Məhkəmə qərarları › İş №2-1(112)-8239/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8239/2024

09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8239/2024 09.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X12) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X6 ona məxsus mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzili alqısatqı müqaviləsi əsasında almışdır. Hazırda № ********** saylı, xx.xx.2022-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Alqı-satqı müqaviləsinə əsasən qeydiyyatda olanlar mənzildən qeydiyyatdan çıxmasını öhdələrinə götürmüşlər. Belə ki, 3-cü şəxs alqı-satqı müqaviləsinin tərəfi olmuş Gülayə Qəhrəmanovanın nəvəsidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli iş № 2(001)- 2885/2021 saylı qətnaməsi ilə 3-cü şəxsin anası vətəndaş X9 Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 9 saylı evin 13 saylı mənzilinə istifadə hüququnun olmaması müəyyən edilmiş və qətnamə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Hazırda 3-cü şəxs anası ilə 3 ildən artıqdır ki, ünvan 2 ünvanında yaşayır. Alqı-satqıdan sonra həmin şəxs orada yaşamamış, lakin qeydiyyatda qalmış və qeydiyyatdan çıxmamışdır. Qeydiyyatda olmasına baxmayaraq həmin mənzildən istifadə etmir və belə bir hüququ yoxdur. Mülkiyyətçi kimi həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malik deyil. Hazırda onun mülkiyyətçiyə məxsus evdə qeydiyyatda qalması mülkiyyətçinin mülkiyyət hüquqlarını məhdudlaşdırır, əmlakından sahiblik, istifadə etmək, barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Bu isə mülkiyyətçi hüquqlarının məhdudlaşdırılmasının yolverilməzliyi prinsipi baxımından qanunsuz bir haldır. Onun pasport qeydiyyatında olması, həmin evə yaşayış və istifadə hüququna malik olması anlamına gələ bilməz. Belə ki, pasport qeydiyyatında olmaq həmin yaşayış evinə yaşayış və istifadə hüququnun yaranmasına əsas vermir və onun bu səbəbdən müvafiq dəlilləri iddia ərizəsinin rədd edilməsi üçün əsas ola bilməz. Tərəfindən 3-cü şəxsin mülkiyyətində olan mənzilə istifadə hüququ olmadığının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinə istinad edərək, onun qeyd edilən mənzildən qeydiyyatdan çıxarılması barədə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi ərizəsinin icrasından imtina edərək, ərizəsində "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə istinad edərək yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi daxil olduqda adıçəkilən şəxsin qeydiyyatdan çıxarılmasını göstərmişdir. Cavabdehin imtinası əsassızdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X12 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs X6 qanuni nümayəndəsi J.R.Qəhrəmanova iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 9, 13 saylı mənzil onun gəlin köçdüyü mənzildir və həmin mənzil sabiq qaynanasının adına olmuşdur və onlar onu aldadaraq dəfələrlə narkomanlığa görə həbs edilən və həyatını bir körpə uşaqla məhv edən oğlunun indi öz oğlu qarşısında daşıdığı öhdəlikləri belə məhv etmək və mal-mülkü sataraq aradan çıxmaq istəyirlər. Bəs bu uşaq kimin oğludur? Adı sənəddə 3-cü şəxs qoyulan övlad kimin oğlu və kimin nəvəsidir? Bu uşağın bəs atasına çatan paydan hüququ nədir? Evi alan şəxs bilir ki, həmin evdə mənəvi tərəfdən ahı qalan və narkomaniyadan əziyyət çəkən bir oğlanın gənc arvadı aldadılaraq qucağında körpə balası ilə küçəyə atılması naləsi ilə satılıb? Hər bir qanun adət və ənənədən, sosial sifariş və vicdanı təcəssüm etdirən prinsiplərdən yaranıb. Hazırda X2 atasına və qeyd olunan mənzilə dair hüquqlarına görə iddia və tələbləri vardır və bu barədə sənədlər də məhkəməyə təqdim olunacaqdır. Oğlu, atasının vərəsə və mirasçısıdr. Habelə atasına çatan və ya çata biləcək əmlak və qeyri-əmlaklara görə hüquqları vardır. Bu hüquqları da rəsmi qaydada alınmasına dair müvafiq iddia və sənədlərin surətləri məhkəməyə təqdim olunacaqdır. Binəqədi Rayon Məhkəməsində X7 onun cavabdeh olaraq cəlb edildiyi 2(001)-2885/2021 saylı mülki işə baxılaraq, “iddianın qismən təmin edilməsi, X10 Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 9, 13 saylı mənzildə istifadə hüququnun olmaması müəyyən edilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi" barədə Qətnamə qəbul edilmişdir. Həmin Qətnamə ilə əsaslı səbəb və əsaslardan narazı qalmış və ona görə də həmin qətnamə üzrə hüquqi prosedurlar davam edir. Hazırkı iş üzrə iddiaçının mülki iş üzrə cavabdeh X11 ilə nikahından xx.xx.2010-cu il təvəllüdlü X12 dünyaya gəlmişdir. Cari iş üzrə cavabdehlər bu günədək baş vermiş məhkəmələrdə öz izahatlarında E.Qəhrəmanov arasında rəsmi nikaha daxil olaraq evlənməyini, onun mülki iş üzrə cavabdeh X8 məxsus evə gəlin köçməyini, 2014-cü ildə onun bu mənzilə pasport qeydiyyatına alınması və daha sonra isə guya onun - yəni iddiaçının öz istəyi əsasında azyaşlı övladı ilə birlikdə həmin mənzildən çıxmağını” göstərmişlər. Lakin həmin iş üzrə iddiaçı bu dediyi, yəni onun mübahisəli mənzildən öz iradəsi və istəyi əsasında könüllü çıxması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əslində bu barədə heç bu iddia etdiyi hadisəni sübut belə edə bilməzdi. Çünki sabiq ərinin narkomaniyanın fəal üzvlərindən biri olmasını, onun narkotik vasitələrdən aktiv istifadə etməsini, ailənin bu səbəbdən dağılmasını, onun oğlunun bu “qəhrəmanlıqlarına” görə onu təsir altına salmasını, ən əsası isə xx.xx.2015-ci il tarixdə hazirkı iş üzrə cavabdeh X7 oğlunun – yəni onun keçmiş ərinin onu bıçaqla öldürməyə cəhd etməsini, onun əvvəllər də bu niyyətinə çatması üçün çalışması, onun ona və körpəsinə xəsarət yetirməyə cəhd etməsini, hətta sabiq ərinin bundan sonra dəfələrlə telefon vasitəsi ilə və üz-üzə onu güdərək ölümlə hədələməsi, artıq sonuncu ciddi hadisədən dərhal sonra qayınanası və qayınatası araya girərək onu otağa salmaqları və həmin an evdən özünü və övladını qorumaq üçün çıxaraq saatlarla qonşu blokda gizlənməyini, həmin gün baş verən bu hadisəyə görə evə girə bilmədiyini, valideyninə zəng edərək həmin gün bir körpəsi ilə küçədə qalmamaq üçün məcbur şəkildə onlara getdiyini, bundan bir neçə gün sonra isə dəfələrlə anası X15 ilə birlikdə həmin evə qayıdaraq yaşamağa davam etmək tələblərini və bu zaman X7 “qoy oğlunu narkologiyada müalicə etdirək, sakitləşdirək, sonra evə qayıt, yoxsa səni və uşağı öldürə bilər” hədə-qorxusu ilə bağlı həyatının təhlükə altında olmasını, bir azyaşlı körpəsi ilə birlikdə evdən məcburi şəkildə “iradəmiz əleyhinə olaraq” küçəyə atılmağını gizlətməsi və onun mənzildən guya öz iradəsi ilə çıxmağı yalanını uyduraraq dövlət orqanlarını qanunsuz şəkildə inandırmışdır. Keçmiş qayınanası X8 qarşı iddia və tələblərim davam edir. X3 və onun oğlu X11 onu bir azyaşlı oğlu ilə küçəyə ataraq evsizeşiksiz qoymuşdur. Amma mülki iş üzrə cavabdehlər onların qanından olan oğlunu da yaşayış və istifadə hüququndan və atasından ona qalacaq pay və hüquqlardan məhrum etmək üçün gizlincə ünvan 1-ü sataraq iz itirməyə və ona etdikləri kimi öz qanlarından olan uşağı da haqsız və hüquqsuz qoymağa əl atmışlar. Elmir Qəhrəmanov ünvan 1-ə rəsmi qeydiyyatlıdır və həmin mənzil onun anası X13 adına bilərəkdən sənədləşdirilmişdir. Həmin evdən onu hamısı əlbir olaraq qeydiyyatdan çıxarmış və bu günə kimi bir aylıq kirayə və ya dolanışıq pulu verilməmişdir. Sonradan isə yəni hazırda qeyd olunan mənzil satılaraq oğlunun öz atasının vərəsəsi olması səbəbindən onun da haqq və hüququnun gözardı edilməsinə çalışılmışdır. Çünki oğlu hazırda cavabdeh olan Elmir Qəhrəmanovun vərəsəsidir və atasından gələn mülki və s. hüquqları vardır. Ata isə öz anası ilə əlbir olaraq övladına atasından çatacaq vərəsəlik və digər məcburi paya dair hüquqlarını mənimsəyirlər. Atanın bir övladı var və bu günə kimi o öz övladına bir manat belə verməmişdir. Hər qayğı onun üzərinə düşmüş və hər yükü təkbaşına çəkmişdir. Ata ona çatacaq hər bir əmlak və nemətə görə öz vərəsəsi qarşısında öhdəlik daşıyır. Çünki uşaq birinci dərəcədən vərəsədir və onun haqqı yeyilə və ya məhrumedilə bilməz. Lakin ev satılır, pulu yeyilib-içilir. Hansı ki, ata öz övladına dair mülki və s. öhdəliklər daşıyır. Onu yaşayış yeri, aliment və s. ilə təmin etməlidir. Uşaq isə vərəsəsi olduğu atasından onun hüquqlarının təmin və icra edilməsini tələb etməkdə haqlıdır. Uşağa dair hüquqlar çox zəruri və əsaslıdır. Onu heç kəs bu hüquqlarından məhdudlaşdıra və məhrum edə bilməz. Ata öz ata-anasından ona vərəsəlik əsasında çatacaq paydan imtina edərək özünü məhrum edirsə bu onun öz vərəsəsi olan övladı qarşısında öhdəliklərindən azad etmir. Belə ki, ünvan 1 ünvanı mülki iş üzrə cavabdehin ata-ana evidir və o, bir müddət əvvəl bu mənzilin satılması üçün öz payından imtina etmişdir. Belə ki, ata da öz vərəsəsi qarşısında ona aid olan pay və miras barədə öhdəliyi vardır. Lakin cavabdeh indiyə kimi öz övladına dair heç bir öhdəliyinə əməl etmədən aliment belə ödəmir, hətta ona çatacaq paya dair birinci dərəcəli vərəsəsi olan doğma övladını bu hüququndan da məhrum edir. X2 atası X5 vərəsəsi olması səbəbindən ünvan 1-ə dair bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməli, mənzilin əvvəlki vəziyyətinə qayıtmaqla qeyd olunan mənzilə dair cavabdehin payının olması səbəbindən bu paya cavabdehin övladı və birinci dərəcəli vərəsəsi X6 məcburi pay hüququnun tanınmalı və ədalət bununla bərpa edilməlidir. Buna görə də hazırkı inzibati işə baxılması məqsədəuyğun deyil. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. II. İddianın növü və mümkünlüyü Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. İddia mümkün və əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı xx.xx.2007-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-13-46/2-A-9388 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən X6 Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 9 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Məhkəmə orqanlarına müraciət etmək hüququ var. III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il) əsasən ünvan 4 İddiaçı xüsusi mülkiyyətindədir. X13 və İddiaçı arasında bağlanılmış AN-İ seriyalı ******* saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 4 İddiaçı satılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 51 saylı notariat ofisi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 1034 saylı xx.xx.2024-cü il tarixli məktub ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində təsdiqlənmiş 4-Ə-2231 reyestr nömrəli alqı-satqı müqaviləsinə aid sənədlərin surətləri təqdim edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən “Yaşayış yeri üzrə qeydiyyat haqqında” təqdim edilmiş ******* saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X12 ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2885/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən X9 Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 9 saylı evin 13 saylı mənzilinə istifadə hüququnun olmaması müəyyən edilmişdir. İddia ərizəsi qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18/2-12154/24 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, xx.xx.2010-ci il təvəllüdlü X12 xx.xx.2016cı il tarixdən hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə uyğun olaraq valideynlərinin yaşayış yeri üzrə ilk dəfə şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilən azyaşlıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-19798/2024 **********98 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 9, 13 saylı mənzilə dair X6 istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq sözügedən əmlaka dair müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. IV. Məhkəmənin mövqeyi Üçüncü şəxs həmin ünvanda faktiki olaraq yaşamır, iddiaçı ilə hər hansı qohumluq əlaqəsi yoxdur, mənzilin keçmiş mülkiyyətçisinin nəvəsi olmaqla, anası X9 himayəsində saxlanılması, X1 mənzilə dair istifadə hüququnun olmaması barədə qanuni qüvvəsini almış məhkəmə qətnamələri mövcuddur, X16 hazırda sözügedən mənzildə yaşayış yeri üzrə qeydiyyatda deyil və yaşamır, üçüncü şəxsin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2885/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən X9 Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 9 saylı evin 13 saylı mənzilinə istifadə hüququnun olmaması müəyyən edilmişdir. İddia ərizəsi qalan hissədə təmin edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, sözügüdən qətnamədən (2-ci səh.) görünür ki, X16 4 ildir ki, övladı ilə birlikdə valideynlərinin mənzilinə qayıtdığı, qeydiyyatda olduğu sözügüdən mənzildə yaşamadığını bildirmişdir. Həmin qətnamədə qeyd edilmişdir: “... Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, X16 ilə X11 arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsində bağlanmış 605 № ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan uşaqları xx.xx.2010-cu il təvəllüdlü X6 anası X9 yanında qalması, xx.xx.2010-cu il təvəllüdlü X6 18 yaşa çatanadək saxlanması üçün X4 hər ay 117 manat sabit pul məbləğində aliment tutularaq X14 ödənilməsi və alimentin tutulmasının əvvəlinin xx.xx.2016-cı il tarixdən hesablanması qət edilmişdir.” Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Həmin Qərarda göstərilmişdir ki şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Həmin Qərarda qeyd edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Məhkəmə 1 saylı Protokolun 1-ci maddəsində təsbit olunmuş hüququn çox mühüm olduğunu bir daha xatırladır və hesab edir ki, həmin hüququn real və səmərəli həyata keçirilməsi sadəcə dövlətin müdaxilə etməmək üzrə öhdəliyindən asılı deyil, bu, həm də pozitiv müdafiə tədbirlərini tələb edə bilər. Pozitiv öhdəliklərin mövcud olub-olmadığını müəyyən edərkən cəmiyyətin ümumi marağı ilə fərdin maraqları arasında ədalətli tarazlığın gözlənilməsinə diqqət yetirilməlidir, bu tarazlığın axtarılması Konvensiyanın bütün mətni üçün səciyyəvidir. Bu öhdəlik, ərizəçinin dövlət orqanlarından gözlədiyi tədbirlərlə ərizəçinin öz mülkiyyətindən istifadə etməsi arasında birbaşa əlaqə olan hallarda qaçılmaz olaraq yaranır. (Avropa Məhkəməsinin Önəryıldız (Oneryıldız) Türkiyəyə qarşı iş üzrə 18 iyun 2002-ci-ci il tarixli Qərarı, § 145) “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin imtinası qanunsuz hesab edilməli və X6 ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. X6 ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar