Məhkəmə qərarları › İş №2-1(112)-8227/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8227/2025

28.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8227/2025 28.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Qaradağ rayon, Şıxlar qəsəbəsi “Azon” zavoduna məxsus bağçılıq sahəsində yerləşən 5 sot V-2 nömrəli bağ sahəsinə dair İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçünün tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Qaradağ rayon Şıxlar qəsəbəsi “Azon” zavodunun məxsus bağçılıq sahəsində yerləşən 5 sot torpaq sahəsinin özəlləşdirilməklə mülkiyyətinə verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayon, Şıxlar qəsəbəsi “Azon” zavoduna məxsus bağçılıq sahəsində yerləşən 5 sot V-2 nömrəli bağ sahəsinə dair İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçünün tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmənin 28 iyul 2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu Şıxlar qəsəbəsi “Azon” zavoduna məxsus bağçılıq-yoldaşlıq bağ sahəsində yerləşən 5 sot torpaq sahəsi xx.xx.1985-ci il tarixli 19/401 saylı Bakı şəhəri Sovetinin qərarı “Azon” zavodunun müdiriyyəti, Həmkarlar İttifaqı Komitəsinin və bağçılıq-yoldaşlıqlar birliiyinin 1 saylı xx.xx.2002-ci il tarixli protokoluna əsasən “Azon” zavodunu o dövr üçün əməkdaşı X5 istifadəsinə ayrılmış və bu barədə 1987-ci ildə bağçılıq kitabı verilmişdir. X8 5 sot torpaq sahəsindən istifadə etməmiş, torpaq sahəsi mərhum anası Abdullayeva Əcəbnaza məxsus torpaq sahəsilə qonşu olduğu üçün anasına məxsus torpaq sahəsindən təcrid etməmiş, Sevda Əliyevanın razılığı əsasında məhkəməyə təqdim olunan cədvəldə V-2 saylı qeyd olunan 5 sot torpaq sahəsi- “Azon” zavodunun müdriyyəti, Həmkarlar İttifaqı komitəsinin və Bağçılıq-yoldaşlıqlar birliyinin 1 saylı xx.xx.2002-ci il tarixli protokolu, xx.xx.2002-ci il tarixli protokoldan çıxarış, xx.xx.2002-ci il tarixli bağçılıq kitabı iddiaçıya verilmiş və bununla 5 sot torpaq sahəsi üzərində iddiaçının sahiblik və istifadə hüquqqu tanınmışdır. İddiaçı hazırki tələb ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, “Azon” bağçılıq-yoldaşlıq təsərrüfatının nəzdində digər bağ sahəsi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı göstərilən sahə qonşu torpaq sahələri ilə ümumi hasar daxilində yerləşməklə sərbəst giriş-çıxış yolunun olmadığı müəyyən edilmişdir. Həmçinin bağçılıq-yoldaşlığın bölgü sxeminə əsasən “V-2” saylı bağ X1 adına qeyd edilmişdir. Həmçinin həmin bağ sahəsinə ********** nömrəli ərizə ilə X5 müraciəti olmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur:8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; Məhkəmə hazırkı iddianın öhdəliyinin icrası iddia növünə aid olduğunu və iddiaçı ilə cavabdeh arasında yaranmış inzibati mübahisənın Bakı şəhəri, Qaradağ rayonunda yerləşən bağ sahəsi ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışında öz nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahat və çıxışını dinləyərək, iş üzrə toplanılmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Tədqiq edilmiş sənədlər AZ-İİİ nömrəli 614347 nömrəli “Doğum haqqında şəhadətnaməyə” əsasən İddiaçı xx.xx.1968-ci ildə doğulmuş, anası X2r. AZ-İ seriyalı 272686 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X3 24 iyul 2005-ci ildə ölmüşdür. "xxxx" MMC Bağçılıq yoldaşlıqlar üzvlərinin xx.xx.2002-ci il tarixli 01 saylı ümumi iclasının protokolundan çıxarışa əsasən qərara alındı –V-2 saylı bağ sahəsi aşağıda adı qeyd edilən əməkdaşa verilsin- İddiaçı. Bağ torpaq sahəsinin order-arayışında qeyd edilmişdir ki, "xxxx" MMC nəzdində fəaliyyət göstərən Bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvü X6 ondan ötrü ki, həqiqətən Bakı şəhər Sovetinin xx.xx.1985-ci il tarixli 19/401 saylı qərarına, Bakı şəhər Sovetinin Baş Arxitektura İdarəsi tərəfindən işlənib hazırlanmış iş № 6/64 (xx.xx.1986-cı ildə təsdiq edilmiş) layihəyə, həmçinin “Azon” bağçılıq-yoldaşlıq cəmiyyətinin ümumi yığıncağının xx.xx.1993cü il tarixli 01 saylı protokoluna uyğun olaraq V-2 saylı torpaq sahəsi İddiaçı təhkim olunmuşdur. “Azon” zavodunun müdriyyəti, Həmkarlar İttifaqı Komitəsinin və Bağçılıq-yoldaşlıqlar birliyinin birgə müzakirəsinin 1 nömrəli xx.xx.2002-ci il tarixli protokoldan çıxarışa əsasən, Şıxlar qəsəbəsində bağçılıq-yoldaşlıqlar ərazisindən V-2 saylı 500 kv.m torpaq sahəsinin İddiaçı verilməsi qərara alınmışdır. Əlavə olaraq çıxarışda qeyd edilmişdir ki, bağçılığın üzvü X7 öhdəsində olan V-s saylı torpaq sahəsini etmədiyini bildirmişdir. Şıxlar qəsəbəsi V-2 nömrəli torpaq sahəsinin planı “Azon” bağçılıq yoldaşlıq idarə heyəti tərəfindən təsdiq və tərtib edilmişdir. İddiaçı tərəfindən əlavə olaraq məhkəməyə üzvlük kitabçasının kserosurəti məhkəməyə təqdim edilmişdir. Üzvlük kitabçasına əsasən, İddiaçı xx.xx.2002-ci ildə bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, bağçılıq cəmiyyəti bağın sahəsi 500 kv.m V-2 nömrəli bağ sahəsi xx.xx.2002-ci il tarixdən qeydə alınmış qərarına əsasən daxili istifadə etmək üçün verilmişdir. ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixlii “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Şəxlar qəsəbəsi, “Azon” b/y-nın 3Q saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********42 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdə qeyd edilmişdir ki, “Azon” bağçılıq-yoldaşlıq təsərrüfatının nəzdində digər bağ sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, idarənin mütəxəssisləri tərəfindən keçirilən baxış zamanı göstərilən sahə qonşu torpaq sahələriii ilə ümumi hasar daxilində yerləşməklə sərbəst giriş-çıxış yolunun olmadığı müəyyən edilmişdir. Həmçinin bağçılıq-yoldaşlığın bölgü sxeminə əsasən “V-2” saylı bağ digər şəxsin adına qeyd edilmiş, həmçinin həmin bağ sahəsinə digər şəxsin müraciəti olmuşdur. xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd edilmişdir ki, torpaq sahəsi sənəd üzrə və faktiki 0.05 ha-dır, ümumi torpaq sahəsi üzərində (Q-1 saylı bağa düşən hissədə) ikimərtəbəli fərdi yaşayış evi mövcuddur, bağ sahəsi dörd bağ sahəsi ilə ümumi sahəsi 0.23 ha olan bir hasar daxilindədir, ara sərhədləri şərtidir, göstərilən torpaq sahəsinə birbaşa çıxış yoxdur, bağ sahəsinə giriş-çıxış yolu ərizəçinin adına **********17 reyestr nömrəli ilə qqeydiyyatdan keçmiş bağ sahəsinin ərazisindədir, ümumi hasar daxilində yerləşən digər bağ sahələrinin yola giriş çıxış darvazaları var, bağçılıq yoldaşçılığın ümumi istifadə üçün nəzərdə tutulmuş yolun bir hissəsi ərizəçinin istifadəsindədir. Həmçinin işə əlavə olunmuş “B/Y”-nın bölgü sxeminə əsasən faktiki göstərilən bağ sahəsi Abdullayeva Əcəbnaza ayrılmış bağ sahəsinin yeri ilə üst-üstə düşür. Məhkəmənin mövqeyi Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: -9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. -10.Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: - 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 8.0. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.. -10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun qeyd edilən normanın məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. İşin araşdırılan hallarından müəyyən olunur ki, mübahisələndirilən bağ sahəsi qanuni əsaslarla iddiaçının istifadəsinə ayrılmışdır və həmin bağ sahəsinə dair onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün qanunvericiliklə müəyyən olunmuş əsaslar mövcuddur. Cavabdeh tərəfindən iddiaçının mübahisəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının mövcudluğunu təsdiq edən sənədlərin mötəbərsizliyi sübuta yetirə bilməmişdir. Beləki, işdə olan sənədlər:"xxxx" MMC Bağçılıq yoldaşlıqlar üzvlərinin xx.xx.1993-cü il tarixli 01 saylı ümumi iclasının protokolundan çıxarış və üzvlük kitabçası onun Bakı şəhəri, Qaradağ rayon, Şıxlar qəsəbəsi “Azon” zavoduna məxsus bağçılıq sahəsində yerləşən 5 sot V-2 nömrəli bağ sahəsinə dair hüquqlarını təsdiq edir. Cavabdeh inzibati orqanın imtinanın əsası kimi istinad etdiyi və etirazda qeyd etdiyi dəlillər əsassızdır, iddiaçının- hazırda hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi ona qanuni əsaslarla ayrılmışdır. Cavabdehin etirazında qeyd etdiyi hala (torpaq sahəsinə digər şəxslərin müraciəti olması) gəldikdə isə məhkəmə qeyd edir ki, X3 iddiaçının anasıdır, 24 iyul 2005-ci ildə ölmüşdür. X5 müraciətinə gəldikdə isə, yuxarıda tədqiq edilmiş sənədlərdən görünür ki, hazırda mübahisəli bağ sahəsi ilkin olaraq həmin şəxsə ayrılmış, sonradan onun istifadə etmədiyi nəzərə alınaraq ondan geri alınmış və iddiaçıya verilmişdir. Odur ki, cavabdeh bu halı iddiaçı mülkiyyət hüququndan məhrum edilməsinə əsas kimi gətirsə də, həmin şəxslərin müraciətləri və hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, mübahisəli bağ sahəsi ilə bağlı iddiaçı ilə digər şəxslər arasında(fiziki və hüqiq şəxslər) mübahisənin mövcud olması müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçıya qanuni əsaslarla bağ sahəsi məxsus olmasına baxmayaraq, hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Qaradağ rayon, Şıxlar qəsəbəsi “Azon” zavoduna məxsus bağçılıq sahəsində yerləşən 5 sot V-2 nömrəli bağ sahəsinə dair İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçünün tərtib edilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Qaradağ rayon, Şıxlar qəsəbəsi “Azon” zavoduna məxsus bağçılıq sahəsində yerləşən 5 sot V-2 nömrəli bağ sahəsinə dair İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və plan ölçünün tərtib edilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar