Məhkəmə qərarları › İş №2-1(112)-8240/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8240/2021

24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8240/2021 24.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili X5 və cavabdehin nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qaraja texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 15 saylı notariat ofisində 08 aprel 2021-ci ildə bağlanmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən alınan və Baki şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 59 saylı binanın həyətində yerləşən ümumi sahəsi 18 kv.m olan qeyri-yaşayış sahəsi (qaraj) üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı qeyd edir ki, mübahisəli qaraj 1977-ci ildə inşa edilməklə, cavabde inzibati orqan tərəfindən verilmiş texniki pasporta əsasən X3 mülkiyyətində olmuşdur. İddiaçı həmin qeyri-yaşayış sahəsini daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən dəyərini ödəməklə keçmiş mülkiyyətçidən almışdır. Həmin müqavilə əsasında iddiaçı qaraj üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun muraciətini təmin etməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina məktubu onun konstitusiya ilə qorunmuş mülkiyyət hüquqlarından məhrum edir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin təqdim etdiyi etirazdan görünür ki, cavabdeh qeyd edir ki, qarajın yerləşmə mövqeyinin situasiya planına uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, Q.Qarayev küçəsi 59 saylı binanın həyətində yerləşən metal qaraj İcra Hakimiyyəti tərəfindən aparılan abadlıq işləri ilə bağlı Nizami rayinu, Bəhruz Nuriyev küçəsi 61 saylı binanın həyətinə köçürülmüşdür. Bu səbəbdən texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. Həmçinin, iddiaçı qeyri-yaşayış binasına münasibətdə qanunvericilikdə müəyyən olunmuş hüquqmüəyyənedici sənədləri təqdim etməmişdir. Bundan başqa, metal qarajın ölçüsü faktiki olaraq 15,8 kv.m təşkil edir. İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Əvvəla qeyd olunmalıdır ki, imtina məktubunun və etiraz ərizəsinin məzmunundan görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmasının mümkün olmaması ilə bağlı üç əsas gətirir: -qeyri-yaşayış binasına (qaraja) dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim olunmaması; (1) -qarajın yerləşmə mövqeyi və situasiya planına uyğun olmaması; (2) -metal qarajın ölçüsü faktiki olaraq 15,8 kv.m təşkil etməsidir. (3) Məhkəmə bildirir ki, cavabdehin imtina məktubunda göstərilən əsasa qiymət verməzdən əvvəl, ümumiyyətlə əmlak üzərində hüquqlarının yaranması üçün şəxsin hansı sənədlərə malik olması müəyyən olunmalıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaş-dırıl-ma-sının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10-cu maddəsində hüquqların dövlət qeydiyyatı üçün təqdim edilməli olan sənədlərin siyahısı göstərilmişdir. Bu maddəyə görə, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 4 oktyabr 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Məhkəmə cavabdehin göstərdiyi birinci əsasa münasibətdə qeyd edir ki, mübahisə predmetini təşkil edən qeyri-yaşayış binası (qaraj) üzərində əvvəlki mülkiyyətçinin, yəni X3 hüquqları qeydiyyata alınmış və müvafiq texniki pasport ilə rəsmiləşdirilmişdir. Adı çəkilən şəxsin qaraj üzərində mülkiyyət hüquqlarının yaranmasının əsasında X4 ilə arasında bağlanmış alqı-satqı müqaviləsi durur ki, həmin münasibətlər mövcud olmazdan əvvəl Şaumyan rayon X2 protokolu əsasında sözügedən qaraj X1 ayrılmışdır. Nəzərə alınmalıdır ki, həqiqətən də qeyri-yaşayış binası üzərində əvvəlki mülkiyyətçilərin mülkiyyət hüquqları məhz Şaumyan rayon X2 protokolu və bundan sonra müvafiq olaraq alqı-satqı müqaviləsi əsasında qeydiyyata alınmışdır. Bu zaman cavabdeh inzibati orqan tərəfindən sözügedən qeyri-yaşayış binası (qaraj) ilə bağlı hüquqmüəyyənedici sənədlərin olmadığı bildirməmiş, əksinə son olaraq mövcud olmuş alqı-satqı müqaviləsi əsas götürülərək X3 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Bununla da cavabdeh qeyri-yaşayış binası ilə bağlı mülki əqdin əsas olduğunu öz iradə ifadəsi ilə nümayiş etdirmişdir. Məhkəmə bildirir ki, hazırki iddia tələbi üzrə iddiaçı qismində çıxış edən İddiaçı mübahisə predmetini təşkil edən qeyri-yaşayış binasını (qarajı) məhz mülki əqd əsasında əldə etmişdir ki, bu əqd əsasında o, qarajın dəyərini əvvəlki mülkiyyətçisi X6 ödəyərək, qaraj üzərində sahiblik hüququnu əldə etmişdir. Göründüyü kimi, hər nə qədər də cavabdeh qeyri-yaşayış binasına (qaraja) dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini bildirsə də, iddiaçının sözügedən əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əvvəlki mülkiyyətçi ilə bağlanmış alqı-satqı müqaviləsi mövcuddur. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin irəli sürdüyü bu dəlil iddianın təmin edilməməsi üçün əsas deyildir. Cavabdehin irəli sürdüyü ikinci dəlilə münasibətdə isə məhkəmə aşağıdakiları bildirir. Belə ki, cavabdeh iddia edir ki, Q.Qarayev küçəsi 59 saylı binanın həyətində yerləşən metal qaraj İcra Hakimiyyəti tərəfindən aparılan abadlıq işləri ilə bağlı sırasında yeri düzgün Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 61 saylı binanın həyətinə köçürülmüşdür. Hər nə qədər Rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsindəki (Q.Qarayev prospekti) 59 nömrəli binanın həyətindən 61 nömrəli binanın həyətinə qarajların köçürülməsi ilə bağlı hər hansı sərəncam verilmədiyini qeyd etsə aydın məsələdir ki, qarajın köçürülməsi ilə bağlı hərəkətlərin mütləq qaydada inzibati orqanın qərar və sərəncamı ilə həyata keçirilməsi nəzərdə tutulmamışdır. Bir sıra hallarda həmin tədbirlərin faktiki xarakterli hərəkətlə də ifadə olunduğu müəyyən edilmişdir ki, hazırkı iş üzrə də cavabdehin də qəbul etdiyi kimi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsindəki (Q.Qarayev prospekti) 59 nömrəli binanın həyətindən qaraj 61 nömrəli binanın həyətinə yerli icra hakimiyyətinin sərəncamı və ya hər hansı qərarı olmadan köçürülmüşdür. Cavabdeh də digər inzibati orqan tərəfindən köçürülməni qəbul etsə də imtinanın digər əsasını da məhz həmin köçürmənin nəticəsində təqdim edilməli olan sənədlərin təqdim edilməməsi ilə əsaslandırır ki, məhkəmə cavabdehin tələbini əsaslı hesab etmir. Belə ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi Konstitusiya Məhkəməsi Avropa Məhkəməsinin də müvafiq qərarlarını də nəzərə almaqla hesab etmişdir ki, inzibati orqan tərəfindən, daha doğrusu inzibati orqanın məsul əməkdaşları tərəfindən yol verilən səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. Hazırkı iş üzrə də vəziyyət oxşardır. Belə ki, abadlıq işlərinin həyata keçirilməsi əsası ilə iddiaçının mülkiyyətində olmuş qarajın yeri digər inzibati orqan tərəfindən dəyişdirilmişdir ki, iddiaçı faktiki xarakterli həmin halın olması səbəbindən mülkiyyətində olduğu qarajdan istifadəni başqa ərazidə həyata keçirməyə məcbur olmuşdur. Bu zaman həmin qarajın yerinin dəyişdirilməsinə münasibətdə iddiaçının hər hansı qanunsuz müdaxiləsi olmamış, iddiaçı özbaşına hər hansı sahəyə müdaxilə etməmiş, yerli icra hakimiyyəti orqanının iradə ifadəsinə uyğun olaraq qonşuluqda olan digər bir binanın həyətində qarajın quraşdırılmasına razılıq vermişdir. Göründüyü kimi cavabdehin iddiaçının mülkiyyət hüququnu təsdiq etməməsi əsaslarından biri digər inzibati orqanın inzibati icraatı düzgün aparmaması ilə bağlı olmuşdur ki, hazırkı vəziyyətdə həmin icraatın aparılmaması iddiaçının təqsiri kimi onun ziyanına şərh edilə bilməz. Məhkəmə cavabdehin bildirdiyi üçüncü dəlilə münasibətdə bildirir ki, cavabdeh etiraz ərizəsində qeyri-yaşayış binasının (qaraj) faktiki ölçülərinin 15,8 kv.m olduğunu qeyd etsə də, bu hal hazırki iddia tələbinin həllində əhəmiyyət daşımır. Çünki, əvvəlki mülkiyyətçinin adına verilmiş texniki pasportda qarajın ölçüləri 18,0 kv.m göstərilmişdir ki, bu da qaraj ilə bağlı hər hansı artımların olmadığını, əksinə qarajın faktiki ölçülərinin sənəd ilə müqayisə də az olduğunu göstərir. Məhkəmə hesab edir ki, cavabdehin göstərdiyi bu dəlil iddianın təmin edilməməsi üçün deyildir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. İnventarlaşdırma işlərinin aparılması nəticəsində daşınmaz əmlakın texniki pasportu tərtib edilir. Beləliklə, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqları təsdiq olunduğundan, həmçinin əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsi Əsasnaməyə görə cavabdeh inzibati orqanın vəzifəsi olduğundan, hazırki iddia tələbi təmin olunmalıdır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilənhallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Bakı şəhəri 15 saylı notariat ofisində 08 aprel 2021-ci ildə bağlanmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən alınan və Baki şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 59 saylı binanın həyətində yerləşən ümumi sahəsi 18 kv.m olan qeyri-yaşayış sahəsi (qaraj) üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə texniki pasportun tərtib edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri 15 saylı notariat ofisində 08 aprel 2021-ci ildə bağlanmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən alınan və Baki şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 59 saylı binanın həyətində yerləşən ümumi sahəsi 18 kv.m olan qeyri-yaşayış sahəsi (qaraj) üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə texniki pasportun tərtib edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar