Məhkəmə qərarları › İş №2-1(112)-8229/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8229/2025

13.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8229/2025 13.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “daimi kirayə müqaviləsinin bağlanması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra– iddiaçı) xx.xx.2025-ci ildə ərizə ilə Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) müraciət edərək, ünvan 1 ünvanı ilə bağlı iddiaçı ilə daimi kirayə müqaviləsi bağlanılması barədə müvafiq sərəncam verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli 5-21/2-C-3/2-068/2/25 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Yasamal rayonu, Yeni Yasamal 1 massivi, ev 13 ünvanında yerləşən 74 saylı mənzilə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim etmədiyindən, eyni zamanda daşınmaz əmlaka mülkiyyət, sahiblik və istifadə hüququna dair münasibətlər mülki-hüquq münasibətlərinin predmeti olduğundan iddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanılması mümkün deyildir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh 20 fevral 2025-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi, ünvan 2 ünvanına dair onunla daimi kirayə müqaviləsinin bağlanmasına dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, o, uzun illər ünvan 2 ünvanında yaşamağına baxmayaraq 04 dekabr 2024-cü il tarixdə qeyd olunan ünvana daimi pasport qeydiyyatına düşmüşdür. Bundan sonra 03 fevral 2025-ci il tarixdə Cavabdehnə müraciət edərək ünvan 2 ünvanına dair mənimlə daimi kirayə müqaviləsi bağlanılmasını xahiş etmişdir. Bakı şəhəri Cavabdeh xx.xx.2025-ci il tarixli imtina məktubuna əsasən hüquq müəyyənedici sənəd olmadığından onunla yuxarıda qeyd olunan ünvana dair kirayə müqaviləsi bağlanması barədə imtina verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən İddiaçı adına daşınmaz əmlak aşkar edilməmişdir. Həmçinin Bakı şəhəri Yasamal Bələdiyyəsinin 85 saylı, 15 yanvar 2025-ci il tarixli arayışına əsasən ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı Yasamal Bələdiyyəsindən torpaq sahəsi almamışdır. Bununla bağlı aztəminatlı olduğu üçün yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı Bakı şəhəri Cavabdehnə mənzil növbəsinə götürülməyi üçün müraciət etmişdir. Bakı şəhəri Cavabdeh Başçısının 36 nömrəli, 28 yanvar 2025-ci il tarixli sərəncamı ilə İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və ümümi əsaslarla mənzil-uçot siyasına daxil edilmişdir. Belə olan halda uzun illər ərzində qeyd olunan mənzildə yaşamağı, kommunal xərcləri ödəməyi və eyni zamanda Cavabdehndə mənzil növbəsində olmağı iddiaçı ilə daimi kirayə müqaviləsi bağlanması barədə imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, təmin olunmamasını xahiş etdi. İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı hazırda barəsində əlverişli inzibati akt qəbul edilməsini xahiş edir ki, bu iddia inzibati mübahisə olmaqla düzgün inzibati orqana qarşı qaldırılmışdır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ vardır və məhkəməyə müraciət etməzdən öncə cavabdehə müraciət etmiş, tələbi təmin edilmədikdən sonra qanunla nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə aşağıda qeyd olunan əsaslara görə hesab edir ki, iddia əsassızdır. Belə ki, işdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2025-ci il tarixli, 36 nömrəli sərəncamından görünür ki, İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və ümumi əsaslarla mənzil-uçot siyahısına daxil edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş 2158 nömrəli, xx.xx.2025ci il tarixli Dövlət Əmlakının registrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən 9 mərtəbəli bina Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır və 1993-cü ildə istismara verilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli, 5-21/2-893/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 massivi, ev 13 ünvanında yerləşən 74 saylı mənzili Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla dövlət mənzil fonduna aiddir, xüsusi təyinatlı mənzil deyildir. İddiaçı uzun illərdir qeyd olunan mənzildə yaşayır, lakin 04 dekabr 2024-cü il tarixdə həmin ünvana daimi pasport qeydiyyatına düşmüşdür. Kommunal xidmətlərə görə ödənişlər onun tərəfindən həyata keçirilir. Bakı şəhəri Cavabdeh Başçısının 36 nömrəli, 28 yanvar 2025-ci il tarixli sərəncamı ilə İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və ümumi əsaslarla mənzil-uçot siyasında sıra nömrəsi 2169-dur. 1960-ci ildən indiyədək ümumi əsaslarla mənzil növbəsinə götürülmüş və mənzil-uçot siyahısında olan şəxslər dövlət tərəfindən mənzillə təmin edilməmişdir. İddiaçı hazırda xx.xx.2025-ci il tarixdə yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülməsinə istinad edərək, onun hər hansı bir qanuni əsas olmadan yaşadığı dövlət balansında olan 74 saylı mənzilin istifadəsinə verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, qüvvədə olan Mənzil Məcəlləsinə (bundan sonra –MM) əsasən: - maddə. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. -maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. - maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - maddə 56.1. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. 56.2. Sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: 56.2.1. yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; 56.2.2. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; 56.2.3. bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara. - maddə 56.3. Yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir. - maddə 56.4. Bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. İstinad olunan normalardan görünür ki, yerli icra hakimiyyəti orqanı tərəfindən o şəxs mənzillə təmin edilir ki, həmin şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda dursun. Bu zaman mənzil MM-in 56.2-ci maddəsində nəzərdə tutulan hallar olmazsa, növbəlilik əsasında verilir. İşdən görünür ki, iddiaçı ümumi əsaslarla xx.xx.2025-ci ildə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır və uçota alınmış şəxslər sırasında 2169-cu şəxsdir. Belə olan halda aydındır ki, siyahıda olan 2168 nəfər mənzillə təmin edilməmiş, iddiaçının sosial kirayə müqaviləsi əsasında mənzillə təmin edilmək hüququ yaranmır. Bu zaman məhkəmə onu da nəzərə alır ki, iddiaçının MM-in 56.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla növbədənkənar yaşayış sahəsi ilə təmin edilməsi üçün həmin maddədə nəzərdə tutulan hər hansı bir hal iş üzrə mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar