Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8236/2021 16.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı torpaq sahəsi üzərinə qoyulmuş nəzarətin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı torpaq sahəsi üzərinə qoyulmuş nəzarətin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi Şamaxı rayonu Qızılmeydan kəndində yerləən torpaq sahəsinin üzərinə məktub əsasında qoyulmuş nəzarətin ləğv edilməsini tələb edir. İddiaçı hesab edir ki, həmin nəzarətin qoyulması onun mülkiyyət hüququnun pozuntusudur. Belə ki, nəzarətin qoyulması ilə bağlı istintaq işi üzrə mübahisəli məsələ mülki qaydada həll edilmiş, qətnamə müvafiq qaydada icra edilmişdir. Bu səbəbdən də torpaq sahəsi ilə bağlı ipoteka qeyd də ləğv edilmişdir. Məhkəmə 16.08.2021-ci il tarixli məhkəmə iclasında məhkəmə ərazi aidiyyət məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iş ərazi aidiyyəti baxımından Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Belə ki, iddia tələbindən və iş materiallarından görünür ki, nəzarətin ləğv edilməsi ilə bağlı müraciət edilməsi tələb olunan daşınmaz əmlak Şamaxı rayonu ərazi hüdudları daxilində yerləşir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır Mübahisə predmeti olan daşınmaz əmlakın ünvanı Şamaxı rayonu ərazi yurisdiksiyası baxımından Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommerasiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə hazırkı iddia tələbinin hansı səbəbdən İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşməsi, hal-hazırkı iddia üzrə hansı səbəbdən İPM-nin 8.1.4-cü maddəsinin tələblərinin əsas götürülməməsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İlk olaraq, bununla bağlı olaraq qeyd edilməlidir ki, məhkəmə qaydasında qaldırılmış iddia tələbi özünün və ya başqasının mənafeyi naminə, pozulması ehtimal edilən hüquq və azadlıqların müdafiəsi naminə məhkəmə qaydasında həyata keçirilən prosessual hərəkətdir. Göründüyü iddia tələbinin pozulması ehtimal olunan hər hansı hüquq və azadlıqla bağlı olması və mənafe naminə irəli sürülməsi zəruri şərtdir. AR İPMnin 35.1-ci maddəsi ilə də müəyyən edilir ki, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozuntusu yoxdursa iddia mümkünsüzdür. Məhkəmə hesab edir ki, hazırkı iddiada pozulması ehtimal olunan hüquq məhz mülkiyyət hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsindən də göründüyü kimi hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin mülkiyyət hüququ vardır. Hazırkı iddia da iddiaçının mənafeyi namində məhz iddiaçının konstitusion hüquqlarından biri olan mülkiyyət hüququnun təminatı ilə əlaqədar qaldırılmışdır ki, iddia tələbindən də göründüyü kimi iddiaçı cavabdehin torpaq sahəsinə nəzarət tədbirinin mövcudluğundan şikayət verərək onun mülkiyyət hüququnu həyata keçirməsinə maneələrin olduğunu iddia edir. AR Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İddiaçının iddia tələbindən də müəyyən edilir ki, iddiaçı mülkiyyət hüququnun bir hissəsi olan sərəncam hüququnun, yəni əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanının məhdudlaşdırılmasına yönələn nəzarət tədbirinin aradan qaldırılması ilə bağlı iddia qaldırmışdır. Göründüyü kimi iddia müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisədir.Nəzərə alınmalıdır ki, inzibati məhkəmə mübahisəsi ilə əlaqədar məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsi Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin nəzərdə tutulmuş prosessual qaydadan daha geniş mənada qiymətləndirmə tələb edir. Belə ki, oxşar məsələ ilə bağlı, yəni daşınmaz əmlakla, o cümlədən torpaq sahəsi ilə bağlı məhkəmə mübahisələrində məhkəmə aidiyyəti ilə bağlı tənzimləmə müəyyən edən AR MPM-nin 39.1-ci maddəsi hər daşınmaz əmlakla, həmçinin torpaq sahəsi bağlı olan iddianı müstəsna aidiyyət hesab etməmiş torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar üzrə torpaq sahəsinin olduğu yerə görə iddianın verilməsini müəyyən etmişdir. İnzibati məhkəmə icraatı isə, təkcə həmin tələblərlə, yəni vindikasiya və neqator (hərçənd hazırkı iş üzrə verilmiş iddia da neqator iddia hesab edilir) iddialar üzrə yox, həmçinin müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar bütün növ iddialar üzrə işə ərazinin yerləşdiyi səlahiyyətli inzibati məhkəmədə inzibati mübahisəyə baxılmasını zəruri hesab etmişdir. Göründüyü kimi hazırkı iş üzrə müəyyən edilməli məsələ hazırkı iddianın müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar olub-olmaması ilə bağlı olmasıdır ki, məhkəmə də qeyd olunan istiqamətdə apardığı qiymətləndirmə nəticəsində hesab edir ki, hazırkı iddia tələbi əmlaka sərəncam hüququnun əsaslı və ya əsassız məhdudlaşdırılması, yəni torpaq sahəsinə mülkiyyət hüququnun pozulub-pozulmaması ilə bağlı olduğundan hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər Qeyd olunanları nəzərə laraq və İPM-in 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan hazırkı iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim:Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-8236/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8236/2021
16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver