Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8255/2025 14.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi ilə, İddiaçı cavabdeh 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı “vərəsəlik işinin surətinin verilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2003-cü ildə vəfat etmiş X7 vərəsəliyinə dair vərəsəlik işinin surətlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinin təmin olunmasi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 1988-ci ildə Bakı şəhəri Qeydiyyat İdarəsinin Xətai rayon şöbəsində qeydiyyatda olan X11 ilə ailə həyatı qurub. Bu nikahdan iki övladı var: bir qızı, 28 dekabr 1990-cı il təvəllüdlü X1 və 2 yanvar 1992-ci il təvəllüdlü X4. X5 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nəsimi rayonu, Qabışev küçəsində yerləşən 9 saylı evdə nə o, nə də övladları qeydiyyatda olmayıb. 1996-cı ildə nikahları pozuldu. Əvvəllər mübahisəli 9 saylı evin sahibi Bakı şəhəri, Nəsimi rayonu, Qabişev küçədə X3 olub, onun ölümündən sonra əri X11 qeyd olunan evin operativ idarəçiliyini öz üzərinə götürüb və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti DƏDRX şəhadətnaməsinə uyğun olaraq qeyd olunan evin sahibi olub. X11 2003-cü ildə vəfat edib. Pərvizin ölümündən sonra Bakı şəhəri, Nəsimi rayonu, Qabışev küçəsində, 9 saylı yaşayış binası şəklində miras açılıb. Mirzəyevlərin sonuncu varisi Nazim Arif oğlu 2015-ci ildə dünyasını dəyişib. Bakı şəhəri, Nəsimi rayonu, Qabışev küçəsi, 9 saylı yaşayış binasında o özü və övladları DNK-ya vərəsəlik almaq üçün müraciət etməmişdir, çünki onlara inanmışdır, onlar qohum olduğuna görə onlara söz vermişdilər mənzili satanda, açılan irsi kütlədə paylarını alacaqdılar. Əvvəllər bibisi Bakı şəhəri Nəsimi rayonu 59 saylı Mənzil İstismar İdarəsi vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Qabışev küçəsindəki 9 saylı yaşayış binasında uşaqları qeydiyyata alıb. Lakin sonradan qalmaqalla işdən çıxarılıblar. X11 2003-cü ildə vəfat edib. Mirzəyevlərin sonuncu varisi Nazim Arif oğlu 2015-ci ildə dünyasını dəyişib. Onun ölümündən sonra yaxınları söz veriblər ki, uşaqlar öz paylarını mütləq alacaqlar. Bu arada onları aldatdılar. Anasının kənddəki evini satmışdı. Əhmədli, özünün tikdiyi evi aldılar. Ona görə də evi satdıqdan sonra rayon polis şöbəsinin inzibati binasında qeydiyyata düşdülər. 2023-cü ildə qeydiyyatı ləğv edildi. Bununla bağlı atasının yaşadığı ünvana uşaqları qeydiyyata almaq üçün qızı Fatiməyə müraciət etdi, Lakin o, imtina etdi. Beləliklə, qanuni varis olan qızları, əslində, qohumlarının aldatması nəticəsində vərəsəlik hüququndan məhrum ediliblər. Sonradan məhkəməyə müraciət etmək üçün miras işinin surətinin alınması zəruri olduğundan o əvvəllər cavabdehdən xahiş etmişdi ki, 9 saylı yaşayış binası üçün mirasın rəsmiləşdirilməsi ilə bağlı sənədləri hazırlayan notariat kontorunun yerini və nömrəsini göstərsin. O cümlədən 2003-cü ildə X7, həmçinin 2015-ci ildə vəfat etmiş qardaşı X8 ölümündən sonra açılmış mirasın rəsmiləşdirilməsi ilə bağlı sənədlər, lakin onun müraciəti təmin edilməyib. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3165/6-13-M- 339-6/23 nömrəli məktubda göstərilmişdir ki, 2003-cü ildə vəfat etmiş X7 və 2015-ci ildə vəfat etmiş X8 miras əmlaklarına dair verilmiş vərəsəlik işinin surətinin istənilməsi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, mərhum X8 miras əmlakına dair Bakı şəhəri 29 saylı notariat ofisində 2015-ci ildə vərəsəlik işi açılaraq vərəsəlik hüququ haqqında şəhadətnamələrin verildiyi müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, Dövlət notariat arxivində və «Elektron notariat» İnformasiya sistemində X7 hər hansı miras əmlakına dair vərəsəlik işi məlumat aşkar edilməmişdir. Nəzərinizə çatdırırıq ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən notariat hərəkətləri barədə arayışlar və sənədlər yalnız notariat hərəkətlərinin aparılmasını tapşırmış və ya barəsində notariat hərəkətləri aparılmış fiziki və hüquqi şəxslərə verilir. Notariat horəkətləri ilə bağlı sənədlər məhkəmə, istintaq və təhqiqat orqanlarının icraatında olan konkret cinayət və ya mülki işlərlə əlaqədar bu orqanların qərarı əsasında onlara verilir. Notariat hərəkətləri ilə bağlı sənədlərin surətləri vəkilə onun yazılı sorğusu və orderi əsasında verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh tərəfindən iddiaya yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “Vətəndaşların müraciətləri haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -7.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. -7.5. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. -7.6. Elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab verilir. -7.7. Vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun aşağıdakı maddələrinə əsasən: - 20.1 Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. -31.1. İnzibati orqan ərizəçi tərəfindən şəxsən təqdim olunmuş və ya poçt rabitəsi vasitəsilə daxil olmuş ərizəni qəbul etməli və həmin gün qeydiyyata almalıdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən: Notariat hərəkətləri barədə arayışlar və sənədlər yalnız notariat hərəkətlərinin aparılmasını tapşırmış və ya barəsində notariat hərəkətləri aparılmış fiziki və hüquqi şəxslərə verilməlidir. Notariat hərəkətləri ilə bağlı sənədlər məhkəmə, istintaq və təhqiqat orqanlarının icraatında olan konkret cinayət və ya mülki işlərlə əlaqədar bu orqanların qərarı əsasında onlara verilir. Notariat hərəkətləri ilə bağlı sənədlərin surətləri vəkilə onun yazılı sorğusu və orderi əsasında verilir. Notariat hərəkətləri barədə məlumatlar məhkəmə, istintaq və təhqiqat orqanlarının icraatında olan konkret cinayət və ya mülki işlərlə əlaqədar həmin orqanların yazılı sorğuları, vəkilə isə onun yazılı sorğusu və orderi əsasında verilir. Notarius, notariat hərəkətləri aparan digər vəzifəli şəxslər daşınmaz əmlakla bağlı müqavilələri təsdiqlədikdə və ya vərəsəlik şəhadətnamələri verdikdə, müvafiq sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərir İşin hallarından müəyyən olunur ki, iddiaçı 2003-cü ildə vəfat etmiş X7 və 2015-ci ildə vəfat etmiş X8 miras əmlaklarına dair verilmiş vərəsəlik işini surətinin alınması ilə bağlı müraciət etsə də o notariat işinin surətinin əldə edilməsi ilə bağlı qanunla nəzərdə tutulmuş subyekt hesab olunmur. İddiaçı X7 və X8 vərəsəsi olması barəsində sənədi təqdim etməmiş, o adlarıçəkilən şəxslərin vəfatı ilə bağlı barəsində vərəsəlikdən irəli gələn notariat işi aparılmış şəxs deyildir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə eyni zamanda hazırkı halda iddiaçının hüquqi marağının vəfat etmiş şəxslərdən qalmış əmlaka dair miras əmlakın qəbul edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı olduğunu da nəzərə alaraq hazırkı iddiaya hüquqi marağını olmadığı əsası ilə də iddianın mümkünsüz sayılması nəticəsinə gəlir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-8255/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8255/2025
14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver