Məhkəmə qərarları › İş №2-1(112)-8262/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8262/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8262/2024 05.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı və onun vəkili Nümayəndə2, cavabdeh Bakı Dövlət Universitetinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Dövlət Universitetinə qarşı “ödənilmiş təhsil haqqının geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Dövlət Universitetinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2022-ci ildə ödədiyi 4500 (dörd min beş yüz) manat təhsil haqqının qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı Dövlət Universitetinin (bundan sonra mətndə-Universitet, BDU) hüquq fakültəsinin ikinci kurs tələbəsidir. Universitetə 2022-ci ildə qəbul olmuşdur. X2 Laçın rayonundan məcburi köçkündür və ünvan 1 ünvanında ailəsi ilə birlikdə müvəqqəti məskunlaşmışdır. İddiaçının məcburi köçkün statusu olub və o, illərlə məcburi köçkün kimi verilən yardımlardan istifadə etmişdir. Universitetə qəbul olandan sonra Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək məhkəmədən ona məcburi köçkün statusu barədə vəsiqə verilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərarı ilə iddia ərizəsi təmin edilmişdir. Qərarın icrası ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən iddiaçıya 24 may 2023-cü ildə məcburi köçkünlük barədə vəsiqə verilmişdir. İddiaçı həmin vəsiqəni təhsil aldığı Universitetə verərək təhsil haqqından azad edilmişdir. İddiaçıya vəsiqə gec verildiyi üçün məcbur olub Universitetə qəbul olunduğu ilin, yəni 2022-ci ilin təhsil haqqını ödəmişdir. Həmin vaxt təhsil haqqı 4500 (dörd min beş yüz) manat olmuşdur. Məcburi köçkün vəsiqəsini alandan sonra Bakı Dövlət Universitetinə müraciət edərək ödədiyi təhsil haqqının geri qaytarılmasını xahiş etmiş, lakin cavabdeh təhsil haqqını qaytarmaqdan imtina etmiş və bildirmişdir ki, məcburi köçkün statusunu 2023-cü ildə aldığı üçün təhsil haqqı geri qaytarıla bilməz. İddiaçı məhkəmə qərarını təqdim edərək bildirmişdir ki, məhkəmə qərarı ilə onun məcburi köçkün olduğu müəyyən edilib, o, statusu 2023-cü ildən deyil, doğulduğu vaxtdan almışdır. Lakin cavabdeh tərəf yenə təhsil haqqını qaytarmaqdan imtina etmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Bakı Dövlət Universiteti tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə qarşı yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, İddiaçı 2022/2023-cü tədris ilində BDU-nun Hüquq fakültəsinin İ kursuna ödənişli əsaslarla qəbul olunmuşdur. Təhsil haqqı ödənişindən azad edilməsi üçün ondan məcburi köçkün vəsiqəsi tələb edilmiş, lakin məcburi köçkün vəsiqəsi olmadığına görə İ kurs üçün bir illik təhsil haqqını (4500 manat) ödəmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən ona 24 may 2023-cü il tarixli AA 490688 seriyalı məcburi köçkün vəsiqəsi (status) verilmişdir. Bundan sonra o, vəsiqəsini təqdim edərək, ödədiyi məbləğin qaytarılması üçün BDU-ya müraciət etsə də, BDU tərəfindən məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verildiyi tarix əsas gətirilərək ödədiyi məbləğ ona qaytarılmamışdır. Ona görə məhkəməyə müraciət etmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçı ilə aralarında yaranmış mübahisə təhsil xidmətlərinin göstərilməsi haqqında müqavilə çərçivəsində pul tələbinə dair mülki (xüsusi) hüquq münasibətlərindən yaranan mübahisə olduğundan inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında araşdırılmalıdır. Ona görə də, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalı, iş üzrə icraata xitam verilməlidir. Qeyd edilir ki, oxşar iddia tələbinə dair işlərə Yasamal Rayon Məhkəməsi tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılaraq müvafiq qətnamə qəbul edilmiş və həmin qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən də qüvvədə saxlanılmışdır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymış və tərəflərin fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə iddia tələbini olduğu kimi müdafiə edərək mümkün sayılmasını və mahiyyəti üzrə baxılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia düzgün cavabdehə qarşı yönəldilmədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İstinad olunan Plenum Qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, iddianın mümkünlük şərtlərindən biri də iddia tələbinin düzgün cavabdehə qarşı yönəldilməsidir. Hazırkı işin müəyyən edilmiş hallarına əsasən iddiaçının hüquqi marağı tələbəsi olduğu Bakı Dövlət Universitetinə 2022-2023-cü tədris ili üzrə ödədiyi 4500 manat təhsil haqqının geri qaytarılmasına yönəlmişdir. İddiaçı bununla bağlı cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət edərək, ödədiyi təhsil haqqının ona geri ödənilməsi barədə qərar qəbul olunmasını xahiş edir. “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 1308 saylı Sərəncamına əsasən, Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azad edilmişdir. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 1722 saylı Sərəncamına əsasən, 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura (dissertantlıq istisna olmaqla), əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları”na 1 nömrəli Əlavə olan “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası arasında nümunəvi çərçivə müqaviləsi”nin 2.1-ci bəndindən isə görünür ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi illik təhsil xərclərini Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına uyğun olaraq, bu Müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş qaydada dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan şəxsin seçdiyi ali təhsil müəssisəsinə və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına ödəməyi öhdəsinə götürür. Yuxarıda istinad edilən qanunvericilik aktlarının tələbindən göründüyü kimi, ödənişli əsaslarla təhsil alan şəxs məcburi köçkün statusuna malikdirsə, ali təhsil müəssisəsinə təhsil haqqı yenə ödənilir. Lakin bu təhsil haqqını ali təhsil müəssisəsinə təhsil alan deyil, dövlət büdcəsinin vəsaiti hesabına müvafiq dövlət orqanı ödəyir. Odur ki, dövlət sifarişi ilə ali təhsil müəssisələrində təhsil alan şəxslərdə olduğu kimi, ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusuna malik şəxslərin də təhsil xərcləri qanunvericiliklə müəyyən edilmiş miqdarda ali təhsil müəssisəsi ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən ödənilir. Ali Məhkəmənin qeyd olunan Plenum Qərarında göstərilir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3.). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər (3.4.). Odur ki, məhkəmə yardım etmə vəzifəsinə uyğun olaraq iddiaçıya izah edir ki, iddiaçı ödənilmiş təhsil haqqının geri qaytarılması ilə bağlı Universitetə deyil, müvafiq ödənişi həyata keçirmək vəzifəsi daşıyan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müraciət edə, imtina olunduqda isə məhkəmə müdafiəsindən istifadə edə bilər. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Beləliklə aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, Bakı Dövlət Universiteti hazırkı iddiaya cavab verməli olmayan orqan olduğundan iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar