Məhkəmə qərarları › İş №2-1(112)-8248/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8248/2022

21.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8248/2022 21.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçı X3 qəyyumu Nümayəndə iştirakı ilə iddiaçı X3 cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı «iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində növbəyə götürülmə tarixinin dəyişdirilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X3 qəyyumu Nümayəndə cavabdeh Bakı şəhəri Yasamal RİH-ə qarşı «iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində növbəyə götürülmə tarixinin dəyişdirilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddəılərinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət bildirilməsi tələb olunmuşdur. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İddia ərizəsində bildirilir ki, Nümayəndə X7 ilə 16 fevral 1981-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan onların üç övladı doğulmuşdur. Rasim Quliyev 1992-ci ilin yayında könüllü olaraq Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüşlərə qatılmaq üçün cəbhəyə getmişdir. 1993-cü ilin fevralında Gədəbəy rayonunda erməni işğalçılarına qarşı vuruşmuş, Murovdağda yaralandıqdan sonra Gəncə Hərbi Hospitalında müalicə almışdır. Sonra yenidən döyüş zonasına qayıtmışdır. Həmin vaxtdan ondan heç bir xəbər almamışdır. Müvafiq təşkilatlara müraciət edilsə də, heç bir məlumat əldə edilməmişdir. Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2004-cü il tarixli qətnaməsi ilə 28 yanvar 1959-cu il tarixdə Gəncə şəhərində doğulmuş X4 ölmüş elan edilməsi və onun ölüm gününün qətnamənin qanuni qüvvəyə mindiyi gün sayılması qət edilmiş və qətnamə 20 noyabr 2014-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Daha sonra, ona şəhid ailəsi statusu və şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir. İddiaçı İİ qrup əlil olduğundan, Yasamal RİH başçısının 310 nömrəli 18 oktyabr 2012-ci il tarixli sərəncamı ilə onun əlil olması ilə əlaqədar Nümayəndə və İddiaçı yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş, İİ qrup əlillərin mənzil-uçot siyahısına daxil edilmişdir. 005563 nömrəli “Şəhid ailəsi” vəsiqəsindən də göründüyü kimi, İddiaçı şəhid ailəsi üzvü kimi 23 iyun 2021-ci il tarixdə müvafiq vəsiqə verilmişdir. Yasamal RİH başçısının 76 nömrəli 9 mart 2021-ci il tarixli sərəncamı ilə o, Qarabağ müharibəsi şəhid ailələrinin güzəştli mənzil uçotuna götürülmüşdur. RİH-in 262 nömrəli 28 iyul 2021-ci il tarixli sərəncam ilə mənzil növbəsi oğlu İddiaçı adına keçirilmişdir. Yasamal RİH-ə Qarabağ Müharibəsi şəhid ailəsi kimi mənzil növbəsinin 2012-ci ildən hesab olunması ilə bağlı müraciət edilsə də, RİH müraciəti təmin etməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu imtinası əsassızdır və şəhid ailəsi kimi onun hüquqlarını pozur. Belə ki, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa əsasən bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Həmin Qanunun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşma çatmamış uşaqlar, 18 yaşma çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 4cü maddəsinə əsasən şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Göstərilənlərə əsaslanaraq iddiaçı hesab edir ki, onun şəhid ailəsi üzvü kimi mənzil növbəsinə götürülmək hüququ məhz 2012-ci ildən yarandığından, cavabdeh Yasamal RİH Hökumə Quliyevanı və İddiaçı iki nəfər ailə tərkibi ilə 2012ci ildən şəhid ailəsi kimi mənzil növbəsinə götürməli idi. Göstərilənlərə əsaslanaraq, məhkəmədən İddiaçı Qarabağ müharibəsi şəhid ailəsi kimi mənzil növbəsinin 2012-ci ildən hesab edilməsi öhdəliyinin cavabdeh Yasamal RİH-in üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçınən qəyyumu gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati orqan – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-nin 2.2.2-ci inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 26.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna aşağıdakılar malikdirlər: (26.1.1) mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər; (26.1.2) mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər. İPM-in 26.3-cü maddəsinə əsasənm məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. MPM-in 49.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. MPM-in 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal RİH-in 18 oktyabr 2012-ci il tarixli 310 nömrəli sərəncamı ilə Nümayəndə oğlu Nazimin əlil olması ilə əlaqədar 2 nəfərlə (özü və oğlu Nazim) yaşayış yeri ürzə güzəştli əsaslarla mənzil uçotuna götürülmüş və İİ qrup əlillərin mənziluçot siyahısına daxil edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal RİH-in 9 mart 2021-ci il tarixli 76 nömrəli sərəncamı ilə Nümayəndə 6 nəfər ailə tərkibi (özü, qızı Rasimə Quliyeva, qızı Asimə Quliyeva, oğlu Nazim Quliyev, nəvəsi Selim İpekçi, nəvəsi Aysun Əhmədova) ilə yaşayış yeri üzrə güzəştli şərtlərlə mənzil növbəsinə götürülmüş və Qarabağ Müharibəsi şəhid ailələrinin güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal RİH-in 28 iyuyl 2021-ci il tarixli 262 nömrəli sərəncamı ilə Yasamal RİH-in 9 mart 2021-ci il tarixli sərəncamında dəyişiklik edilərək, Nümayəndə mənzil növbəsinin tarixi saxlanılmaqla oğlu İddiaçı adına keçirilmiş və İddiaçı 6 nəfər ailə tərkibi ilə Qarabağ Müharibəsi şəhid ailələrinin güzəştli mənzil növbəsi siyahısında saxlanılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal RİH-in İddiaçı qəyyumu X2 ünvanlanmış 19 aprel 2022-ci il tarixli məktubunda bildirilir: Yasamal RİH-ə ünvanlanmış müraciətə baxılmışdır. Yasamal RİH başçısının 130 nömrəli 23 may 2012-ci il tarixli sərəncam əsasında İddiaçı əlilliyi ilə əlaqədar olaraq İİ qrup ümumi əlillərin güzəştli mənzil növbəsinə gğtürülmüşdür. Yasamal RİH başçısının 76 nömrəli 9 mart 2021-ci il tarixli sərəncamı ilə Qarabağ Müharibəsi şəhid ailələrinin güzəştli mənzil uçotuna götürülmüşdür, 262 nömrəli 28 iyul 2021-ci il tarixli sərəncamı ilə mənzil növbəsi oğlu İddiaçı adına keçirilmişdir. Ərizədə qeyd olunan Qarabağ Müharibəsi şəhid ailəsi kimi mənzil növbəsi 2012-ci ildən hesab olunması xahişinin yerinə yetorilməsi mümkün deyildir. «İnzibati icraat haqqında» Qanunun 10-cu maddəsinə görə Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Azərbaycan Respublikası Prezidentinin «Hərbi qulluqçuların və onların ailələrinin sosial müdafiəsini gücləndirmək sahəsində əlavə tədbirlər haqqında» 4 iyun 1992-ci il tarixli 827 nömrəli Fərmanının 1-ci bəndi ilə qərar alınmışdır ki, Böyük Vətən müharibəsi əlilləri və cəbhədə həlak olanların ailələri üçün qanunçuluqla müəyyən edilmiş bütün güzəştlər respublika ərazisində erməni silahlı birləşmələrinin təcavüzünə qarşı döyüş əməliyyatları zamanı zədə, kontuziya alma və xəstəlik nəticəsində əlil olmuş şəxslərə və həlak olanların ailələrinə şamil edilsin. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları»nın: - 2-ci bəndinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar – mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər; - 5-ci bəndinə əsasən həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sayılır (“a” yarımbəndi). Böyük Vətən müharibəsi əlilləri, həlak olmuş və ya xəbərsiz itkin düşmüş döyüşçülərin (partizanların) ailələri və müəyyən edilmiş qaydada onlara bərabər tutulan şəxslər üçün, habelə vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi dövründə və SSRİ-nin müdafiəsi üzrə digər döyüş əməliyyatları zamanı döyüşən ordu tərkibində olmuş şəxslər, vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi partizanları, habelə SSRİ-nin müdafiəsi üzrə döyüş əməliyyatlarında iştirak etmiş başqa şəxslər üçün, eyni müəssisədə, idarədə, təşkilatda azı 15 il, əmək şəraiti zərərli olan işlərdə isə azı 10 il işləmiş və vicdanla işləməkdə olan şəxslər üçün müvafiq yerli xalq deputatları Sovetləri mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sırasına onların aid edilməsinin güzəştli şərtlərini nəzərdə tuta bilərlər. «Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları»nın (Qaydalar XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiayasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmişdir) 4-cü bəndinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu, mənzil sahəsi almaq üçün növbənin müəyyənləşdirilməsi, habelə dövlət və ictimai mənzil fondunun evlərində mənzillərin bölüşdürülməsi ictimai nəzarət altında və aşkarlığa əməl olunmaqla həyata keçirilir. İcraiyyə komitələrinin qərarı ilə bu məqsəd üçün Bakı şəhər və rayon xalq deputatları Sovetlərinin icraiyyə komitələri yanında mənzil məsələləri üzrə ictimai komissiyalar yaradılır. Qaydaların 7.1-ci yarımbəndinə görə Bakı şəhərində daimi yaşayan ailəsinin hər üzvü beş kvadratmetr və daha az mənzil sahəsi ilə təmin edilən vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar hesab edilirlər. Qaydaların 7.8-ci yarımbəndinə əsasən Böyük Vətən müharibəsinin əlilləri, həlak olmuş və ya itkin düşmüş döyüşçülərin (partizanların) ailələri və müəyyən edilmiş qaydada onlara bərabər tutulan şəxslər, habelə vətəndaş və Böyük Vətən müharibəsi dövründə və SSRİ-nin müdafiəsi ilə bağlı digər hərbi əməliyyatlar zamanı vuruşan ordunun tərkibində olmuş şəxslər, vətəndaş və Böyük Vətən müharibəsi partizanları və SSRİ-nin müdafiəsi ilə bağlı hərbi əməliyyatlarda iştirak etmiş şəxslər kommunal rahatlığı olan ayrıca mənzillərdə yaşayırlarsa və hər ailə üzvünün altı kvadratmetr və daha az mənzil sahəsinə malikdirlərsə, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaş hesab edilirlər. Əgər onlar ümumi kommunal rahatlığı olan və digər kirayəçilərin yaşadığı mənzillərdə, kommunal rahatlığı olmayan mənzillərdə, özbaşına tikilən və kommunal rahatlıqdan məhrum olan tikililərdə yaşayırlarsa, tutduqları mənzil sahəsinin ölçüsündən asılı olmayaraq mənzil sahəsinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaş hesab edilirlər. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, X5 övladı İddiaçı əlil olması ilə əlaqədar iki nəfər ailə tərkibi ilə (özü və oğlu) 2012-ci ildən güzəştli mənzil növbəsinə (yaşayış sahəsinə ehtiyacı olan qismində uçota) götürülsə də, sonradan 2021-ci ilin mart ayında onun 6 nəfər ailə üzvü ilə şəhid ailəsi qismində uçota alınmış və həmin ilin iyul ayında bu güzəştli mənzil növbəsi İİ qrup əlil övladı 1994-cü il təvəllüdlü İddiaçı adına keçirilmişdir. Məhkəmə qeyd edir ki, 2021-ci ildə mənzil növbəsinin Nümayəndə adından İddiaçı adına keçirilməsi hər hansı başqa şəxsin, o cümlədən güzəştli mənzil növbəsində olan şəxsin hüquqlarını pozmamışdır. Lakin İddiaçı həmin mənzil növbəsinin onun qəyyumu Nümayəndə 2012-ci ildən 2 nəfər ailə tərkibi ilə növbəyə götürülməsi nəzərə alınaraq, həmin ildən, yəni 2012-ci ildən hesablanması növbədə olan digər şəxslərə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 12-ci maddəsində təsbit olunmuş inzibati icraatın “bərabərlik prinsipi”ni pozan hal qismində qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, X1 2012-ci ildə və 2021-ci ildə uçota götürülməsi həm güzəşt kateqoriyasına, həm də ailə tərkibinə görə fərqli statuslu nəticələrə səbəb olur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Yasamal RİH-in imtnası qanuni sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan kimi dəyərləndirilməməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal RİH-ə qarşı «iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi tarixinin dəyişdirilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı «iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi tarixinin dəyişdirilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar