Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8255/2022 09.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X18, X19, X15, X6, X16, X26, X20 və X4) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən evdən X9, yetkinlik yaşına çatmamış xx.xx.2013-cü ıl təvəllüdlü X10, X7, X3, X8, X17. X11 və X1 pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh AR Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Mənzilə dair Qeydiyyat vəsiqəsi verilmişdir. Ona məxsus olan evdə ailə üzvləri olmayan, ümumiyyətlə onun razılığı olmadan qeydiyyata düşmüş şəxslər var. Onların iddiaçıya məxsus olan mənzilə qeydiyyata düşməsinə o nə notarial qaydada razılıq vermiş, nə də ərizə ilə. Ona məxsus olan evdə ümumiyyətlə belə şəxslər yaşamayıb və yaşamır. İddiaçıya məxsus olan mənzildən pasport qeydiyyatından çıxarılması ilə bağlı Cavabdehnə müraciət etmişdir. Lakin Cavabdeh imtina məktubu ilə bildirmişdir ki, qeyd edilən şəxsin ona məxsus mənzildən pasport qeydiyyatından çıxarılması Cavabdeh səlahiyyəti daxilində deyil. Qeyd edilənlərlə yanaşı məhkəməyə müraciət etmək hüququnun olduğu tövsiyyə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X18, X19, X15, X6, X16, X26, X20 və X4 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 iddia tələbinin təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş FM seriyalı 030348 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s, döngə 3 küçəsindəki 5 otaqlı 10 nömrəli ev İddiaçı adına 30/19751 nömrəsi ilə xx.xx.3004-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, X18, X19, X15, X6, X16, X26, X20 və X4 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-10083-1222 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1966-cı il təvəllüdlü X4 xx.xx.2007-ci il tarixdən, xx.xx.1968-ci il təvəllüdlü X15 xx.xx.2007-ci il tarixdən, xx.xx.1990-cı il təvəllüdlü X18 xx.xx.2009-cu il tarixdən, xx.xx.1968-ci il təvəllüdlü X6 xx.xx.2007-ci il tarixdən, xx.xx.1995-ci il təvəllüdlü X16 xx.xx.2012-ci il tarixdən, xx.xx.1969-cu il təvəllüdlü X26 xx.xx.2007-ci il tarixdən, xx.xx.1993-cü il təvəllüdlü X20 xx.xx.2010-cu il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Göstərilən şəxslərin qeyd olunan ünvana qeydiyyata alınmasına və onlara şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********66 nömrəli məktubunda bildirilmişdir ki, X9, X7, X2, X8, X17. X11, X1 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 3, 10 saylı fərdi yaşayış evinə dair istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Həmin məktubla göndərilmiş hüquqmüəyyənedici sənədlərdən görünür ki: - Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 520 nömrəli sərəncamına əsasən X25 2003-cü ildə tikmiş, 600.0 kv.m. torpaq sahəsində yerləşmiş, sahəsi 83,20 kv.m olan 5 yaşayış otaqlarından, sahəsi sahəsi 43,20 kv.m. olan köməkçi otaqlardan.sahəsi 43.20 kv.m. olan açıq eyvandan və həyətyanı təsərrüfat tikililərindən ibarət olan Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış sahəsi, döngə 3, 10 saylı yaşayış evinin mülkiyyətçisi müəyyən edilmişdir. -xx.xx.2004-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X25 Bakı şəhəri, Qara-Çuxur qəsəbəsi, «Şərq» y/s, döngə 3, ev 10da yerləşən beş otaqlı, ümumi sahəsi 228,5 kvadrat metr, yaşayış sahəsi 84,7 kvadrat metr köməkçi sahəsi 143,80 kvadrat metr olan və 600,0 kvadrat metr torpaq sahəsində yerləşən evi İddiaçı satmışdır. Məhkəmə sorğusuna cavab olaraq Suraxanı rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 14395-1222 nömrəli məktubunda qeyd edilmişdir ki, məktubda adları qeyd olunmuş vətəndaşların qeydiyyata alınmasına əsas olmuş sənədlər Suraxanı RPİ-nin X5 aşkar olunmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Suraxanı rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 1/105 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 3 ünvanında 10 nömrə ilə 3 (üç) fərdi ev yerləşir. Evlərdən birində İddiaçı, digərlərində X26 və X15 öz ailə üzvləri ilə birlikdə yaşayırlar. Həmin fərdi yaşayış evlərinin hüquqverici sənədlərinə dair Suraxanı rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində dəqiq məlumat yoxdur. Üçüncü şəxs tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki: -Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 656 nömrəli sərəncamına əsasən X21 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində 300 kv.m torpaq sahəsi ayrılmışdır. -xx.xx.2001-ci il tarixli akta əsasən Suraxanı rayonu İHA-tı Təsərrüfat Şöbəsinin müdiri M.Tağıyev, memar Z.