Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8251/2021 17.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə (üçüncü şəxs "xxxx" QSC) qarşı “kirayə müqaviləsinin bağlanılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə (üçüncü şəxs "xxxx" QSC) qarşı “kirayə müqaviləsinin bağlanılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mənzil iddiaçının dənizçi kimi mühəndis babası X.Qasımova üçüncü şəxs tərəfindən (əvvəlkii adı Kasper İdarəsi) verilmişdir. Babasının vəfatından sonra da həmin mənzildə ailəsi ilə birlikdə yaşamağa davam etmişdir. Halhazırda mənzildə tək yaşayan şəxs kimi mənzil adına sənədləşdirilə bilmir. Halbuki, həmin mənzil uzun müddətdir ki, onun istifadəsində olub, müvafiq sənədlərdən də görünür ki, kommunal xərclər də onun tərəfindən çəkilir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İşin faktiki hallarından görünür ki iddiaçı xx.xx.1951-ci ildə Bakı şəhərində anadan olmuşdur, ünvan 1 ünvanıdır. Adıçəkilən mənzil üçüncü şəxsin balansında olmuş, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında cavabdehin balansına keçirilmiş, cavabdeh tərəfindən qəbul edilmiş sərəncamla isə həmin mənzil balansa qəbul edilmişdir. Lakin həmin mənzil balansa verilərkən həmin mənzillə bağlı hər hansı sənəd aşkar edilməmişdir. Cavabdehin 28.01.2021-ci il tarixli iddiaçıya ünvanlanmış məktubdan da göründüyü kimi hər hansı sənədin təhvil verilməməsi səbəbindən i aidiyyəti üzrə təşkilatın arxivinə müraciət etməsi tövsiyə edilmişdir. Səbail rayon Polis İdarəsi tərəfindən məktubda iddiaçının mənzildə 23.05.2005-ci il tarixdən qeydiyyatda olduğu göstərilsə də, lakin cavabdehin özünün tabeliyində olan 3 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışından görünür ki, iddiaçının mənzilə qeydiyyatı 1970-ci il tarixdən olmuşdur. Həmin arayışdan da görünür ki, iddiaçıdan savayı başqa şəxsin həmin mənzilə qeydiyyatı olmamış, iddiaçının atası 1978-ci il tarixdə, yəni iddiaçının faktiki olaraq orada yaşadığı tarixdən sonrakı tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının babası X.Qasımov 02 dekabr 1969-cu il tarixdə vəfat etmişdir. İddiaçının qardaşı V.Qasımov isə 2017-ci il tarixdə vəfat etmişdir. Eyni zamanda işin faktiki hallarından o da müəyyən olunur ki, həmin mənzillə bağlı mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı hər hansı məlumat mövcud olmamışdır. Kommunal xidmətlərin aparılmasını təsdiq edən sənədlərdən də görünür ki, elektrik enerjisinin veirilməsi ilə bağlı müqavilə iddiaçının atası ilə bağlanılmış, qaz və sayğacla bağlı isə iddiaçının adına abunə kodu mövcud olmuşdur. İddiaçının atasının 1978-ci il tarixdə vəfat etdiyi nəzərə alındıqda, aydın olur ki, bütün kommunal xidmətlərin ödənişi məhz mənzillə bağlı iddiaçı tərəfindən yerinə yetirilməkdədir. Məhkəmə işin sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı sözügedən mənzildə 01 oktyabr 2009-cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsi) tənzimlənməlidir. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir; 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir; 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; 85-ci maddəsinə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 59.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür; 51.7-ci maddəyə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır; 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Məhkəmə hesab edir ki, iddiaçı mübahisə predmeti olan mənzildə uzun illərdir ki, faktiki yaşadığından və daimi qeydiyyatda olduğundan, həmçinin həmin mənzildə qeydiyyatda başqa şəxslər olmadığından, başqa sözlə şəxsin mənzilə hüququnun tanınması digər şəxslərin maraq və manefərinə toxunmadığından mənzilin balans saxlayıcısı olan orqandan onun mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsini tələb etməkdə haqlıdır. 2009-cu ilin оktyаbrın 1-dən qüvvəyə minmiş Аzərbаycаn Rеspublikаsının Mənzil Məcəlləsinin 17.3.1.-ci mаddəsinə əsаsən- sоsiаl təyinаtlı mənzil fоndu- dövlət və bələdiyyə mənzil fоndlаrındаn sоsiаl kirаyə müqаvilələri əsаsındа vətəndаşlаrа vеrilən yаşаyış sаhələrinin məcmusudur. Həmin Məcəllənin 17.4-cü mаddəsində göstərilir ki, mənzil fоndu qаnunvеricilikdə müəyyən еdilmiş qаydаdа dövlət uçоtunа аlınmаlıdır. Həmin Məcəllənin 18-ci mаddəsinə əsаsən, mülkiyyət fоrmаsındаn аsılı оlmаyаrаq mənzil fоndunun istifаdəsinə və sахlаnılmаsınа, hаbеlə yаşаyış sаhələrinin və kоmmunаl хidmətlərin müəyyən еdilmiş tələblərə uyğunluğunа dövlət nəzаrəti qаnunvеricilikdə müəyyən оlunmuş qаydаdа həyаtа kеçirilir. İş mаtеriаllаrındаn isə göründüyü kimi inzibati orqan tərəfindən qаnunvеricilik ilə müəyyən еdilmiş dövlət mənzil fоndunа dаir nəzаrəti həyаtа kеçirmək vəzifəsi yеrinə yеtirilməmiş, iddiaçının yaşadığı mənzil dövlət nəzаrətindən kənаrdа qаlmışdır, belə ki, həmin mənzilin kirayəçisinin mənzildən istifadə etməsinə baxmayaraq yeni kirayə müqaviləsi bağlanmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ilə Bakı şəhəri, Səbail rayonu, Rəsulzadə küçəsi, ev 2, 35 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanılması öhdəliyi Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-8251/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8251/2021
17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver