Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8257/2025 13.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçıt Əhməd qızının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı anadangəlmə gözdən əili xəstədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 № 853877 saylı arayışla da ümumi xəstəliyinin gözdən 1-ci qrup əlil (müddətsiz) olmağı təsdiq olunur. Heç bir mənzil şəraiti olmadığına görə əziyyət çəkir. Ona görə də güzəştli mənzil uçotuna götürülməyi barədə Bakı şəhəri, Xətai RİH-nə müraciət etmişdir. Lakin Xətai RİH onu güzəştli mənzil növbəsinə götürməkdən imtina etmşdir. 5-11/2-H-6-068/2025 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, imtina ‘‘Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi” Qaydalarının 17-ci bəndinin 3-cü hissəsinə əsaslanılmışdır. Belə ki, həmin Qaydaların qeyd olunan bəndinin tələbinə görə mənzilə ehtiyacı olan hesab edilmiş vətəndaşlar, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və bunu pasport qeydiyyatı təsdiq etsin. Hesab olunur ki, güzəştli mənzil növbəsinə götürülməyindən Xətai RİH-i tərəfindən imtina edilməsi tam qanunsuzdur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh tərəfindən verilmiş imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən iddiaçının Bakı şəhərində ardıcıl olaraq 5 il daimi qeydiyyatı olmadığından qanunvericiliyə əsasən onun müraciətinin həlli RlH-in səlahiyyətləri xaricindədir. 2 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı ünvan 1 ünvanında yaşamır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Nazirliyin elektron informasiya ehtiyatlarındakı (pensiya, sosial müavinət, təqaüd) məlumatlara əsasən xx.xx.1989-cu il təvəllüdlü İddiaçı xx.xx.2010-cu iİ tarixindən İ dərəcə (müddətsiz, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlilliyə görə sosial müavinət təyin edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixindən əlilliyə görə əmək pensiyası, xx.xx.2014-cü il tarixindən xx.xx.2021-ci il tarixinədək ümumi səbəbdən İ dərəcə əlilliyi müəyyən edilmiş şəxs kimi Prezident təqaüdü, xx.xx.2021-ci il tarixindən isə gözdən əlilliyi müəyyən edilmiş şəxs kimi Prezident təqaüdü təyin edilərək ödənilir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 31.1ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); ; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın: 1-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək, növbə müəyyən etmək və yaşayış sahələri vermək məsələlərinə dair komissiyanın təklifləri müvafiq yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən müzakirə və təsdiq edilir. 2-ci bəndinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar - mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər. 4-cü bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. 5-ci bəndinə əsasən aşağıdakılar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sayılır: a) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar; b) dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şərtilə və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə, yaxud da fərdi mənzil fondu evlərində kirayə müqaviləsi ilə uzun müddət yaşayan və başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. Bu müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti həmin rayonun, şəhərin və ya digər yaşayış məntəqəsinin şəraitini əsas götürməklə müəyyən edir; v) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq, yataqxanaya köçən vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; q) müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının yerli X2 aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş «Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları»nın 7-ci bəndində Bakı şəhərində daimi yaşayan mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların kateqoriyaları sadalanmışdır. 8-ci bəndinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərində bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. Mövcud faktiki hallar onu göstərir ki, cavabdeh, iddiaçının tələbinin təmin edilməsindən imtina edərkən, əsaslandırmanı iddiaçının son beş il ərzində Bakı şəhərində daimi yaşayışının olmaması ilə əlaqələndirmiş və bu səbəbdən onun mənzil növbəsinə qəbul edilməsini rədd etmişdir. Həmin imtinanın hüquqi əsaslandırılması isə Bakı şəhərində mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslərin hüquqları və yaşayış sahələrinin bölüşdürülməsi ilə bağlı normativ tənzimləmələri əhatə edən Qaydalarına istinad edilərək həyata keçirilmişdir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Lakin, Mənzil Məcəlləsinin 51.7-ci maddəsi ilə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyini nəzərdə tutulsa da hazırki halda uçota alınma ilə bağlı yeganə və mövcud qüvvədə olan qanunvericilik yuxarıda adıçəkilən “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları” və “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”dan ibarətdir. Adları çəkilən Qaydaların yuxarıda qeyd edilən müddəalarından da müəyyən olunur ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar azı son 5 il ərzində Bakı şəhərində yaşamış olduqları halda, Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar isə yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Daimi yaşamağın müddəti isə Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilir. Cavabdehdə həmin əsaslara istinad edərək iddiaçının xx.xx.2023-cü il tarixdən ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmasına istinad edərək iddiaçının müraciətinin təminindən imtina etmişdir ki, məhkəmə cavabdehin mövqeyini aşağıdakılara əsasən qanunsuz və əsassız hesab edir. Doğrudur ki, adıçəkilən Qaydalarda müddətlə bağlı şərtin ödənilməsinin vacibliyi xüsusi olaraq vurğulanmışdır. Həmin normanın məqsədi onunla bağlıdır ki, şəxs mənzil növbəsinə daimi yaşadığı, ailə üzvləri ilə birgə təsərrüfat apardığı ərazi üzrə götürülsün. Belə ki, şəhər və rayon üzrə mənzil növbəsinə götürülən şəxslərə təqdim edilən mənzillərin bazar dəyərinin fərqliliyi nəzərə alınmaqla və eyni ərazi üzrə mənzil növbəsinə götürülmə sayının əsassız artımının qarşısının alınmasına yönəlmiş bu norma Azərbaycan SSR dövründə qəbul edilsə də təkcə hüquqi baxımından yox, həmçinin işin faktiki halları baxımından da öz əhəmiyyətini saxlayır. Lakin, daimi yaşama müddətinin Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilməsini məhkəmə hal-hazırda qüvvədə olan qanunvericiliyin tələbləri baxımından öz əhəmiyyətini itirməsi və hazırkı işin faktiki hallarına münasibətdə tətbiq edilməməsi qənaətindədir. Belə ki, hal-hazırda qüvvədə olan qanunvericilik Azərbaycan SSR dövründə qüvvədə olan qanunvericilikdə fərqli olaraq yaşayış yerinə münasibətdə yeni tənzimləmə müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsindən də müəyyən edilir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəyə görə yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Qanunvericiliyin tələbindən də göründüyü kimi şəxsin bir yaşayış yeri üzrə qeydiyyatda olması ilə bağlı mütləq şərt nəzərdə tutulsa da şəxsin bir-neçə yaşayış yerinin olması ilə bağlı da tənzimləmə həyata keçirilmiş və hər hansı şəxsin bir-neçə yaşayış sahəsinə malik olması hüququ tanınmışdır. Bu isə, o deməkdir ki, hazırkı mübahisənin həlli hal-hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından iddiaçının Bakı şəhərində yaşamasını təkcə onun yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı yox, faktiki olaraq daimi Bakı şəhərində yaşamasının digər sübutlarla yoxlanılmasından asılı olacaqdır. Yəni, cavabdehin qeyd etdiyi kimi şəxsin Bakı şəhərində son 5 il ərzində yaşaması yoxlanılmalıdır ki, bu zaman cavabdehin mövqeyindən fərqli olaraq şəxsin hansı tarixdən yaşayış yeri üzrə qeydiyyata alınması əhəmiyyət kəsb etmir. Ümumilikdə onun Bakı şəhərində faktiki olaraq daimi yaşaması da nəzərə alınmalıdır. Məhkəmə bu istiqamətdə araşdırma apararaq müəyyən etmişdir ki, iddiaçı halhazırda qeydiyyatda olduğu ünvan 2 ünvanında faktiki yaşamaması, hal-hazırda onun faktiki yaşayış yerinin Abşeron rayonu olması vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, elektron məhkəmə informasiya sisteminə inteqrasiya olunmuş məlumatlardan görünür ki, iddiaçı Bakı şəhərində doğulmuş, AZE ******* seriya nömrəli xx.xx.2005-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinə əsasən ünvan 4 ünvanında qeydiyyatda olmuş, həmin tarixdən sonra onun qeydiyyatı Bakı şəhəri üzrə saxlanılmış, son olaraq isə qeydiyyatı Bakı şəhəri, Xətai rayonu ünvanı üzrə olmuşdur. Göründüyü kimi iddiaçının Bakı şəhərində anadan olması və uzun müddətdir ki, qeydiyyatının Bakı şəhəri olması, onun gözdən əlil kimi mənzil növbəsinə götürülmə əsasını yaradır. Bu baxımdan, Məhkəmə hesab edir ki, cavabdehin imtina üçün göstərdiyi əsaslar formal xarakter daşıyır və iddiaçının mənzil növbəsinə qəbul edilməsinə maneə yaradır. Məhkəmə əlavə olaraq onuda nəzərə alır ki, elektron məhkəmə informasiya sisteminə inteqrasiya olunmuş məlumatlara əsasən iddiaçının mülkiyyətində Azərbaycan Respublikası ərazisində yerləşən hər hansı əmlak olmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı güzəştli mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-8257/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8257/2025
13.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver