Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8253/2024 07.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh X3rşı “test tapşırığı cavabının düzgün cavab kimi qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X3rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 18 fevral 2024-cü il tarixində dövlət qulluğunun BB kateqoriyası üzrə X7 tərəfindən keçirilən imtahanda imtahan iştirakçılarına təqdim olunmuş suallar arasında B variantı üzrə 25 saylı tapşırığın cavabının düzgün cavab kimi qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 fevral 2024-cü il tarixində dövlət qulluğunun B kateqoriyası üzrə X7 (bundan sonra DİM) tərəfindən keçirilən imtahanda iştirak etmişdir. İmtahanda təqdim olunmuş suallar arasında B variantı üzrə 25-ci sualın cavabları DİM tərəfindən səhv yoxlanılmışdır. Bu hal isə iddiaçının və digər tələbələrin imtahan nəticəsinə əsaslı təsir göstərmişdir. Belə ki, suallar düzgün tərtib ediləcəyi və düzgün qiymətləndiriləcəyi təqdirdə imtahanda məqbul balı toplayacaq namizədlər, məhz DİM-in səhvi nəticəsində yetərli balı toplaya bilməmişlər. Bu barədə DİM-ə rəsmi qaydada müraciət edilmiş və ona xx.xx.2024-cü il tarixli cavab məktubu göndərilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, imtahandan sonra imtahan nəticələrinə təsir göstərə bilən hallar araşdırılaraq təhlil olunmuş, imtahanda istifadə olunmuş tapşırıqlar ekspertlər tərəfindən yenidən ekspertiza edilmiş, onlarda elmi metodiki qüsurlar aşkar olunmamış və doğru cavabların birmənalı olduğu təsdiq edilmişdir. Doğrudur, imtahanda istifadə olunmuş tapşırıqlarda heç bir qüsur yoxdur, lakin DİM tərəfindən doğru cavab kimi götürülən cavablarda yanlışlıq var. Belə ki, qanunvericilik üzrə imtahanda istifadə olunmuş qapalı tipli test tapşırığında 25-ci sualda "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ixtisas dərəcələri bağlı təsbit olunmuş müddəalara uyğun olaraq doğru olanları seçmək tələb olunmuş, cavab variantları arasında doğru cavab kimi iki variant düzgündür, lakin və DİM 2-ci dərəcə dövlət müşaviri cavab variantını doğru variant kimi qəbul etmişdir. B variantı üzrə 25-ci sual "Dövlət qulluğu haqqında" Qanuna əsasən aşağıdakı inzibati vəzifələrdən birini tutan şəxsə nəzərdə tutulmuş növbəti ixtisas dərəcəsi Prezident tərəfindən veriləcəkdir? A) 2-ci dərəcə dövlət müşaviri B) 3-cü dərəcə dövlət qulluqçusu C) Dövlət qulluğunun müşaviri D) Dövlət qulluğunun baş müşaviri Lakin “Dövlət qulluğu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən “Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən həm dövlət qulluğunun baş müşaviri, həm də dövlət qulluğunun 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsində olan dövlət qulluqçularına növbəti ixtisas dərəcəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilməlidir.” Həmçinin, qeyd olunan sualda “aşağıdakı inzibati vəzifələrdən birini tutan şəxs” ifadəsi qeyd edilsə də, o barədə məlumat cavab variantlarında göstərilməmişdir. Qeyd olunan suallarda iki cavab variantı olduğundan bu sual yanlış tərtib olunmuş sual kimi qeyd olunmalı və bütün namizədlərə müvafiq bal verilməlidir. Onun ümumi nəticəsinə 1 bal əlavə edilməsi onun üçün hüquqi nəticə yaradacaqdır. Bundan əlavə, ümumilikdə imtahana salınmış suallar "söz oyunu" vasitəsilə süni olaraq çətinləşdirilmişdir ki, bunun da nəticəsində sualların anlaşılmaması imtahan üçün ayrılmış vaxtın sualların cavablanması üçün kifayət etməməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Mərkəz tərəfindən xx.xx.2024-cü il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün kağız daşıyıcılar vasitəsilə test imtahanı keçirilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində BB vəzifə qrupu üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın 2.2-ci bəndinə əsasən dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının məzmunu, yəni imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü (qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar), sahələr və çətinlik dərəcəsi üzrə konkret bölgüsü, həmçinin vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal vəzifələrin qrupundan asılı olaraq Mərkəz tərəfindən müəyyən edilir. Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Mərkəz tərəfindən təşkil edilir. Qanunvericiliyin tələbinə uyğun olaraq yalnız Mərkəz tərəfindən təsdiq edilmiş və test bankına daxil olunmuş test tapşırıqları imtahanda istifadə edilir. Belə ki, test tapşırıqları ekspertizadan keçirilərkən qapalı tipli test tapşırıqları adıçəkilən Qaydada nəzərdə tutulmuş, açıq tipli test tapşırıqları isə Mərkəz tərəfindən müəyyən edilən tələblərə cavab vermədikdə onlar Mərkəz tərəfindən təsdiqlənmir və test imtahanlarında istifadə edilmir. Yuxarıda adıçəkilən Qaydaların 4.1.1-ci yarımbəndinə əsasən namizədin imtahanda qapalı tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla qiymətləndirilir. Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, vəzifə altqrupları üzrə test imtahanından keçid balları toplanması mümkün olan ümumi bala nisbətdə müəyyən olunur. İddiaçı sözügedən test imtahanında BB2 sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən (75%) çox nəticə - 79% (79 bal) nəticə göstərdiyi üçün BB2 sertifikatı əldə etmişdir. Onun test imtahanında göstərdiyi nəticə BB1 sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən-80% (80 bal) aşağı olduğu üçün BB1 sertifikatını əldə etməmişdir. Qaydaların 4.3-cü bəndinə əsasən namizəd test imtahanının nəticələri ilə razı olmadıqda, nəticələr portalda yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apellyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair qəbul edilmiş qərardan namizəd məhkəməyə şikayət verə bilər.Həmin Qaydaların tələblərini təmin etmək məqsədilə inzibati vəzifələrin B növünə aid olan vəzifə qruplarına qəbul üzrə xx.xx.2024-cü tarixlərində keçirilmiş test imtahanının nəticələrinə yenidən baxılması ilə bağlı Apellyasiya Komissiyası yaradılmış, Komissiyaya müraciət etmək üçün 20 fevral saat 10:00-dan 22 fevral saat 17:00-dək https://apelyasiva.dim.qov.az saytında yerləşdirilən elektron ərizəni doldurmaqla qeydiyyatdan keçmək tələb olunmuşdur (https://dim.qov.az/news/12833/7sphrase id=1552472). İddiaçı xx.xx.2024-cü il Mərkəz tərəfindən yaradılmış Apellyasiya Komissiyasına müraciət etmişdir. xx.xx.2024-cü il tarixində iddiaçının apelyasiya ərizəsində qeyd etdiyi telefon nömrəsi ilə əlaqə saxlanılmış və iddiaçının mübahisələndirdiyi test tapşırığı ilə bağlı müvafiq izahat verilmişdir. Əlavə olaraq namizədin müraciəti Mərkəzin xx.xx.2042-cü il tarixli 9-3/2-Ə-42- 141/2024 nömrəli məktubu ilə cavablandırılmış və imtahan nəticəsinin dəyişdirilməsinə təsir göstərə biləcək bir hal aşkar olunmadığından apelyasiya müraciətinin təmin olunmadığı namizədin diqqətinə çatdırılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək 18 fevral 2024-cü il tarixində dövlət qulluğunun BB kateqoriyası üzrə X7 tərəfindən keçirilən imtahanda B variantı üzrə 25 saylı test tapşırığının İddiaçı tərəfindən qeyd edilmiş cavabın onun xeyrinə nəzərə alınmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov 103 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Dövlət qulluğu vəzifələri üzrə test imtahanının nəticələri haqqında məlumat və cavab kartlarının qrafik təsvirindən görünür ki, xx.xx.2024cü il tarixində Xətai rayonu 55 nömrəli tam orta məktəbdə keçirilən imtahanda B variantı olan İddiaçı aid kitabçada Qanunvericilik fənni üzrə namizəd tərəfindən 25-ci sualın cavabı kimi D variantı seçilmiş, doğru cavab isə C kimi göstərilmişdir. Doğru cavabların sayı ümumilikdə 79, yalnış cavabların sayı isə 21 qeyd olunmuşdur. Nəticədə yekun bal olaraq 79, (79%), yekun nəticə isə BB2 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixində Dövlət qulluğunun B növü üzrə qəbul müsabiqəsinin test imtahanı mərhələsində iştirak etmiş namizəd İddiaçı verdiyi şikayət üzrə test tapşırığı ilə bağlı rəydə (h.ü.f.d, Bakı Dövlət Universitetinin “Dövlət hüquq nəzəriyyəsi və tarixi” kafedrasının dosenti Zaur Əzimov təəfindən verilmiş) bildirilmişdir ki, 18 fevral 2024-cü il tarixində X7 tərəfindən keçirilən dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanında iştirakçılara təqdim olunmuş suallardan biri mübahisələndirilmişdir. Həmin sualın şərti və suala cavab variantları sual kitabçasında aşağıdakı kimi göstərilir: “ “Dövlət qulluğu haqqında ” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakı inzibati vəzifələrdən birini tutan şəxsə nəzərdə tutulmuş! növbəti ixtisas dərəcəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən veriləcəkdir: A) Dövlət qulluğunun müşaviri B) 3-cü dərəcə dövlət qulluqçusu C) 2-ci dərəcə dövlət müşaviri D) Dövlət qulluğunun baş müşaviri Namizəd iddiasında qeyd edir ki: “İmtahanda istifadə olunmuş test tapşırıqlarında heç bir qüsur yoxdur, lakin DİM tərəfindən doğru cavab kimi götürülən cavablarda yanlışlıq var.” Namizəd hesab edir ki, sualın doğru cavabı həm də D variantıdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq (Azərbaycan Respublikasının Prezidenti tərəfindən) verilir. Qanunun 16-cı maddəsinə görə bu ixtisas dərəcələri - həqiqi dövlət müşaviri, 1-ci dərəcə dövlət müşaviri, 2-ci dərəcə dövlət müşaviri və 3-cü dərəcə dövlət müşaviri dərəcələridir. Sadalanan ixtisas dərəcələrindən 2-ci dərəcə dövlət müşaviri cavab variantları arasında yer alır və tapşırığın düzgün cavabıdır. Namizəd iddia edir ki, 3-cü dərəcə dövlət müşaviri dərəcəsi dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsindən sonra verildiyindən, D variantı da tapşırığın düz cavabı hesab edilməlidir. Qeyd edilməlidir ki, namizəd yanlış olaraq sualın şərtindəki “aşağıdakı” sözünün cümlədəki söz sırasına görə dərhal ondan sonra gələn “inzibati vəzifələrdən birini tutan şəxsə” ifadəsini təyin etdiyini düşünür. Halbuki, sualdakı “aşağıdakı” sözü, eləcə də ayrıca olaraq “inzibati vəzifələrdən birini tutan şəxsə nəzərdə tutulmuş” ifadəsi hər biri “növbəti ixtisas dərəcəsi” birləşməsini təyin edir. Başqa sözlə tapşırıqda inzibati vəzifələrdən birini tutan şəxsə nəzərdə tutulan növbəti ixtisas dərəcələrindən hansını AR Prezidentinin verəcəyi soruşulur. Cümləni təhlil etdikdə namizədin yanaşmasının da qrammatik baxımdan yanlış olmadığı görünür - “aşağıdakı” sözünün “inzibati vəzifələrdən birini tutan şəxsə” ifadəsini təyin etmiş ola bilməsi mümkündür. Lakin bu halda namizədin iddiasının əsaslı olması üçün “aşağıdakı inzibati vəzifələr...” ifadəsinin məntiqi davamı olaraq variantlarda inzibati vəzifələr sadalanmalı idi. Tapşırıqda isə təklif olunan cavab variantlarında inzibati vəzifələr deyil, ixtisas dərəcələri qeyd olunub (namizəd özü də iddiasında bunu vurğulayır). Beləliklə, tapşırığın həmin şəkildə təfsiri qəbul edib, “dövlət qulluğunun baş müşaviri” variantını seçməklə namizəd səhvə yol vermişdir. X4 iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli, 9-3/2-Ə- 42-141/2024 nömrəli məktubda bildirilmişdir ki, sizin dövlət qulluğuna qəbulla bağlı xx.xx.2024-cü il tarixində keçirilən test imtahanının nəticəsi ilə əlaqədar X5 ünvanladığınız elektron apellyasiya ərizənizə baxılmış, xx.xx.2024-cü ildə istəyinizə uyğun olaraq Sizinlə telefon əlaqəsi yaradılmış, müvafiq sahə üzrə mütəxəssis tərəfindən ərizənizdə qeyd etdiyiniz 25 saylı (BB vəzifə qrupu B variantı üzrə) test tapşırığı və onun doğru cavabı barədə Sizə izah verilmişdir. Qeyd edək ki, imtahandan sonra imtahan nəticələrinə təsir göstərə bilən hallar araşdırılaraq təhlil olunur, imtahanda istifadə olunmuş tapşırıqlar ekspertlər tərəfindən yenidən ekspertiza edilir. xx.xx.2024-cü il tarixində keçirilmiş imtahanda istifadə olunmuş test tapşırıqlarının təkrar ekspertizası zamanı onlarda elmimetodiki qüsur aşkar olunmamış və doğru cavabların birmənalı olduğu təsdiq edilmişdir. İmtahan nəticənizin dəyişdirilməsinə təsir göstərə biləcək bir hal aşkar olunmadığından müraciətiniz təmin olunmamışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. “Dövlət qulluğu haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -1.27-ci bəndinə əsasən müsabiqə – inzibati vəzifələrin tutulması məqsədilə namizədlərin vakant vəzifələrə uyğunluğunu qiymətləndirmək üçün keçirilən test imtahanından və müsahibədən ibarət prosesdir. -28.1. Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. -28.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -28.3. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən “Dövlət qulluğu sertifikatı” (bundan sonra – sertifikat) verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər. X7 publik hüquqi şəxsin Nizamnaməsinə əsasən: Azərbaycan Respublikasının X7 dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını) həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. -2.1.Mərkəzin əsas vəzifələri aşağıdakılardır: 2.1.1-1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın aşağıdakı bəndlərinə əsasən: -2.2. Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının məzmunu, yəni imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü (qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar), sahələr və çətinlik dərəcəsi üzrə konkret bölgüsü, yardımçı vəzifələr üzrə tapşırıqların fərqli xüsusiyyətləri, həmçinin vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal vəzifələrin qrupundan asılı olaraq Mərkəz tərəfindən, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmunu isə Azərbaycan Respublikasının Dövlət X2 təklifləri əsasında Mərkəz tərəfindən müəyyən edilir. -2.3. Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Mərkəz tərəfindən təşkil edilir. -2.4. Test tapşırıqlarının aşağıdakı növləri var: 2.4.1.qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları; -2.4.2. açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları; 2.4.3. sərbəst şəkildə cavablandırılan esse tipli tapşırıqlar. -2.5. Test tapşırıqlarının hazırlanması üçün vəzifə qrupları üzrə proqramlar Mərkəz tərəfindən təsdiq edilir. Proqramda test imtahanında yoxlanılacaq biliklər üzrə mövzular, bacarıqlar və təqdim edilməsi mümkün olduğu halda ədəbiyyat siyahısı göstərilir. Test imtahanı proqramları Mərkəzin internet portalında (bundan sonra – portal) yerləşdirilir. -2.6. Hazırlanan qapalı tipli hər bir test tapşırığı aşağıdakı tələblərə cavab verməlidir: 2.6.1. test tapşırığı şərtdən və cavab variantlarından ibarət olmalıdır; 2.6.2. hər bir test tapşırığına cavab variantları hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalıdır; 2.6.3. test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalıdır; 2.6.4. test tapşırığı mürəkkəblik dərəcəsinə görə sadə, orta və ya mürəkkəb olmalıdır; 2.6.5. test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2024-cü il tarixində qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən (75%) çox nəticə - 79.0 % (79 bal) nəticə göstərdiyi üçün BB2 sertifikatı əldə etmişdir. Onun test imtahanında göstərdiyi nəticə BB1 sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən- 80% aşağı olduğu üçün BB1 sertifikatını əldə etməmişdir. Odur ki, hazırkı iddia uğurlu olduğu təqdirdə iddiaçı üçün hüquqi nəticə yaradır, belə ki, o, BB1 sertifikatını əldə edə bilər. Bu isə onun daha yüksək kateqoriyalı dövlət orqanlarında müsahibədə iştirak imkanı yaradacaqdır. İşin hallarından görünür ki, iddiaçı keçirilən imtanada qanunvericilik üzrə 25-ci sualın cavabı kimi D variantını seçmiş, doğru cavab isə C kimi göstərilmişdir. Belə ki, “ “Dövlət qulluğu haqqında ” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakı inzibati vəzifələrdən birini tutan şəxsə nəzərdə tutulmuş növbəti ixtisas dərəcəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən veriləcəkdir: A) Dövlət qulluğunun müşaviri B) 3-cü dərəcə dövlət qulluqçusu C) 2-ci dərəcə dövlət müşaviri D) Dövlət qulluğunun baş müşaviri İddiaçı iddia edir ki, qeyd edilən test tapşırığında "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ixtisas dərəcələri bağlı təsbit olunmuş müddəalara uyğun olaraq doğru olanları seçmək tələb olunmuş, cavab variantları arasında doğru cavab kimi iki variant düzgündür, lakin DİM yalnız 2-ci dərəcə dövlət müşaviri cavab variantını doğru variant kimi qəbul etmişdir. Məhkəmə hazırkı halda təqdim olunan sualın cavabının (doğru və yalnış) yoxlanılmasına deyil, namizədə təqdim olunmuş test tapşırığının yuxarıda sadalanan tələblərə uyğunluğunun yoxlanmasına diqqət çəkir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun aşağıdakı maddələrinə əsasən: -1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi; -1.1.12. dövlət qulluqçusunun ixtisas dərəcəsi – dövlət qulluqçusunun tutduğu vəzifəyə uyğun olaraq ona verilən ixtisas səviyyəsi; -16.2. İnzibati vəzifələrin təsnifatına uyğun olaraq dövlət qulluqçularına aşağıdakı ixtisas dərəcələri verilir. 16.2.1. inzibati vəzifələrin ali təsnifatı üzrə – həqiqi dövlət müşaviri, 1-ci dərəcə dövlət müşaviri və 2-ci dərəcə dövlət müşaviri; 16.2.2. inzibati vəzifələrin birinci təsnifatı üzrə – 1-ci dərəcə dövlət müşaviri, 2-ci dərəcə dövlət müşaviri və 3-cü dərəcə dövlət müşaviri; 16.2.3. inzibati vəzifələrin ikinci təsnifatı üzrə – 2-ci dərəcə dövlət müşaviri, 3-cü dərəcə dövlət müşaviri və dövlət qulluğunun baş müşaviri; 16.2.4. inzibati vəzifələrin üçüncü təsnifatı üzrə – dövlət qulluğunun baş müşaviri, dövlət qulluğunun müşaviri və dövlət qulluğunun kiçik müşaviri; 16.2.5. inzibati vəzifələrin dördüncü təsnifatı üzrə – dövlət qulluğunun müşaviri, dövlət qulluğunun kiçik müşaviri və 1-ci dərəcə dövlət qulluqçusu; 16.2.6. inzibati vəzifələrin beşinci təsnifatı üzrə – dövlət qulluğunun kiçik müşaviri, 1-ci dərəcə dövlət qulluqçusu və 2-ci dərəcə dövlət qulluqçusu; 16.2.7. inzibati vəzifələrin altıncı təsnifatı üzrə – 1-ci dərəcə dövlət qulluqçusu, 2-ci dərəcə dövlət qulluqçusu və 3-cü dərəcə dövlət qulluqçusu; 16.2.8. inzibati vəzifələrin yeddinci təsnifatı üzrə – 2-ci dərəcə dövlət qulluqçusu, 3cü dərəcə dövlət qulluqçusu və kiçik dövlət qulluqçusu. -17.1. İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir. 17.2. 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq verilir. Dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri müvafiq dövlət orqanının rəhbəri tərəfindən verilir. Bu maddənin birinci hissəsində müəyyən edilmiş hər hansı tələbə cavab verməyən dövlət qulluqçusuna, habelə təyin olunduğu inzibati vəzifənin təsnifatına uyğun ixtisas dərəcəsinə malik olmayan dövlət qulluqçusuna tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir. Sadalanan normlaardan göründüyü kimi dövlət qulluqçusuna ilkin olaraq ən kiçik ixtisas dərəcəsi verilir və növbəti ixtisas dərəcəsi dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq əvvəlki (ilkin) ixtisas dərəcəsinin ardıcıllığına uyğun olaraq verilir. Qanunun 16-cı maddəsinə görə 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri, yəni həqiqi dövlət müşaviri, 1-ci dərəcə dövlət müşaviri, 2-ci dərəcə dövlət müşaviri və 3-cü dərəcə dövlət müşaviri dərəcələri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq (Azərbaycan Respublikasının Prezidenti tərəfindən) verilir. Məhkəmə qeyd edilən normalara istinadən təqdim edilmiş test tapşırığı sualında Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilən ixtisas dərəcəsi və eyni zamanda “növbəti dəfə” Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilən ixtisas dərəcəsi soruşulur. Məhkəmə qeyd edir ki, təqdim olunmuş cavab variantları arasında 2-ci dərəcə dövlət müşaviri dərəcəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilən ixtisas dərəcəsidir, eyni zamanda həmin sualda ifadə olunan “aşağıdakı inzibati vəzifələrdən birini tutan şəxsə” və “növbəti” ixtisas dərəcəsi sözlərinin işlənməsi həmçinin sualda ixtisas dərəcəsinə malik dövlət qulluqçusu üçün sıra ardıcıllığı ilə növbəti veriləcək ixtisas dərəcəsinin məhz Azərbaycan Respublikasının Prezidenti tərəfindən veriləcək ixtisas dərəcəsi olmasına, yəni dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsindən sonra veriləcək növbəti 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsinə, bununla da həm də doğru cavab kimi D variantı-dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsinin seçilməsinə yönəldir. Göründüyü kimi təqdim olunmuş sual tapşırığının şərti qeyd edilən şəkildə qoyulması bir sual üzrə eyni vaxtda 2 doğru cavabın seçilməsinə əsas vermişdir ki, bu halda təqdim olunmuş 25-ci sual yuxarıda qeyd edilən Qaydaların 2.6.2 və 2.6.5-ci bəndlərinə əsasən test tapşırığının şərti və cavablarının dəqiq, aydın və birmənalı olması tələbinə uyğun hesab edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 18 fevral 2024-cü il tarixində dövlət qulluğunun BB kateqoriyası üzrə X7 tərəfindən keçirilən imtahanda B variantı üzrə 25 saylı test tapşırığının İddiaçı tərəfindən qeyd edilmiş cavabın onun xeyrinə nəzərə alınması vəzifəsi X5 həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. 18 fevral 2024-cü il tarixində dövlət qulluğunun BB kateqoriyası üzrə X7 tərəfindən keçirilən imtahanda B variantı üzrə 25 saylı test tapşırığının İddiaçı tərəfindən qeyd edilmiş cavabın onun xeyrinə nəzərə alınması vəzifəsi X5 həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-8253/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8253/2024
07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver