Məhkəmə qərarları › İş №2-1(112)-8248/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8248/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8248/2024 06.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluğa dair arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Gəmi təmirçisi” bağçılıq yoldaşlığının Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən D-5 saylı ümumi sahəsi 0,05 hektar olan bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması haqqında elektron arayışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsini üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə mərhum X2 adına “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən D-5 saylı bağ sahəsinin mərhum X5 dair məxsus olması haqqında arayışın verilməsi barədə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktubları ilə ona bildirilmişdir ki, idarənin arxivində mövcud olan bölgü sxemində “D-5” saylı bağın ayrılması barədə məlumat aşkar edilməmişdir. Bundan əvvəl Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü ilı tarixli məktubu ilə ona bildirilmişdir ki, “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının arxiv qovluğunda mövcud olan üzvlərin siyahısında X2 adı qeyd edilmişdir, lakin “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının nəzdində Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən D-5 saylı bağ sahəsinin ayrılmasına dair mərhum X2 adına sənəd arxiv qovluğunda aşkar olunmamışdır. O, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə mərhum X2 adına “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən D-5 saylı bağ sahəsinə dair məlumat və sənəd surətinin verilməsi barədə müraciyət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü ilı tarixli məktubu ilə ona bildirilmişdir ki, “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının arxiv qovluğunda mövcud olan üzvlərin siyahısında X2 adı qeyd edilmişdir, lakin Gəmitəmirçisi” bağçılıq yoldaşlığının nəzdində Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən D-5 saylı bağ sahəsinin ayrılmasına dair mərhum X2 adına sənəd arxiv qovluğunda aşkar olunmamışdır. Cavabdeh orqanın həmin əsasla mərhum X2 adına “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən D- 5 saylı bağ sahəsinə dair məlumat və sənəd surətinin verilməsindən imtina etməsi əsassızdır. Cavabdeh orqan tərəfindən ona verilən cavab əsassızdır və onun hüquqlarını pozur. Belə ki, 1 saylı Bakı Ərazi İdarəsindən mərhum X2 adına “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən D- 5 saylı bağ sahəsinə dair məlumat və sənəd surətinin verilməsini xahiş etdim. Lakin,1 saylı Bakı Ərazi İdarəsi mənim xahişini təmin etməkdən əsassız olaraq imtina etmişdir. “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin idarə heyyətinin xx.xx.2007-ci il tarixli iclasının protokolundan görünür ki, X5 1986-cı ildən D-5 nömrəli torpaq sahəsi onun istifadəsinə verilmişdir.“Gəmitəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin 16 iyun 2007-ci il tarixli aktına əsasən Hövsan qəsəbəsindəki yerləşən Bağcılığın D-5 saylı bağ sahəsi həqiqətən zavodun işçisi olmuş X5 məxsusdur. Suraxanı rayonunun Hövsan qəsəbəsindəki “Bağçılıq Yoldaşlıq Cəmiyyəti”nin üzvü olması barədə vəsiqəsinin surətindən görünür ki, X7 “Bağçılıq Yoldaşlıq Cəmiyyəti”nin üzvüdür və oan D-5 saylı 0,05 hektar yer verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8248/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə “Gəmi təmirçisi” bağçılıq yoldaşlıq cəmiyyəti iş üzrə adi cəlbetmə qaydasında inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlarla bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********25 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş üzvlük kitabçasının tarixi 12 iyul 2007-ci il tarixlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Bundan əlavə, idarənin arxivində mövcud olan bölgü sxemində “D-5” saylı bağın sizə ayrılması barədə məlumat aşkar edilməmişdir. Həmçinin, bağçılıq yoldaşlıq bölgü sxemi olmadığından torpaq sahəsinin yerləşməsinin düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 01 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı, Bakı şəhəri 9 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci ildə vəfat etmiş, ünvan 1 ünvanda qeydiyyatda olmuş X1 miras qalmış əmlaka (Bakı şəhəri, ünvan 2 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Miras əmlakın üzərində (Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən miras qalmış əmlaka, miras qoyan X3 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras R.Z.Sadıqov Bakı şəhər 9 saylı notariat ofisinin xüsusi notariusu qoyanın adına tərtib edilmiş arayışı (forma 37), sorğunu təqdim edən İddiaçı vasitəsi ilə verilməsini təmin etməyi xahiş edilmişdir. “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinin dublikat üzvlük biletindən görünür ki, X6 Suraxanı rayonunun Hövsan qəsəbəsindəki “Bağçılıq Yoldaşlıq Cəmiyyəti”nin üzvü olmaqla 1986-cı ildə ona D-5 saylı 0.05 ha yer verilmişdir. Əsas xx.xx.2007-ci il tarixli akt, xx.xx.2007-ci il tarixli protokol. “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinin sədri tərəfindən xx.xx.2007-ci il tarixdə imzalanmış və möhürü ilə təsdiq edilmiş aktından görünür ki, Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvləri: Sarıyev Ə. İbrahimov R., Tolmaçov İ. bu aktı ona görə tərtib ediblər ki, Hövsan qəsəbəsində yerləşən Bağçılığın D-5 saylı bağ sahəsi həqiqətən zavodun işçisi olmuş X6 mənsubdur. İş materiallarına əlavə edilmiş X11 Təmiri İstehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılığının xx.xx.2007-ci il tarixli iclasından protokola əsasən X3 ərizəsinə baxılmışdır, 1986-cı ildən D-5 nömrəli torpaq sahəsi onun istifadəsinə verilmişdir və üzvlük kitabçasının dublikatı verilməsi qərara alınmışdır. X11 Təmiri İstehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinin siyahısından görünür ki, Ə.İ.Ənsərovun adı 70-ci sırada yer alıb. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********83 nömrəli məktubunda bildirilmişdir ki, “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının nəzdində Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən D-5 saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********25 nömrəli məktubu ilə təqdim olunmuş ortofoto görüntüsünə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında yerləşən D-5 saylı torpaq sahəsinin ətrafındakı qonşu bağ nömrələri D-6, D-7, D-8, D-13, D-14 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-ci il tarixli əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd olunmuşdur ki, torpaq sahəsi hüquqmüəyyənedici sənədlərdə 500.0 kv.m, faktiki 516.0 kv.m təşkil edir. Göstərilən bağ sahəsi hasar daxilindədir. Sahədə 3 mərtəbəli ev və həyət tikilisi var. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, **********25 nömrəli məktubunda bildirilmişdir ki, tərəfinizdən təqdim edilmiş üzvlük kitabçasının tarixi 12 iyul 2007-ci il tarixlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Bundan əlavə, idarənin arxivində mövcud olan bölgü sxemində “D-5” saylı bağın sizə ayrılması barədə məlumat aşkar edilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə müəyyən olunur ki, mərhum X6 1986-cı ildə Suraxanı rayonunun Hövsan qəsəbəsində “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinin nəzdind D-5 saylı 0.05 ha ölçüdə bağ sahəsi ayrılmışdır. İddiaçı mərhum X3 vərəsəsi olmaqla həmin bağ sahəsinə mülkiyyət hüququnun mərhuma məxsus olmasına dair arayışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan təqdim olunan üzvlük kitabçasının tarixinin 12 iyul 2007-ci il tarixli olduğunu, idarənin arxivində mövcud olan bölgü sxemində “D-5” saylı bağın mərhuma ayrılması barədə məlumatın olmadığına istinad edib müraciətin təminindən imtina etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqdim edilmiş sənədlərdən görünür ki, X6 ilkin olaraq bağ sahəsi 1986-cı ildə zavodun işçisi olaraq ayrılmış, bu barədə xx.xx.2007-ci il tarixdə Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvləri tərəfindən akt tərtib edilmiş və aktda D-5 saylı bağ sahəsi həqiqətən zavodun işçisi olmuş X6 mənsub olduğu qeyd edilmişdir. Mərhum Ə.Ənsərov sözügedən bağ sahəsinə dair üzvlük kitabçasını itirdiyindən ona cəmiyyətin xx.xx.2007-ci il tarixli qərarı ilə həmin bağ sahəsinə dair üzvlük kitabçasının dublikatı verilmişdir. Sözügedən dubilat kiatbçanın əsli məhkəməyə təqdim edilmiş, eyni zamanda üçüncü şəxs qismində cəlb edilmiş “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinin nümayəndəsi 1986-cı ildə ayrılmış bağ sahəsinə dair mərhum Ə.Ənsərova dublikat üzvlk kitabçasının verildiyini təsdiq etmişdir. Hazırkı iş üzrə D-5 saylı bağ sahəsinin X6 1986-cı ildə ayrıldığını həm də o əsasla təsdiq olunur ki, cavabdehin arxivində olan “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinin arxiv qovluğunda cəmiyyətin üzvləri siyahısında X3 adı bilavasitə qeyd edilmişdir (70-ci sıra). Odur ki, məhkəmə xx.xx.2007-ci il tarixli akt və xx.xx.2007-ci il tarixli protokol əsasında verilmiş üzvlük kitabçasını mərhumun adının bağçılığın üzvlərinin siyahısında olduğunu da nəzərə alaraq həmin bağa dair hüquqmüəyyənedici sənəd qismində qəbul edir. Bundan əlavə, işin hallarından görünür ki, iddiaçı tərəfindən naturada göstərilən bağ torpaq sahəsi faktiki olaraq iddiaçının sahiblik və istifadəsindədir. Həmin torpaq sahəsinin yerləşdiyi ərazinin coğrafi koordinatları cavabdehin mütəxəssisləri tərəfindən müəyyən edilmiş və həmin koordinatlarda olan bağ sahəsinin Gəmitəmirçisi Bağçılıq yoldaşlığa aid ayrıc aktı daxilində yerləşdiyi müəyyən edilmiş, eyni zamanda naturada göstərilən bağ sahəsinin hər hansı şəxsin adına qeydiyyata alınması və digər şəxsin istifadəsində olması halı müəyyən edilməmişdir. İddia olunan bağ sahəsi D5 olmaqla qonşuluğunda D-6, D-7, D-8, D-13, D-14 nörməli bağ sahələri yerləşmişdir ki, bu hal da mübahisə predmeti olan bağ sahəsinin bağların nömrə ardıcıllığına uyğun yerləşdiyini deməyə əsas verir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən D-5 saylı ümumi sahəsi 0,05 hektar olan bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən D-5 saylı ümumi sahəsi 0,05 hektar olan bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar