Məhkəmə qərarları › İş №2-1(112)-8239/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8239/2022

17.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8239/2022 17.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək kitabçasında göstərilən iş satjı, o cümlədən cavabdehin mübahisələndirdiyi xx.xx.1995-ci il tarixindən xx.xx.1996-cı il tarixə və xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixə qədər olan dövr sosial sığorta stajına daxil edərək mənə pensiya hüququmun yarandığı tarixdən əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1956-cı il tarixdə Bakı şəhərində doğulmuşam. 1973-cü ildən 1977-ci ilədək Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. 1977ci ildən əmək fəaliyyətinə başlamışam və müxtəlif müəssisələrdə işləyib. ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, hazırda ümumi olaraq 25 ilə 10 ay 28 gün iş stajı vardır. Əmək pensiyasının təyin edilməsi üçün sənədlərini Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim etsə də, yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişlər. İmtina məktubu onunla əsaslandırılmışdır ki, sığorta stajı 21 il 10 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır, fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 16182,73 manat olmaqla tələb olunan məbləğdən (28800 manatdan) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin X4 və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən xx.xx.1995-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək işlədiyiniz Təsərrüfat Hesablı “Ailəvi” kafesinin, eləcə də xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək işlədiyi 14 nömrəli X7 Emalatxanasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından sözügedən dövrlərin araşdırılıb sığorta stajına əlavə edilməsi mümkün hesab edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası və qeyd etdiyi səbəblər əsassızdır. Belə ki, hərbi xidmət və təhsil dövrüdə nəzərə alınmaqla iş stajı 25 ildən çoxdur. İş stajını təsdiq edən ən əsas sübut isə onun əmək kitabçasıdır. Həmçinin, cavabdeh orqanın mübahisələndirdiyi xx.xx.1995-ci il tarixindən xx.xx.1996cı il tarixə və xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixə qədər olan dövr arasında olan iş stajı barədə müvafiq məlumatlar əmək kitabçasında öz əksini tapmışdır və həmin müəssisələrin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması mənim günahı deyildir və bu səbəbdən ona imtina ediməsi hüquqlarının pozulması deməkdir. Əlavə olaraq bildirir ki, onun 25 il sığorta stajı olduğuna görə cavabdeh orqan tərəfindən fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalını tələb etməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə ziddir. Əmək kitabçasında göstərilənlər ona əmək pensiyasının təyin ediləsi üçün əsasdır. Bu baxımdan hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş şəkildə ona əmək pensiyası təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin müvafiq bəndlərinə əsasən: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir.

3. Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin eilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Məlumat üçün bildirilmişdir ki, təqdim etdiyi xx.xx.1983-cü il tarixində tərtib edilmiş ИТ-İ № ******* saylı əmək kitabçasına və Б-İ № 009536 saylı diplomununun surətinə əsasən sığorta stajı 21 il 10 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 16182,73 manat olmaqla tələb olunan məbləğdən (28800 manatdan) azdır. Eyni zamanda bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, X4 və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən xx.xx.1995-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək işlədiyi Təsərrüfat Hesablı “Ailəvi” kafesinin, eləcə də xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək işlədiyi 14 nömrəli X7 Emalatxanasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından sözügedən dövrlərin araşdırılıb sığorta stajınıza əlavə edilməsi mümkün hesab edilməmişdir. Qeyd olunanlara ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

4. İddiaçı xx.xx.1973-xx.xx.1977-ci illərdə X3 ali təhsil almışdır (diplomun təsdiq olunmuş surəti iş materialarına əlavə edilmişdir).

5. İddiaçının əmək kitabçasına əsasən əmək fəaliyyəti aşağıdakı kimidir (əmək kitabçasının təsdiq olunmuş surəti iş materiallarına əlavə edilmişdir): xx.xx.1977-xx.xx.1983 – müəllim xx.xx.1983-xx.xx.1995 – ümumitəhsil üzrə müfəttiş xx.xx.1995-xx.xx.1996- Təsərrüfathesablı “Ailə” kafesində gözətçi; xx.xx.1997- xx.xx.1998 – 17 nömrəli X7 emalatxanasında daşyonan; xx.xx.1998-xx.xx.2000 – "xxxx" müəssisəsində fəhlə xx.xx.2000-xx.xx.2000 – Azərbaycan Dövlət Dəniz Akademiyasında laborant

6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı 16 may 2021 -ci il tarixli ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə və təqdim edilən xx.xx.1983-cü il tarixdə tərtib edilmiş ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsaslanaraq iddiaçının tələb olunan 25 il sosial sığorta stajına qarşı 21 il 10 ay sosial sığorta stajına malik olduğundan, eyni zamanda müvafiq ilə münasibətdə tələb olunan 28800 manat məbləğindən pensiya kapitalına qarşı 16182,73 manat məbləğində pensiya kapitalı olduğundan xx.xx.2021-ci il tarixli **********7 nömrəli imtina məktubu ilə ərizəçiyə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edildiyini bildirmişdir. Cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati araşdırma zamanı X4 və araşdırma şöbəsinin xx.xx.2021 -ci il tarixli xidməti məruzəsinə əsasən xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Ailəvi” kafesinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün qeyd edilən dövrün yoxlanılmasının mümkün olmadığı və həmin dövrün sosial sığorta stajına əlavə edilmədiyi qeyd edilmişdir. Eyni zamanda inzibati orqan tərəfindən aparılan inzibati araşdırma zamanı xx.xx.1997- ci il tarixdən xx.xx.2000-ci il tarixədək 14 nömrəli X7 Emalatxanasının sənədlərinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün qeyd edilən dövrün yoxlanılmasının mümkün olmadığı və həmin dövrün sosial sığorta stajına əlavə edilmədiyi qeyd edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. Maddənin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. İş materiallarına əsasən, “Ailəvi” kafesinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığına görə inzibati orqan tərəfindən vətəndaşın həqiqətən də işləyib-işləmədiyini, əməkhaqqı alıb-almadığını və əməkhaqqından sosial sığorta haqlarının tutulub-tutulmaması yoxlanıla bilmədiyi üçün həmin müəssisədə xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyini iddia etdiyi illər vətəndaşın sosial sığorta stajına daxil edilmir. Eyni zamanda 14 nömrəli X7 Emalatxanasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığına görə əmək fəaliyyətinin araşdırılmasının mümkün olmadığı üçün xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi iddia etdiyi illər vətəndaşın sığorta stajına daxil edilmir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, İddiaçı tələb olunan (25 il) sosial sığorta stajına, eyni zamanda tələb olunan (28800 manat) pensiya kapitalına malik olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən (xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək qeydlər istisna olmaqla) 21 il 10 ay sosial sığorta stajı mövcuddur. Bu səbəbdən də iddiaçıya yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Qeyd olunanlardan da aydın olduğu kimi İddiaçı iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur.

7. Təsərrüfat hesablı “Ailəvi” Kafesi, 14 və 17 nömrəli X7 Emalatxanalarının dövlət qeydiyyatı barədə məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bildirilmişdir ki, dövlət reyestrində hüquqi ünvanı Bakı şəhəri, 8-ci mikrorayon, H.Hüseynov küçəsi, ev 13 olan “Ailəvi” Kafesinin xx.xx.1993-cü il tarixdə və hüquqi ünvanı ünvan 2arlıq və X1 üzrə "Bərpaçı" Elmi-Bərpa İstehsalat İdarəsinin 17 nömrəli X7 Emalatxanasının xx.xx.1996-cı il tarixdə D-1241 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Hal-hazıradək həmin hüquqi şəxslər adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Həmçinin bildirilmişdir ki, dövlət reyestrində 14 nömrəli X7 Emalatxanası adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir.

8. "xxxx" Müəssisəsinin dövlət qeydiyyatı barədə məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bildirilmişdir ki, dövlət reyestrində "xxxx" Müəssisəsinin xx.xx.1997-ci il tarixdə 34831 nömrə ilə və hüquqi ünvanı ünvan 3 məlumat mövcuddur. Hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır.

9. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir.

10. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

11. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) imtinanın məzmununa uyğun izahat verən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

12. İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

14. İddiaçı xx.xx.1956-cı ildə anadan olub.

15. Diplomuna və əmək kitabçasındakı qeydlərə əsasən iddiaçının sığorta stajı 26 il 09 aydır, lakin cavabdeh qurum tərəfindən iddiaçının əmək kitabçasındakı xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək qeydlər (xx.xx.1995-xx.xx.1996-Təsərrüfathesablı “Ailə” kafesində gözətçi; xx.xx.1997- xx.xx.1998 – 17 nömrəli X7 emalatxanasında daşyonan; xx.xx.1998-xx.xx.2000 – "xxxx" müəssisəsində fəhlə) sığorta stajına daxil edilməmişdir.

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

17. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. 1 iyul 2020 – 30 iyun 2021 il üçün kişilər üçün pensiya yaşı 65 yaş, qadınlar üçün 62 yaşdır.

18. Təsərrüfathesablı “Ailə” kafesinin, 17 nömrəli X7 emalatxanasının, "xxxx" müəssisəsinin mövcudluğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, dövlət reyestrində hüquqi ünvanı Bakı şəhəri, 8-ci mikrorayon, H.Hüseynov küçəsi, ev 13 olan “Ailəvi” Kafesinin xx.xx.1993-cü il tarixdə və hüquqi ünvanı ünvan 2arlıq və X1 üzrə "Bərpaçı" Elmi-Bərpa İstehsalat İdarəsinin 17 nömrəli X7 Emalatxanasının xx.xx.1996-cı il tarixdə D-1241 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Hal-hazıradək həmin hüquqi şəxslər adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Dövlət reyestrində "xxxx" Müəssisəsinin xx.xx.1997-ci il tarixdə 34831 nömrə ilə və hüquqi ünvanı ünvan 3 məlumat mövcuddur. Hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır.

19. İddiaçının əmək kitabçasında 1995-2000-ci il tarixlərində qeydlərin aparıldığı dövrdə həmin müəssilər mövcud olmuş və əmək kitabçasında müvafiq qeydlər mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, 1995-2000-ci illər ərzində həmin müəssisələrin fəaliyyətdə olub-olmaması barədə hər hansı məlumat aşkar edilməməsi iddiaçı ilə əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz.

20. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçının əmək kitabçasında 17 nömrəli X7 Emalatxanasında işləməsinə dair qeydlərin olmasına baxmayaraq, cavabdeh qurumun 14 nömrəli X7 Emalatxanasına dair araşdırma aparması anlaşılan deyildir.

21. Məhkəmə hesab edir ki, 2006-cı ilə qədər iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmə cavabdehin həmin dəlillərini əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

22. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi) əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

23. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının müvafiq dövr üzrə işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin qurumların mövcudluğu hər hansı şübhə doğurmur. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının həmin illərdə (xx.xx.1995-xx.xx.1996; xx.xx.1997- xx.xx.1998; xx.xx.1998-xx.xx.2000) sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair dəlilini məhkəmə əsassız hesab edir.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).

25. Qeyd edilənlərə əsasən, məhkəmə iddiaçının yaşa görə pensiya hüququnun olduğunu müəyyən edir.

26. Nəticə etibarilə iddiaçının yaşa görə pensiya təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” var.

27. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar