Məhkəmə qərarları › İş №2-1(112)-8264/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8264/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8264/2021 05.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinə qarşı X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 123, 21 mənzilinə qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 08.07.2021-ci il tarixli, 2-1(112)-8264/2021 nömrəli qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Sonradan İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək X2 Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 123, mənzil 21 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun ilə X8 arasında bağlanmış 26.05.2021-cu il tarixli, AN-İN ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 123, mənzil 20 ünvanında yerləşən ümumi sahəsi 62.22 kv.m. olan mənzili almışdır və həmin müqavilə Bakı şəhəri 50 saylı Notariat Ofisində Reyestr 4Ə-961 №-li ilə 26.05.2021-ci il raixində qeydiyyatdan keçmişdir. Həmin müqavilə Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş və elektron qaydada həmin mənzil onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Mənzili aldıqdan sonra həmin mənzilin mülkiyətçisi X9 mənzili boşaldıb ona təhvil vermişdir. Lakin həmin mənzildə qeydiyyatda olaraq yaşayan cavabdeh mənzildən qeydiyyatdan çıxmamışdır. Bununla əlaqədar mənzilin keçmiş mülkiyyətçisi ilə əlaqə saxlayaraq mənzildən qeydiyyatdan çıxartdırmasını xahiş edilmiş, lakin o zaman mənzildən qeydiyyatdan çıxarılmasına söz versə də, lakin bu vaxta kimi sözünün üstündə durmamışdır. Eyni zaman da cavabdehin telefon nömrəsinə zəng edərək mənzildən qeydiyyatdan çıxmasını tələb edilmiş, lakin cavabdeh bu gün sabaha salaraq qeydiyyatdan çıxmamış və daha sonra isə “gedin məhkəməyə müraciət edin” demişdir. Ona görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin onun mülkiyyətində qeydiyyatda olması onun öz mülkiyyətindən qanunla müəyyən edilmiş qaydada istifadə etməyinə maneəçilik yaradır. Cavabdehin onun öz mülkiyyətindən istifadə etməyinə yaradılan ona qanunla qadağan edilən haldır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci ildə doğulmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 123, mənzil 21 ünvanında yerləşən ümumi sahəsi 62.22 kvm. olan mənzil xüsusi mülkiyyət hüququ üzrə 18.06.2021ci il tarixdən İddiaçı məxsusdur. - ünvan 4 ünvanlanmış 1840 №-li, 29.07.2021-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, AN-İ ******* №-li, 26.05.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X7 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 123, mənzil 21 ünvanında yerləşən, sahəsi 62,22 kvm. olan mənzili 103.000 manata alıcı İddiaçı satmış, satıcı X7 29.05.2021-ci il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. X1 ərizə yazaraq bildirmişdir ki, ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 123, mənzil 21 ünvanında yerləşən ümumi sahəsi 62.22 kv/m olan mənzilində qeydiyyatda olan köhnə sakin X4 ailə üzvü deyil və onun daimi qeydiyyatdan çıxmağı ilə əlaqədar bütün məsuliyyəti öz öhdəsinə götürmüşdür. X2 lazımi qaydada təsdiq edilmiş 24.02.2021-ci il tarixli ərizəsindən görünür ki, qeydiyyatda olduğu ünvan 5 ünvanlı mənzilin satılmasına və dəyişdirilməsinə heç bir etirazı yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 018-11105-1221 №-li, 28.07.2021-ci il tarixli məktubdan görünür ki, 29.08.1966-cı il təvəllüdlü X4 31.08.2016-cı il tarixdə ünvan 5 ünvanına yaşayış yeri üzrə qeydiyyat alınaraq AZE-16745496 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********47 №-li, 04.08.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 123, 21 saylı mənzilə dair X2 istifadə hüququnun dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məlumat üçün bildirilir ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 123, 21 saylı mənzil 21.10.2008-ci il tarixinfdə X2 adına qeydiyyatdan keçmişdir. Lakin Bakı şəhəri, 8 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 07.06.2017ci il tarixli, 4Ə-191 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmişdir. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhəri MKTD-ti 2 saylı XTMKTB-nin 116 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş 895 №-li, 05.10.2021ci il tarixli arayışdan görünür ki, X4 həqiqətən də ünvan 7 ünvanında yaşamır. Əsas qonşuların aktı. - İddiaçı tərəfindən cavabdeh orqana ünvanlanmış 05.07.2021-ci il tarixli ərizənin surətindən görünür ki, iddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 123, mənzil 21-dən kənar şəxs X10 oğlunun qeydiyyatdan çıaxırlmasını xahiş etmiş, həmin ərizə cavabdeh tərəfindən 06.07.2021-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 123, mənzil 21 ünvanda yerləşən yaşayış sahəsi X5 xüsusi mülkiyyətində olmuş, sonuncu mülkiyyətində olan həmin mənzili İddiaçı 26.05.2021-ci il tarixdə satmışdır. Mənzilin keçmiş mülkiyyətçisi X8 mənzili satdıqdan sonra 29.05.2021-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Mübahisəli mənzil hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Üçüncü şəxs X4 qeyd olunan ünvanda qeydiyyatda olsa da hal-hazırda həmin mənzildə yaşamır və mənzilin özgəninkiləşdirilməsinə razılıq vermişdir. İddiaçı mülkiyyətində olan mənzildə qeydiyyatda olan, lakin həmin mənzildə yaşamayan, ailə üzvü olmayan şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana müraciət etsə də onun müracitəti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: -mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; -həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; -istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin ikinci hissəsində olan digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-nin 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə qeyd edir ki, mənzildən qeydiyyatdan çıxarılması tələb edilən üçüncü şəxsin mübahisəli mənzil üzrə istifadə hüquqlarının yaranmasına dair iddiaçı ilə bağlanmış notariat qaydada təsdiq edilmiş yazılı razılaşmanın mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqan: vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası: vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi) - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Belə olan halda mülkiyyətçi ona məxsus mənzildə qeydiyyatda olan, lakin faktiki olaraq həmin mənzildə yaşamayan şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Mübahisəli mənzildə qeydiyyatda olan üçüncü şəxs X4 qeyd olunan mənzildə yaşamadığından, eləcə də onun həmin mənzildə istifadə hüququnun hazırda mövcudluğuna dair cavabdeh tərəfindən hər hansı sübut məhkəmə icraatına təqdim edilmədiyindən həmin şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaması qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, X2 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 123, mənzil 21 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X2 Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 123, mənzil 21 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar