Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8228/2023 25.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “şəxsin ilkin adının və soyadı barədə məlumatın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək səhnədə “Şəbnəm” adı ilə çıxış edən X3 ilkin adının və soyadının kim olması barədə məlumatların verilməsi öhdəliyinin Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulnası barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı uzun müddət Azərbaycan səhnəsində müğənni kimi fəaliyyət göstərmiş və səhnə adı Şəbnəm Tapdıqdır. Bu adı ona atası vermiş və ona qədərki səhnədə ikinci Şəbnəm olmamışdır. Yəni bu onun səhnə adıdır. Lakin bir müğənni iddiaçının adını özünə təxəllüs kimi götürmüş və Şəbnəm adı ilə səhnədə çıxış edir. Onun əslində hal-hazırda sənəddə adı X1 qeyd olunmuşdur. O, 1983cü ildə Tovuz rayonunun Qovlar kəndində anadan olmuşdur. İddiaçıya çatan məlumata görə onun adı Şəbnəm olmamış, sonradan Şəbnəm adını özünə səhnə adı kimi götürmüşdür. Sösial şəbəkələrdə özünün dediyinə və yayılan digər məlumatlara görə onun adı Aygün olmuşdur. İddiaçı Cavabdehnə sorğu ilə müraciət edərək Şəbnəm adı ilə səhnədə çıxış edən şəxsin ilkin adının və soyadlnın kim olması barədə məlumatların verilməsini xahiş etmiş, lakin verilmiş cavabda bildirilmişdir ki, fərdi məlumatlar olduğu üçün həmin məlumatları kənar şəxslərə verə bilməzlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaçıya İPM-in 13-cü maddəsinə müvafiq olaraq hüquqi yardım məktubu göndərilərək, iddia irəli sürmək üçün subyektiv hüququnu təsdiq edən müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İddianın mümkünlük məsələsinin müzakirə edilməsi üçün işin hazırlıq icraatı üzrə məhkəmə iclası 25 aprel 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın mümkün hesab edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququ olmadığından iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X2 Reyestri Xidməti tərəfindən iddiaçı tərəfin “Şəbnəm Əsədovanın adının dəyişdirilməsinə dair məlumatın istənilməsi barədə” müraciətinə aşağıdakı məzmunda cavab verilmişdir: “İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun 38.3-cü maddəsinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən X2 qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız onları əldə etmək hüququna malik şəxslərə təqdim edilir. “Fərdi məlumatlar haqqında" Qanunun 2.1.6-cı və 13.1-ci maddələrinə uyğun olaraq ailə həyatına aid olan məlumatlar xüsusi kateqoriyalı fərdi məlumatlardır və həmin Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, həmçinin onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 dövlət qeydiyyatı Qaydası“na uyğun olaraq X2 dövlət qeydiyyatı haqqında şəhadətnamələr (arayışlar) notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Müraciətdə verilməsi xahiş edilən məlumat fərdi məlumatlar kateqoriyasına daxil olduğundan, eləcə də həmin məlumatları almaq hüqüquna malik olan şəxsə məxsus etibarnamə Sizdə mövcud olmadığından Şəbnəm Əsədovanın adının dəyişdirilməsinə dair məlumatın verilməsi mümkün deyildir. Eyni zamanda “Qayda"nın tələblərinə əsasən zərurət yarandıqda vətəndaşlıq vəziyyəti akt qeydlərinin surəti müvafiq sorğu üzrə məhkəmələrə təqdim olunur. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3). Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (1.5). Sadalanan qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Yuxarıda istinad olunan Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Eyni Qərarın 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 38.3-cü maddəsinə əsasən əldə olunmasına məhdudiyyətlər qoyulan ailə həyatına dair məlumatlar aşağıdakılardır: 38.3.1. cinsi həyat haqqında məlumatlar; 38.3.2. X2 qeydiyyatı haqqında məlumatlar; 38.3.3. ailə həyatının ayrı-ayrı məqamları haqqında məlumatlar;.. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən informasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: 21.1.1. sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə. Göstərilənlərə və iddia ərizəsində qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunduğundan və iddiaçı qeyd olunan məlumatların əldə edilməsi hüququna malik şəxslər kateqoriyasına aid edilmədiyindən, o cümlədən hazırkı iddianı irəli sürmək üçün müvafiq sənədləri (etibarnamə və s.) məhkəməyə təqdim etmədiyindən onun qeyd olunan informasiyanı əldə etmək üçün subyektiv hüququ yoxdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmənin qənaəti belədir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir. Bu isə inzibati prosessual qanunvericiliyə uyğun deyil ona görə də iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-8228/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8228/2023
25.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver