Məhkəmə qərarları › İş №2-1(112)-8256/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8256/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8256/2022 22.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qanuni təmsilçilikdən azad edilmə barədə iddia tələbinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı onun “SP EURO SALDA” X1 Azərbaycan Respublikasındakı Filialının qanuni təmsilçiliyindən azad olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “SP EURO SALDA” X1 Azərbaycan Respublikasındakı Filialı 2015-ci ildən sahibkarlıq fəaliyyətini dayandırmışdır. Həmin Filial 06 (altı) ildən artıqdır ki, fəaliyyətini dayandırdığından onun qanuni təmsilçi və direktor olması formal xarakter daşıyır. O, başqa əmək fəaliyyəti ilə məşğul ola bilmir. “SP EURO SALDA” X1 təsisçisi ilə əlaqəsi olmadığından “SP EURO SALDA” X1 Azərbaycan Respublikasındakı Filialının qanuni təmsilçiliyindən azad olunması və X5 Dövlət Reyestrindən çıxarışda qanuni təmsilçiliyindən çıxarılmasına dair cavabdehə müraciət etmişdir. Müraciətinə bugünədək cavab verilməmişdir. Onun qanuni təmsilçi olması əmək hüquqlarına maneəçilik yaradır. O, başqa sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmir. Əmək fəaliyyəti ilə məşğul olması üçün maneçilik yaranır. “SP EURO SALDA” X1 təsisçisi Qazaxıstan Respublikası vətəndaşı olduğundan, Azərbaycan Respublikasında olmadığından təsisçilikdən azad olunmasına çətinlik yaranır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdehə Azərbaycan Respublikası İnzibati prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən cavabdehə iddia ərizəsinə qarşı münasibət bildirilməsi üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, “SP EURO SALDA” X1 ümumi yığıncağının xx.xx.2013-cü il tarixli qərarı ilə Filialın rəhbəri İddiaçı təyin edilmişdir. Həmin qərar hüquqi şəxslərin dövlət reyestrini aparan quruma qanunla müəyyən edilmiş vaxtda və qaydada təqdim edildiyi üçün dəyişiklik dövlət reyestrinə daxil edilmişdir. Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alıması “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu (bundan sonra - Qanun) əsasında həyata keçirilir. Qanunun 9-cu maddəsinə əsasən baş vermiş dəyişikliyin dövlət qeydiyyatına alınması üçün həmin dəyişikliyi təsdiq edən sənədlər müəyyən edilmiş ərizəyə əlavə edilərək dövlət qeydiyyatını həyata keçirən orqana təqdim edilməlidir. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Məcəllə) 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Məcəllənin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Filialın Əsasnaməsinin 4.1-ci maddəsinə əsasən filialın rəhbəri təsisçi hüquqi şəxs tərəfindən təyin edilir. Bundan başqa, Qanunun 5.4.6-cı maddəsinə əsasən qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti də müvafiq sənədlərlə birlikdə təqdim edilməlidir. Qanunvericiliyin və Filialın əsasnaməsinin tələbindən göründüyü kimi, rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi müvafiq ərizəyə yeni direktorun (qanuni təmsilçinin) təyinatı barədə filialı yaradan xarici hüquqi şəxsin qərarının əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti və rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edildikdən sonra həyata keçirilə bilər. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki: - Azərbaycan Respublikası Vergilər Nazirliyi X5nin Dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2012-ci il tarixdən dövlət qeydiyyatına alınmış “SP EURO SALDA” X1 Azərbaycan Respublikasındakı Filialının hüquqi ünvanı AZ1054, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Z.Qəmbərov (Rəsulzadə qəsəbəsi), ev 8, döngə 1; təsisçisi “SP EURO SALDA” X3 (Qazaxıstan Respublikası). - “SP EURO SALDA” X1 Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamenti X5nin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 19 iyun 2012-ci il tarixdə təsdiq edilmiş Əsasnaməsinin 1.1-ci bəndinə əsasən “SP EURO SALDA” X1 Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına, bu Əsasnaməyə əsasən fəaliyyət göstərir; 1.2-ci bəndinə əsasən Filialın təsisçisi ünvan 2 ünvanında yerləşən xx.xx.2010-cu il tarixdə 10264- 1915-MMY saylı nömrə ilə qeydə alınmış “SP Euro Salda” X2; 1.3. Filialın hüquqi ünvanı ünvan 3 - Cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarının surətindən müəyyən edilir ki: İddiaçı “SP EURO SALDA” X1 Azərbaycan Respublikasındakı Filialının 11 yanvar 2022ci il tarixli, İddiaçı “SP EURO SALDA” X1 Azərbaycan Respublikasındakı Filialının direktoru vəzifəsindən azad edilməsi, X7 “SP EURO SALDA” X1 Azərbaycan Respublikasındakı Filialının direktoru vəzifəsinə təyin edilməsi barədə qərarını ərizəsinə əlavə edərək, onun “SP EURO SALDA” X1 Azərbaycan Respublikasındakı Filialının qanuni təmsilçiliyindən və direktoru vəzifəsindən azad olunmasını nəzərə alaraq, X5 Dövlət Reyestrindən çıxarışda qanuni təmsilçilikdən çıxarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən onun müraciəti cavablandırılaraq bildirilmişdir ki, rəhbər dəyişikliyi ilə bağlı dövlət reyestrində müvafiq dəyişikliklərin edilməsi üçün müvafiq ərizəyə Filialın rəhbərinin vəzifədən azad olunması və yeni rəhbərin təyin olunması barədə həmin nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasını mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən) qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılmış qərarının eləcə də, yeni təyin olunan rəhbərə verilən etibarnamənin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti və rəhbərin şəxsiyyətini təsdiq edən sənədin surətini əlavə edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə poçt vasitəsi ilə təqdim edilməlidir. Beləliklə işin hallarından göründüyü kimi, iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq yeni direktorun təyinatı barədə filialı yaradan xarici hüquqi şəxsin qərarının əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti və rəhbərin şəxsiyyət vəsiqəsinin surəti təqdim edilmədiyindən cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Belə olan təqdirdə məhkəmə iddiaçının hüquqi marağını nəzərə alaraq hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarının pozulması halı istisna edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə iddiaçının hüquqi marağına uyğun mübahisə predmeti ilə bağlı aşağıdakıları iddiaçının diqqətinə çatdırır: “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 13-cü bəndinə əsasən tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 26-cı bəndinə əsasən fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) X5nin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Həmin qərara əlavə edilmiş cədvələ əsasən X5 ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) kommersiya məhkəmələri baxır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının hüquqi marağı – qanuni təmsilçilikdən azad edilməsi barədə qərarın qəbul edilməsini və hüquqi şəxslərin dövlət reyestrində aparılmış qeydin ləğv edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. - 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1 və 9.2-ci maddələrinə əsasən Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının çatmaq istədiyi məqsədə uyğun olaraq, ilk öncə iddiaçı ilə “SP EURO SALDA” X1 Azərbaycan Respublikasındakı Filialının təsisçisi “SP Euro Salda” X3 xarici hüquqi şəxsi arasındakı hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər üzrə mübahisəyə digər məhkəmə icraatında hüquqi qiymət verilməli, bundan sonra iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş sənədlər cavabdeh inzibati orqana təqdim edildiyi təqdirdə, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edildiyi halda, mübahisəyə inzibati məhkəmə icraatında baxılaraq hüquqi qiymət verilməlidir. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Odur ki, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar