Məhkəmə qərarları › İş №2-1(112)-8231/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8231/2025

13.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8231/2025 13.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli kooperativ yaşayış binasının 1-ci girişinin mansard mərtəbəsində ümumi sahəsi 100,6 kv.m, yaşayış sahəsi 56,5 kv.m olan 3 otaqlı, 45 F saylı mənzil sahəsinə dair İddiaçı Xaliq oğlunun adına mülkiyyət hüququna dair qeydiyyatın aparılması və həmin ünvana dair mənzil kimi dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 694-cü məhəllə, Nizami və K.Səfərəliyeva küçələrinin kəsişməsində hündürmərtəbəli yaşayış binası inşa edilmiş, xx.xx.2012-ci il tarixli, 377 saylı tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı tərtib edilmiş, bina istismara verilmişdir. "xxxx" MTK üzvlərinin ümumi iclasının 01 nömrəli, xx.xx.2025-cü il tarixli protokoldan çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli kooperativ yaşayış binasının 1-ci girişinin mansard mərtəbəsində ümumi sahəsi 100,6 kv.m, yaşayış sahəsi 56,5 kv.m olan 3 otaqlı, 45 F saylı mənzil (mansard) İddiaçı Xaliq oğluna satılmışdır. "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2025-ci il tarixli, 12 nömrəli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi 694-cü məhəllədə yerləşən 12 saylı kooperativ yaşayış binasının 1-ci girişinin mansard mərtəbəsində ümumi sahəsi 100,6 kv.m, yaşayış sahəsi 56,5 kv.m olan 3 otaqlı, 45 F saylı mənzilin dəyəri alıcı İddiaçı Xaliq oğlu tərəfindən tam ödənilmiş, İddiaçı Xaliq oğlunun Qağayı” Mənzil Tikinti Kooperativinə borcu yoxdur. İddiaçı Xaliq oğlu sözgedən mənzili əsaslı təmir etdirmişdir, neçə vaxtdırki mənzil kimi istifadə edir. Həmin ünvan mənzil kimi istifadəsində olduğundan hazırda həmin ünvana mənzil kimi dövlət reyestrindən çıxarış əldə etmək niyyətindədir. Mansard müqaviləsi bağlamış sözügedən binanın sakinləri yaşadıqları mansard mərtəbədəki sahələrə dair mənzil kimi dövlət reyestrindən çıxarış əldə etmişdirlər. O da hazırda "xxxx" Mənzil Tikinti Kooperativindən, əldə etdiyi, Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi 694-cü məhəllədə yerləşən 12 saylı kooperativ yaşayış binasının 1-ci girişinin mansard mərtəbəsində ümumi sahəsi 100,6 kv.m, yaşayış sahəsi 56,5 kv.m olan 3 otaqlı, 45 F saylı mansarda mənzil kimi dövlət mülkiyyət hüququna dair çıxarış əldə etmək niyyətindədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı sözügedən məsələ ilə əlaqədar İdarəyə müraciət etmiş və **********27 saylı xx.xx.2025-ci il tarixli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının Bakı Şəhər İcra Hakimiyyəti başçısının 377 saylı, xx.xx.2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında mənzillərin ümumi sayı 124 ədəd göstərilmişdir və mansard mərtəbə barədə hər hansı qeyd yoxdur. İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman müvafiq mənzilin binanın mansard mərtəbəsində yerləşdiyi və 45F saylı mənzilin “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında göstərilmiş mənzillərin ümumi say tərkibinə daxil olmadığı, həmçinin mənzilin sənəd üzrə ümimi sahəsinin 100.6 kv.m qeyd edilsə də, faktiki 75.8 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Həmin qanunun 8.0.10.1ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ünvan 7 ünvaında yerləşən çoxmərtəbəli kooperativ yaşayış binasının 1-ci girişinin mansard mərtəbəsində ümumi sahəsi 75.8 kv.m yaşayış sahəsi 49.1 kv.m olan 3 otaqlı 45F saylı mənzil sahəsinə dair İddiaçı adına mülkiyyət hüquqlarına dair qeydiyyatın aparılması və həmin ünvana dair qeydiyyatın aparılması və həmin ünvana dair mənzil kimi dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən tərtib edilmiş Bakı şəhəri, Səfərəliyeva küçəsi, ev 12, giriş 1, mənzil 45F barədə tərtib edilmiş evin panından görünür ki, ev eyvan (13.7 kv.m), 3 yaşayış otağı(26.0 kv.m, 16.5 kv.m, 14.0 kv.m olmaqla), mətbəx(11.2 kv.m), dəhliz(13.8 kv.m), s/q(5.4 kv.m), ibarət olmaqla, yaşayış sahəsi 56.5 kv.m, ümumi sahəsi 100.6 kv.m-dir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli "xxxx" MTK üzvlərinin ümumi iclasının 01 nömrəli protokolundan Çıxarışdan görünür ki, 120 nəfər üzvü olan Kooperativin 80 nəfər üzvü iclasda iştirak etmişdir. Gündəlikdə duran məsələlər: Kooperativ üzvlüyünə götürülməsi haqqında, Pay haqqını tam ödəmiş kooperativ üzvlərinə çıxarış verilməsi haqqında məsələlər daxildir. İclasın yekununda qərara alınmışdır ki, Vətəndaş İddiaçı MTK-ya üzv qəbul edilsin və ona MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi, 694-cü məhəllə, ev 12, mansard mərtəbəsində, giriş 1, yaşayış sahəsi 56.5 kv.m, ümumi 100.6 kv.m olan 3 otaqlı 45F saylı mənzilin çıxarışı verilsin. Çıxarışa bir nəfər tərkibində daxil edilsin: İddiaçı. İş materiallarına əlavə edilmiş "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 12 nömrəli Maliyyə Arayışında göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi, 694-cü məhəllə, ev 12, mansard mərtəbəsində, giriş 1, yaşayış sahəsi 56.5 kv.m, ümumi 100.6 kv.m olan 3 otaqlı 45F saylı mənzilin dəyəri alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-21647/2025 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 4 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2025-ci il tarixli 3-35/2-2449/2025 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2012-ci il tarixli 377 saylı sərəncamı ilə tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət komissiyası aktı ilə qərara alınmışdır ki, Nəsimi rayonu, 694-cü məhəllə, Nizami və K.Səfərəliyeva küçələrinin kəsişdiyi ərazidə 16-18-16 mərtəbəli 3 girişli yaşayış binası (1-ci mərtəbəsi 2 səviyyəli qeyri-yaşayış sahəsi) mövcud (məskunlaşdırılmış) vəziyyətdə istismara qəbul edilsin. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-19379/2025 nömrəli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi, 694-cü məhəllə, ev 12, 45 F saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Həmin məktubla təqdim edilmiş xx.xx.2025-ci il tarixli müayinə aktından görünür ki, mənzil 3 otaqdan ibarətdir. Yaşayış sahəsi hüquqmüəyyənedici sənəd üzrə 56.5 kv.m, faktiki 49.1 kv.m, köməkçi sahə faktiki olaraq 26.7 kv.m, ümumu sahə hüquqmüəyyənedici sənəd üzrə 100.6 kv.m, faktiki 75.8 kv.m təşkil edir. Mənzilin məvcud vəziyyəti eskiz olub. Mənzil 16-18-16 mərtəbəli binanın 16+ mansard mərtəbəsində yerləşir. Mansard mərtəbəsi qeydiyyatdan keçməyib və 45F saylı mənzil binanın ümumi mənzil sayına daxil deyil. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-21710/2025 nömrəli məktubu ilə Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, ev 12 ünvanında yerləşən binanın mansard mrətəbəsində qeydiyyata alınmış bir mənzilə dair hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki: -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” 634746 nömrəli Çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən ümumu sahəsi 147.6 kv.m olan mənzil xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 3839 nömrəli reyestr kitabının 359125 nömrəli vərəqində qeydiyyata alınmışdır. -xx.xx.2020-ci il tarixli 634746 nömrəli "xxxx" MTK üzvlərinin ümumi iclasının 01 nömrəli protokolundan Çıxarışdan görünür ki, 120 nəfər üzvü olan Kooperativin 80 nəfər üzvü iclasda iştirak etmişdir. Gündəlikdə duran məsələlər: Kooperativ üzvlüyünə götürülməsi haqqında, Pay haqqını tam ödəmiş kooperativ üzvlərinə çıxarış verilməsi haqqında məsələlər daxildir. İclasın yekununda qərara alınmışdır ki, X1 MTK-ya üzv qəbul edilsin və ona MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi, 694-cü məhəllə, ev 12, mansard mərtəbəsində 2-ci giriş yaşayış sahəsi 84.3 kv.m, ümumi sahəsi 157.3 kv.m olan, 3 otaqlı, 79B saylı mənzilin çıxarışı verilsin. Çıxarışa bir nəfər tərkibində daxil edilsin: X3. -"xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 634746 nömrəli Maliyyə Arayışında göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi, 694-cü məhəllədə yerləşən 12 saylı yaşayış binası Qağayı MTK-ya məxsusdur. Bu binanın 2-ci giriş, mansard mərtəbəsində ümumi sahəsi 157.3 kv.m, yaşayış sahəsi 84.3 kv.m olan 3 otaqlı 79B saylı mənzilin dəyəri alıcı X3 tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. -Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-4450/2021 nömrəli Qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi, 694-cü məhəllə, ev 12 ünvanda yerləşən kooperativ yaşayış binasının 2-ci girişinin mansard mərtəbəsində, ümumi sahəsi 157.3 kv. metr, yaşayış sahəsi 84.3 kv. metr olan, 3 otaqlı, 79B saylı yaşayış sahəsinin iddiaçı X2 adına Azərbaycan Respublikası Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, hazırkı işin hallarından görünür ki, "xxxx" MTK-nın xx.xx.2025-ci il tarixli, 01 saylı protokolu ilə İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi, 694-cü məhəllə, ev 12, mansard mərtəbəsində, giriş 1, yaşayış sahəsi 56.5 kv.m, ümumi sahəsi 100.6 kv.m olan 3 (üç) otaqlı, 45 F saylı mənzili verilmiş, eyni tarixdə iddiaçıya mənzilin pay dəyərinin tam ödənildiyi, MTK-ya borcu olmamağı barədə İddiaçı maliyyə arayışı verilmişdir. İddiaçı sözügedən protokol, maliyyə arayışını əsas götürərək qeyd edilən əmlaka mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaya etirazının əsasında yaşayış binasının Bakı Şəhər İcra Hakimiyyəti başçısının 377 saylı, xx.xx.2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında mənzillərinin ümumi sayının 124 ədəd olduğu və mansard mərtəbə barədə hər hansı qeyin olmadığına istinad etmişdir. Hazırkı iddiasında iddiaçı mənzilin yerləşdiyi mansard mərtəbəsinin yaşayış sahəsi kimi istifadə edildiyini nəzərə alaraq 45F saylı mənzilə mülkiyyət hüququnun qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsini mübahisələndirir. Məhkəmə cavabdehin imtina əsasları ilə razılaşmır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: (maddə 8.0.6) mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); - (maddə 8.0.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: - (maddə 8.0.9.2) çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Kooperativ üzvlərinin yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi öhdəliyi daşıyır. Belə ki, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı, həmçinin Mülki Məcəllənin 157.1-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində çardaqların (mansarda mərtəbəsinin) binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyekt kimi nəzərdə tutulsa da, 2013-cü il yanvarın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində mansarda mərtəbəsi binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahə kimi nəzərdə tutulmuşdur. İşin hallarından da görünür ki, iddiaçı "xxxx" MTK-ya üzv qəbul edilmiş və ünvan 6, mansard mərtəbəsində, giriş 1, 45F saylı mənzilin payçısı olduğunu təsdiq edən və mübahisəli sahənin pay dəyərinin payçı olan iddiaçı tərəfindən tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir. Beləliklə, iddiaçı müqavilə öhdəliyinə əməl edərək müqavilədə nəzərdə tutulan mansard mərtəbədə yerləşən sahənin pay haqqını tam ödəmiş, sahənin yerləşdiyi binanın istismarına icazə verilmiş və həmin sahəyə hüququn qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş imtina üçün hər hansı bir əsas mövcud olmamışdır. Mübahisə predmeti olan mənzilin mansard mərtəbədə yerləşdiyini və həmin sahəyə görə pay haqqının tam ödənildiyini, həmin sahənin yerləşdiyi binanın istismara qəbul edildiyini, mövcud qanunvericiliyə əsasən mansard mərtəbəsinin yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulduğunu, həmçinin "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 15.1-ci maddəsində nəzərdə tutulan imtina hallarının mövcud olmadığını nəzərə alaraq hesab edir ki, cavabdehin müraciətin təminindən imtinası əsaslı olmamışdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə sorğusu əsasında əldə edilmiş hüquqmüəyyənedici sənədlərdən müəyyən olunur ki, və ünvan 6 ünvanında yerləşən binanın mansard mərtəbəsində iddia edilən 45F nömrəli mənzillə eyni mərtəbədə yerləşən digər 1 mənzil üzərində mülkiyyət hüququ artıq cavabdeh tərəfindən qeydiyyata alınmışdır. “İnzibati icraat haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. -12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. -18.1. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. Məhkəmə qeyd edir ki, hazırkı halda cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtinası Qanunun yuxarıda sadalanan inzibati icraatın prinsiplərinə zidd hesab edilməlidir. Əvvəla ona görə ki, işin sadalanan hallarından da müəyyən olunur ki, iddiaçının iddia etdiyi mənzil mansard mərtəbəsində yerləşən mənzillərdən biridir və digər 1 mənzil artıq məhkəmə qərarı ilə qeydiyyata alınmışdır. Məhkəmə aktı ilə əmlaka olan hüquqlar qeydiyyata alındıqdan sonra cavabdeh inzibati orqan məhkəmənin gəldiyi nəticəni əsas götürməmiş, inzibati praktikasını dəyişməyərək iddiaçıya münasibətdə eyni imtina əsası ilə çıxış etmişdir ki, bununla da iddiaçıya münasibətdə Qanunun etimad və ya bərabər yanaşılma prinsipini tətbiq etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 7 ünvanında yerləşən çoxmərtəbəli kooperativ yaşayış binasının 1-ci girişinin mansard mərtəbəsində ümumi sahəsi 75.8 kv.m yaşayış sahəsi 49.1 kv.m olan 3 otaqlı 45F saylı mənzilə dair İddiaçı adına mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq çıxarışının verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 7 ünvanında yerləşən çoxmərtəbəli kooperativ yaşayış binasının 1-ci girişinin mansard mərtəbəsində ümumi sahəsi 75.8 kv.m, yaşayış sahəsi 49.1 kv.m olan 3 otaqlı 45F saylı mənzilə dair İddiaçı adına mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar