Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-824/2024 08.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X10 və X13) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın və plan-ölçünün verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 1290a saylı xx.xx.1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydə alınması barədə dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 1290а nömrəli, 02 may 1995-ci il tarixli sərəncamı ilə ona Bakı şəhəri Səbail rayonu Badamdər qəsəbəsində iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi mişar daşı ilə hasarlamışdır. Torpaq sahəsindən faktiki olaraq təyinatı üzrə həyətyanı sahə kimi istifadə edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmikin dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparır. Həmin Qanunun 8.0.1ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin normaların tələblərinə əsasən qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2022-cu il tarixdə tərəfindən ərizə ilə müraciət edilmişdir. İdarə tərəfindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş sənədlər geri qaytarılmışdır. Bu zaman İdarə “Daşınmaz əmikin dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə əsaslansada konkret hansı bəndə əsaslandığını göstərməmişdir. Həmin Qanunun 15-ci maddəsində qeyd edilən müraciətin təmin edilməsindən imtina edilməsi üçün əsaslar müvafiq qaydada müəyyən edilmişdir: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından müvafiq hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İdarə məktubda guya torpaq sahəsinin yerləşmə sxeminin başqa şəxsə aid torpaq sahəsi ilə üst-üstə düşməməsi və s. absurd əsas göstərmişdir. İdarə tərəfindən açıq şəkildə qanunvericiliyin tələblərini pozulmuş, heç bir hüquqi əsası olmayan daşınmaz əmlak üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2020-ci il tarixli **********09 nömrəli bildiriş verilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X10 və X13 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı torpaq sahəsi ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi aşkar edilmişdir. Həmçinin, torpaq sahəsinin 33 kv.m hissəsi digər fiziki şəxsi X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Bundan başqa torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisində istinad, məsafələr və perimetrik ölçülər qeyd edilmədiyindən sənəd üzrə torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Bu səbəblərdən ərizənin icrası tərəfindən mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********84 saylı cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********84 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi aşkar edilmişdir. Həmçinin tərəfindən göstərilən torpaq sahəsinin bir hissəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Bundan başqa, torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisində istinad, məsafələr perimetrik ölçülər qeyd edilmədiyindən sənədlə sahənin yerini müəyyən etmək mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılması barədə” 1290a saylı xx.xx.1995-ci il tarixli sərəncamına əsasən Badamdar qəsəbəsində 600/altı yüz/kv.m fərdi ev tikmək üçün X11, X22, X12, X20, X14, X5, X8, X16, X17, X4, X23, X27, X15, X31, İddiaçı, X18, X9, X1, X7 torpaq sahəsi ayrılmışdır. İddiaçı ayrılmış Badamdar qəsəbəsi 3 yaşayış massivi 1204 №-li 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi iddiaçı tərəfindən təqdim edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2- 02086/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli 1290a saylı sərəncamının və həmin sərəncama əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Azərbaycan Dövlət İqtisad İnstitutu tərəfindən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə ünvanlanmış h/н-996 saylı xx.xx.1995-ci il tarixli məktub ilə baş müəllim Y.İ.Ələkbərova Səbail rayonu ərazisindən xüsusi mənzil tikintisi məqsədi üçün torpaq sahəsinin ayrılması xahiş edilmişdir. Rəsmi sənəddən göründüyü kimi onun ailə üzvləri (8 nəfər) çox, amma mənzil sahəsi 46 kv.m-dir. İnstitutda 30 ildən artıqdır ki, çalışıb və təqaüdə çıxmışdır. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-19/2-2/10-479/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılması barədə” 1290a saylı xx.xx.1995-ci il tarixli sərəncamı və onun tərkib hissələri olan digər sənədlər (sxem və s.) Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-19672/2023 **********72 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Badamdar qəsəbəsindəki torpaq sahəsi faktiki olaraq 600,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin 33,0 kv.m hissəsi **********58 reyestr nömrəsi ilə X3 mülkiyyətində olan sahə ilə üst-üstə düşür. Müraciətlə əlaqədar olaraq daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı və sənəd surətləri təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2016-cı il) ünvan 4 X3 xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş ünvan 4yə dair tərtib edilmiş xx.xx.2016-cı il tarixli torpaq sahəsinin planından (hüquq sahibi – X10) görünür ki, əsas döngə nöqtələrinin koordinatlarından görünür ki:
1. X = 398153,09; Y = 4463803,13;
2. X = 398155,79; Y = 4463826,68;
3. X = 398164,51; Y = 4463844,74;
4. X = 398164,75; Y = 4463850,37. X10 və X13 arasında bağlanılmış xx.xx.2016-cı il tarixli dəyişmə müqaviləsinə əsasən X10 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini tam mülkiyyət hüququ üzrə X6, X13 isə Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1208a saylı sahə ünvanında yerləşən, ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini tam mülkiyyət hüququ üzrə X3 mülkiyyətinə vermişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən torpaq sahəsinin sahəsi hüquqmüəyyənedici sənəd üzrə təqdim olunmayıb, faktiki olaraq 600,0 kv.m-dir. İddiaçının nümayəndəsi tərəfindən faktiki göstərilən torpaq sahəsi giriş-çıxışı sərbəst olan digər sahələrlə bir ümumi daş hasar daxilində yerləşir, sözügedən sahə iki tərəfdən daş hasarla, iki tərəfdən şərti olaraq göstərilir. Yolu ümumi hasar daxili ərazidəndir. Torpaq sahəsi üzərində tikili yoxdur. Hüquqmüəyyənedici sənədlər ərizəyə əlavə edilməmişdir. Göstərilən faktiki torpaq sahəsinin qərb tərəfindən 110 K.V yüksək gərginlikli elektrik hava xətti (yaxın xəttindən 16,0 metr, mərkəzi oxundan 20,0 metr aralı məsafədə) keçir. Ərizəçinin nümayəndəsi tərəfindən faktiki göstərilən torpaq sahəsinin yerləşməsinə dair koordinat baxılması üçün akta əlavə edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktından görünür ki, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən torpaq sahəsinin sahəsi hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 600,0 kv.m-dir. Torpaq sahəsi giriş-çıxışı sərbəst olan digər sahələrlə bir ümumi daş hasar daxilində yerləşir, sözügedən sahə iki tərəfdən daş hasarla, iki tərəfdən şərti olaraq göstərilir. Yolu ümumi hasar daxili ərazidəndir. Torpaq sahəsi üzərində tikili yoxdur. Hüquqmüəyyənedici sənədlər ərizəyə əlavə edilməmişdir. Göstərilən faktiki torpaq sahəsinin qərb tərəfindən 110 K.V yüksək gərginlikli elektrik hava xətti (yaxın xəttindən 16,0 metr, mərkəzi oxundan 20,0 metr aralı məsafədə) keçir. Ərizəçinin nümayəndəsi tərəfindən faktiki göstərilən torpaq sahəsinin yerləşməsinə dair koordinat baxılması üçün akta əlavə edilmişdir. A.N.Rəfiyev, İddiaçı və S.İ.Nurməhəmmədova tərəfindən təsdiq edilmiş Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən torpaq sahəsinin bölgü sxeminin notarial qaydada təsdiq edilmiş surəti cavabdeh tərəfindən təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1211 saylı sahəyə dair tərtib edilmiş A seriyalı 337825 saylı xx.xx.2018-ci il tarixli torpaq sahəsinin planından (hüquq sahibi – A.N.Rəfiyev) görünür ki, əsas döngə nöqtələrinin koordinatlarından görünür ki:
1. X = 398216,74; Y = 4463834,21;
2. X = 398239,2; Y = 4463829,75;
3. X = 398234,23; Y = 4463802,68;
4. X = 398232,55; Y = 4463803,01.
5. X = 398230,3208; Y = 4463791,0768.
6. X = 398209,7801; Y = 4463794,691.
7. X = 398212,08; Y = 4463808,46. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-30358/2023 **********58 saylı xx.xx.2023-cü il tarixli məktub ilə ünvan 4yə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. X10 və A.N.Hüsiyeva arasında bağlanılmış AN-İ seriyalı ******* saylı xx.xx.2023-cü il tarixli alqı-satqısına əsasən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi A.N.Hüsiyevaya satılmışdır. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Badamdar QİƏD üzrə nümayəndəlik və İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2002-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 1290a nömrəli sərəncamına əsasən vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış cizgi-sxemlə ölçü və sahəsi müəyyən edilən 600 kv.m torpaq sahəsinin künc nöqtələrini müəyyən etməklə naturada ölçüb (aktda qeyd edilən şərti plana uyğun) ona təhvil verilmişdir. S.İ.Nurməhəmmədova və A.N.Hüsiyeva tərəfindən təsdiq edilmiş ünvan 4 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin bölgü sxeminin notarial qaydada təsdiq edilmiş surəti cavabdeh tərəfindən təqdim edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 13- 13/2-1/16-6767/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbində yerləşən 600 kv.m ha torpaq sahəsi "xxxx" ASC-nin balansında olan iki dövrəli 110 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-8553/2024 **********53 saylı xx.xx.2024-cü il tarixli məktub ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, torpaq sahəsi faktiki olaraq 600,0 kv.m təşkil edir. Torpaq sahəsi giriş-çıxışı sərbəst olan digər sahələrlə ümumi daş hasar daxilində yerləşir. Göstərilən sahə üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən 600,0 kv.m torpaq sahəsinin koordinatları əlavə edilmişdir:
1. X = 398218,774; Y = 4463847,216;
2. X = 398216,401; Y = 4463832,405;
3. X = 398176,905; Y = 4463838,734;
4. X = 398179,278; Y = 4463853,545. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə ümumi hasardaxili sahənin bir hissəsi olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahənin qeydiyyatı və ya hər hansı üst-üstə düşmə ilə bağlı məlumat yoxdur. Sahəyə əvvəlki müraciət zamanı fərqli konfiqurasiya göstərilmiş və qonşu sahə ilə üst-üstə düşmə olmuşdur. Təqdim edilmiş ilkin yerləşmə cizgisində heç bir istinad, istinad məsafəsi, perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün deyil. Bunda başqa ilkin yerləşmə cizgisində sahənin cənubunda qonşu 1304 saylı sahə göstərilmişdir. Həmin sahə ilə birgə bölgü sxeminin təqdim edilməsi məqsədəuyğundur. X35 və X26 Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən İddiaçı ayrılmış 0,06 ha torpaq sahələrinin yerləşmə cizgisi təqdim edilmişdir. Elektrik xəttinin mühafizə zolağının döngə nöqtələrinin koordinatları:
1. X = 398173,065; Y = 4463861,816;
2. X = 398173,105; Y = 4463840,647;
3. X = 398164,648; Y = 4463823,066. Torpaq sahəsinin döngə nöqtələrinin koordinatları:
1. X = 398179,784; Y = 4463853,915;
2. X = 398219,350; Y = 4463848,041;
3. X = 398216,568; Y = 4463833,301;
4. X = 398177,120; Y = 4463839,103. 59 saylı xx.xx.2024-cü il tarixli “X35 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, ünvan 5 ünvanında yaşayan X24 “X35 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ərizə ilə müraciət edərək ona Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 1290 a saylı 02 may 1995-ci il tarixli sərəncamı ilə Badamdar qəsəbəsi 3-cü yaşayış massivində 600 kv.metr torpaq sahəsi ayrıldığını bildirmişdir. Həmin torpaq sahəsinin naturadakı döngə nöqtələrinin koordinatları qeyd edilməklə qonşu torpaq sahələri arasındakı, həmçinin yaxınlıqdan keçən yüksək gərginlikli elektrik xəttinin kənar naqilindən olan ən qısa məsafə qeyd edilməklə ona mütəxəssis rəyi verilməsi xahiş olunmuşdur. Müraciətdə qoyulmuş sual ərizəçinin nümayəndəsinin iştirakı ilə tərəfimizdən yerində araşdırıldı. Naturada təqdim olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, eyni zamanda yaxınlıqdan keçən yüksək gərginlikli elektrik xəttinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alındı. Qeydə alınmış koordinatlar kameral şəraitdə Google Yer proqramının ortofoto görüntüləri üzərində dəqiqləşdirildi. Dəqiqləşdirmə zamanı məlum oldu ki, ərizəçinin təqdim etdiyi torpaq sahəsi ilə qonşu torpaq sahələri arasından yol və daş hasarlar mövcuddur. Təqdim olunan torpaq sahəsi yaxınlıqdan keçən yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağından 4,2 metr aralı məsafədə yerləşir. Ərizəçiyə ayrılmış torpaq sahəsinin və yaxınlıqdan keçən yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağının döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). II. İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Məhkəmə nəzərə alır ki, təqdim edilmiş qonşuluqdakı evlərə (altındakı torpaq sahəsi ilə birlikdə) dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olmamaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir və torpaq sahələri Xəzər rayonu, Zirə qəsəbəsində yerləşir. Belə ki Torpaq Məcəlləsinin 9-cü maddəsinə əsasən
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.
3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Məhkəmə inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından mübahisəni qiymətləndirərkən, həmçinin nəzərə alır ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Cavabdeh tərəfindən torpaq sahəsinin 33 kv.m hissəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşməsi,. bundan başqa torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisində istinad, məsafələr və perimetrik ölçülər qeyd edilmədiyindən sənəd üzrə torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmaması bildirilsə də, cavabdeh qurum tərəfindən sonradan təqdim edilmiş mütəxəssis rəyində sahənin qeydiyyatı və ya hər hansı üst-üstə düşmə halının olmadığı qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmişdir, hazırda iddiaçının faktiki istifadəsindədir, digər şəxslərin hüquqları ilə yüklü deyil, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçının xx.xx.1995-ci il tarixli, 1290a saylı sərəncamına əsasən Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinə dair İddiaçı verilmiş və Səbail Rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin cizgisi verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; X43 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). X43 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X43 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçının xx.xx.1995-ci il tarixli, 1290a saylı sərəncamına əsasən Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinə aid plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Aysev Almazova