Əhmədov, Qaraçuxur qəsəbəsindəki İHB-nın nümayəndəsi F.Süleymanovun iştirakı ilə Suraxanı İHB-nın 15 avqust 2001-ci il tarixli 656 saylı sərəncamı əsasında Qaraçuxur qəsəbəsinin şərq hissəsində 300 kv.m torpaq sahəsinin ölçülərinin natura ifadəsi ilə pay bölgüsü aparılmış və daimi nişanlar qoyulmuşdur. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, 096 9136İ-1222 nömrəli məktubda bildirilmişdir ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətinizin müsbət həlli mümkün deyildir. Odur ki, Siz aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməlisiniz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı cavabdehə müraciət etmişdir. Məhkəmə aşağıdakılara əsasən iddianın təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız ““Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə hazırkı iş üzrə iddiaçının qeydiyyatdan çıxarılma ilə bağlı tələbini aşağıdakı hallar nəzərə alınmaqla qiymətləndirir: -1. qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxslər yaşayış sahəsinə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmışdırmı; -2. qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxslər iddiaçıya aid yaşayış sahəsində faktiki yaşayırlarmı; -3. qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxslərin iddiaçıya aid fərdi yaşayış evinə əmlak hüquqları mövcuddurmu. Hazırkı işdən müəyyən olunur ki, ünvan 1 ünvanında 3 fərdi yaşayış evi mövcuddur. X13 adına olan fərdi yaşayış evi Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 520 nömrəli sərəncamına əsasən qeydiyyata alındıqdan sonra xx.xx.2004-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmış, sonuncunun həmin evə mülkiyyət hüququ 30/19751 nömrəsi ilə xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdır. Hazırda sözügedən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Eyni zamanda mübahisəli ünvanda yerləşən digər fərdi yaşayış evi (evləri) X22 aid olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş əmlakdır. Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 656 nömrəli sərəncamına əsasən Qaraçuxur qəsəbəsinin şərq hissəsində fərdi yaşayış evi tikmək üçün X21 300 kv.m torpaq sahəsi ayrılmış, qeyd edilən ünvanda iki ədəd birmərtəbəli fərdi yaşayış evi tikilmiş, X27, ailə üzvləri və qohumları olan üçüncü şəxslər X18, X19, X15, X6, X16, X20 və X4 həmin ünvanda yaşayırlar. Üçüncü şəxslər mübahisəli ünvana iddiaçının razılığı ilə deyil, adıçəkilən xx.xx.2001-ci il tarixli 656 nömrəli sərəncamına əsasən cavabdeh orqan tərəfindən qeydiyyata alınmışlar. Beləliklə, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi qəsəbəsində eyni ünvan göstəricisinə malik –Şərq y/s, döngə 3, ev 10 ünvanında altında ayrı-ayrı fərdi yaşayış evləri var. Fərdi yaşayış evlərinin hər üçü ünvan üzrə Qaraçuxur qəsəbə nümayəndəliyinin təsərrüfat kitablarında qeydə alınmışdır. İddiaçının qeydiyyatdan çıxarmaq istədiyi üçüncü şəxslər mübahisəli ünvana Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 656 nömrəli sərəncamına əsasən qeydiyyata alınmışlar, hazırda üçüncü şəxslər X22 aid torpaq sahəsində inşa edilmiş evlərdə yaşayırlar və yaşadıqları ünvan üzrə qeydiyyatdadırlar. Məhkəmə yuxarıda sadalanan qeydiyyatdan çıxarma ilə bağlı halları hazırkı işə tətbiq etdikdə müəyyən edir ki, iddiaçının üçüncü şəxsləri ünvan üzrə qeydiyyatdan çıxarması üçün tələb olunan şərtlər ödənilmir. Belə ki: -1. Üçüncü şəxslər iddiaçının razılığı əsasında sözügedən ünvana qeydiyyata düşməmişlər. -2. Üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, X22 aid torpaqdakı evlərdə hal-hazırda yaşayırlar. -3. Üçüncü şəxslər iddiaçıya məxsus evlə bağlı əmlak hüquqlarına malik deyillər, özlərinin yaşadıqları fərdi yaşayış evinə əmlak hüquqlarına iddia edə bilərlər. Bundan əlavə qeyd edilməlidir ki, Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hazırkı halda üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, onlara məxsus ayrı evdə yaşayırlar və yaşadıqları evin ünvanı üzrə qeydiyyatdadırlar. Nəzərə alınsa ki, qanun fiziki şəxsin bilavasitə “yaşayış yeri” üzrə qeydə alınmanı tələb edir, bu halda üçüncü şəxslərin yaşadıqları fərdi yaşayış evinin yerləşdiyi ünvan üzrə qeydiyyatda qalmaları qanunsuz, inzibati orqanın onları yaşayış yeri ünvanından qeydiyyatdan çıxarmaqdan imtinası isə əsassız hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeydiyyat haqqında qanunvericilik fiziki şəxsin məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir. Bu mənada üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan əmlakla eyni ünvanda qeydiyyatda qalmaları onların iddiaçıya aid fərdi yaşayış evinə hər hansı əşya hüququnun olması anlamına gəlmir. Eyni zamanda üçüncü şəxslərin həmin ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarının, o cümlədən sözügedən əmlaka müstəqil sərəncam vermək imkanlarını da məhdudlaşdırmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 3.2-ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. 3.3. Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. -3.4-cü bəndinə əsasən ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. Ünvanın verilməsi ilə bağlı ərizə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında ərizə ilə birlikdə verildikdə və ya ünvanı olmadan həmin daşınmaz əmlak obyekti üzərində hüquqların qeydiyyatı ilə əlaqədar ərizə daxil olduğu halda, ünvanın verilməsi qeydiyyat üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində həyata keçirilir. Bu halda daşınmaz əmlak obyektinin ünvanı üzərində hüquqların qeydiyyata alınmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks etdirilir və əlavə olaraq arayış verilmir. Hüquqların qeydiyyatından imtina edildiyi halda, ərizəçiyə yalnız ünvanın verilməsi ilə əlaqədar sənəd (arayış) verilir. Məhkəmə qeyd olunan normaların tələblərindən çıxış edərək hesab edir ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınması zamanı yeni ünvan verilməsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana müraciət etmək hüququ olduğu halda bu imkandan istifadə etməməsi və əmlakın ünvan 1 ünvanı üzrə qeydiyyata alınması üçüncü şəxslərin 2001-ci il tarixdə verilmiş sərəncama əsasən yaşadıqları evdən iddiaçının tələbi ilə qeydiyyatdan çıxarılmalarına əsas vermir. Eyni zamanda bu hal iddiaçının mövcud ünvanının dəyişməsi ilə bağlı müvafiq inzibati orqana yenidən müraciət etmək və yeni ünvan göstəricilərinə malik yeni çıxarışı əldə etmək imkanını da məhdudlaşdırmır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, üçüncü şəxsə aid sənədlərdə X26 tərəfindən tikilmiş fərdi yaşayış evinə xx.xx.2005-ci ildə Qaraçuxur qəsəbəsi, Şimal yaşayış sahəsi 3-cü döngə ev 10 ünvanının verilməsi hazırkı halda iddiaçının tələbi əsasında üçüncü şəxslərin mübahisəli Şərq yaşayış sahəsi 3-cü döngə ev 10 ünvanından çıxarılmasına əsas vermir. Belə ki, üçüncü şəxslərə aid torpaq sahəsinin ayrılması barədə sərəncam xx.xx.2001-ci il tarixlidir. Həmin hüquqmüəyyənedici sənəddə üçüncü şəxslərə aid ünvan məhz Qaraçuxur qəsəbəsi “Şərq” yaşayış sahəsi kimi göstərilmişdir. Həmin torpaq sahəsində üçüncü şəxslərin fərdi yaşayış evinə sonradan “Şimal” yaşayış sahəsi ünvanı verildiyi qeyd edilsə də həmin ünvan sözügedən evə dair ünvan reyestrində qeydiyyata alınmamışdır. Üçüncü şəxslərin evləri məhz “Şərq” yaşayış sahəsi kimi icra nümayəndəliyinin qeydiyyat kitablarında qeydə alınmış və cavabdeh inzibati orqan “Şərq” yaşayış sahəsi döngə 3 ev 10 ünvanını tanımış və hələ 2007-ci ildə üçüncü şəxsləri “Şərq” yaşayış sahəsi döngə 3 ev 10 ünvanı üzrə qeydiyyata almışdır. Odur ki, üçüncü şəxslərin hazırkı halda sözügedən ünvanda qeydiyyatda qalmaları və cavabdehin üçüncü şəxsləri həmin ünvandan qeydiyyatdan çıxarmaqdan imtinası qanunazidd sayıla bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-8255/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8255/2022
09.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver