Məhkəmə qərarları › İş №2-1(112)-8258/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8258/2023

21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8258/2023 21.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 7250,56 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 120000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 7250,56 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 120000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2022 tarixli Qərar çıxarılmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2022 tarixə yaranan 7251,43 manat borcuna görə 120.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2022 tarixli **********3 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx/xx/2022 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2022 tarixə yuxarıda qeyd olunan borc məbləğindən işsizlikdən sığorta fonduna 7250,56 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 7250,56 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 120.000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmasından ibarətdir. İş materiallarına olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********065700 nömrəli “məlumatın təqdim edilməsi” barədə məktubuna əsasən bildirilmişdir ki, Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan Cavabdeh MMC (VÖEN **********) tərəfindən xx.xx.2022-ci il tarixli qərar üzrə işsizlikdən sığorta fonduna olan 7251,43 manat borc məbləği tam ödənilmişdir. Göründüyü kimi, cavabdehin iddia tələbi üzrə hər hansı bir borc məbləği qalmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir, cavabdeh tərəfindən işsizlikdən sığorta fonduna olan 7251,43 manat borc məbləğinin ödənilməsi təmin olunduğu üçün, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı üçün hazırki vəziyyətdə işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39, 67, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 7250,56 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 120000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” barədə iddia ərizəsi üzrə iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar