddiaçının satınalmanın sonrakı mərhələlərində iştirak edə bilməmişdir. Belə ki, cavabdehin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi “ASAN xidmət aparatı və tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlərin ləğv olunması ilə bağlı Tender Komissiyasının iclasının xx.xx.2020-ci il tarixli 3 nömrəli protokolu ilə qəbul olunmuş qərardan görünür ki, 1, 2, 3, 4, 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzləri üzrə 2021-ci il üçün gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlər ləğv olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, AİBNDX-15/01-7/1663 nömrəli məktubuna əsasən cavabdeh tərəfindən tender prosedurlarının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun 11.2-ci maddəsinə uyğun olaraq tender predmetinin maliyyələşdirilməsinin dayandırılması səbəbindən ləğv olunması bildirilmişdir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun 11.2-ci maddəsinə əsasən satınalan təşkilat dövlət mənafelərinin qorunması məqsədi ilə aşağıdakı hallarda bütün tender təkliflərinin, oferta və kotirovkaların aksept olunana qədər rədd edilməsi barədə qərar qəbul edə bilər: tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdikdə;tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda; tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda.Bu qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmalıdır. Lakin cavabdeh tərəfindən istinad edilən maliyyələşdirmənin dayandırılması haqqında qərar məhkəməyə təqdim edilmədiyi üçün məhkəmə hesab edir ki, cavabdehin “ASAN xidmət aparatı və tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlərin ləğv olunması ilə bağlı Tender Komissiyasının iclasının xx.xx.2020-ci il tarixli 3 nömrəli protokolu ilə qəbul olunmuş qərar iddiaçı üçün əlverişsiz qanunsuz qərardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Göstərilənlərə görə məhkəmə hesab edir ki, iddiaçının iddiası cavabdeh Аzərbаycаn Rеspublikаsının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparatında və tabeliyində olan “Asan Xidmət” Mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsi ilə əlaqədar elan olunmuş elektron açıq tenderlərin ləğv olunmasına dair Tender Komissiyasının xx.xx.2020-ci il tarixli qərarının 1 və 2 saylı Bakı “ASAN xidmət” mərkəzləri üzrə gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlərin ləğvinə aid olan hissədə ləğv edilməsi hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. İddiaçının iddiasının cavabdehin üzərinə İddiaçı MMC-nin həmin satınalma predmetləri ilə bağlı 09 dekabr 2020-ci ildə keçirilmiş tenderlərin qalibi elan etmək vəzifəsinin qoyulması hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, qeyd edilən qərarı qəbul etmək cavabdehin diskression səlahiyyətinə aid məsələdir. Belə ki, “Dövlət satınalmaları haqqında” Qanunun 50-6.2-ci maddəsinə əsasən satınalan təşkilat elektron satınalma keçirildikdən sonra qalib təklifin formal tələblərə uyğunluğunu və həmin təklifi təqdim edən malgöndərənin (podratçının) ixtisas göstəriciləri meyarlarına cavab verməsini yoxlayır. Satınalan təşkilat təklifin formal tələblərə cavab vermədiyini və ya malgöndərənin (podratçının) ixtisas göstəriciləri meyarlarına uyğun gəlmədiyini müəyyən edərsə, həmin təklifi kənarlaşdırır. Bu Qanunun 11.2-ci maddəsinə əsasən satınalan təşkilat satınalmaları ləğv etmək hüququna xələl gətirmədən elektron satınalmanın bağlanılması anına formal tələblərə uyğun olan və ixtisas göstəriciləri meyarlarına cavab verən növbəti ən aşağı və ya ən sərfəli qiymətli təklifi təqdim etmiş malgöndərəni (podratçını) seçir. Həmin Qanunun 50-6.3-cü maddəsinə əsasən satınalan təşkilat elektron satınalma müqaviləsinin bağlanılması anına qalib hesab olunan təklifin ehtimal olunan qiymətdən əhəmiyyətli dərəcədə aşağı olduğu və onun da satınalma müqaviləsinin yerinə yetirilməməsi ilə nəticələnəcəyi qənaətinə gələrsə, bu Qanunun 27-ci maddəsini tətbiq edə bilər. Bu halda satınalan təşkilat satınalmaları ləğv etmək hüququna xələl gətirmədən elektron satınalma müqaviləsinin bağlanılması anına formal tələblərə uyğun olan və ixtisas göstəriciləri meyarlarına cavab verən növbəti ən aşağı və ya ən sərfəli qiymətli təklifi təqdim etmiş malgöndərəni (podratçını) seçmək hüququna malikdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində göstərilən iddiaçının tenderin qalibi seçilməsi cavabdehin diskression səlahiyyətidir, satınalmanın ən aşağı qiymətini təklif etmək ən sərfəli qiyməti təklif etmək demək deyildir və tenderdə qalib gəlmək deyildir, qeyd edilən məsələ - tenderin qalibinin seçilməsi məsələsi cavabdehin ona verilmiş hüquq çərçivəsində diskression səlahiyyətlərindən istifadə edərək qəbul etdiyi qərar qəbul edilməsi ilə həll olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz:73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə;73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə;73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Həmin Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Hazırda cavabdeh tərəfindən İddiaçı MMC-nin Аzərbаycаn Rеspublikаsının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparatında və tabeliyində olan “ASAN Xidmət” Mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsi ilə əlaqədar elan olunmuş 09 dekabr 2020-ci ildə keçirilmiş tenderlərin qalibi elan etməməsi ilə hər hansı diskression səlahiyyətlərini düzgün həyata keçirməməsi məyyən edilməmişdir. Odur ki, cavabdehin üzərinə Аzərbаycаn Rеspublikаsının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparatında və tabeliyində olan “ASAN Xidmət” Mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsi ilə əlaqədar elan olunmuş 09 dekabr 2020-ci ildə keçirilmiş tenderlərin qalibi elan etmək vəzifəsinin qoyulması barədə iddiaçının iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilən bütün hallara məcmu qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, Аzərbаycаn Rеspublikаsının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparatında və tabeliyində olan “ASAN Xidmət” Mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsi ilə əlaqədar elan olunmuş elektron açıq tenderlərin ləğv olunmasına dair Tender Komissiyasının xx.xx.2020-ci il tarixli qərarı 1 və 2 saylı Bakı “ASAN xidmət” mərkəzləri üzrə gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlərin ləğvinə aid olan hissədə ləğv edilməlidir, iddia tələbi cavabdehin üzərinə İddiaçı MMC-ni həmin satınalma predmetləri ilə bağlı 09 dekabr 2020-ci ildə keçirilmiş tenderlərin qalibi elan etmək vəzifəsinin qoyulması hissəsində iddia rədd edilməlidir. Məhkəmə onu da qeyd edir ki, 1 və 2 saylı Bakı “ASAN xidmət” mərkəzləri üzrə gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlərin nəticəsi üzrə müvafiq satınalma müqaviləsini hazırlayıb imzalamaqla iddiaçıya göndərmək vəzifəsinin qoyulması hissədə iddiaçının iddiası məhkəmənin hazırki iş üzrə qəbul edilmiş qərardadı ilə mümkünsüz hesab edilmişdir. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2,32,33,68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. Аzərbаycаn Rеspublikаsının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparatında və tabeliyində olan “ASAN Xidmət” Mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsi ilə əlaqədar elan olunmuş elektron açıq tenderlərin ləğv olunmasına dair Tender Komissiyasının xx.xx.2020-ci il tarixli qərarı 1 və 2 saylı Bakı “ASAN xidmət” mərkəzləri üzrə gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlərin ləğvinə aid olan hissədə ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinə Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar